XURAMAN İSMAYILQIZI MURADOVA

(Mənsur şeir)

Bir gün gələcək dərdinlə,,
sıxıntınla gedəcəksən.
İllərlə qurduğun evini-eşiyini,
doğmalarını tərk edəcəksən.
Öləcəyəm, deyə çox fikir çəkmə,
həyacanlanma
Öldüyün an sənin vücudun refleks olacaq.
Kəsiləcək nəfəsin,
gözlərin açıq qalacaq.
Nə olacaq, necə olacaq
deyə heç üzülmə,
Çünki, sən öləndə nə lazımsa edəcəklər.
Öncə sənin paltarlarını çıxaracaqlar,
Sonra səni yuyacaqlar,
qüsül edəcəklər.
Yeni paltarını- kəfənini
əyninə geydirəcəklər.
Yaxından, uzaqdan
eşidib gələcəklər,
Cənazə haradadır, deyəcəklər.
Adınla səni heç kəs çağırmayacaq,
öldüyün an səni ilk adın tərk edəcək.
Cəsədin olacaq ortada,
sənə “meyit” deyiləcək.
Adınla səni heç kəs çağırmayacaq.
Deyəcəklər tələsin,
meyit qalmasın sabaha,
Bir gecə də səni evində qonaq saxlamayacaqlar.
Gecəni ağlamaqda günahdı deyib,
ağlamayacaqlar...
Deyəcəklər tez çatdıraq məzarlığa,
sonra səni çiyinlərində götürəcəklər.
Qolları yoruldu deyə, bir-birinə ötürəcəklər.
Nəhayət səni son mənzilə yetirəcəklər.
Tez dəfn edək, geri dönək,
şər qarışır deyəcəklər.
Hamı çəkilib gedəcək,
hamı səni tərk edəcək.
Dönəcəklər mənzilinə,
hərə bir söz söyləyəcək.
Kim yeməsə ehsanından ruh inciyər, deyəcəklər.
O yazığın taleyi də belə imiş deyəcəklər.
Oturub halvanı da yeyəcəklər.
Üstündən bir limonlu çay da içəcəklər...
Eh...yazıq oldu taleyinə,
onunku da bu qədərmiş, deyəcəklər.
Sonra hər kəs çəkilib öz evinə gedəcək.
Bir neçə gün keçəcək,
doğmaların, övladların yığışacaq,
Ondan kimə nə qaldı, deyəcəklər.
Əvvəl pıçıltıyla gizli-gizli kiminə çox,
kiminə az mirasını böləcəklər,
Payına az düşənlər narazılıq edəcək.
Bizi heç düşünməmiş, kimə nə qaldı deyəcək...
Sonra paltarını əşyalarını seçib ayıracaqlar.
Kimə isə sədəqə verək deyə, onu da paylayacaqlar.
Beləcə aylar keçəcək, günlər keçəcək,
Bil ki, sən öldükdən sonra işini-gücünü
buraxıb sənin həsrətini heç kəs çəkməyəcək,
Nə də həyatını tərk edib səninlə ölməyəcək.
İşləri də, həyatları da hər zamankı kimi davam edəcək.
Qalan malın da, mülkün də
doğmaların arasında bölünəcək.
Bir gün gələcək sən öləcəksən.
Şanın-şöhrətin hamısı dünyada qalacaq.
İlk əlindən alınan sevimli adın olacaq.
Bir gün gələcək, hamı səni tərk edəcək
Tərk edənlərin önündə də, sevimli adın gedəcək.
Sevimli adın gedəcək...


BİR GÜN OLMAYACAM...

Bir gün arzulayarsan məni...
Cadar-cadar torpaqlar
yağışı arzuladığı kimi.
Bir gün arzulayarsan məni...
Çarəsiz bir xəstənin
Gözlərini pəncərəyə dikib
Günəşin doğuşunu gözlədiyi kimi.
Bir gün arzulayarsan məni...
Bir məhbusun dəmir barmaqlıqlardan
Azadlığa həsrət qalmış
baxışları kimi.
Bir gün arzulayarsan məni...
Neçə illərin sevgi nəşəsindən
alışan dodağların buz nəfəsli
axışları kimi...
Amma o gün mən olmayacam...
Nə də yağış yağmayacaq.
Məni yetirən o ana,
Daha məni doğmayacaq,
doğmayacaq…

BİR GÜN ÇIXIB GEDƏSƏN

Bir gün çıxıb gedəsən,
Bu şəhərin səsindən.
Gedəsən uzaqlara…
Nə maşın səsi gələ,
nə də ki uğultusu…

Gedəsən yavaş-yavaş
Səni yollar apara,
Bir gün çıxıb gedəsən…
Bu şəhərin özündən.

Saxta yalandan gülən,
İnsanların üzündən.
Uzaq yerə gedəsən…
Bilməyələr izini.

Unudasan hər kəsi,
Tək tapasan özünü.
Bir gün çıxıb gedəsən…
Heç geriyə baxmadan.

Getmək nə çətin imiş…
Bəlkə də asan imiş…
Bir gün çıxıb gedəsən…
Heç bir kəsə demədən.

Sakit, səssiz-səmirsiz,
Bir gün çıxıb gedəsən,
Ayrılığın dadını,
Hər kəsə bildirəsən…


SƏNƏ MƏKTUB YAZACAM

Sənə məktub yazacam...
Yazacam şirin dillə.
Könlünü ovunduran-
Yazacam üç-beş cümlə.

Sənə məktub yazacam...
Yağışın yağmasından.
Günəşin doğmasından,
Küləyin əsməsindən.

Nə bilim daha nədən,
Yazılası çox şey var,
Amma yazmayacam mən,
Sənə olan sevgimdən...

Sənə məktub yazacam,
Ya bu gün, ya da sabah.
Əsas odur yazacam,
Amma oxu, sən Allah.

Yazacağam çox sadə,
Bəlkə də üç-beş cümlə.
Yağışın yağmasından.
Günəşin doğmasından,
Küləyin əsməsindən.

Nə bilim daha nədən,
Yazılası çox şey var,
Amma yazmayacam mən.
Sənə olan sevgimdən…

Bütün xəbərlər Facebook səhifəmizdə