Leqran Parisin Vinsens küçəsində yerləşən şəxsi fotostudiyasına yaxınlaşarkən mobil telefonu zəng çaldı, bu onun dostu Anri idi.

- Anri, əzizim, inan elə səni düşündüm. İstanbuldan gecə reysi ilə qayıtmışam. İstanbulda olmusan?…
İstanbul möhtəşəmdir…Mən də o fikirlə razıyam ki, dünyaya bir paytaxt seçilməli olsaydı, bu İstanbul olmalıdır.
O danışa- danışa studiyaya girdi və onu qarşılayan köməkçisi Jozefinanı əlini qaldıraraq salamladı və dostunu dinləyə- dinləyə cibindən çıxartdığı kiçik qutunu ona verib yavaşca dedi:- İstanbulda çəkdiyim şəkillərin plyonkasıdır, qoy Mişel çıxardıb kabinetimə gətirsin. Hə, bir fincan kofe, zəhmət olmasa.
Bunları deyib kabinetinə tərəf yönəldi və telefonla danışığını davam etdi:- Anri, sən İstanbulda Fransız küçəsinin olduğunu bilirdin?… Mən də bilmirdim. Deməli, İstanbulun Bəyoğlu bölgəsində Fransız küçəsi var, enişli, yoxuşlu bir küçədir. Küçəyə fransız pillətələri düzülüb və bütün küçəyə fransız fənərləri salınıb. Fənərlər Paris bələdiyyəsinin şəhərə hədiyyəsidir.
Bütün küçə sarı və qırmızı rənglərə boyanıb və eyvanlardakı dibçəklərdən rəngli güllər şəlalə kimi sallanır. Çox gözəldir. O küçədə çoxlu şəkillər çəkmişəm, görüşəndə göstərərəm…
Əlbəttə, sərgim keçiriləcək… Jorj Pompidu incəsənət mərkəzində artıq hazırlıq işləri gedir. Yaşımın qırx, sənətdə olmağımın iyirmi illiyi şərəfinə. Sən dəvətlisən, biləsən… Hələlik təkcə sənə deyirəm, şəhər meriyasından deyiblər ki, Özü də gələcək…
Yaxşı, yaxşı, söz verirəm ki, sərgidən sonra evlənəcəyəm… Görüşənə kimi..
O, kreslosuna əyləşib bir həftə olmadığı kabinetinə nəzər saldı.
Bütün divarlar boyu çılpaq qadın şəkilləri asılmışdı.
O, Morel Leqran dünyanın lüt qadın şəkilləri çəkən məşhur fotoqraflarından biri idi.
Divardan asılan hər şəkil isə müxtəlif müsabiqələrin qalib şəkilləri idi.
Onun “ Qadın bədəninin estetikası” kitabı aparıcı dünya dillərinə tərcümə olunmuş və bir çox incəsənət akademiyalarında dərslik kimi istifadə olunurdu.
Kabinetinin qapısı döyüldü və ardınca da o, Jozefinanın əlində kofe gətirdiyini gördü. Jozefina öz ənənəvi ölçüsüz jaketində idi, uzun donu isə idman ayaqqabıları ilə qurtarırdı. Orta boylu bu qızın görünüşü bura şəkil çəkdirməyə gələn və uzun ayaqları az qala boyunlarından başlayan və son dəblə geyinən qızların görünüşü ilə kəskin təzadda olurdu. Bu qızla cəmi beş il idi ki işləsə də, ona elə gəlirdi ki, bu studiya yaranandan o, burada olub. Əslində bütün işləri Jozefina aparırdı. Onun özü haqda da elə bil bu qız hər şeyi bilirdi; köynəyinin boyun ölçüsündən, ayaqqabısının ölçüsünə qədər. O, hətta onun kofesinə nə qədər şəkər atmaq lazım olduğunu da bilirdi.
Jozefina gedən kimi, fotostudiyanın işçisi əlində çoxlu fotoşəkillərlə içəri daxil oldu.
Leqran şəkillərə baxmağa başladı.
Leqran həmişə çılpaq şəkillər çəkmirdi. Hərdən onda sərgərdanlıq ruhu oyanırdı. Belə vaxtlar o öz köhnə “ Minolta” fotoaparatını götürb Parisin qədim küçələrinə düşər və qabağına çıxan hər şeyi çəkərdi.
Qarşısındakı şəkilləri o İstanbulun küçələrində çəkmişdi.
İstanbulun aurası və enerji tutumu tam fərqli idi, onun hər küçəsinə, hər döngəsinə elə bil əbədi tarix möhürü vurulmuşdu.
Burada Fransız küçəsində çəkdiyi şəkillər də vardı. Şəkillərdən biri onun diqqətini çəkdi.Əvvəl şəkildə nə çəkildiyini anlamadı və düşündü ki, bu şəkli o çəkməyib. Şəklə diqqətlə baxdı. Şəkildə pilləkənlə qalxan qara geyimli bir xanımın tək dabanının topuğa keçən hissəsi idi. O, əmin idi ki, belə şəkil çəkməyib. Mistikaya oxşayırdı. Bəs şəkli kim çəkib onda? O xəyalən özünü Fransız küçəsinə qaytardı və ona hər şey aydın oldu. O küçənin qırağında yerləşən kiçik bir kafedə oturanda, öz fotoaparatını oturduğu stulun başına asanda, götünür əlini fotoaparatına toxundurmuş və fotoaparat özü pilləkənlə qalxan bir qadını arxadan çəkmişdi.
O peşəkar gözü ilə fotoya baxdı.
Ağ qadın topuğu qara fonda elə bil işıqlanırdı və arxası açıq ayaqqabının üstündə olan topuq elə bil şah taxtında oturmuşdu. Topuğun görünüşü onu həyacanlandırdı. Öz hissinə təəccübləndi, ən gözəl çılpaq qadınların bədənlərinə baxıb həyacanlamyan məşhur fotoqraf Leqran naməlum qadının topuğunun şəklindən həyacanlanmışdı.
Cavanlıqda, ilk çılpaq qadın görəndə yaşadığı hissi təkrar yaşadı. Düşündü ki, insanın içində özünə belə açılmayan nə qədər pəncərələr var hələ.
Şəkil onu düşündürməkdə davam edirdi.
Leqranı fotoqraf rəqibləri belə onu qadın bədəninin bilicisi sayırdılar. O, qadın bədənini hər təpə və təpəciklərinə, hər əyriliyinə bələd idi. Bədənin eniş və yoxuşlarını bütün rakuslarda çox çəkmişdi.
Dünyanın ən məşhur modelləri onda şəkil çəkdirməyi arzulayırdılar. Çünki, modellər məhz onun şəkillərində gözəl göründüklərini vurğulayırdılar. Bunun səbəbini ondan hər dəfə soruşanda o, xəfif gülümsəyər və bunun peşə sirri olduğunu deyərdi.
Leqran əmin idi ki, yalnız qadın yer üzündə ilahi adını daşıya bilən yeganə varlıqdır. Qadın bədənini ruhun paltarı sayırdı və mühazirələrində vurğulayırdı ki, o, sadəcə, ruhun örtüyünün şəklini çəkir.
Amma Leqran minlərlə qadın şəkli çəksə də, fikrində tutduğu ideal qadın bədənini görməmişdi. Hər qadını soyunduranda bunu nəhayət görəcəyinə ümid etsə də, hər dəfə təəssüf hissi yaşayırdı.
Onun məşhur peşə sirri də o idi ki, o əvvəl çəkəcəyi qadının bədən qüsurunu və onun ən gözəl hissəsini özü üçün qeyd edərdi. Sonra kölgələrlə qüsur yerini örtər, gözəl hissələrini işıqlandırardı.
Çılpaq bədənə işıq və kölgələrdən yaratdığı “paltarı” geyindirib şəklini çəkərdi.
O istəyirdi ki, insanlar Yaradanın qadın bədəninə ilkin olaraq qoyduğu gözəlliyi görsünlər. Arzulayırdı ki, onun şəkilləri insanlarda şəhvət hissi yaratmadan qəlblərini riqqətə gətirsin.
Leqran naməlum qadının topuğunun şəklinə bir də baxdı və özünə etiraf etdi ki, topuğun belə gözəl ola biləcəyini heç vaxt düşünməmişdi. Diqqətlə topuqdan yuxarı qara paltara baxdı və birdən elə bil onun təfəkkürü işıqlandı, o, ömrü boyu arzuladığı ideal qadın bədənini gördü. Heç bir qüsuru olmayan, misilsiz bədən.
Leqran əlində şəkil kürəyini oturduğu kreslonun arxasına dayadı.
Beynində qarışıq fikirlər birdən nizamla, ard- arda düzülməyə başladı.
İlk olaraq öz bədənlərini müasir dəbə uyğun qurmaq istəyən, onlarla plastik əməliyyat keçirən gənc modellər haqda düşündü. Amansız rəqabətlə üz- üzə qalan, 25 yaşında
artıq “ təqaüdçü” sayılan bu qızların gözlərində həmişə kədər görmüşdü.
Elə bu səbəbdən onun heç bir fotosunda gözlər olmazdı, onlar təbəssümləri ilə belə kədərlərini gizlədə bilmirdilər. Onların bir çoxlarının aqibətini də görmüşdü.
Onunla “minnətdarlıq” görüşlərində onların acı etiraflarına qulaq da asmalı olmuşdu. Ən yaxşı halda onlar hansısa bir pul dağarcığının səfərlərdə köməkçisi qismində işə götürülürdülər. Onların nəyə kömək olacaqlarını da hamı yaxşı bilirdi. Onlara yuxarı elitada cins atlar kimi baxar, onları yaxtalarının bir yaraşıq atributu hesab edərdilər. Onların qəlbi ilə heç kim maraqlanmadığından onlar depessiyaya düşər, psixoloq, hətta psixiatrın həmişəlik pasiyentlərinə çevrilərdilər.
O, şəkildəki topuğun yuxarısındakı qara pərdədən gözünü çəkə bilmirdi.
Şərq təfəkkürü onu həmişə düşündürmüşdü. Şərqdə olan örtülü paltarlar kişilərin gözləri üçün yox, təxəyyülləri üçün idi. Hər şərq kişisi təxəyyülü hesabına örtüyün altında öz arzuladığı ideal bədəni təsəvvür edər və məhz o qadına sahibliyi özünün ən böyük arzusu sayardı.
Məhz bu yolla bütün qadınlar gözəl təsəvvür edilir, və məhz bu yolla qadınlar hamı ilə bərabər şansa sahib olurlar. Sevgi yalnız müqayisə olunmadıqda mümkün olur.
Həm də qapalı, gizli, sirr olan hər kəsi həyacanlandırar. Açıq şeyə həvəs uzun davam etməz, tez maraqsızlaşar.
Başını qaldıranda qabağında Jozefinanı gördü, fikirli olduğundan görünür onun qapını döydüyünü eşitməmişdi.
- Mösyö Leqran, yubiley sərginiz üçün şəkillər hazırdır, baxmaq istəyirsiniz?
O, Jozefinanın başının üstündən uzağa baxıb fikrə getdi.
Sonra özünü qabağa verib dedi:- Jozefina, Sərgidə tam başqa şəkillər olacaq…
Sərgi salonu adamlarla dolu idi. Bütün Paris bomondu bura toplaşmışdı. Televiziya kameraları səhnəyə tuşlaşmışdı. Press-reliz paylansa da, jurnalistlər mətbuat katibi kimi Jozefinanın başına toplaşmışdılar.
Hamı Leqranı gözləyirdi, o isə girişdə Meri qarşılamağa çıxmışdı.
Hamını bir sual düşündürürdü, bütün divarlar boyu düzülmiş və üzəriləri ağ parça ilə örtülmuş şəkillərdə kimlər və nələr var?
Nəhayət, Leqranın müşayəti ilə Parisin Meri alqışlar altında zala daxil oldular.
Leqran tribunaya qaxanda artıq sakitlik yavaş- yavaş bərqərar olurdu. Leqran ilk olaraq Meri, sonra hamını salamladı və təşrif gətirdiklərinə görə hamıya təşəkkür etdi.
Öz həyat və yaradıcılıq yolu haqda qısa məlumat verdi.
Sonra hamıya xitabən dedi:- Mən saysız fotoşəkillər çəkmişəm, şəkillərim də çoxlu uğurlar qazanıb. Eyni zamanda mən həmişə ideal qadın bədəninin axtarışında olmuşam. Sözsüz ki, hər qadın təkrarolunmazdır. Təssüf edirəm ki, qadının süni bədən etalonu yaradılıb və dünyanın bir çox xanımları məhz elə olmağa can atırlar. Qadın bədəninin santimetrlə ölçülməyinin mən həmişə əleyhinə olmuşam. Etiraf edirəm ki, mənim də çəkdiyim şəkillər dediyim mifi təbliğ edir. Bu mifin müxtəlif şirkətlərə milyardlar gətirdiyini də bilirəm.
Son İstanbul səfərimdə nəhayət ki, təxəyyülümdə axtardığım ideal qadın bədənini tapmışam və bu gün o şəkli sizə nümayiş etdirəcəyəm.
Onun əlinin işarəsi ilə divarlardakı bütün şəkillərin üzərindəki parçalar götürüldü. Toplaşanlar dönüb şəkillərə baxdılar. Salona sükut çökdü. Bütün şəkillər eyni idi;
İri panno boyda şəkillərdə qara, uzun donun ətəyinin aşağısında ayaqqabı üstündə naməlum qadın dabanının topuğa keçən hissəsi. Şəkildən də görünürdü ki, qadın pilləkəni qalxdığından topuğu görünüb.
Bir sözlə, pilləkənləri qalxan uzunpaltarlı qadının təsadüfən üzə çıxan dabanının arxadan fotoşəkli.
Gördüklərindən şok keçirən insanlar izah eşitmək üçün Leqrana baxdılar.
O da böyük aktyorlar kimi bir az fasilədən sonra ağzını mikrofona yaxınlaşdırıb dedi:
-Hər bir kişi ideal qadın axtarışındadır. Təbii ki, o qadınlar müxtəlifdir, insanlar, zövqlər müxtəlif olduğu kimi. İndi hərəniz bir şəklə yaxınlaşıb o qara paltarın arxasında, topuğun davamı olan öz arzunuzun qadınını görməyə çalışın…
Şəkillərə baxıb aralaşan insanlar növbə ilə Leqrana yaxınlaşıb onu qucaqlayıb təşəkkür edirdilər.
Sona qonaqlardan biri Leqrana yaxınlaşdı:- Mösyö Leqran, şəklinizin belə fantastik uğurundan sonra onu yəqin satmaq istəyərsiniz. Mən “ Sotbis” auksionunun nümayəndəsiyəm, bu da mənim vizit kartım. Əminəm ki, bu şəkil altırəqəmli qiymətlə dəyərləndiriləcək.
- Təklifinizə görə minnətdaram, amma istərdim ki, ilk öncə bu şəklin sərgisini İstanbulda, bu qadının vətənində keçirim.
Tədbir sona yaxınlaşırdı və o, uğurunun gətirdiyi sevinc yorğunluğunun içində hələ də jurnalistlərin suallarını cavablandıran Jozefinaya baxdı.
Jozefina öz ənənvi paltarında idi; ölçüsüz jaket, uzun don və idman ayaqqabıları.
Leqran onun duruşunda, başını özünəməxsus əyməyində çoxdan yadırğadığı bir hiss keçirtdi. Bu hiss ona anasını xatırlatdı. Bu ilıq hissin adı doğmalıq idi.
O, Jozefinaya yaxınlaşdı, onun qoluna girib qabağında dayanan jurnalistə müraciət etdi: -İcazənizlə bu xanımı qaçırdım. Jurnalistlə Jozefina eyni anda gülümsədilər.
Jurnalist aralanandan sonra Jozefina gözlərini qıyıb ondan soruşdu:- Boynunuza alın, mösyö Leqran, siz məni qaçırdıb hara aparmaq istəyirsiniz?
- Bura yaxın yerdə bir restoran var, oranın baş aşpazı dostumdur, bax ora.
- Amma, siz məni heç vaxt restorana dəvət etməmisiniz axı?
- Etiraf edirəm ki, səhvlərim çox olub, bu gündən başlayıram onları düzəltməyə.
- Hələ edəcəyiniz etiraflar çoxdur?
- Hə, birazdan birini sizə edəcəyəm.
Bu sözlərdən sonra onlar birgə çıxışa tərəf getdilər.
Arxadan idman ayaqqabısında olan Jozefinanın dabanı görünməsə də, deyəsən etiraf məhz dabana aid idi…

Hümbət Həsənoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə