HÜMBƏT HƏSƏNOĞLU

Son günlər onun gözünə cüt rəqəmlər tez- tez sataşırdı. İndi də işlədiyi Ekperimental Beyin İnstitutunun girəcəyində asılmış tabloda 20:55 rəqəmlərini görüb özlüyündə düşündü, saat 20:55, il də 2055.

Bu axşam İnstituta gəlməyinin xüsusi mənası vardı. Burada ayrıca palatada onun 100 yaşlı babası yatırdı. Babası son altı ayı yataq xəstəsi idi. Çox orqanlarının dəfələrlə dəyişdirilməsinə baxmayaraq, yaş öz işini görürdü.
Babasının güclü ruhu zəif və çarəsiz bədəninə etiraz edirdi.
Əlbəttə, cihazların və dərmanların köməyi ilə onu yarıyuxulu vəziyyətdə uzun illər yaşatmaq olardı, amma babası bu fikrə kəskin etiraz edirdi, hətta evtanaziya* üsulları haqda tibbi personalla söhbətlər də aparırdı.
Babası da artıq ona dəfələrlə demişdi ki, bu dünyada hər şeyi görüb və ona maraqlıdır ki, o biri tərəfdə nələr var.
O, Mətin Həsənli, biokompüterlər üzrə məşhur alim idi və heç yerdə hələ açmadığı bir üsulu ilk dəfə babasının üzərində sınamaq istəyirdi. Özünün böyüməsində, tərbiyəsində babasının müstəsna rolu olmuşdu.
Babasına özünü borclu sayırdı və onun üçün mütləq nəsə etmək istəyirdi.
Kabinetində xalatını geyib, babası yatan palataya girdi. Babasının gözləri bağlı olsa da, göz qapaqları altında göz almacıqlarının hərəkətindən onun ayıq olduğunu anladı.
- Salam, baba.
Babası gözlərini açıb, ona azacıq gülümsəyərək dedi:
- Canım Mətin, salam.
Bu sözlərdən sonra o yenə gözlərini yumdu.
- Baba, səninlə məsləhətləşməyə gəlmişəm.
Babası yenə gözlərini açıb yavaş səslə:- məsləhətləşməyə?
-Hə, baba.
Mən danışacağam, sən gözüyumulu da qulaq asa bilərsən.
O, ağzını babasının qulağına yaxınlaşdırıb bir az ucadan davam etdi: -Baba, mən bioloji kompüterlərlə məşğulam. Bu kompüterlərin yaddaşı süni yetişdirilən kristallardan ibarətdir və mən labarotiyada həmin kristallara beyin hüceyrələrini calaq edə bilmişəm və son 6 ayda həmin hüceyrələr özünü təkrar- təkrar sintez edə bilir. İnsanın hər bir hüceyrəsi müəyyən sayda özünü təkrar bərpa edə bilir, o say hüceyrənin yaddaşında yazılıb. İnsan da ona görə qocalır ki, hüceyrələr öz bölünə bilmə limitlərini sona çatdırırlar. Mən o hüceyrələrin yaddaşını elə dəyişmişəm ki, yaddaşdan onlara məhdudiyyət qoyulmur və onlar sonsuz olaraq özlərini bərpa edə bilirlər. Başqa sözlə mən qocalmayan hüceyrələr yetişdirmişəm, özü də həmişəcavan hüceyrələr. Mən müxtəlif orqanlara aid hüceyrələrlə bunu etmişəm, nəticə eynidir. Son olaraq mən beynin yaddaş hissəsindəki hüceyrələrlə bunu etdim və ağlıma fantastik bir ideya gəldi. Mən öz bioloji kompüterimdə kifayət qədər yaddaş hüceyrələri bəsləmişəm.
Ən maraqlısı da odur ki, yaddaş hüceyrələri kənardan da informasiya qəbul etməyə hazırdırlar. Danışdıqlarım sənə mürəkkəb görünə bilər, amma indi sən başa düşəcəyin şeyləri deyəcəyəm. Bilirsən ki, insanın yaddaşı var və o yaddaşda bütün ömür boyu insanla bağlı olanlar saxlanılır. İnsan yaddaşında, ona xatirə də deyirik, istənilən anı öz istəyi ilə canlandıra bilir. Uşaqlığından gəncliyinə qədər istənilən dövrü yadına sala bilir. Özü də gözlərimiz kamera kimi, qulaqlarımız diktofon kimi hər şeyi olduğu kimi yazır. Hətta dad, iy reseptorlarımızın, təmas hüceyrələrimizin xatirələrinin də yaddaşda öz yerləri var. İstənilən həyat epizodumuzu istəyimizlə təkrar görə bilərik, eşidə bilərik. Qızılgülün iyini, limonun dadını yaddaşımız bizə olduğu kimi çatdıra bilir. Səni yormayım, fikrimin qayəsini çatdırım. Mən istəyirəm ki, sənin beyninin yaddaş hissəsini öz biokompüterimin yaddaşına köçürüm.
Babası gözlərini açıb ona təəccüblə baxdı və soruşdu:- bu necə mümkündür?
- Baba, mən düşündüyüm alınsa, sən kompüterin yaddaşında yaşamaqda davam edəcəksən. Bax, sən gözlərini yumub xatirələrində yaşayırsan və artıq bu bədənin sənə lazım olmur. Sən bədənindən indi istifadə etmədiyin kimi, xatirələrində də bədənsiz, lakin yaddaşında yaşayacaqsan. Yaddaş iradəyə bağlıdır, sən öz istədiyin şeyi yaddaşında canlandıra biləcəksən. Əziz baba, sən öz yaddaşında yeni həyatına başlayacaqsan. Yaddaşını bir çaya bənzətsək, sən o çayın istənilən anına təkrar- təkrar baş vura biləcəksən. Özün seçəcəksən, uşaqlığındakı, ya gəncliyindəki günü yenə yaşayasan. Öz yaddaşının içində irəli və geri hərəkət edə biləcəksən. Hansı yaşı seçsən, o vaxt olan bədənini də hiss edəcəksən. Baba, razısan?
Babası gözünü açıb başını azacıq ona tərəf döndərdi:
- Bala, Mətin, mən səndən çox razıyam. İndiyə qədər yaşamağımın səbəbi də sənsən. Amerikada, İngiltərədə oxuyanda, işləyəndə belə sənin qayğını həmişə hiss etmişəm. Yerdəki dövrüm başa çatıb və mən dünyasını dəyişmiş əzizlərimin arxasınca getmək istəyirəm. Dediklərini çox da anlamasam sənin elmi işin üçün vacibdirsə, mütləq et. Yaxşı ki, varsan! Amma gəl son dəfə səni qucaqlayım, bu bədənim əlindən gələn son yaxşı işini görsün…
Əvvəldən hazır həkimlər briqadası Mətinin tapşırığı ilə onun babasının yaddaş mərkəzinə platindən olan elektrodları daxil etmiş və xüsusi ötürücülər vasitəsilə beyin yaddaşını onun kompüterinin ayrıca bölümünə köçürtmüşdülər.
Bu, dünyada belə həyata keçirilən ilk əməliyyat idi. Alınsa, bu inqilabi əməliyyat olacaqdı. İnsanlar öz yaddaşlarında əbədi yaşayacaqdı.
Kompüterdə insanların yeni formasiyasını yaratmaq mümkün olcaqdı. İnsanların öz istəkləri və arzuları ilə yaşaya biləcəkləri yeni bir həyat!
Onun hesablamalarına görə köçürülmə əməliyyatı 24 saata başa çatmalı idi…
İki gün sonra o, öz kompüterinin qarşısında əyləşdi və “mənim babam” papkasının üstünə barmağını toxundurdu. O, həyacanlı idi. Babası ilə ünsiyyət qurmağını da axıra qədər düşünə bilməmişdi, yeganə ümidi mikrofona idi.
O, mikrofona, “baba” deyib, özü boyda qulağa çevrildi. Qulağındakı düyməcikdən səs gəlmirdi.
O, təkrar ucadan “ baba” dedi.
Yaranan fasilə ona əbədiyyət kimi gəldi və birdən qulaqcıqdan babasının doğma səsini eşitdi:
-Mətin, mənim balam, səsin qulağımın içindən gəlir.
Babasının səsinin gəlməsi onu sonsuz sevindirdi.
- Baba, hardasan, nə edirsən?
- Nənənlə ilk görüşdəyəm. Elə həmən həyacanı və sevinci də yaşayıram.
O, bir az özünü itirdi, elə indi çoxdan dünyasını dəyişmiş nənəsinə salam deyə bilirdi! Amma onu ancaq babası eşidə bilərdi.
-Baba, çətinliyin yoxdur ki?
-Yox, bala heç çətinliyim yoxdur, səyahət edirəm öz həyatım boyu.
Əvvəl xoş xatirlərəmi canlandırıb yaşayırdım, amma ehtiyac duydum ki, kədərli günlərimə də baş vurum. Yalnız sevinclərdən ibarət həyat insanı yorar, kədər də olmalıdır.
Dayan, nənən məni harasa dartıb aparır…
O, kürəyini oturduğu oturacağının arxasına söykəyib xəyala daldı:
-İnsan bu həyatda çoxlu xatirələr qazanmalıdır, təkrarlamaq arzusunda olduğu xatirələr…

Sumqayıt şəhəri,
İyul- 2022-ci il

* Evtanaziya- xəstənin xüsusi üsullara, könüllü olaraq bu dünyanı tərk etməsi.

Bütün xəbərlər Facebook səhifəmizdə