Azərbaycan təsviri incəsənətində “Xan qızı” dünyası

Toğrul İman oğlu Cəfərli
Naxçıvan Dövlət Universiteti
Təsviri incəsənət kafedrasının müəllimi
E-mail: ToghrulJafarli777@gmail.com

Azərbaycan xalqının yeni tarixi prinsip etibarilə Ölkə Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyevin bir nidası ilə başlayır: “Qarabağ Azərbaycandır!”. Qarabağ deyəndə isə bir çox böyük şəxsiyyətlərin Vətən uğrunda mücadiləsi, mübarizələrlə dolu tərcümeyi – halları göz önünə gəlir. Artıq əsr yarımdan çox bir müddətdir ki, estetik təşəkkürümüzü Xurşudbanu Natəvan adlı fenomenal bir şəxsiyyət məşğul etməkdədir. Xüsusən də müstəqillik dövrü Azərbaycan rəssamlıq sənətində Qarabağ mövzusuna, eləcə də Xurşudbanu Natəvan mövzusuna müraciət edilməsi ənənə halını almışdır və bu da təsadüfi deyildir. Əslində Qarabağ deyəndə, ilk növbədə yada düşən şəxsiyyətlərdən biri də Qarabağın sonuncu hakimi Mehdiqulu Xanın qızı, hətta taleyi çar tərəfindən müəyyənləşdirilən Xurşudbanu Natəvandır. Müstəqillik dövrü Azərbaycan rəssamlıq sənətində də, Xurşudbanu Natəvan mövzusuna dönə - dönə müraciət olunduğunu görürük.

Xeyirxah əməlləri və nəcibliyi ilə xalq içində çox böyük hörmət qazanmış, “Xan qızı” adı ilə tanınan, görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla bərabər, həm də çox incə dərin zövqə malik rəssam və bədii tikmə ustası olmuşdur. Rəssamlıq fəaliyyəti ilə poetik yaradıcılığı vəhdət təşkil edən Natəvanın bizim dövrə gəlib çatmış yaradıcılıq irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni bədii çalarlarla zənginləşdirən sənət əsərləri kimi qəbul olunur. Yaşayan tariximiz Xurşudbanu Natəvanın Qafqazda, o cümlədən Bakıda səfərdə olmuş böyük fransız yazıçısı Aleksandr Dümaya özünün heyrətamiz tikmələrini bağışladığı faktını yaşatmaqdadır.

Xurşudbanu Natəvanın rəssamlıq qabiliyyəti bir neçə cəhətdən diqqəti cəlb etməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, onun ərsəyə gətirdiyi qrafik əsərlər XIX əsr Azərbaycan təsviri sənətinin inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlərlə yeniləşdirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bir cəhəti xüsusilə diqqət önünə çəkmək lazımdır ki, orta əsrlərdə intibah mərhələsini yaşayan Azərbaycan miniatür rəssamlığı tədricən qazandığı özünəməxsus bədii-estetik əlamətləri XIX əsrdə artıq Qərb və Şərq komponentləri ilə birləşdirən yeni ənənələrlə zənginləşməyə başlamışdı. Bu mühüm prosesdə Naxçıvan və Şuşa rəssamlıq məktəbi nümayəndələrinin çox böyük rol oynadıqlarını xüsusilə vurğulamağı özümüzə borc bilirik.
Əgər mədəniyyət paytaxtımız Şuşada cərəyan edən bədii proseslərə nəzər yetirsək, onda rəssamlığın müxtəlif sahələrində Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği ilə yanaşı, Xurşudbanu Natəvanın da səmərəli fəaliyyət göstərdiyini qeyd etmək yerinə düşər. Onun ərsəyə gətirdiyi rəsm əsərləri bədii həllinə görə o dövrdə yaradılan təsviri sənət nümunələri arasında özünəməxsus yaradıcılıq tərzi və manerası ilə seçilir.

Qeyd etdiyimiz kimi, Xurşudbanu Natəvanın bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik zövqlə yeniləşməsinə xidmət edir. Əgər Mir Möhsün Nəvvab bunu daha çox Şuşada, Usta Qəmbər isə Şəkidə gerçəkləşdirdikləri divar rəsmlərində ifadə etmişdisə, Natəvan bu özünəməxsusluğu qrafika sahəsində reallaşdırmışdı. Bunu da mühüm vurğulayaq ki, şairə-rəssamın bu sahədə özünü təsdiq edən Mir Möhsün Nəvvab və Usta Qəmbərin müxtəlif funksiyalı binaların interyerinə gözəllik bəxş edən divar rəsmləri daha çox bədii ifadənin monumental-dekorativ xüsusiyyətlərinin qabarıq ifadə edilməsinə istiqamətlənmişdisə, onun özü əsərlərinin lirik duyğu daşıyıcılığına yüksəlməsinə çalışmışdı. Bu mənada Xurşudbanu Natəvanın möhtəşəm yaradıcılıq irsi özündə bütövlüklə ənənə və müasirliyi birləşdirdiyini əyani şəkildə görürük.
Xurşudbanu Natəvanın rəsm əsərləri, eyni zamanda, bədii şərhinə görə kifayət qədər realdır. Azərbaycan poeziyasında dərin iz saldığını bənzərsiz qəzəlləri ilə özünü təsdiqləyən şairə o vaxta qədərki, milli təsviri sənətimizdə yer almış əfsanəvi obrazlar dünyasına yeni simalar gətirmək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Xurşudbanu Natəvanın bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal edilir ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib.

Xurşudbanu Natəvanın Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində qorunan dörd rəsm əsəri özünün ifadəli görünüşünə və incə bədii duyumuna görə olduca maraq doğurur. İncə zövqlü qadın olan Natəvanın muncuqlu tikmə üsulunda gözoxşayan tikmələrinin bəziləri vaxtilə dövlət muzeyləri üçün alınıb. Məlumat üçün bildirək ki, məişətdə istifadəsi nəzərdə tutulan həmin tikmələr Milli Azərbaycan Tarixi və Milli Azərbaycan İncəsənəti Muzeylərində mühafizə olunmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, muncuqlarla bəzədilmiş belə nəfis tikmələrdən birini Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev 1858-ci ildə Bakıya gəlmiş böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən sonra, qonağa hədiyyə edib. Ehtimal olunur ki, məşhur azərbaycanlı şairə-rəssamın həmin əl işi bu gün də Dümanın Fransadakı ev muzeyində saxlanılmaqdadır.
Qeyd etməyi özümüzə borc bilirik ki, Xurşudbanu Natəvan obrazı Azərbaycan təsviri incəsənətində rəssam və heykəltəraşlarının yaradıcılığında da özünü bir çox məqamlarda parlaq şəkildə göstərmişdir. Bu sırada Azərbaycan heykəltəraşlığının görkəmli nümayəndələrindən biri, Xalq rəssamı, akademik Ömər Eldarovun, heykəltəraş İmran Mehdiyevin, Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Sadıqzadənin, Azərbaycan Respublikasının Xalq rəssamı Altay Hacıyevin adlarını çəkmək yerinə düşər. Bu rəssam və heykəltəraşlar Xurşudbanu Natəvanın ən yaddaqalan obrazlar qalareyasını yaratmışlar desək heç də yanılmarıq.

Xurşudbanu Natəvanın ən maraqlı obrazlarından birini heç şübhəsiz Xalq rəssamı, heykəltəraş Ömər Eldarov yaratmışdır. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orijinallıq və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarmışdır. Düşüncəli Şərq qadınını təcəssüm etdirən heykəlin hər bir cizgisi – paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır.

Xurşudbanu Natəvan obrazına müraciət edənlərdən biri də istedalı heykəltəraş İmran Mehdiyevdir. Onun ən uğurlu işlərindən biri məhz XIX əsr Azərbaycanın görkəmli şairəsi “Xurşidbanu Natəvan”ın heykəlidir. Zəngin geyinmiş “Xan qızı”nın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. Gənc heykəltəraşın bu dəyərli sənət nümunəsi Belçikanın Waterloo şəhərində parkda ucaldılıb.

Xalq rəssamı Oqtay Sadıqzadə də Xurşudbanu Natəvan obrazına müraciət edən rəssamlarımız arasında xüsusilə seçilməkdədir. Rəssam görkəmli şairə Xurşudbanu Natəvanın portretini 1983-cü ildə yaratmışdır. Təmtəraqlı planda düşünülmüş portretdə rəssam təbii və sərbəst vəziyyətdə oturmuş “Xan qızı”nı olduqca real təsvir etməyi bacarmışdır. Obrazın üzündə zərif, incə hisslər özünü büruzə verir, üzün cizgiləri və paltarının qollarındakı krujevanın naxışları ilə haşiyələnmiş əllərin zərif cizgiləri tamaşaçını valeh edir. Xurşudbanu Natəvanın baş örtüyü, geyimi, xalı və s. detallar portretə xas olan milli koloriti daha da gücləndirir. Model bir əlini üzünə söykəmiş, digər əlində isə bir qızılgül tutaraq təsvir edilmişdir. Masanın üzərində isə şairənin şeirlər kitabı görünür. Rəssam obrazını onun yaradıcılıq fəaliyyəti ilə uyğun şəkildə təsvir etməyi bacarmışdır. “Xan qızı”nın mavi gözləri, bir qədər soyuq və sakit siması onun geyiminin mavi-gümüşü rənginə, rəngarəng qırçınlarına, çiyninə salınmış tirmə şalın isti rənglərinə olduqca uyğundur. Rəssam burada müasir dövrün ideallarına sadiq qalan poetik, romantik obraz yarada bilmişdir. Xüsusilə vurğulamalıyıq ki, şairənin bu portreti rəssam tərəfindən uydurulmamışdır. Natəvanın XIX əsrdən qalma yeganə fotoşəkili zəmanəmizədək gəlib çatmışdır. Oqtay Sadıqzadə Natəvanın ən xarakterik cizgilərini götürərək, öz düşüncələrini, baxışlarını əlavə edərək yeni bir kompozisiya yaratmışdır.
Xalq rəssamı Altay Hacıyev yaradıcılığında da Xurşudbanu Natəvan mövzusu öz zəngin bədii həllini tapmışdır. İncəlik rəmzi olan bu xanımın zəngin daxili aləmini yeni – yeni rəng çalarları ilə açmağa çalışan Altay Hacıyev Natəvana həsr etdiyi portretində “Xan qızı”nın kövrək, həssas duyğularından, şairanə dünyasından, könül çırpıntılarından xəbər verir. Altay Hacıyevin yaradıcılığında bu obraz olduqca tutumlu, öz parlaq bədii əksini tapmışdır.

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız və dövlətimiz həmişə yüksək qiymətləndirmiş, onun adı daima əbədiləşdirilmişdir. Ölkə Prezidenti Cənab İlham Əliyevin 14 mart 2022-ci il tarixində Xurşudbanu Natəvanın 190 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamında da qeyd etdiyi kimi “Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.”

Hesab edirik ki, bundan sonra da Xurşudbanu Natəvanın bənzərsiz yaradıcılığını və ona həsr edilmiş sənət əsərləri daha da artacaq, “Xan qızı”nın böyük yaradıcılıq irsi yeni-yeni tədqiqat əsərlərində sənətşünaslıq elmi müstəvisində təhlilə cəlb olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə