Həyat məktəbimiz - Surxay kişi (Portret cizgiləri)

Mən taleyimi 1976-cı ilin fevral ayından Sumqayıtla bağlamışam. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirəndən sonra ilk iş yerim Şəki Dövlət Dram Teatrı olsa da, amma altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrına dəvət olunmuşam. Həmin vaxtı hətta Sumqayıta qeydiyyat yox idi. Yalnız dəvət olunmuş cavan mütəxəssisləri qeydiyyata götürürdülər. Məni də teatra aktyor kimi götürdülər və Sumqayıt Domna Peçləri Zavodunun yataqxanasına daimi qeydiyyata saldılar, həm də orada, yataqxanada qalmaq üçün yer verdilər. Beləliklə, teatrda doqquz il aktyor işlədim və sonralar on il bu teatrın direktoru-bədii rəhbəri vəzifəsində çalışdım. Sumqayıt Dövlət Dram Teatrını, Dövlət Musiqili-Dram Teatrı elədim. Teatra əlavə 90 ştat aldım. Teatrın rəhbəri kimi, bu teatrı həmin vaxtlar keçmiş Sovetlər birliyində tanıtmışam. Azərbaycan teatrı sahəsindəki böyük işlərimə görə Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə şöbəsinin sədri oldum. Təvazökarlıqdan uzaq olsa da həmin vaxtlar Sumqayıt teatrı özünün intibah dövrünü yaşadı.

Övladlarım da bu şəhərdə dünyaya gəliblər. Həyat yoldaşım da uzun illər Sumqayıtda bu şəhərdə mədəniyyət və təhsil sahəsində işləyib. Deməli, bu şəhər minlərlə insanlar kimi bizim də tale şəhərimdir.
Bu şəhərdə bizim həyat universitetimiz olan çox maraqlı ağsaqqallar vardı. Onların çoxu Böyük Vətən Müharibəsinin odundan-alovundan çıxımış insanlar idilər. Bunlardan biri də Surxay müəllim Məmmədov idi. O, müharibədəki şücaətlərinə, igidliklərinə görə çoxlu orden-medallar almışdı. Uzun illər də Sumqayıt Müharibə Veteranları Şurasının sədri olmuşdu. Sumqayıt şəhərdə həm şəhər rəhbərlərinin və həm də müəssisə rəhbərlərinin ona hörməti çox olduğundan, Surxay müəllim bir ağsaqqal kimi təkcə müharibə veteranlarının yox, ona müraciət edən hər bir sumqayıtlıya əlindən gələn köməklikləri eləyirdi. Məhz buna görə Sumqayıtda hamı Surxay müəllimi çox sevirdi. Onun qapısı elə bil “ümid qapısı” idi.

Bizim onunla tanışlığımız təxminən 1977-ci ildən başlayıb. Həmin vaxtı mən teatrda aktyor işləməklə paralel, Sumqayıtda “Ümid” adlı teatr-studiya yaratmışdım. Həmin teatr-studiya da Sumqayıtda az bir vaxtda çox məşhur olmuşdu. Burada təxminən 300 nəfərdən çox Sumqayıt məktəbliləri ədəbiyyat, jurnalistika, teatr və incəsənətin ayrı-ayrı növlərinin sirlərini mənim rəhbərliyimlə bir neçə müəllimdən öyrənirdilər. Bu kolletiv Sumqayıt şəhərinin 41-ci məhəlləsində yenicə təhvil verilmiş indiki 28 may Mədəniyyət evində yerləşirdi. Bu Mədəniyyət evi də Sumqayıt şəhər Mədəniyyət idarəsinin nəzdində idi. Həmin vaxtı da Mədəniyyət idarəsinin rəisi, çox xanım-xatun qadın, yüksək ziyalı, hamımızın ana qədər xətrini istədiyimiz, Sumqayıt şəhəri üçün həm jurnalistika və həm də mədəniyyət sahəsində əvəzsiz işlər görən, Prezidentin Fəxri təqaüdçüsü Zərifə xamın Təhməzova idi. Məni Surxay müəllimlə də rəhmətlik Zərifə xanim tanış etmişdi. Onlar quda idilər. Surxay müəllim həmin vaxtı Sumqayıt Mətbəəsinin direktoru idi. Mən də rəhbərlik etdiyim “Ümid” teatr-studiyasında və yaratdığım Sumqayıt Gənclərinin Xalq teatrında quruluş verdiyim tamaşaların afişalarını, proqramlarını həmin mətbəədə çap etdirirdim. Hətta Mədəniyyət idarəsi pulu vaxtında köçürməsə də Surxay müəllim afişaları, proqramları mənə verirdi və deyirdi: “Pulu gec-tez köçürəcəklər, amma bunları apar ki, sənin işin yarımçıq qalmasın”.

Bax, elə həmin 1977-ci ildən bizim Surxay müəllim Məmmədovla yaxın təmasımız başladı. Həddəindən artıq həlim xasiyyətli, bir ağsaqqal kimi maraqlı fikirlər deyən, yaxşı, xeyirxah yol göstərən, dediyi hər sözə ciddi fikir verən bu xeyirxah kişi ilə yaxın ata-oğul münasibətimiz yarandı. Bu maraqlı söhbətlər məni özünə necə cəlb eləyirdisə, tez-tez mətbəəyə gedirdim ki, onun söhbətinlərinə qulaq asım. Amma çox maraqlıdır ki, həddindən artıq təvazökar olan Surxay müəllim bu söhbətlərdə heç vaxt özü haqqında danışmırdı. O, Böyük Vətən Müharibəsinin odundan-alovundan çıxan, Sumqayıt şəhərini salan, burada böyük işlər görən insanlar haqqında danışırdı. Həmin vaxtı onun yanına bu şəhərin salınmasında əvəzsiz xidmətləri olan çoxlu insalar da gəlirdi. Mən həmin insanlarla da məhz Surxay müəllimin vasitəsilə tanış olur və onların maraqlı söhbətlərinə qulaq asırdım. Bax, bu insanlar, başda Surxay müəllim olmaqla, az bir vaxtda mənim həyat məktəbim, həyat universitetim oldular. Elə həmin vaxtdan başlayaraq, Sumqayıtda keçirilən mədəni-kütləvi tədbirlərin də həm ssenari müəllifi və həm də quruluşçu rejissoru mən olurdum. Qələbə günü ilə bağlı keçirilən tədbirlərdə Surxay müəllim Məmmədov mənə çox köməklik edir, yaxşı məsləhətlər verirdi.

Artıq həmin vaxtlar Surxay kişinin oğlu Eyruz da bir cavan jurnalist kimi tanınırdı. Tez-tez aktyor işlədiyim Sumqayıt Dövlət Dram Teatrının tamaşalarından və mənim “Ümid” teatr-studiyasında və Sumqayıt Gənclərinin Xalq Teatrında quruluş verdiyim tamaşalar haqqında da həm azərbaycan və həm də rus dilində yazılar yazır, Azərbaycan dilində çap olunan “Sumqayıt” qəzetində və rus dilində çap olunan “Exo Sumqayıta” qəzetlərində çap etdirirdi.

Beləliklə, bizim elə Eyruz Məmmədovla həmin vaxtlardan tanışlığımız başladı və sonralar bu, dostluğa çevrildi. Sumqatır Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyim vaxtı Eyruz Məmmədov teatrın bədii şurasının üzvü idi və bu teatrı yüksək səviyyədə təbliğ edirdi. Mən çox sevinirəm ki, cavanlıq dostum, Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov Sumqayıtın salnaməsini yaradan jurnalistdir.

Surxay müəllim mənə, Xalq şairi Nəriman Həsənzadə ilə cavanlıq illərindən başlayan dostluğundan, çətin həyat yaşamalarından çox danışmışdı. Bu söhbətləri sevimli şairimiz, mənim ağsaqqallarımdan biri Nəriman Həsənzadə də mənə danışıb. Hətta onların bir neçə cavanlıq şəkillərini də görmüşəm.

Sumqayıtın canlı salnaməsi olan Surxay Məmmədov kimi kişilər gərək heç kimin yadından çıxmasın. Onların xidmətləri də şəhər rəhbərləri tərəfindən gərək layiqincə qiymətləndirilsin.

Sumqayıtla nəfəs alan, şəhər İcra Hakimiyyətinin başçısı, bu şəhər üçün çox işlər görən Zakir Fərəcov, bu şəhərdə əvəzsiz xidmətləri olan insanların adını əbədi yaşatmaq üçün onların yaşadığı binaya “Xatirə lövhəsi” vurdurur. Bu, çox böyük təqdirəlayiq işdir. İnanıram ki, bu nəcib, müqəddəs iş, həm indiki sumqayıtlılar və həm də gələcək sumqayıtlılar tərəfində çox yaxşı qiymətləndiriləcək.

Mən bir ziyalı kimi təklif edirəm ki, Surxay Məmmədovun yaşadığı binaya da onun “Xatirə lövhəsi” vurulsun və şəhərin küçələrindən biri onun adına verilsin. Çünki o kişi buna tam layiqdir. Surxay Məmmədovun Sumqayıt şəhərinin mədəni, ictimai həyatında və həm də uzun illər Müharibə Veteranları Şurasının sədri kimi gördüyü işlər əvəzsiz olub. Deməli, o, sumqayıtlıların yaddaşında əbədi qalmalıdır.

Böyük Mövlanə deyirdi ki, “bitkinin gözəlliyi toxumundan, insanın gözəlliyi isə qəlbindən gəlir”. Surxay müəllimin də gözəlliyi qəlbindən gəldiyinə görə, o, onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor

Bütün xəbərlər Facebook səhifəmizdə