SƏYAVUŞ SÜLEYMANLI

“Tarı bilir kim qazana, kim yeyə?!”

(Atalar sözü)

Desəm ki, İttifaq dövrü təzadlarla dolu idi, bilmirəm inanarsınız, ya yox? O dövrdə o qədər peşələr vardı ki, saysız-hesabsız... Amma peşələr içərisində bir peşə də var idi ki, bu peşələrin hamısından üstün idi. Üstün idi deyəndə, elə bilməyin ki, haradasa qazancı çox olan peşə idi və ya qazandığını heç bilməzdi ki, hara xərcləsin. Vallah, yalan danışaram əgər desəm ki, o zaman bəxtəvər adamlardan biri də müəllim idi. Onda hamı mənə bir təhər baxacaq. Biri deyəcək ki, yəqin nə isə ona dəyib: ya lotereyası udub, ya da dədəsindən nə isə ona miras qalıb. Bir başqası isə düşünəcək ki, yaltaqlıq edir, özünü gözə soxur ki, nəzərə alsınlar. Digəri də şəksiz, deyəcək ki, yəqin başıma iraq olsun, hava gəlib. Hər üç halda haqlıdırlar. Doğru sözə zaval yoxdur.
Nə başınızı ağrıdım, İttifaq dövründə müqəddəs dediyimiz müəllim peşəsinin sahibi kimi, aldığımız əməyin müqabilində balalarımıza dərs deyər, yaşa dolar, sonra da estafeti bu peşəni seçən cavan müəllimlərə verərdik. Desəm ki, bu illər ərzində nəyimiz isə artmışdı, yəni, özümüzə təmtəraqlı ev tikmişdik, bağ-baxça saldırmışdıq və ya minik maşını almışdıq, əytövbə, bunların heç birisi olmamışdı. Ancaq əvəzində hər ay xirtdəyə qədər borc yığmışdıq, faizə düşmüşdük, dükanların bezarını aparmışdıq. Dükançılar neyləsinlər ki, axı adımızı müəllim qoyublar; necə olsa, xətrimizə dəymək istəmirlər. Sağ olsunlar! Həmişə də bizləri yola verirlər. Bəzən üzlərini turşudan vaxtları da olub. Buna da şükür...
Bir dəfə adını heç əməlli-başlı yaza bilməyən, amma yaxşı mal-dövləti olan uzaq bir qohumum hüzür məclisində məni görüb yanımdakı stulda əyləşdi, əda ilə soruşdu:
-Ay qohum, necəsən? Hələ də müəllim işləyirsən? Bezməmisən?
Bu əbləhə nə deyəydim? Əslində bu əbləh nə demişdi ki? Fikirləşirdi ki, bu qohumum hələ də müəllim işləyir, yəqin səbri böyükdür. Çünki bu əbləh bilmirdi ki, müəllim ömrü yaşamaq hər adamın işi deyil.
-Bəli, əziz qohumum, müəllim işləyirəm və gecələr də yatağımda çox rahat yatıram. Bu peşəmlə də fəxr edirəm!
Uzaq qohumum təəccüb dolu bir nəzərlə məni süzdü, dodaqları sallandı, gözləmədiyi bu cavabımdan pərtliyini nə qədər gizlətməyə çalışsa da, buna müvəffəq ola bilmədi, görünür cavabım onu qane etmədiyi üçün yerində qurdalanıb məndən bir qədər aralı-yuxarı başa keçdi.
Görünür, aramızdakı qısa söhbətdən sonra mənimlə yanaşı oturmağı öz şəninə sığışdırmadı.
Bizim müəllimlərin arasında elələri də vardı ki, borca çox düşdüklərindən işdən sonra yüngül işlərlə də məşğul olur, evlərinə əlavə çörək pulu da aparırdılar. Mənzillərə rəng, suvaq çəkən, dülgərlik edən, dükanlarda satıcılıqla məşğul olan, hətta balıqçılıq edənlər də vardı ki, yaxşı yaşamaqdan ötrü dəridən-qabıqdan çıxırdılar. Qadın müəllimələr arasında başqaları üçün yorğan-döşək sırıyan, yun çırpanlar, ev-eşik təmizləyənlər də vardı. Axı başqa çarə də yoxdu. Yaşamaq lazımdı.
Yadıma düşmüşkən deyim ki, balıqçılıqla məşğul olanlar bu işin aqibətini bilsələr də, bu ikinci peşələrindən əl çəkmirdilər. Gecələr yatmayıb qamışlıqda külmə tutan həmkarım Xanağa müəllim bir gecə müfəttişlər tərəfindən tutulur; nə qədər and-aman edirsə ki, müəlliməm, ailəm böyükdür, uşaq oxutdururam, tutduğum da 24 ədəd balaca külmələrdir, qardaş, sən nə danışırsan, bu söhbət heç müfəttişləri açmır. Açmır deyəndə ki, gərək Xanağa müəllim də başqa brokonyerlər kimi müfəttişlər üçün haqq yığan dombagöz Xasayı tapaydı, (Xasay da brokonyer idi) aylıq pul verib adını siyahıya saldıraydı, bax, onda müfəttişlər də ona toxunmazdılar. Amma artıq iş-işdən keçmiş, nömrəli protokol yazılmış, Xanağa müəllim haqqında cinayət işi açılmışdı.
Hə, sizə onu da deyim ki, Xanağa müəllimdən 24 külmə tutulmuşdusa, buna da şükür. Çox tutulsaydı görəsən, binəva nə edərdi?Asfaltın solunda yol boyu uzanan taxta piştaxtaların üstündə onlarla müxtəlif çeşidli balıqlar satılırdı, hələ üstəlik oseterin balıqları adamların əlində sallaq vəziyyətdə yolboyu şütüyən minik avtomobillərinə göstərilir, bununla da müştəriləri özlərinə cəlb edirdilər.
Nə olsun ki, bu adamlar haqqında cinayət işi açılmırdı, çünki onlar özlərindən arxayın idilər. Nöşün ki, hamıya haqlarını çatdırmışdılar; ağıllı adamlardı, vallah. Yoxsa ki, Xanağa müəllim kimi, deyinən ay Xanağa müəllim, sənə nə yaraşırdı balıqçılıq etmək? Heç olmasa, osetirin balığı ilə tutulaydın, ya da ki, qara kürü ilə, hə, onda adın başqa cür hallanardı.
Yoxsa ki, 24 külmə nədir ki, adını da batırdın. Yazıq dərdindən, yoxluqdan havalanmadı, o da böyük qəhrəmanlıq idi. Çünki şərti cəza aldı.
1988-ci il. Yazın axırları idi. Bizdə bir hərbi müəllim vardı, onunla möhkəm dost idim. Çox məzəli söhbətləri vardı. Bir qədər də özündən deyəndi. Özündən deyəndi deyəndə elə bilməyin ki, onun da nəyi isə artmışdı, yox , nə danışırsız, elə o da mənim kimi bir həsirdi, bir də Məmmədnəsir. Elə o da bizim kimi yaşayanlardandı. Amma əhlikeyfliyindən qalmazdı. Heç bir şeyin də fikrini çəkməzdi; dünya vecinə deyildi.
İttifaq dövrünün dağılan vaxtları idi. Hərcmərclik o dərəcəyə çatmışdı ki, hərbiçi rusların uşaqları məktəbə Kalaşnikov avtomatının patronlarını gətirirdilər. İstəsəydilər hətta qumbara da gətirərdilər; hələ harasıdır ki, ataları-rus zabitləri tankları da satırdılar.
Bizim Qabil müəllim də bir gün girir direktorun kabinetinə və ona belə bir təkliflə müraciət edir:
-Şöyüb müəllim, zəhmət olmasa pəncərənizdən bayıra baxın, bax ora...-Stalinin sökülmüş heykəlinin postamentinə. Baxın, siz onun üstünə su çəninı qoymusunuz. Mən isə hərbi hissənin komandiri ilə danışığa girmişəm, istəyirəm ki, su çəninı götürək, onun yerində isə tank qoyaq. Bu, uşaqlarımızın vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərər.
Direktor Qabil müəllimi axıra qədər dinləyib təəccüblə soruşur:
-Yaxşı, ay Qabil müəllim, tutalım ki, sən tankı gətirib qoydun postamentin üstünə, bəs onun lüləsi hansı tərəfə olacaq?
Qabil müəllim fikirləşmədən deyir:
-Əlbəttə, Şöyüb müəllim, lüləsi sizin kabinetə tərəf səmtlənəcək.
Direktor soruşur:
-Bəs tankın qiyməti neçiyədir?
-20 min manatdır, Şöyüb müıllim.
-Nə??? 20 min manat?!-təəccüb və heyrətlə Şöyüb müəllim ayağa qalxır. –Sənin başın havalanıb deyəsən, ay Qabil müəllim ?!
Yazıq Qabil müəllim quruyub qalmışdı. Direktor isə onu başa düşmürdü ki, düşmürdü... Axı o, hər şeyi məktəbin xeyri üçün –uşaqlarımızın vətənpərvərlik tərbiyəsi üçün edirdi.
-Qabil müəllim, heç bilirsən bunun sonu nə ilə nəticələnər?-Şöyüb müəllim bərk hiddətlənir.
-Nə ilə nəticələnər, Şöyüb müəllim?
-Onunla nəticələnər ki, rus uşaqları üçün məktəbə tank bombası gətirmək nədir ki, çantalarına atıb gətirərlər məktəbə, sonra da qoyarlar lüləyə, atarlar düz kabinetimə tərəf.
-Doğrudan ha...!-Qabil müəllim başındakı nimdaş hərbi papağını çıxarıb tərini dəsmalla silmişdi.
***
Qabil müəllimin keçmişi hərbiçi olub. Çox sərrast atəş açandı. Bir dəfə şənbə günü məktəbdə dərslər qurtarmışdı. Məktəbdə təkcə Qabil müəllimlə mən qalmışdıq. Bəlkə də başqaları da vardı, deyə bilmərəm, ancaq hər halda, mən bilən məktəbdə xadimələrdən və bizdən savayı kimsə yox idi.
Qabil müəllim mənə dedi ki, könlü yeyib-içmək istəyir, pulu da azdır, ancaq bunu necə etsin ki, oturub bir qədər məzələnsinlər. Dedim ki, məndə o qədər pul yoxdur, ancaq arağa və çörəyə çatar.
Qabil müəllimin gözlərinə elə bil ki, işıq gəldi. Tez dilləndi:
-Darıxma, bir şeyi fikirləşib taparam.
Bir azdan Qabil müəllim əlində tir tüfəngi ilə geri qayıtdı.
Onu da deyim ki, bizim məktəbin həyətində çoxlu çinar ağacları vardı, axşamlar bu ağaclara o qədər sərçə qonub cikkildəşərdi ki, səsləri adamı lap bezikdirərdi. Taxıl anbarında doyunca buğda yeyən bu sərçələr axşama yaxın məktəbin həyətindəki ağaclara qonardılar.
Qabil müəllim mənə kağız sumkanı uzadıb dedi:
-Mən sərçələri tir tüfəngi ilə vuracağam, sən isə sərçələri sumkaya yığarsan. Sonrasına baxarıq.
O, həqiqətən, mahir atıcı idi. Yalan olmasın, sərçəni lap gözündən vururdu. Nə başınızı ağrıdım, Qabil müəllim beləcə qırxa yaxın sərçə vurdu, tüfəngi kabinetinə qoyub qayıtdı.
-Hə, indi onu apar evinizə, evdəkilər sərçələrin tüklərini yonub düzəltsinlər, sonra da tavada qovurmaqla üstünə də yumurta vurub çığırtma eləsinlər, yerdə qalan şeyləri sən evdən gəlincə mən bazardan alıb gətirərəm.
Mən sərçə dolu sumkanı götürüb evə yollandım. Arvadım qızıgilə getdiyindən anama yanaşdım. Anam sərçələrə baxıb sumkanı hikkə ilə çölə tulladı.
-Ay bala, o sənin Qabil müəllimin yəqin ki, havalanıb; qaşqaldaq
olan yerdə sərçə nədir? Heç utanmırsız, adınızı da müəllim qoymusunuz. Kor-peşman yenə sərçə dolu sumka ilə geri qayıtdım. Gördüm ki, Qabil müəllim məktəbin arxasında istifadəsiz qalmış bir sinif otağı tapıb, lazım olan şeyləri də alıb məni gözləyir. Məsələni təfərrüatı ilə danışandan sonra o, xeyli güldü, sonra da sumkanı əlimdən alıb halını da pozmadan mənə dedi:
-Fikir eləmə, qardaş, çarəsini taparam. Molakan qızı Şura xala yəqin ki, müəllimlər otağını təmizləyir. Bu işin öhdəsindən o, yaxşı gələr. -deyib, Şura xalanın ardınca getdi.
Bir azdan Qabil müəllim sevincək gəlib dedi:
-Hər şey qaydasında olacaq, darıxma. Axı bu gün mənim 60 yaşım tamam olur. Gərək bunu mütləq qeyd edək.
Bir azdan Hatəm müəllim gəlib çıxdı, bizimlə maraqlandı. Məclisimiz olduğunu və sərçə çığırtması yeyəcəyimizi bilib xeyli güldü və dodaqlarını büzüb dedi:
- Ay müəllimlər, dünyanın bu vaxtında sərçə nədir axı yeyirsiz, ayıbdır, vallah, müəllim adınıza yaraşmayır.
- Nə olar, Hatəm müəllim, siz yeməyin, bizə isə sərçə çığırtması daha xoşdur.
Hatəm müəllim fit çala-çala çıxıb getdi. Ancaq məktəbdən çıxmadı.
Şura xala molakan ruslarından idi. İpək kimi xasiyyəti vardı. Əli də qızıl idi. Çoxlarımızın karına gələrdi. O, bu dəfə də alicənablıq etdi. Sərçələri yaxşı bişirmişdi. Özü də iri bir tavada bişirib xeyli yumurta da ona vurmuşdu, hələ şoraba da gətirmişdi. Bişmişin xoş iyi ətrafı bürümüşdü. Bu bişmiş bütün təamlardan dadlı idi.
Elə təzəcə yeməyə başlamışdıq ki, Hatəm müəllim özünü hövlanək otağa atıb tavadan bir bişmiş sərçə götürüb ağzına atdı, ləzzətlə yeyib dodaqlarını marçıldatdı və əlini cibinə atıb dedi:
- Mənim payıma nə düşür?
-Bir şüşə araq olsaydı, pis olmazdı.-deyib, Qabil müəllim Hatəm müəllimə stul çəkdi.
Bir azdan araq da gəldi. Çox gözəl bir məclis quruldu ki, restoranlardakı təmtəraqlı yeməklərdən də yüz qat artıq.
***
Həmin bu Qabil müəllimlə mən o, hərbdən istefaya çıxandan sonra dostlaşmışdıq. Həftədə bir dəfə bazar günləri qayıqla körfəzə balıq ovuna da gedərdik. Ovladığımız balıqları evə gətirər, bir növ bu işimizdən zövq alardıq. Tilovla balıq tutmağın özgə ləzzəti var. Çətini bir dəfə balıq ovuna getdin, sonra ayrıla bilmirsən.
Bir dəfə bazar günü körfəzdə tilovla balıq tuturduq. Yaxşı da balıq tutmuşduq. Əhvalımız da pis deyildi. Suyun üzü elə sakit idi ki, bu da ovqatımızı bir qədər də yaxşılaşdırırdı.
Uzaqdan sərnişin təyyarəsinin uğultusu eşidilirdi.Təyyarə uzaqda ikən Qabil müəllim üzünü mənə tutub dedi:
-Saleh, qardaş, o təyyarədə qaçaq mal daşıyanların bir diplomat pulları olaydı. Yerdən onlara xəbər verəydilər ki, pulları tutulacaq. Təyyarə üstümüzdən keçəndə, qapını açıb bir diplomat dolu dolları bura ataydılar, elə biz də pulları burada bölüşərdik. Heç bilirsən nə edərdim? Özümə o pullara ev tikərdim, sən də oğlunu evləndirərdin, uşaq neçə illərdir ki, subaydır. Onun tayları övlad sahibləridirlər.
-Yox!-dedim,-burada pulları bölüşmək olmaz, çünki bu yer əlverişli deyil, hər tərəf açıqlıqdır. Balıqçı Meyiş, Əliqulu, Saroğlan həmişə qayıqları ilə buradan keçirlər. Gedərik yaxınlıqdakı qamışlığa. Orada bizi heç kəs görməz. Pulları da orada yarı bölərik. Hə, nə deyirsən?
-Yox, olmaz! Burada bölərik!-amiranə dedi Qabil müəllim, elə bil qarşısında sıravi əsgər dayanmışdı.
Qabil müəllim dedi, mən dedim, sözümüz düz gəlmədi. Mən də hirslənib ləvəsəni ( çəpdən kiçik ) çırpdım onun təpəsinə; Qabil müəllimin başı azca yarıldı.
-Vay dədə!-qışqırdı Qabil müəllim.
Elə bu zaman təyyarə başımız üzərindən ötüb keçdi. Diplomat da atılmadı. Yana- yana qaldıq. Arada yazıq Qabil müəllimin başı yarıldı...
Məktəbdə Qabil müəllimlə bir aya kimi küsülü qaldıq. Bu sirri heç kəs bilmədi. Amma balıq ovunun havası gələndə az qala dəli olurdum, bir tərəfdən də Qabil müəllimlə danışmamağım mənə yaman yer eləyirdi. Bəs necə edək ki, hər şey yenə əvvəlki qaydaya düşsün? Gözləmədiyim halda şənbə axşamı Qabil müəllim mənə zəng çaldı və salamsız-kəlamsız dedi:
-Həmin dalğa, həmin kordinat.
Dərhal da telefonun dəstəyi yerinə qoyuldu. Məsələ aydın idi: Qabil müəllim alicənablıq edirdi, mənə güzəştə gedirdi, bu da onun böyüklüyündən irəli gəlirdi, həm də bununla bildirirdi ki, səhər yenə də qayıqların bağlandığı yerdə görüşək, balıq ovuna çıxacağıq. Səhərə kimi gözlərimə yuxu getmədi...
Eh, nəyi deyim sizə, nədən danışım? Hərdən fikirləşirəm ki, nə yaxşı ki, müəllimlik peşəsini seçmişik. Çünki nə yuxumuz ərşə çıxır, nə pulun fikrini çəkir, nə də var-dövlətimiz yoxdur ki, pullarımızı narkomanların qorxusundan özümüzlə gəzdirək. Müəllim babayıq. Allahın bizə yetirdiyi halal çörəyə görə həmişə ona minnətdarıq; naşükür deyilik və həmişə əllərimizi Allahın dərgahına qaldırıb deyirik: “Yenə buna da şükür”

Lənkəran, Liman
14.10. 2012-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...