SƏYAVUŞ SÜLEYMANLI

(Mərhum dostum Ələsgərə ithaf edirəm)

Dağətrafı kəndlərin üstünü qara buludlar almışdı. Baxanda adama elə gəlirdi ki, orada bu dəqiqə tufan başlanacaq. Doğrudan da, belə oldu. Bir azdan Bulaqlı və Qəribli kəndlərini leysan yağışı haqladı. Ancaq çox çəkmədi ki, buludlar ürəklərini boşaldıb küləyin səmtinə tərəf -quzeyə istiqamət aldı. Və bir azdan günəş də açıqlığa çıxıb şəfəqlərini hər tərəfə səpələdi. Çiçəklənmiş ağaclar aprel günəşinin xoş, ilıq şüalarından faydalanır, yuyulmuş çiçəklərin üstündəki yağış danələri par-par parıldadıqca ətrafdakı gözəllik daha da artırdı. Bir qədər sonra dağların arxasında görünən yeddi rəngli göy qurşağı bu füsunkarlığa bir qədər də gözəllik verirdi. Quşlar uçuşub civildəşir, təbiət öz növbəti fəslinin bahar cildinə girdi. Baharın bu gözəlliyindən zövq ala-ala işdən evə qayıdırdım. Elə yorğun idim ki, ayağımı zorla çəkirdim. Fikirləşirdim ki, deyəsən, bu gün də “cızmaqara” yaza bilməyəcəyəm.
Cızmaqara deyəndə ki, elə bilməyin ki, mən yazıçıdan-filandanam. Yox, vallah-billah, belə şey yoxdur. Cızmaqara deyəndə “arxivimdə” bir az yazı-pozu var. Bəzi eşitdiyim məzəli əhvalatları qələmə alıram. Elə təkliyə çəkilib özüm üçün də oxuyuram. Ancaq yazdıqlarımı təkcə bir nəfər bilirdi-Tarif, yəni, dəllək Tarif. Çox zaman hekayələrimin süjetini də o verirdi. Bir növ adətkərdə olmuşdum. Elə parakəndə, qarışıq fikirlərlə dəllək dükanının qabağına çatdım. Köksümü ötürdüm...
***
Hə, mənim əzizlərim, bayaq dedim ki, mənim Tarif adında bir dəlləyim vardı. Yəni, var idi. Var idi deyəndə ki, dünyasını çoxdan dəyişib Tarif. İndi haqq dünyasındadır. Allah onu qəni-qəni rəhmət eləsin! Qəb ri nurla dolsun! Kişidən mənə çox əhvalatlar yadigar qalıb. Qiyamət adam idi dəllək Tarif: boyu gödək idi, başı o qədər iri idi ki, adama elə gələrdi ki, bu baş onun gövdəsinə ağırlıq edir. Qaşlarının tükləri az qala gözlərinə girərdi. Gözləri də zil qara idi: lap cin gözlərinə oxşayardı. Qulaqlarının içərisindən pırpızlaşıb çıxmış qara və boz tüklər onu lap daş dövrünün insanlarına oxşadardı. Vallah, buracan mən təsvir etdim, qalanını da siz təsəvvürünüzə gətirin...
“ Qaşlarının gözlərinə girən tüklərini bir qədər qaydaya sal, ay Tarif”
deyənlərə o, başını bulayıb belə deyərdi:
-Kişi olan şəxs ənlik-kirşandan uzaq olmalıdır. Nasaza danışmayın!
Tarifin görkəmində özünə məlum olmayan o qədər qüsurlar vardı ki,
vallah- billah, saymaqla qurtaran deyildi. Ancaq bütün bu zahiri qüsurlarını onun məzəli söhbətləri alt-üst edirdi və onu müştərilərinin gözündə çox şirinləşdirirdi. Söylədiklərinin bəlkə də doxsan faizi başdan-başa yalan, başdan-ayağadək uydurma olardı, axtarsan elə bir faizinə də şübhə edərdin. Amma mənə heç yalan danışmazdı. Deyərdi ki, sənə yalan danışa bilmirəm.
Dünyanın hər yerindən xəbər verirdi Tarif. Bir “ VEF “i vardı, həmişə
xəbərlərə qulaq asardı. ABŞ prezidentindən tutmuş lənətə gəlmiş Qorbaçova qədər; Səddam Hüseyndən tutmuş Fidel Kastroya qədər, hamının fikirlərini, gizli görüşlərindəki söhbətlərini elə inandırıcı dəlil və faktlarla əsaslandırırdı ki... Adamlar elə bilirdilər ki, Tarif dünən bu adamlarla bir məclisdə olub. Xəritəni də çox gözəl bilirdi. Tarif belə Tarif idi.Və ona görə də, onun daxmaya oxşayan hisli dəllək dükanına hər yerdən müştəri gələrdi. Növbədə saatlarla vaxt itirərdilər, ancaq başlarını Tarifə qırxdırar, üzlərini taraş etdirərdilər.
Yazıq tez getdi dünyadan. Özü ilə duzlu, məzəli söhbətləri də apardı. Nə vaxtdandır dükanına da bir qara açar vurulub. Nə isə... Ölənlərə rəhmət deyək, qalanlara da cansağlığı. Nə etmək olar?.. Dünya belə qurulub. Bir gün yaranan bir gün də bu dünyaya vida etməlidir. Bu, həyatın qanunudur.
Heç yadımdan çıxmır; bir gün yenə işdən qayıdırdım, Tarifin də işinin axırı idi. Deyəsən, evə getməyə hazırlaşırdı. Pilləkənin ağzında məni görüb saçımı nəzərdən keçirtdi ( ümumiyyətlə, bu dəlləklərin hamısı öz müştəriləri ilə rastlaşanda həmişə onların başlarına baxırlar. Bu, əslində mənim şəxsi mülahizəmdir).
-Bacoğlu, saçın çoxalıb ha...Vaxtını keçirirsən axı... Gəl, bala, gəl əyləş, saçını qaydaya salım.
Mən naəlac qalıb dükana girdim. Köhnə, yerində laxlayan kresloya yayxandım. Tarif bir siqaret yandırıb qullab vurduqdan sonra qayçını Amerika kinofilmlərində gördüyümüz texaslıların tapançalarını əllərində fırlatdıqları kimi, bir-iki dəfə fırladıb işinə başladı, qayçının çıqqıltısı ortalıqdakı sükutu pozdu. Və bu arada Tarif birdən dayanıb yaxınlıqdakı kətildə əyləşib gülməyə başladı. Getdikcə lap uğunub getdi.
Fikirləşdim ki, başımda nə tapıb görəsən?
-Nəyə gülürsən, ay Tarif?-deyə mən təəccüblə soruşdum.
-Heç, bacoğlu, elə belə, yadıma bir əhvalat düşdü.
O dəqiqə gözlərim alaclandı. Yorğunluğumu unudub, kresloda dikəldim.
-Nə əhvalat, ay Tarif? Bunu birinə söyləmisən, ya yox?
-Yox, bacoğlu, heç kəsə danışmamışam. İlk dəfə sənə söyləmək istəyirəm. Ancaq...
Deyəsən, ibnəsi vardı Tarifin.
-Nə ancaq, ay Tarif?
-Ancaq səninlə şərt kəsəcəyəm, əhvalatı yazsan, gərək heç yerdə danışmayasan. Mən dünyadan köç edəndən sonra bu əhvalatı kimə istəsən danışa bilərsən. Razısansa, danışım, hə, nə deyirsən?
-Ay kişi, Allah eləməsin, sənə nə olub ki, vallah, nər kimisən.
-Yox, bacoğlu, içim boşdur, çölümə baxma.
Ah çəkdi Tarif. Doluxsundu. Bilmədim dərdini; ölənəcən də bilmədim...
-Ahın göylərə, ay Tarif.
O, kresloya yaxınlaşıb işini davam etməyə başladı. Arada məni xeyli süzdü, bir xeyli də sınayıcı nəzərlərlə üzümə baxdı, bir xeyli müddət də tərəddüd etdi və axırda keçdi əhvalatı danışmağa.
-Bacoğlu, onsuz da ölüb gedəcəyəm. Bu əhvalatı mütləq yazarsan.
Qoy məndən sənə yadigar olsun. Xatırlarsan məni... Bilirsən, bacoğlu,
Neçə illərin əhvalatıdır. Cavan vaxtlarım idi. Bakıda bərbərlik kursunu
bitirmişdim-yəni dəlləklik kursunu. Şəhərin mərkəzində bir dəlləyin yanında təcrübə keçirdim. İşim çox yaxşı gedirdi. Ustam yaşlı və məharətli dəllək idi. Müştərisi də çox idi. Onun iş üslubu, məharəti məni valeh etmişdi. Xüsusilə, qayçı ilə sürətlə davranması məni heyrətə gətirirdi. Usta mənə müştərinin saçı ilə davranmağı, bütün ehtiyat tədbirlərini başa salır, mənə öz övladı kimi hörmət edir və qayğı göstərirdi.
***
Bərbərxanada yenə də qayçıların, maşınların səsləri eşidilirdi-başa, üzə səpilən odekolon ətirlərinin iyi ətrafa yayılırdı. Necə oldusa, mənim xidmət etdiyim kresloya döşündə Böyük Vətən müharibəsinin cürbəcür medalları olan bir ağsaçlı veteran əyləşdi. Əlini ağarmış saçına ehmalca aparıb titrək səslə:
-Oğul bala, azca azalt. Bəs usta haradadır?
-Əmi, mən onu əvəz edirəm. Usta bir azdan burda oacaq.
-Onda sən işini gör, sabah Qələbə günüdür, bayramımızdır.
Mən ətrafımdakı kurs yoldaşlarıma tərəf baxıb qürur hissi keçirtdim, bir az da lovğalandım. Yəni, baxın görün mənim müştərim kimdir?
Ağ kraxmallı örtüyü səliqə ilə veteranın qarşısına sərib, boynuna bağladım. Bəli, qarşımdakı adi adam deyildi: dəhşətli müharibə görmüş, od-alovdan çıxmış müharibə veteranı idi.
Bəs nədən başlayım? Bu gün mən də öz məharətimi göstərməliyəm.
Odur ki, fikrimə gələn ilk dəllək diləyi qayçı oldu. Qayçını götürüb bir-iki
dəfə sürətlə fırladıb barmaqlarım arasında çıqqıldatdım, veteranın qulaq nahiyəsindəki seyrək tükləri qayçıladım. Və birdən qocanın dik atılması ilə sağ qulağının aşağısındakı yumşaq sırğacıq ətinin yerə düşməsi bir oldu. Kişini qan apardı. Mən özümü o qədər itirmişdim ki, nə edəcəyimi bilmədən yerə düşmüş qulağın sırğacıq ət tikəsini tozdan təmizləyib, qocanın yarımkəsik qulağına yapışdırmaq istəyirdim. Qoca məni itələdi. Ustam yetişməsəydi, işim çox ağır olacaqdı...
Qocaya dərhal ilkin yardım göstərildi. Daha nə həngamələrdən çıxmadılar... Axır ki, qanı dayandırdılar, ancaq kişinin qulağının yumşaq sırğacıq əti hələ də ovcumda qalmışdı.
Ustam şikayət olmasın deyə, qoca veteranı xeyli dilə tutdu. Mənim kimsəsiz bir yetim olduğumu ona deyib, odun üstünə necə deyərlər sutökdü, qocanı inandırdı. Nəhayət, çox yalvarışlardan sonra qoca sakitləşdi. Gedəndən beş dəqiqə sonra qayıdıb qapı arasında dayandı və məni yanına çağırdı. Ürəyim düşdü. “Vay dədə, deyəsən peşman olub! Məni tutduracaq.” Qorxa-qorxa ona yaxınlaşdım.
Qoca veteran əlini çiynimə qoyub dedi:
-Olan olub, keçən keçib, bala. Görünür, dəlləkliyi mənim başımda öyrəndin. Ancaq mənim bir sualıma düzgün cavab ver: qulağımı kəsdin, neynək, yetimliyinə bağışlayıram. Müharibədə faşistlər qanımı tökə bilmədilər, sən isə məni bu ağ gündə qanıma qəltan elədin. O tikə əti qulağıma niyə yapışdırırdın? Yəni, ət də bir-birinə yapışar? Ələ salmışdın məni, bala?
Mən dodaqucu mızıldadım:
-Xeyr, əmi, özümü çox itirmişdim, elə bilirdim ki, belə etsəm, bəlkə qulaq bitişə.
Veteran acı-acı gülüb başını buladı, dedi:
-Mənim hayım gedib, vayım qalıb, bala. Dünyamı dəyişməyimə az qalıb. Elə kəsik qulaqla da gedərəm dünyadan. Ancaq oğul, sən gələcəkdə diqqətli ol, laqeydlik böyük xəstəlikdir. Həmişə işinin ustası ol, gör, Şeyx Nizami Gəncəvi nə deyib?
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Bu beyti deyib çıxıb getdi qoca veteran. Və o gündən bu günədək o nurani qocanın sözlərini heç unuda bilmirəm. Yəqin ki, indi dünyasını
da dəyişib. Allah qəbrini nurla doldursun!
Tarif bir siqaret də çıxarıb yandırdı. Görünür, kövrəlmişdi. Stulda əyləşdi, siqaretə bir qüllab vurub sözünü belə yekunlaşdırdı:
-Bacoğlu, az-çox qazanıram. Allah min bərəkət versin! Güzəranımdan çox razıyam. Amma bir şeydən narazıyam: o da özümdən, de, niyə?
-Niyə, ay usta?-deyib mən də sual etdim.
-Narazıyam, ona görə ki, kəmfürsətəm. Demirəm ki, pambıq ilə baş kəsirəm, xeyr, adətgərdəyəm. Bu qayçını fırladıb çıqqıldatmağı tərgidə bilmirəm ki, bilmirəm.
Doğrudan da, Tarif bu cəhətdən həqiqi xəstə idi.
Mən dəllək dükanından çox gec çıxdım. Yolboyu Tarifin ovcundakı qulaq sırğacıq tikəsini yada saldıqca öz-özümə gülür, başqaları duymasın deyə, ətrafıma da boylanırdım.
Evə çatan kimi masamın üstündəki kağız və qələmi götürüb yeni
hekayəmə belə bir ad qoydum: “Qulaq sırğacıq əti”

11.11.2002
Liman şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə