XALİDƏ HİCRAN

Ey sözüm, qoy hikmətin ağılla idrak olsun,
Ağıllılar oxusun, qəlblərinə nur dolsun.

Məntiqim bir əntiqdir, gəz, gör kimdə taparsan?
Məntiq mənim yazdığım, oxu, burda taparsan.

Küllü dünya yığışsın, görüm yazan kimlər var,
Mənim hikmətlərimdən fərqlənəcəkdir onlar.

Edirəm etiraf ki, mənəm-mənəm demirəm,
Allahın verdiyindən məndə nə var deyirəm

Sözlə müəllim ollam, səhvləri düzəldərəm,
Arif duysa sözümü, bilər necə düzərəm.

Sözümə söz demərəm bir mənası olmasa,
Deyiləndə insanı düşüncədə qoymasa.

Öyrəndim ömrüm boyu, ustadım atam oldu,
Min bir rəhmət dilərəm, belə kamala doldum.

Daşda yazı çox qalar, varaqda tez silinər,
Yazılan hər bir kəlmə, müəllifinə bənzər.

Mənə gülmə, oxucum, oxu ki, anlayasan,
Axtardığını tapıb, həyatı qavrayasan.

Öyrəndim ömrüm boyu, nə yaxşı ki, öyrəndim,
Uşaq olsam da belə, öyrənməyə dirəndim..

Oxu bunu aramla, ey oxucum, tələsmə,
Oxu, hikmətinə var, amma yarımçıq kəsmə.

Burda yazılanları öz ağlınca qəbul et,
Əyri yoldan tez qayıt, doğru yola yönəl, get.

Nə söyləmək lazımsa, bu kitabda hər şey var,
Eyni şeyi söyləsəm, o zaman təkrar olar.

Mən bir dünya yaratdım, burada öz dünyam var,
Mənim oxucularım dünyama qonaq olar.

Mənə qonaq olanlar bilsin dünyamda nə var,
Rəssam kimi çəkməyim, bir də şairliyim var.

Mənim çəkib-yazmağım Tanrıdan ərmağandır,
Dünyanı vəsf etməyim qəlbimdəki nurdandır.

Bəyənsən bir çiçəyi, ya da almanı əgər,
Bil ki, çiçək qoxlanar, amma alma yeyilər.

Gözə xoş, ya nəfəsə xoş, cana da olar fayda
Kimə nə lazımdırsa, axtarmaz, tapar burda.

Hər kim oxusa bunu, görəcək min bir fayda,
Tapacaq bu kitabda ədəb-ərkan və qayda.

Duyğu var ki, uyğudur, dalanlar gedər huşa,
Duyğular oyanarsa, istedad gələr cuşa.

Hirslənəndə bulaq ol, sellər-sulartək coşma,
Sakitcə yolunla get, öz axarını çaşma.

Zülmətə zinət verən bir nur var, işıqlar var,
Gecələrə də zinət Ayla ulduzlar olar.

Sanma ki, qəlb sirrini sözlərdən anlayıram,
Qəlbinin içindəkin gözlərdən axtarıram.

Mənə baxma, oxucum, yazımdadır sözlərim,
Orada həm mən varam, həm qəlbim, həm gözlərim.

Qəlbimdə bir qəlib var, gil-palçığın tökürəm,
Kərpic kəsib, sozlərdən bir imarət tikərəm.

Dincəlmayə dostları çağırram imarətə,
Alim-cahil-fərqi yox, layiqdir hər hörmətə.

Könlümə yar ol, Tanrım, Sən Adili Hökmransan,
Çəkib-yazmaq eşqini mən almışam nurundan.

Haqqın kəramətindən yazıram mən bunları,
İnsanım hikmətini həm də duyğularını.
Bu yazmağım-çəkməyim Tanrı verən ilhamdan,
Odur, bezmir ürəyim rəsmdən, ya kəlamdan.

Hər kəsə ərmağandır mənim yazıb-çəkdiyim,
Hikmət bağımdır kitab, sözüm qazıb-əkdiyim..

Hər gözəl-qəlbi olan oxusun bu sözləri,
Oxusa, açılacaq həm bəsirət gözləri.

Başıma bir tac kimi qoymuşam yazdığımı,
Bunlara sərf etmişəm hislərimi, ağlımı.

Şair deyiləm, amma yazdıran duyğulardır,
Bu, ilahi hisdirsə, Tanrıdan buyruq vardır.

Qüsursuz deyil yazım, inkar edən deyiləm,
Mükəmməl bir Tanrıdır, mənsə misgin bəndəyəm.

Yazmaram mən boş şeyi, çünki məna sevirəm,
Dünya hikmət sandığı, bunu yaxşı bilirəm.

Fırçamı alsam ela, tablo çəkib rənglərəm,
Bəzən sözləri sözlə rəngləyərək bəzərəm.

Xoş sözlərin rəngindən söz tablosu çəkərəm,
Sözlərin ahəngindən bir mahnı bəsləyərəm.

Qəlb söylər, qələm yazar, şeir meydana çıxar,
Ya nəsihət, ya qəzəl- yazdıqca qəlb boşalar.

Yaxşı, ya pis yazıram, söylə, eyləmə tərif,
Gözündən heç yayınmaz, oxuyan olsa arif.

Həyata hər kəs kimi mən laqeyd baxmaram,
Gözucu gördüyümü bir ömür unutmaram.

Qalbimin naxışında bilsən necə rənglər var,
O rənglərdən süzülən çox gözəl kəlam…

Təbdən çıxarmaq üçün, gərək, səbəb tapasan,
Məni təbdən çıxaran səbəbi axtarasan.

Könlümə könül deməm, əgər ki o daş olsa,
Köksümdə daş gəzdirməm, könlüm yumşaq olmasa.

Gələrəm qonaq kimi, gedərəm qonaq kimi,
Burda, ya orda gəzim mən öz son mənzilimi?

Orada oyanaram, əgər burada yatsam,
Burada oyanmasam, orda dərdə qalanam.

Bağrımı qan eyləmə, fələk, dünya sənindir,
Mən burada qonağam, kəhkəşan məskənindir.

Qonağına süfrə sal, nemətləri bol olsun,
Süfrədə tək yemərəm, sənindir o, and olsun.

Əvvəl də ilham vardı, ilhamsız rəssam olmaz,
Fırça yoxsa, qələmlə dərdi yazmasam, olmaz.

Yazmağımın haqqında, gərək, bir dastan yazam,
Bir çox səbəb üzündən gərəkdir “dastan” yazam.

Olmasaydı paxıllıq, olmazdı heç haqsızlıq,
Oxucum düz söz desə, etmərəm narazılıq.

Qəlbim başında xəncər, kim girər mənlə cəngə?
İlham Tanrıdan gəlib, girsin qələmlə cəngə!

İllərin tor süzgəcindən keçdi qazancı ağlımın,
Əkdim bir zəmi buğda ki, qonağı ola taxılımın.

Bütün xəbərlər Facebook səhifəmizdə