Aynur Hilali yazır: Pərvinin “bu da var” həqiqəti

“Poeziya sənəti”nin məşhur yazarı Nikola Bualo özünəməxsus əminliklə təkrar edirdi ki, zamanənin əli bizi günbəgün dəyişdirir. Doğru... Və o da doğru ki, bu dəyişmələr öz axarınca sənə tanış, lap elə Nuh əyyamının yaşıdı olan nəsnələrə yeni baxış bucağından nəzər yetirmək, “oxunmuş bayatıları” yenidən incələmək zərurətini gündəmə gətirir. Tanınmış yazıçı-publisist Pərvinin “Vəziyyət ruscadır” adlı kitabına daxil edilən esselər həmin zərurətin ortaya qoyduqlarıdır; bu dəfə daha dolğun, bitkin, məntiqli şəkildə! Bu dolğunluq, bu bitkinlik təkcə yetərincə cilalı, istedadla şərtlənmir. Eyni zamanda (və daha çox) “ağıl və idrakın, zəkanın hökmünə tabe edilən” (Bualo), “zəhmət, üstə gəl yenə də zəhmət” tapşırmasından barınan bir istedadın bəhrələridir. Yəni, Pərvinin esseləri ilk növbədə ağıl və idrakın, zəhmət və zəkanın harmonik şəkildə cilaladığı parlaq istedadın dolğun qənaətləridir. İlk növbədə, anlamaq və anlatmaq cəhdləridir. Həyatın sadə həqiqətinə “rus poeziyasının günəşi” A.S.Puşkin qədərindən, nakamlığından nəzər yetirməkdir ki, “kim olursan ol, yaşadığın zamanın və zəmanənin əsirisən”, bu aqibət sənin taleyindir, bu əmrə peşiman ola bilməzsən... Burası dəfələrlə deyilmiş, məlum yaşantılardır. Ancaq həyatın bu soyuq , könülsıxıcı həqiqəti Pərvinin qələmindən ilıq, imisti, cazibədar və oxunaqlı, lirik ovqatıyla keçir, öz ətri, səmimiyyəti və şeriyyətilə bir arada: “Puşkin öldü... Öldürdülər! Fransız Jorj Dantes öldürdü... Dueldə! Rus poeziyasının günəşini söndürən adam kimi tarixə düşdü. Puşkinin rəsmi nekroloqunda məhz belə yazılmışdı; rus poeziyasının günəşi... Amma bu günəşin günahı vardı, çarın qadağan etdiyi işi tutmuşdu...”

Bu, Pərvinin məlum duel hadisəsinə yenidən və dəfolunmaz istəklə oxucu marağı çəkməsi ustalığı, yazıçı “bicliyi”, sənətkar “oyunu”dur. Özü də olduqca usta bir gəlişməylə. Razılıq doğuran daha bir cəhət ondan ibarətdir ki, Pərvin məlum tarixi eyni ustalıqla, eyni cəlbedici ahənglə davam etdirir. Yəni, elə bil oxucuyla öz arasında belə bir alay, “bazarlaşma” yapır ki, di məbadini, davamını oxuma görüm necə oxumursan... Oxucu marağındadır ki, Puşkinin sonunu gətirən o qadağa nə qadağasıdı elə. Bu, Pərvinin oxucuyla öz arasında qoyduğu intizar, maraq fasiləsidir. Amma yazıçı fasiləni çox da uzatmır, oxucu zehnini yormur. Lirik ovqat, səmimi təhkiyə həmən nəql edilən əhvalatın davamını gətirir. Sən demə, çar dueli qadağan edibmiş: “Bəli, duel yasaq idi, ona görə Aleksandr Sergeyeviç aldığı güllə yarasından sonra can verə-verə I Nikolayın sözünü gözləyirdi... Nə qəribədi, ölmək üçün Birincinin əmrini gözləmək lazım imiş...” Yəni, yaşadığın zamanın və zəmanənin əsirliyindən kənarda yaşaya bilməzsən!

Elə bu lirik əsintilər fonundaca Pərvin esse içində esse təqdim edə bilir. Ricətdən ricətə keçidlər edir. Bestujev-Marlinski, Mirzə Fətəli Axundzadə, Lermontov, Bayron, Vladimir Nabokov, A.P.Çexov, Qoqol və başqalarının yaşamına, dünyagörüşünə baxış nəfəscikləri açılır yığcam və uğurlu bir esse daxilində. Mövzu mövzunu çəkir. Yormur, bıktırmır. Keçidlər son dərəcə uyarlı və zəncirvaridi. Ölən və öldürülən dahilərin ölməzliyini təmin edən əsərlərin yeni bir baxış bucağından incələnməsi prosesi bir-birini izləyir. “Belkinin povestləri” yaşayır – deyə, “Zəmanəmizin qəhrəmanı” yaşayır – deyə; “Ölməyəcəklər!” əminliyi ilə bir arada...

Çünki dünyəvi, bəşəri dəyərlər daşıyıcıları idilər. Hər yeni dövrün, “eranın başlanğıcında yeni bir axının, yeni bir istiqamətin istinad nöqtəsinə”, təməlinə dönəcək, əsrdən əsrə yeni bir yöndən daxil olacaqdılar.

Pərvin ellər atası İ.V.Stalinin ömrünün lap son çağlarında “onlar bizə indi daha çox lazımdırlar” – deyə adlarını dərin ehtiramla çəkdiyi Qoqoldan da, Saltıkov- Şedrindən də eyni həssaslıq və səmimiyyətlə söz açır. Ellər atasının böyük satirikləri məftunluqla anmasının səbəblərini əsl ədəbiyyatşünas-araşdırmaçı səriştəsilə açıqlayır: “Qoqollar, Şedrinlər çar hakimiyyətinin iç üzünü açıb göstərdiyi, ifşa etdiyi üçün lazım idi... Hər halda, belə yozulurdu onların bütün mətnləri... Bir il sonra Stalin öləcəkdi! Və ab-havanın mülayimləşməsi ilə yeni bir dövr, yeni bir era başlayacaqdı. Onda Qoqollar, Şedrinlər sənətdə başqa bir istiqamətin, axının mənbələrindən biri olacaqdılar!”

Pərvin 19-cu yüz il rus nəsrini “yox yerdən yaradıb” inkişaf edirənlərdən olan Tolstoydan, Fyodor Dostoyevskidən, eləcə də Turginevdən, A.P.Çexovdan, Nikolay Leskovdan, daha sonrakı dönəmin ustad yazarları M.Qorkidən, Şoloxovdan və başqalarından söz açdığı esselər daxilində belə maraqlı paralellərə, haşiyə içində haşiyə gəzişmələrinə yer ayırır, xəsis (və dolğun) boyalarla bu paralellik daxilində dünya ədəbiyyatının tanınmış simalarını müqayisəli şəkildə, özünəməxsus ustalıqla təqdim edir. Bu təqdimlər ona görə maraqla qarşılanır ki, Pərvinin oxu, mütaliyə dairəsi çox geniş və zəngindir. O, məhz lazım olanı, sənət işığı bol olanı oxuyub. Təkcə yazıçı, ədəbiyyatşünas yox, həm də mükəmməl və zövqlü oxucudur. Mətnə və ədəbi proseslərə özünəməxsus, daha çox da lirik ovqatla yanaşma üstünlüyü var. Nədən və niyə yazdığının fərqindədir. Yazı prosesində məqamında susmağı və dayanmağı bacarır ki, əvəzində Puşkin, Lermontov, Tolstoy, Dostoyevski, Nabokov, Bunin, Qorki və başqaları danışa bilsin. Bu, hər hansı yazar üçün çox önəmli bir nümunədir.

Bu deyilənlər yazıçı-publisist Pərvinin rus nəsrini maraqlı və fərqli baxış bucağından incələyən “Vəziyyət ruscadır” adlı kitabına daxil etdiyi esselərin oxunaqlığını təmin edir. Müəllif səmimi, lirik gəlişmələrlə izlənən bu maraqlı esselər boyunca rus klassikası incilərinin vasitəsiylə insanın daxili aləmini, onun zamanla savaşını anlatmağa çalışmış və zəngin rus nəsrinə bu günün gözüylə nəzər salmağın vacibliyini ortaya qoymuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə