Tanrıdan gələn səsdi: Qıymayın uşaqlara! RESENZİYA

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf etdiyi “Qıymayın uşaqlara” adlı yeni şeirlər toplusu yaxın günlərdə işıq üzü görüb. Yeni nəşr müəllifin sayca 31-ci, uşaqlar üçün isə 7-ci kitabıdır. “Futbolçu, topçu, gopçu”, “Arpaçayın uşaqları”, “Vətən nəğməsi”, “Azərbaycan Vətənimdir”, “Göy yerə zəng eyləyir”, “ Payızda üşüyən çiçək” adlı kitabları kimi, müəllifin “Qıymayın uşaqlara” kitabını da bu gün Azərbaycanda uşaq şeirlərinin çox az yazıldığı bir dövrdə uşaq ədəbiyyatına verilən töhfə kimi dəyərləndirmək olar. Ayrı-ayrı bölmələrdə yer alan və Azərbaycanın tarixini, Zəfərini, folklorunu, gözəl təbiətini, milli mətbəxini və sair sahələri əhatə edən bir-birindən maraqlı şeirlərlə İbrahim Yusifoğlu milyonlarla uşağın babası olduğunu, onların hərtərəfli biliyə sahib olmaları üçün ortaya sanballı kitab qoyduğunu təsdiqləmişdir.

Milyonlarla nəvənin babası

İbrahim müəllimi milyonlarla nəvənin babası adlandırmaq olar. Çünki hər hansı ziyalı və yaxud sıravi insan o zaman tək özü üçün deyil, bir el, xalq üçün yaşadığını təsdiq edir ki, məhz belə bir iş ortaya qoya bilir. Müəllifin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində işıq üzü görən kitabı onun milyonlarla nəvəsinin olduğunun sübutudur. Bu kitabla o, bütün nəvələrinin bayramını təbrik etmiş, onlara bir-birindən gözəl hədiyyələr bağışlamışdır. Elə bir hədiyyə ki, zamanla bu nəvələrin də öz nəvələrinə verəcəkləri dəyərli hədiyyə olacaq. Elə bir hədiyyə ki, nə qırılan, nə köhnələn, nə itib-batan deyil, daim evlərimizdəki rəfləri, uşaq otaqlarının masasını bəzəyən kitabdır.

Həyatımıza internetin sürətlə daxil olduğu, hər gün yeni sosial şəbəkələrin ortaya çıxdığı, insanlarıın həmin şəbəkələrə axın etdiyi bir dövrdə yazılan belə kitablar, sözün həqiqi mənasında, qiymətsizdir. Ənənəvi kitab oxumanı davam etdirmək, uşaqları yeni texnologiyaların çoxsaylı bəlalarından uzaq tutmaq üçün müəllifin uşaqlar üçün yazdığı kitablar xüsusi əhəmiyyətə malikdir. İbrahim müəllim yaşının ahıl çağında müasir dövrün sürətli “yenilikləri” qarşısında bu cür kitabları ərsəyə gətirməklə nəvələrinə-uşaqlara qayğısını bildirir, onların bu xalqın adət-ənənələri, mentaliteti çərçivəsində böyüməsini ürəkdən arzu edir.

Kitab yazmaq, xüsusilə də şeir yazmaq heç də asan bir iş deyil. Xüsusilə də uşaqların anlayacağı, qəlbinə, beyninə, hisslərinə təsir edəcək şeirlər yazmaq böyük hünər, qabiliyyət tələb edir. Bu baxımdan “Qıymayın uşaqlara” təqdirəlayiq bir kitabdır, böyük zəhmətin nəticəsi, hər misrası baba məhəbbətindən doğan şeirlər toplusudur.

Baba öz vəzifəsini yerinə yetirmişdir. Uşaqları kiçik yaşlarından tariximizlə, mədəniyyətimizlə, mətbəximizlə tanış etmək üçün onların anlayacaqları şəkildə onlarla şeir yazıb, kitab şəklində təqdim etmişdir. İndi əsas vəzifə məktəbdə müəllimlərin, evdə valideynlərin üzərinə düşür. O mənada ki, bu şeirlərlə uşaqların dünyasını zənginləşdirmək, bəzəmək artıq onların işidir.

Zəfər nəğməsi

30 illik zaman kəsiyində iki dəfə müharibə yaşayan Vətənimizdə uşaqlar ən çox əziyyət çəkən təbəqə olmuşdur. Birinci Vətən Müharibəsində də, İkinci Vətən Müharibəsində də yüzlərlə uşaq həyatını itirmiş, ata-anasız qalmışdır. Minlərlə uşaq əzəli torpaqlarımızdan didərgin salınan valideynləri ilə birgə qaçqın, köçkün həyatını yaşamağa məcbur qalmışdır. Çətinliklərlə üzləşən, öz doğma bağçasından, məktəbindən ayrılmaq onlar üçün heç də asan olmamışdır. Bunlar uşaq psixologiyasına ən ağır zərbələrdir ki, onları da bizim körpələrimiz yaşamışlar. Bizim uşaqlarımız şəhid, qazi uşaqları olmuşlar. Əksər sayda uşaqlarımız var ki, ataları şəhid olandan sonra dünyaya göz açmışlar. Atalarının üzünü görməyən uşaqlarımız üçün indi onların şəkilləri ata rolunu oynayır, bir azdan dil açıb danışanda o rəsmlərdəki atanın nə zaman gələcəyini soruşanda isə alacaqları cavablarla yeni səhifələr açılacaq qarşılarında.

Bizim uşaqlarımız bütün yaşadıqlarından çox qürur yaşayacaqlar. İkinci Vətən Müharibəsində torpaqlarımızı 30 illik işğaldan azad etməyimizin qürurunu. 2020-ci ilin payızının 44 günündə Qarabağımıza gələn baharın qürurunu. Bu qüruru hələ yenicə hərfləri öyrənib oxumağa başlarkən “Qıymayın uşaqlara” kitabından oxuyacaqlar. Bu qürur Zəfər qürurudur, şərəfimiz, namusumuz olan torpaqlarımızın düşməndən geri alınması qürurudur. Elə Zəfərimizdən bir gün sonra yazılan və kitabda yer alan şeir kimi:

Nəğmələrin müqəddəsi, ulusu,

Meyvələrin ən şirini, sulusu,

Bulaqların ayna kimi durusu,

Zəfər nəğməsi.

Bu nəğmənin hər sədası “Cəngi”di,

Al-qırmızı kəlmələrin rəngidi,

Dar anında bir oyanış zəngidi,

Zəfər nəğməsi.

Bəli, şairin də yazdığı kimi, bu nəğmə yarıb keçdi çəpərləri, sədləri, əritdi buz bağlamış hədləri, nankorları diz çökdürdü. Bu Zəfər nəğməsi dəmir yumruğa dönüb düşmənin başını əzdi, onun sədasıyla el xoş cağına qovuşdu. Bu nəğmə igidlərin hünəriylə azad eldə, azad dildə oxundu.

Müharibənin mahiyyətini açan, qələbəmizin qürurunu yaşadan bu nəğmə uşaqların dilinin nəğməsinə çevriləcək zaman-zaman, onların vətənpərvər yetişməsini şərtləndirən ilk şeir olacaq.

“Şuşa ili” uşaqlara söyləyir...

Söyləyir ki, müharibədə Şuşa igid oğullarımızın əlbəyaxa düyüşləri, dağları, sıldırımları sinələri ilə aşmaları, böyük rəşadətləri hesabına azad edidi. Qarabağın tacı olan şəhərin şərəfinə bu il “Şuşa ili”dir. Şuşa yenidən qurulur, hüsnünə min bir naxış vurulur.

Otuz illik qəfəsin,

Sındırıldı kilidi.

Qarabağın dəyişdi,

Tapdalanmış cilidi.

Yenə burda səslənən,

Dədəm Qorqud dilidi.

Elim, obam sevinir,

Bu il “Şuşa ili”di.

Şair misralarında Şuşaya salınan yolun “Zəfər yolu” olduğunu, bu əzəməti görəndə qəlblərin məşəltək alovlandığını vurğulayır. Çünki bu “Zəfər yolu” Şuşanın qan damarı, nəbzidir, bu yol Turan yoludur, milli birlik rəmzidir.

“Şuşa ili” şeirində Şuşanın “obrazı” yaradılıb. Elə bir obraz ki, uşaqlar bu şeiri oxuyan anda onun təbiəti, coğrafiyası, Qarabağın gözü olması, hansı çətinliklərlə alınması, necə alınması təsəvvürlərində əks olunacaq.

“Xarı bülbül” ətridi,

Yerə, göyə ələnib.

Cıdır düzü, xan Şuşa

Gözəlliyə bələnib.

“Xarı bülbül” vətəni

Tək Qarabağ elidi.

Şux, gülərüz görünür-

Bu il “Şuşa ili”di.

Şeir Şuşanın gələcək günləri ilə bağlı xoş müjdə ilə bitir:

Müzəffər Baş Komandan

Sevindirib hər kəsi.

Şuşa elan olunub

Mədəniyyət mərkəzi.

Şən anlar bol olacaq,

Bu hamıya bəllidi.

Göz görür, qəlb öyünür

Bu il “Şuşa ili”di.

Bu bölmədə yer alan “Ağdam şəhəri”, “Sağalmaz bala dağı”, “Şuşa”, “Günnütüm”, “Xocalım, hey...Xocalım”, “Qara Yanvar gedir”, “20 Yanvar Günü” adlı və sair şeirlərdə də uşaqlara tariximizin keşməkeşlərini özündə əks etdirən anlar çatdırılır, onlar bu xalqın nələr yaşadıqları ilə tanış olurlar. Bir-birindən mənalı, oxunaqlı, uşaq hafizəsinə, dərketməsinə uyğun şeirlər müəllifin uşaq dünyasını necə fəth etmənin yollarını uzun illərin pedaqoqu bacarığı ilə ortaya qoymasını sərgiləyir.

Ana yurdum Azərbaycan

Bu bölmə uşaqlar qarşısında şəhərli-kəndli, aranlı-dağlı, çaylı-göllü, bulaqlı bir mənzərə açır. Şəhərdə yaşayan uşaqlar kəndlərimizin, kəndlərimizdə yaşayan uşaqlar isə şəhərlərimizin gözəllikləri ilə tanış olurlar. Yəni müəllifin bu yanaşması da təqdirəlayiqdir. Ana yurdun olanlarını uşaqlara çatdırmaq, bir kitabda bütün bunları əks etdirmək həqiqətən böyük bacarıq tələb edir, kəndə kənd kimi, şəhərə şəhər kimi bələd olmağı göstərir:

Yer üzündə bir diyar var,

Çox gözəldi burda hər yan.

Ürəkləri ovsunlayır

Ana yurdum Azərbaycan, - misraları

Xəzərin sahilindən,

Baxır Bakı şəhəri.

“Gilavar”la, “Xəzri”lə

Açılır hər səhəri.

Şair Bakıdan Naxçıvana-Azərbaycanın qədim diyarına üz tutur:

Qoca Şərqin qapısında

Dayanmışam, Naxçıvanam.

Yarandığım əzəl gündən,

Odlar yurdu olmuş anam!,-deyir.

“Kəndimiz” şeiri bu gözəllikləri bir başqa cür tamamlayır:

Dağlar qoynunda

Bir kəndimiz var.

Onu görənlər

Heyran qalırlar.

“Ulu dağlarım” şeiri isə kəndin mənzərəsini yaradır gözlər önündə:

Şiş qayaları

Göyləri qucar.

Zirvələrində

Qartallar uçar-

Sərt, əzəmətli

Ulu dağların.

Və yaxud “Yovşan ətridi” şeiri:

Kəndimizdə var

“Dovşan dərəsi”,

Burda qurulub

Ovçu bərəsi.

Dərənin hər vaxt

Dovşanı çoxdu.

Həm də ətirli

Yovşanı çoxdu.

Kitabda uşaqlar folklor nümunələri ilə də tanış ola biləcəklər:

Qarı nənə, qarı nənə,

Gün əridir qarı, nənə.

Torpağına xor baxını,

Lənətləyib, qarğı, nənə.

Və ya

Qarı nənə, qarı nənə,

Səp quşlara darı, nənə.

Övladların qoy olsunlar,

Bir gülövşə narı, nənə.

“Çillə gecəsi” şeiri də milli adət-ənənələrimizi öyrənmək və yaşatmaq baxımından uşaqlar üçün çox dəyərli bir ədəbi nümunədir:

Qonaq gəlmişik

Biz babamgilə.

Axı bu gecə

Çillədi, çillə.

Saatlar, anlar

Çox keçəsidi.

Bu gün ən uzun

Qış gecəsidi.

Bir-birindən gözəl, mənalı, böyük istedadla, şövqlə yazılan, uşaqlarımıza həyatı aşılayan şeirlərlə tanış olarkən akademik İsa Həbibbəylinin İbrahim Yusifoğlu haqqında söylədiyi fikirləri xatırladım: İbrahim Yusifoğlu uşaqlar üçün yazdığı mənzum pyeslərdə ibrətamiz, tərbiyəvi xarakterə malik olan hadisələri, uşaq dünyasının incəliklərini şairanə şəkildə təqdim edir. İbrahim Yusifoğlunun bir çox uşaq pyesləri Azərbaycan ədəbiyyatında bu janrda yazılmış ən yaxşı əsərlər sırasındadır. Onun ən yaxşı uşaq pyesləri böyük səhnə üçün faydalı ola bilən əsərlərdir.

Bəli, şair-publisistin yeni nəşr olan “Qıymayın uşaqlara” adlı kitabında da bu pyeslərin davamı var: “Pəhlivanın bağında” adlı 3 pərdəli pyes. Əgər rejissorlarımız fərqinə varıb səhnələşdirərlərsə, əsərin böyük uğur əldə edəcəyinə indidən əminəm.

Beləliklə İbrahim Yusifolunun uşaq bayramında nəvələrinə hədiyyə etdiyi kitab haqqında söhbətin sonuna gəldik. Müəllifi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayarkən həm də ümidvaram ki, bu kitab bütün evlərdə uşaq masalarını bəzəyəcək. Uşaqlarımızı internetin cəngindən saatlarla xilas edəcək. Belə də olmalıdır. Çünki bütün mənalarda, şair demişkən, uşaqlara qıymayaq.

Uşaqları gül üstə

Kəpənəklər gözləyir.

Səkilərdə gəzişən

Göyərçinlər səsləyir.

Bülbüllər, qaranquşlar,

Şux nəğmələr bəsləyir.

Bu rəngarəng dünyanı

Boyamayın siz qana.

Ey insan qatilləri,

-Qıymayın uşaqlara!

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə