Rafiq İbadulla oğlu Mehdini (Mehdiyev) 1980-ci illərdən tanıyıram. Elə həmin vaxtlardan çox ictimaiyyətçi, təşkilatçı insandır. O vaxtlar Sumqayıt şəhər İcra Hakimiyyətində təlimatçı işləyirdi. Həmin vaxtlar mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik edirdim. Rafiq Mehdi bütün tamaşaların ilk baxışına gəlirdi və tamaşadan sonra özünün maraqlı fikirlərini bildirməkdən də çəkinmirdi. O, texniki sahədə təhsil alsa da, görürdüm ki, ədəbiyyatı, incəsənəti də mükəmməl bilir. Bilmirdim ki, Rafiq Mehdi elə həmin vaxtlardan şeirlər yazır, həmin şeirləri mətbuatda çap etdirmək istəmir. Üç il bundan qabaq Sumqayıt Dostlar Klubu yarananda və Rafiq Mehdi də həmin klubun idarə heyyətinin üzvü olanda, mən onun şeirlər, hekayələr, publisist yazılar yazdığını bilmişəm. Dəfələrlə mən və dostlar təkid etsə də Rafiq Mehdi həmin yazıların çap olunmasını istəməyib. Amma ara-sıra həmin şeirləri dostlar arasında deyib. Hamımızın da xoşuna gəlib.

Rafiq Mehdi həddindən çox özünə tələbkar olduğundan, yəqin ona görə də istəməyib ki, həmin şeirləri çap olunsun. Beləcə çoxlu şeirlərini yazdıqca “sandığa” yığıb. Axır ki, mən onu dilə tutub, həmin şeirlərdən bir neçəsini mənə göndərməsini xahiş edəndən sonra görmüşəm ki, onun bu şeirləri hökmən “sandıqdan” çıxmalı, mətbuatda çap olunmalı və oxucuların ixtiyarına verilməlidir. İnanıram həmin şeirlər oxucuların da xoşuna gələcək. Ona görə də istəyirəm ki, oxucuları Rafiq Mehdi ilə bir qədər də yaxından tanış edim.

O, 1962-ci ilin iyul ayının 20-də Azərbaycanımızın füsunkar təbiəti ilə tanınan rayonlarından biri olan İsmayıllı rayonunun məşhur Talıstan kəndində, kolxozçu ailəsində anadan olub. Bu həmin Talıstandır ki, çoxlu şairlərimizin istirahət etdiyi və şəninə neçə-neçə şeirlər yazdığı cənnətməkan bir yerdir. Bu həmin Talıstandır ki, onu görən hər bir adama ilham verir. Bu həmin Talıstandır ki, dünyanın ən gözəl və mənzərəli yerlərinə meydan oxuya bilər.

Rafiq Mehdi 1969-1979-cu illərdə doğulduğu kənddə orta məktəbdə oxuyub, məktəbi əla qiymətlərlə bitirib, tərifnamə alıb. Rafiq hələ məktəbə gedənə qədər və məktəb illərində də bütün yaşıdları kimi həyət-baca, ev təsərrüfatı və çöl-bayır işlərində digər bacı-qardaşlarıyla birlikdə valideynlərinə kömək etməklə zəhmətə alışıb. Beləliklə, valideyinlərinin uşaq yaşlarından Rafiqi zəhmətə alışdırması, zəhmət, əziyyət çəkməsi onun həyatına çox möhkəm sirayət eləyib və bu gün də Rafiq Mehdi həddindn artıq zəhmətsevərdir. Hər bir uğurunu da öz zəhməti, ağlı hesabına əldə eləyir.

Rafiq İbadulla oğlu orta məktəbi bitirdikdən sonra 1980-1986-cı illərdə Azərbaycan Neft Kimya institutunun axşam şöbəsinin rus sektorunu fərqlənmə diplomu ilə bitirərək, mühəndis texnoloq ixtisasına yiyələnib. Ali məktəbin axşam şöbəsində oxuya-oxuya taleyi onu Sumqayıta gətirib və bu şəhərdə kimya zavodlarının tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

Daha sonra tikinti idarəsində müxtəlif mühəndis vəzifələrində işləyib və özünün ağlı, zəkası ilə bir çox səmərələşdirici təkliflər də irəli sürüb. Eləcə də Rafiq Mehdi ictimai əsaslarla komsomol və partiya işlərində işləməklə təşkilatçılıq və idarəçilik vərdişlərinə də yiyələnib.

1992-ci ildə Sumqayıt şəhər komsomol komitəsində şöbə müdiri, 1992-1997-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının aparatında məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.

1997-2002-ci illərdə “Azərsu”Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.

2002-2010-cu illərdə tikinti sahəsində və iqtisadiyyatın digər sahələrində sahibkarlıqla məşğul olub. 2010-2017-ci illərdə Sumqayıt şəhərində Lift Servis birliyində iqtisadçı və direktor müavini vəzifələrində çalışıb. Rafiq Mehdi 2017-ci ildən iş adamlarına vergi, maliyyə və idarəetmə sahəsində konsaltinq xidmətləri göstərməklə intellektual sahibkarlıqla məşğul olur. İşlərinin belə çox olmasına baxmayaraq, Rafiq Mehdi həmişə mütaliə eləyib. Dünya dahilərinin məşhur kitabları indi də onun stolüstü kitabıdır. O, poeziya məclislərində yaxından iştirak edib, amma öz şeirlərin oxumayıb, şairlərin dediyi şeirlərə maraqla qulaq asıb. Onların şeirlərini həmin poeziya məclislərində deyib.

Xalq şairi Musa Yaqub Rafiq Mehdinin ən çox sevdiyi şairlərdən biridir. Rafiq Mehdi bu ustad sənətkarla çox yaxın əlaqədə olub və həm də onun ən böyük təbliğatçılarından biridir. Hətta Musa Yaqubun vəfatı ilə bağlı Rafiq Mehdinin Ustad Musa Yaqubun xatirəsinə həsr etdiyi “Uca şirlə, uca dağı birləşdirən körpü” elegiyası saytlarda, qəzetlərdə ən çox oxunan yazılardan biri olub.

İndi isə Rafiq Mehdinin şeirlərindən bir neçəsini sizə təqdim edirik əziz oxucular. Buyurun, öz fikirlərinizi deyin və yazın.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

RAFİQ MEHDİ

LAHICLILAR

Hüseyn Arifin "Lahıc duyğuları"
poemasından təsirlənərək yazıram

Min bir zəhmət əziyyətlə, yaşayıblar, yaradıblar,
Cətinliyə sinə gərib, ucalıblar, ucaldıblar.
Odla misi tablayıblar, necə forma qab alıblar,
Dədə-baba sənətini qoruyublar, lahıclılar.

Nəsillərə örnək olan, sənətkarlar yaranıblar,
Böyük-böyük tarix yazıb bitiriblər, lahıclılar.
İnsanlığa halallıqla, illər boyu sadiq qalıb,
Böyük-böyük şəxsiyyətlər yetiriblər lahıclılar.

Neçə alim, neçə loğman, neçə ustad, yazıçılar,
Elm-dövlət xadimi kimi ad alıblar, lahıclılar.
Halallığın,insanlığın, gözəlliyin, ucalığın,
Möhürünü, simvolunu, yaradıblar lahıclılar.

Ölkəmizə, xalqımıza, dünya üzrə şöhrət verən,
Baş ucaldan, fərəh verən, ərəndilər, lahıclılar.
Qərinələr ötsə belə, yaddaşlarda qala bilən,
LAHİC kimi abidəni, yaradıblar lahıclılar.

İLK GÖRÜŞ

Həyatın ən şirin gənclik cağında,
Bir ülvi sevginin eşq sorağında,
Bir axşam görüşdük yar bulağında,
O gözəl günlərim yadıma düşdü.

Həsədlə baxırdı ulduz da, ay da,
Sərin hava vardı o isti yayda,
Gizlin şəklimizi çəkmişdi çay da,
Bilmədim ilk görüş, ya son görüşdü?


PAŞAM

Yerdə qalmayacaq Şəhidin qanı,
And icib, söz verib xalqına Paşam.
Hər şəhid yerinə beş-on dığanı,
Atacaq cəhənnəm oduna, Paşam!

Füzuli, Cəbrayil, Ağdam gözləyir,
Zəngilan, Qubadlı bizi səsləyir,
Kəlbəcər, Lacın da daha bəs deyir,
Çatdın bu millətin dadına, Paşam!

İllərlə toplayıb bütün varını,
Həyata keçirdin arzularını,
Üc-dörd gün bəs etdi, düşmən qanını-
Töküb layiq oldun adına, Paşam!

Ordumuz düşməni beləcə əzdi,
Bükülmüş qəddimiz bir az düzəldi.
Qələbə qazanmaq necə gözəldi?
Gücün tükənməsin qolunda, Paşam!

Müzəffər ordumuz böyük hünərlə,
Bir tarix yazdılar qalib, zəfərlə,
Deyirik ucalsın, böyük fəxrlə,
Pənahxan qalası Şuşada, Paşam!

Yollar kəndimizə aparır məni

Oyadıb o gözəl xatirələri,
Yenə yada salır olub keçəni.
Çəkilsin dağların dumanı, çəni,
Yollar kəndimizə aparır məni.

Kefimiz çağ idi ata-analı,
Mehriban anamın saçı hənalı,
Mənə dayaq idi ata misalı,
Yollar kəndimizə aparır məni.

Uşaqlıq illəri, xoş xatirəli,
Biz atıb gəlmişik, axı nələri...
Qayğısız cağları, gözəl illərı,
Yollar kəndimizə aparır məni.

Yenə səma, yenə dəniz...

Dostum Humbat doktorun, sahildə cəkdiyi şəkilinə baxarkən.

Yenə səma,yenə dəniz, yenə mən!
Harda olsam, tələsirəm bura mən!
Məni bura nə gətirir görəsən?
Fikrə dalıb düşünürəm dünəndən.

Tək burda tapıram özüm özümü,
Sual verib, dinləyrəm sözümü,
Hara baxıb, hara tutsam üzümü,
Yenə səma,yenə dəniz, bir də mən!

Sahil yaxın, üfüq uzaq, səma gen,
Dəniz yaxın, fikir uzaq, güman gen,
Keçmiş yaxın, sabah uzaq, ömür tən.
Ölüm yaxın, mənzil uzaq, amma ki,
Xəyalımla qaldım yenə sirdə mən.

İlham payı

Baxın, cənnət guşəsinə,
Meşəsi də, çayı da var.
Gündüz göydə nurlu Günəş,
Gecə parlaq ayı da var.

Səni bura rast eyləsə,
Təsadüfi qəfil ruzgar.
Sözlər özü şeir deyər
Burda “İlham payı” da var.

Bu evin taleyi

Evin də insan tək taleyi varmış,
Evlər də cavan, ya qoca olarmış.
Bir vaxtlar səs-küylü bu qoca evin,
Divarı ağarıb, rəngi solarmış.

Bəxtəvər ananın isti qucağı,
Bir xoşbəxt ailənin yanan ocağı,
Yolları ot basıb gəlmir qonağı,
Bu evin taleyi Allaha qalmış.

Oğul böyüyürdü, axı bu evdə,
Yəqin işi çoxdur uzaq səfərdə,
Bir gün yada düşər bu doğma ev də,
Hər bir ayrılığın sonu da varmış.

Bu yerlərə yayda gəl

Bu yerlərə yayda gəl,
Var meşə də, cay da gəl.
Qonaqpərvər məkandır,
Dostları da hayla gəl!

Apreldə gəl, mayda gəl,
Çatdırmasan yayda gəl,
İsmayıllı füsunkar,
İstədiyin ayda gəl.

Dostu dəvət edərlər,
Budur bizdə qayda, gəl.
Suyu, havasi təmiz,
Olar cana fayda, gəl

İşlərim coxdu demə,
Qaydasına qoy da, gəl.
Ayrı vaxtın olmasa,
Bayramda gəl, toyda gəl.

Kömürü var kababa,
Mey əvəzi su, hava.
Qızıl Əhməd almadan
Bal dadını dad da, gəl.

Gəl gedək “Sevginin” vətəninə biz

İnsanlar dəyişib, meyarlar itib,
Yaxşılıq yox olub, yalanlar bitib,
Zəmanə sevgi yox, nifrət yetirib,
Gəl gedək “Sevginin” vətəninə biz.

Gəl verək əl-ələ, gedək ikimiz,
Burada biz yadıq, yoxdu yerimiz,
Qoy qalsın yadlara, qalsın evimiz,
Gəl gedək “Sevginin” vətəninə biz.

Körpə, mələk Aylinəm

Ana südü yeyirəm,
Artıq üc aylığam mən.
Ata, ana sevinci,
Körpə, mələk Aylinəm.

Yatıb, durub yeyirəm,
Hələ heç nə demirəm.
İstədiyim hər şeyi,
Ağlamaqla deyirəm.

Nənəm də öz dilində,
Mənə nəğmə söyləyir.
Mənim danışmağımı,
Hamıdan cox istəyir.

Yavaş-yavaş deyəsən,
Öyrənirəm qığ-bığı.
Təkcə anam anlayır,
Mənim danışmağımı.

Atamın balasıyam,
Anamın sonasıyam.
Rafiq baba deyir ki,
Mən həkim olasıyam.

Mən anamın ilkiyəm,
Şəkəri, şiriniyəm,
Fərəhi, sevinciyəm.
Gözəl, göycək Aylinəm,
Körpə, mələk Aylinəm.

Bütün xəbərlər Facebook səhifəmizdə