ARİF ƏRŞAD

Fərhad Bakıda yaşayıb Sumqayıtda işlədiyindən, hər gün bu yolu qatarla gedib-gəlirdi. Özünün şəxsi maşını olmasına baxmayaraq, qatarla işə gedib-gəlmək ona daha rahat və maraqlı idi. Çox komfortlu olan bu yeni sürət qatarında onun hələ yol boyu bəzən mürgüləməyi də olurdu. Sonuncu dayanacaqda vaqon bələdçisi olan gənc qızların onu yuxudan oyatmaqları, heç də az olmamışdı. Amma badamı saçı xanıma rast gəldiyi gündən onun nəinki qatarda mürgüləməyi, hətta gecələr də yuxusu ərşə çəkilmişdi…
Fərhadın getdiyi qrafiklə qatarda demək olar ki, çox az adam olurdu. İllah da axşam evə qayıdanda vaqonda üç və ya beş sərnişin olurdı, ya yox. Qatarda olan sərnişinlərin hamısı da artıq bir-birilərini üzdən tanıyır, kimin hansı stansiyada düşəcəyini də yaxşı bilirdilər. Amma bu üç-beş sərnişin arasında heç kim bir-biri ilə ünsiyyət yaratmağa həvəsli görtünmürdülər. Hər kəsin öz daimi yeri vardı deyə, hamı bir-birindən aralı yerləşən, həmişə oturduğu oturacaqda əyləşər, sakitcə qatarın tərpənməsini gözləyərdilər. Qatar yerindən tərpənəndən sonra kimin nə işlə məşğul olacağı da ilk vaxtlardan hamıya məlum idi. Artıq bu birgə yolçuluq günlərlə, həftələrlə, aylarla deyil, illərlə davam edirdi.
Fərhad qatarada öz yerində əyləşdiyi andan adətən kitab oxumaqla başını qatırdı. Buna baxmayaraq qatarda gedən digər dörd sərnişinlərin yolu necə başa vuracaqları da artıq əvvəlcədən ona məlum idi. Arxa sıralarda əyləşən ağ saçlı yaşlı qadın yol boyu çantasından çıxatdığı rəngli saplarla mütləq nəsə toxuyur, ondan bir az qabaqda əyləşən yaşlı kişi isə bütün yolu öz təsbehini aramla çevirərək şaqqıldadır, ya da başını pəncərə şüşəsinə söykəykəyib şirin-şirin mürgüləməklə yolu başa vururdı. Orta sıralarda əyləşən gənc oğlan da yerini rahatlayan kimi, ətrafdakılara narahatçılıq yaratmasın deyə, gözlərini yumaraq qulaqcıqlar vasitəsi ilə musiqiyə qulaq asırdı. Təkcə üçüncü sırada, pəncərə tərəfdə əyləşən orta yaşlı, çox da uzun olmayan badamı saçlı, ağbəniz xanım isə yerində sakitcə əyləşərək, heç kimə fikir vermədən pəncərədən ətrafı seyr etməklə, gözlərini uzaq nöqtələrə zilləyir, sanki ilk dəfə görürmüş kimi yaddaşına həkk etmək üçün maraqla ətrafı müşahidə edirdi.
İki oturacaq aralıda onunla üzbə-üz əyləşən Fərhad, gözlərini yormamaq üçün hərdən kitab səhifəsindən nəzərini çəkib, bu gözəl xanıma ani olaraq oğrun baxışlarla tamaşa etməyə son vaxtlar özündə daxili ehtiyac duyurdu. Bu gözəl xanım “Məmmədli” dayanacağında qatardan düşənə qədər, kitab oxumaq onsuz da son günlər Fərhada görə, sadəcə gözlərini xanıma zilləyib durmamaq üçün bir bahanə olmuşdu.
Artıq düz üç il olardı ki, həftənin beş iş günü gördüyü və yaddaşından silə bilmədiyi bu xanıma özlüyündə adlar da fikirləşirdi. Lakin fikirləşdiyi neçə-neçə qız adlarından heç birini nədənsə ona uyğunlaşdıra bilmırdı. O, artıq neçə aylar idi ki, bu gözəl xanımla yaxından tanış olmağa, onun adını öyrənməyə özündə daxili ehtiyac hiss edir və bu arzusu günü-gündən güclənirdi. Bütün bunlara baxmayaraq təəssüflər olsun ki, arzusu hələ ki, elə arzu olaraq da qalırdı.
“Hicran nə qədər uzun olsa, vüsal bir o qədər şirin olar!” atalar məsəlinin əksinə olaraq, artıq bu mənasız hicrana son qoymağın zamanı çatdığını düşünən Fərhad, ehmalca yerindən qalxıb, pəncərədən ətrafı seyr edən badamı çaçlı xanıma yaxınlaşdı. Hətta bu hərəkəti etdiyinə görə özündə belə cəsarəti tapdığından azacıq heyrətləndi də. O, nəzakətlə salam verib, əyləşmək üçün badamı saçlı xanımdan icazə istədi. Xanım eşidilməyən bir səslə salamı alıb, başını yüngülvari tərpətməklə onun əyləşməsi üçün razılığını bildirdi və tələsmədən yanındakı boş oturacağın üstünə qoyduğu əl çantasını götürüb dizlərinin üzərinə çəkdi. İlk sözə aramla başlayan da elə Fərhad oldu:
-Xanım, siz məni düz başa düşün. Neçə ildir ki, bir vaqonda yol gedirik, amma hələ də tanış olmamışıq.
Xanım maraqla Fərhadı süzdü və xəfifcə gülümsəyərək dilləndi:
-Sizcə buna ehtiyac varmı?
-Mənə görə əlbəttə var. Arada olur ki, sizin bəzən qatarla getməyən vaxtınızda, mənim gözlərim daima sizi axtarır və mən bu səbəbdən sizdən nigaran qalıram, sizinçün darıxıram, - deyən Fərhadın üzünə azacıq qızartı çökdü.
Bunu görən xanım yenə xəfifcə gülümsədi:
-Nigarançılığınızın yaranmasına səbəb nədir? Siz ki, heç məni şəxsən tanımırsınız?
-Düzdür, şəxsən tanımıram, amma düşünürəm ki, müşahidələrimə rəğmən həm də kifayyət qədər tanıyıram. Nigarançılığımın səbəbi isə, ilk gördüyüm gündən siz mənim qanımda, canımda, ruhumdasınız. Təəssüflər olsun, heyif ki, mən sizi çox gec tanıdım!
Xanım üzündəki ciddi və azacıq da qəribə ifadə ilə Fərhadı süzdü:
-Bu nədir, sevgi etirafımı? Özü də bu yaşda?!
Fərhad gözləmədiyi bu sualdan azacıq tutuldu:
-Sevgi Tanrının insana bəxş etdiyi ən gözəl və ilahi hissdir. Bu hissləri yaşamaq üçün düşünürəm ki, yaşın heç də fərqi yoxdur. Onu da deyim ki, Tanrı bu ilahi hissi həm də çox sevdiyi bəndələrinə əta edir, - dedi və arzusunu yenidən dilə gətirdi, - Amma yenə də, tanış olmağımız üçün adınızı söyləsəniz, çox məmnun olaram.
Xanım özlüyündə öz adını şəxsən tanımadığı bu insana söyləyib-söyləməməsini götür-qoy edirdi ki, elə bu vaxt mikrafonla qatarın “Məmmədli” stansiyasına yaxınlaşması elan olundu. Xanım əlini ehmalca Fərhadın çiyninə toxunduraraq ayağa qalxdı:
-Mən çatdım. Söhbətimiz qalsın gələn dəfəyə. Sağ olun!..
Xanımın əli ilə onun çiyninə toxunması ona çox xoş olsa da, adını söyləməməsi Fərhadda təəssüf hissi doğurdu…
-Qalxın, sonuncu dayanacaqdır. Biz artıq Bakıya çatmışıq.
Fərhad gözlərini geniş açıb qarşısında, gülümsəyərək incə əliylə onun çiynini silkələyən əsmər bənizli gənc vaqon bələdçisini görüb çaşqın halda ayağa qalxdı:
-Allah sənə insaf versin, qızım. İmkan verəydin barı, adını öyrənərdim də.
Bələdçi qızın gözləri maraqdan böyümüş halda atası yaşında olan Fərhada zilləndi:
-Əmi, mənim adımı öyrənmək istəyirsiniz? Adım Gültəkindir.
-Gözəl addır! Allah səni sevdiklərinlə qovuşdursun, qızım! – deyən Fərhad, aramla çıxışa doğru addımladı və qəfildən qıza tərəf geri çevrilərək, - Mən əslində yuxuda gördüyüm xanımın adını öyrənmək istəyirdim. Eh… Düz deyiblər, “Həyat - içindəki səhifələri dəyişmək mümkün olmayan bir kitabdır!” – deyib, qəmli halda vağzalın çıxışına doğru yoluna davam etdi.
Qatar bələdçisi olan gənc qızın onun arxasınca köks ötürərək pıçıltıyla söylədiyi, - Allah sizi də sevdiyiniz xanımla qovuşdursun!- sözlərini isə özündən başqa heç kim eşitmədi.

27-08-2022-ci il.

Bütün xəbərlər Facebook səhifəmizdə