Şamil Şahməmmədov dayanacağı Kənan Hacı baxışından

Azərbaycan Mətbuat Şurasında jurnalistikamızın sonuncu mogikanlarından olan usta qələm sahibi, bir çox jurnalistlərin müəllimi, ustadı olmuş Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının təqdimatı keçirildi. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun giriş sözündən sonra uzun illər onunla çiyin-çiyinə çalışmış qələm dostlarının xatirələrini dinlədik.

“Bakı” qəzetinin redaktor müavini Ənvər Məşədiyev, “Bakı” məktəbi keçmiş ustad jurnalist Fazil Rəhmanzadə, əməkdar jurnalist Etibar Babayev, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru, əməkdar jurnalist Ağahüseyn Hüseynov, əməkdar jurnalist Tahir Aydınoğlu, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova, “Bakı” mətbəəsinin direktoru Şəddad Cəfərov, əməkdar jurnalist Zemfira Məhərrəmli, “Bakı” onlayn qəzetinin təsisçisi və redaktoru Şərəf Cəlilli, Bakı Multikulturalizm Mərkəzinin analitiki, araşdırmaçı jurnalist Araz Qurbanov və digərləri Şamil müəllimin ömür yoluna nəzər saldılar, yaddaş boğçasından onunla bağlı anıları dilə gətirdilər. Çıxış edənləri dinlədikcə xəyal məni lap uzaq illərə - uşaqlığıma, gəncliyimə apardı. O günlərə ki, “Bakı” qəzeti hər gün qapımızı döyürdü. Hər gün qapını açıb poçt qutusunda “çiçəkləyən” “Bakı”nı görüncə üzümüzdə-gözümüzdə də sevinc çiçəkləyirdi. Atam uzun illər “Bakı” qəzetinin abunəçisi olmuşdu, bu qəzet mənim uşaqlığımın ayrılmaz bir parçasına çevrilmişdi. Qəzetdə yazısı gedən imzaların az qala, hamısını tanıyırdım. Jurnalistikanı mənə məhz “Bakı” qəzeti sevdirmişdi.

Atam Neft daşları yaranan gündən orda işləyirdi, neft ustası, əmək veteranı idi. Taleyini neftçiliyə bağlamışdı. Bir gün evə gələndə dedi ki, “Bakı” qəzetindən bir jurnalist gəlmişdi, dedi ki, neftçilərin həyatından reportaj hazırlayıram, bizimlə xeyli söhbət etdi, qeyd dəftərçəsinə nələrisə yazdı, yanında bir fotoqraf da vardı, şəkillərimizi çəkdi. Sağollaşıb getdilər, yəqin bizi qəzetə verəcəklər. Biz də sevindik. Məhəllədə qürurla uşaqlara dedim ki, atam haqqında qəzetdə yazı gedəcək. Doğrudan da, təxminən on beş gündən sonra “Bakı” qəzetində Neft daşları haqqında geniş bir oçerk çap olundu. Həmin oçerkdə qəhrəman dəniz neftçilərinin fədakar əməyindən bəhs olunurdu, yazıda atamdan bəhs olunurdu. Həmin yazının müəllifi Şamil Şahməmmədov idi. O vaxtdan Şamil müəllimin yazılarını həvəslə oxuyurdum. “Bakı” qəzeti mənə jurnalistikanı sevdirdi. Orta məktəbi bitirəndə artıq qərarımı vermişdim; jurnalist olacaqdım...
Şamil Şahməmmədov idman jurnalistikasında da iz qoymuş qələm sahiblərindən idi. Onun 1960-1970-ci illərdə futbol meydançasından yazdığı reportajları yaşlı nəsil hələ də xatırlayır. 80-ci illərin ortalarında çap olunmuş “Neftçi” kitabı hər bir futbol azarkeşinin stolüstü kitabına çevrilmişdi. Həmin kitab mənim kitabxanamda da yer alır. Atam o kitabı 1987-cı ildə almışdı.
1995-ci ilin iyul ayı idi. Azərbaycan Jurnalistlər Birliyində milli mətbuatımızın 120 illiyilə bağlı tədbir keçirilirdi. İş elə gətirmişdi ki, Jurnalistlər Birliyinin sədri Hacı Hacıyevlə ata-oğul münasibətimiz yaranmışdı, gənc və təcrübəsiz olmağıma baxmayaraq, mənə diqqət və qayğı göstərirdi. Yeri gəlmişkən, elə onun tövsiyyəsi və məsləhəti ilə həmin il “İki sahil” qəzetinə işə düzəldim. O ərəfədə Hacı müəllimin“Boz Oğuz” nəşriyyatında “İstiqlalın əzabl yolu” kitabı nəşrə hazırlanırdı. Mən də həmin nəşriyyatda çalışırdım və kitabın korrekturası mənə həvalə olunmuşdu. Tez-tez yanına gedib-gəlirdim. Bir gün mənə dedi ki, mətbuatın 120 illiyi ilə bağlı Birliyimizdə tədbir keçiriləcək, sən də gələrsən. Çox sevindim. Belə mötəbər tədbirdə iştirak edəcəyimi düşünəndə içimi həyəcan bürüdü.
Kimlər yox idi o tədbirdə?! Qulu Məhərrəmli, Əli İldırımoğlu, rəhmətlik Babək Hüseynoğlu... Amma Şamil Şahməmmədov xüsusi olaraq yadımda qalıb. Jurnalistikada kövrək addımlarını atmağa başlayan, yazıları yenicə qəzetlərdə çap olunan təcrübəsiz bir gənc birdən-birə ustad qələm sahiblərinin əhatəsinə düşmüşdü... Bir az da sıxılırdım, maraq və həyəcan hissiylə tanınmış jurnalistlərin söhbətlərini dinləyirdim.
-Niyə küncə sıxılıb durmusan? Yaxına gəl!
Bu amiranə səs məni diksindirdi. Sonralar biləcəkdim ki, bu, Şamil Şahməmmədovdur. Eynəyinin altından adama sirayət edən mehriban baxışları həyəcanımı azaltdı. Mənə bir neçə sual verdi.
-Sizin “Bakı” qəzetində oçerklərinizi oxumuşam, - dedim.
Gülümsündü.
-Məni yox, Mirzə Cəlili, Üzeyir bəyin felyetonlarını oxu, - dedi.
Kimsə soruşdu ki, sən hansı mövzularda yazırsan? Cavab verməyə hazırlaşırdım ki, Şamil müəllim həmin adama iradını bildirdi:
-Jurnalistə belə sual vermək düzgün deyil. Jurnalist bütün sahələrdə yazmağı bacarmalıdır.
O unudulmaz görüşdən otuz ilə yaxın vaxt keçib. Hələ də Şamil müəllimin bu sözlərini unutmamışam. Mediada çalışdığım dövrdə həmişə çalışmışam ki, bütün sahələr üzrə biliklərimi artırım və hər hansı bir mövzuda yazarkən o sahəni dərindən öyrənməyi peşə borcum hesab etmişəm.
Azərbaycan müstəqillik qazandıqdan sonra milli şüura keçid mərhələsində Şamil müəllim bir körpü rolunu oynadı. Tarixi yaddaşın, varis-irs münasibətlərinin körpüsündən söhbət gedir. Xalq və toplum miqyasında qlobal mənəvi tərəqqini şərtləndirən amillərdən biri də mətbuatın çevikliyi, milli şüura təsir imkanlarıdır. Şamil müəllim “Xalq qəzeti”ndə, AzərTAC-da rəhbər vəzifələrdə çalışıb və bu dövr azad medianın formalaşması və inkişafı dövrüdür. Şamil müəllim öz biliyi, təcrübəsi, peşəkar qələmi ilə müstəqil medianın inkişafına xidmət edib. Onun haqqında xatirələr kitabının yazılması sevindirici hadisədir. Daha yaxşı olardı ki, onun öz qələmindən çıxan yazılar da kitab kimi çap olunsun. Yeni jurnalistlər nəslinin Şamil Şahməmmədov məktəbindən öyrənməsi üçün bu kitab dərsliyə çevrilə bilər. Onun yazı manerası, dəst-xətti, oçerk, reportaj, müsahibə janrlarında qələmə aldığı yazılar gənc jurnalistlərə çox şey verə bilər.
“Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabını jurnalist Züleyxa Nadir çapa hazırlayıb. Kitabı vərəqləyirəm, həmkarları onu dürüst, peşəkar, ədalətli, humanist, xeyirxah insan kimi xarakterizə edir. Onun bu xüsusiyyətlərini göstərən saysız-hesabsız nümunələr xatırlanır. Şəddad Cəfərov yazır:
“Şamil müəllimin mətbuatla bağlı həyatı onun şəxsi həyatı qədər önəmli idi”.
Bu cümlə Şamil müəllimin ömür yolunu dəqiqliklə ifadə edir.
1990-cı ilin 20 yanvar faciəsi ərəfəsində Mərkəzi Komitənin binasında jurnalistlər üçün brifinq keçirilirmiş. Yevgeni Primakov da həmin tədbirdə iştirak edirmiş. Şamil müəllim üzünü Primakova tutaraq deyib:
“Bütün günahlar sizdədir. Moskvada ermənilərlə bağrıbadaş olanda, birlikdə yeyib-içəndə bilmirdiniz ki, başımıza nə oyun açacaqlar?”
Primakov ondan soruşub ki, siz kommunistsiniz? Şamil müəllim deyib ki, bəli. Primakov: - inanmıram, - söyləyib. – Heç mən də inamıram, - bu da Şamil müəllimin cavabı.
Bu məqamı Züleyxa Nadir mərhum jurnalist, hadisənin canlı şahidi olmuş Adil Qaçayoğlunun 1991-ci ildə “Ülfət” qəzetində dərc olunmuş yazısına istinadən xatırlayır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Şamil müəllim haqqında yazdığı “Jurnalistikanın ağırlığına tab gətirən çiyin” yazısı da ustad jurnalistimizin insani keyfiyyətləri və peşəkarlığı haqqında dolğun təsəvvür yaradır: “Şamil müəllim bütövlükdə jurnalistikamızın elə sahəsi olmayıb ki, orada izi, mülahizələri qalan yazılar qələmə almasın. Zərgər dəqiqliyi ilə yazıları oxuculara təqdim edir, xüsusilə ədəbi redaktənin nə olduğunu əyani nümunəsi ilə göstərirdi”.
Şamil Şahməmmədov jurnalist kimi “Bakı” qəzetində yetişmişdi, formalaşmışdı. Onun qələminin püxtələşməsində qəzetin rəhbəri, bir çox jurnalistlərin ustadı və xeyirxahı Nəsir İmanquliyevin böyük rolu olub. Şamil müəllim onun rəhbərliyi altında qəzetdə müxbirlikdən redaktor müavinliyinə qədər yüksəlmişdi. Şamil Şahməmmədovu xatırlayarkən Nəsir müəllimin də işıqlı xatirəsi göz önünə gəlir. Onlar jurnalistikamızın sütunları idi. İllər keçir, nəsillər bir-birini əvəz edir, onların xidmətləri unudulmur, işıqlı xatirələri hər zaman qəlbimizi isidir.
Zaman hər şeyi amansızcasına keçmişə çevirir, keçmişi heçlikdən yaddaş xilas edir. Belə olan halda xatırlamaqdan gözəl nə ola bilər?! Keçmişimizdə izi və sözü olanları xatırlayaq və unutmayaq!..

Bütün xəbərlər Facebook səhifəmizdə