Atalardan qalma bir məsəl var – “Dostunu mənə göstər, deyim sən kimsən.” Bu yazını yazmaqda istəyim heç də dostumu sizə tanıtdırmaq deyil, əsas məqsədim DOSTumun DOSTunu sizə tanıtdırmaqdır. Əslində nə dostumun, nə də ki, dostumun dostunun geniş təqdimata heç bir ehtiyacı yoxdur. Amma özüm haqqımda isə bunu deyə bilmərəm deyə, gərək özümü sizə tanıdam. Əvvəlcə mənim kim olduğumu bilməniz üçün, ilk əvvəl dostumun kim olduğunu sizə bildirməliyəm və ondan sonra isə DOSTumun DOSTu haqqında fikirlərimi ipə-sapa düzməyə çalışacam. İlk əvvəl dostum haqqında azacıq məlumat verim. Dostum, nəinki Sumqayıt əhalisi arasında, hətta ürəklə deyə bilərəm ki, Azərbaycan ziyalıları arasında da yaxşı tanınan, əsərləri bir sıra xarici dillərə tərcümə olunan, kitabları bir çox başqa ölkə nəşriyyatlarında çapdan çıxan, onlarla publisist və bədii kitabların müəllifi, sevilən yazıçı, ssenarist, Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovdur. Məncə dostum haqqında bu qədər yetər. Mənim Eyruzla dostluğumun tarixi düz 35 ildir. İndi isə dostumun dostu Tofiq Hüseyinli haqqında söz açmaq istəyirəm.

Hə, Eyruzun qardaş qədər çox istədiyi Tofiq müəllimlə dostluqlarının yaşı mən bilən elə ən azı iki qərinədir. Əmioğlu kimi isə yaxınlıq illərinin sayı daha dərinliklərə gedib çıxır, desəm, yanılmaram.

Günlərin bir günü dostum Eyruz dostu Tofiq Hüseyinli haqqında kitab yazmağa başladığını deyəndə, ən əsası isə bu kitabın redaktorluğunu mənə həvalə edəcəyini söyləyəndə əvvəlcə çox sevindim, sonra isə bu işin nə qədər məsuliyyətli olduğunu dərk edib, bununla bağlı razılığımı bildirməyə çəkindim. Söhbət romanları ilə tanış olduğum hansısa məşhur yazıçıdan və ya şeirlərini sevərək oxuduğum şairdən, yaxud da hər hansı bir müəssisənin əmək qabaqcılından, öz şəxsi biznesində uğur qazanmış tacirdən və ya hamının tanıdığı dövlət məmurundan getmirdi axı. Bu kitabın, bir vaxtlar Milli Məclisdə xalqın deputatı kimi seçicilərinin mənafeyini qoruyan millət vəkilindən, bütün Azərbaycanda “Sumqayıt - Çörək” ASC-nin sədri kimi tanınan iş adamı Tofiq Hüseyinlidən, Sumqayıt əhalisi arasında isə adı sadəcə “çörəkli kişi və ya çörək Tofiq” kimi səslənən sayılıb seçilən insandan, elimin-obamın ağsaqqalından, şəhər ziyalılarının və iş adamlarının dərin hörmət bəslədiyi bir şəxs haqqında olmasından bəhs edəcəyi məni bir balaca təşvişə salırdı. Amma Eyruzun mənə verdiyi ürək-dirəkdən sonra, həm də Tofiq müəllimin Eyruzla dost olması, Eyruzun da mənim dostum olması məni bir balaca ürəkləndirdi. Hətta o qədər ürəkləndim ki, kitabın redaktəsini öz üzərimə götürməkdən əlavə olaraq, hələ bir cürət edib DOSTumun DOSTu haqqında fikrimi bildirməkdən də çəkinmədim, əksinə bu həvəsləndirmə məni onun haqqında bu kiçik yazını yazmağa da təşviq etdi. Yazım isə Tofiq müəllimin nə qədər xoşuna gələcək və ya gəlməyəcək, bu artıq başqa bir söhbətin mövzusudur.

Mən Sumqayıtda doğulmuşam və onu da qürurla deyə bilərəm ki, Sumqayıtın halal zavod çörəyi ilə böyümüşəm. Amma tam dəqiqliyi ilə demiş olsam, zavod çörəyinin qarbuşkası ilə yekəlmişəm. Fikrimi obrazlı bildirmək istəsəm, hələ uşaqlıq vaxtlarında mağazadan çörək alıb evə gələnəcən onun qarbuşkasını tam yeyib qurtaran və buna görə də daima üzümüz danlanan şəhər uşaqlarındanam desəm, daha doğru olar.

Sumqayıt zavod çörəyi ilə bağlı hələ təxminən 40 il bundan qabaq hərbi xidmətdə baş verən və heç vaxt unutmayacağım maraqlı bir hadisə yadıma düşdü...

Onu deyim ki, hərbi xidmətimin ilk altı ayı Gürcüstanın Qori şəhərində yerləşən tank təlimi alayında keçib. Hərbi andiçmə mərasiminin keçirilməsi ilə əlaqədar olaraq hərbi hissəyə bir çox əsgər valideyinləri dəvət olunmuşdular və qonaqlar arasında mənim də əzizlərim var idı. İki saat keçən andiçmə mərasimindən və hərbi keçiddən sonra əsgərlərə asudə vaxtda valideyinləri ilə görüşməyə icazə verdilər. Valideyinlər öz əsgər övladları ilə hərəsi bir tərəfə çəkilərək hündür ağacların kölgəsində oturdular. Biz də yaşıl çəmənlikdə anam tərəfindən açılan süfrənin ətrafında bardaş qurub əyləşdik. Anam evdən gətirdiyi bir qazan yarpaq dolmasını, bir balon dovğanı, toyuq ləvəngisini, qutabları, tərəvəz və göy-göyərtini, özü bişirdiyi şəkərbura, qoğal, paxlavanı və bir buxanka da Sumqayıt zavod çörəyini süfrəyə düzdü. Onu deyim ki, on beş gün əvvəl anam məktub vasitəsi ilə məndən, “görüşə gələndə ürəyin nə istəyir, onu bişirib gətirim” deyə, məktub yazaraq soruşmuşdu. Mən də cavab yazmışdım ki, “Sumqayıt zavod çörəyi ilə hər nə olsa gedər”. Elə uşaqlıqdan Sumqayıt zavod çörəyinə olan rəğbətimi evdə hamı bilirdi. Onu da deyim ki, hələ orta məktəb illərində və elə sonralar da süfrə başında oturanda anam həmişə mənə, “a bala, sən çörəyi xörəkdən çox yeyirsən, belə olmaz, çörəklə daddıq elə, xörəklə yox” deyə, iradını bildirərdi. Hə, nə isə... Atam çörəyi dilimləmək üçün bıçağı əlinə aldı. Anam süfrəyə düzülənləri qablara çəkməyə başlayanda mən ilk olaraq çörəyin niyə az gətirildiyini soruşdum və atamdan çəld tərpənib süfrədəki çörəyi özümə tərəf çəkdim. Bu hərəkətimi görən anam gülümsündü və çantada olan daha üç ədəd çörəyi çıxardıb mənə tərəf üzatdı. Mən süfrədə olan buxankanı da götürüb həmin torbanın içinə qoyaraq cəld ayağa qalxdım. İndi gəlirəm, deyib, bir başa yaxınlıqda olan kazarmamıza tərəf qaçdım. Torbada olan çörəyi öz şəxsi tumbuçkama yerləşdirib kazarmadan çıxdım və yolumun üstündəki hərbi hissənin mağazasından iki buxanka yerli çörək alıb valideyinlərimin yanına qayıtdım. Atam əlimdə gətirdiyim yerli çörəklərə baxıb gülümsündü. Həmin Sumqayıt zavod çörəklərini isə soyuducuda saxlamaqla düz bir ay ərzində Sumqayıtdan olan əsgər yoldaşlarımla birgə qənaətlə və ləzzətlə yedik.

Bu mövzuda çox-çox illər sonra baş verən digər bir hadisənin də olduğu yadıma düşdü. Onu da sizlərə danışmaq istəyirəm, düşünürəm ki, maraqlı olar. Belə ki, vaxt gəlib tamam oldu, mən də ailə həyatı qurdum və zaman-zaman bir qız və bir oğul övladım dünyaya gəldi. Təbiidir ki, Sumqayıtda doğulmuş bütün uşaqlar kimi əlbəttə, onlar da Sumqayıt zavod çörəyinin qarbuşkası ilə böyüdülər. Oğlum orta məktəbi qurtardıqdan sonra ali təhsilini Şimali Kıprız Türk Cümhuriyyətinin Fa Maqosa şəhərində yerləşən Doğu Ağ Dəniz universitetində davam etdirməyi qərara aldı. Novruz bayramı ərəfəsində onun təhsili və yaşayış şəraiti ilə maraqlanmaq, həm də elə məzuniyyətimi orda keçirmək üçün ŞKTC-nə yollandım. Anasının göndərdiyi ev xörəklərindən və bişirdiyi şirniyyatlardan başqa çantadan çıxan dörd buxanka Sumqayıt zavod çörəyini görəndə bir vaxtlar hərbi xidmətdə olan və yuxarıda qələmə aldığım hadisə yadıma düşdü. Oğlumun da həvəslə ilk olaraq hər şeydən əvvəl həmin çörəklərə əlini uzadıb qarbuşkasını qopardığını və əvvəlcə onun ətrini sinəsinə çəkərək qoxuladığını, sonra isə dişləyərək ləzzətlə yavanca yediyini görəndə gülümsədim və “Hər meyvə öz ağacının dibinə düşər!” atalar məsəlini öz-özümə pıçıldadım...

Bəli, yuxarıda qeyd etmişdim ki, mən Sumqayıtda doğulmuşam. Amma onu da qeyd edim ki, ailə vəziyyətimlə bağlı olaraq artıq 25 ildən çoxdur ki, Bakı şəhərində yaşayıram. Bütün bunlara baxmayaraq ilk əmək kitabçam Sumqayıtda açılıb və bu günə kimi də mənə doğma olan bu şəhərdə işləyirəm. Və onu da qeyd edim ki, bu 25 ildə hər gün ailəmizin çörəyini Sumqayıtdan aparmışam. Həmin ənənə indi də davam edir və bundan sonra da davam edəcəyinə inanıram. Mən həm də özümü Sumqayıt zavod çörəyinin ən fəal təbliğatçısı olduğumu söyləsəm, bu daha düzgün olar. Tək bir faktı qeyd edim.

Belə ki... 1995-ci illər idi. İşdən sonra həmişəki kimi 2 ədəd Sumqayıt zavod çörəyini alıb evə yola düşdüm. O vaxtlar Yasamalıda yaşayırdım və orada işıqlarımız tez-tez sönürdü. Həmin gün yenə də işıqlarımız sönmüşdü və belə hallarda həmişəki kimi qaranlıqda evində tək qalmaqdan qorxan qapıbir qonşumuz olan 72 yaşlı Mənzər xala bizə keçmişdi. Lampanın ətrafında oturub şam yeməyinə başlayanda Mənzər xala ac olmadığını deyib, əlini süfrəyə uzatmaqdan imtina etdi. Təbii ki, mən işdən gəldiyimdən iştahla yeməyə girişdim və adətimə uyğun olaraq çörəyi ilk əvvəl qoxulayıb sonra dişləyəndə Mənzər xalanın mənə qəribə baxdığını gördüm. O, qədim Bakı ləhcəsi ilə üzünü yoldaşıma tutub dilləndi:

- Ağəz, bu nöşün çörəyi iyləyir?

Doğranmış çörəkdən bir dilimi onun qarşısına qoyub, ətrini qoxulamağı ondan xahiş etdim. Və elə həmin gündən sonra mən artıq hər gün Sumqayıtdan Bakıya qayıdanda 2 buxanka yox, üç buxanka çörək almağa başladım. Düz tapdınız, çörəyin biri əlbəttə ki, qonşumuz Mənzər xala üçün idi.

Bu günümüzdə mağazalarımızda istənilən çeşiddə, istənilən çəkidə, istənilən ətirdə çörəklər bol olsa da, Sumqayıt zavod çörəyinin yerini doldura biləcək, onun ətrini, dadını verə biləcək çörək çeşidi hələ ki, mənə rast gəlməyib. Vallah bu sözləri bir sumqayıtlı olaraq mənim eqom kimi qəbul etməyin. Sumqayıt zavod çörəyinin görünüşü gözəl, ətri məftunedici, dadı isə tamlı olduğu qədər də ləzətli olması danılmaz bir faktdır. “Sumqayıt zavod çörəyi” artıq bir brend olaraq nəinki Sumqayıt və ya Bakı şəhərində, mən deyərdim ki, Azərbaycanın bütün yaxın – uzaq rayonlarında da yaxşı tanınır. Bu uğur “Sumqayıt-Çörək” ASC-nin kollektivinin və ən başlıcası da kollektivin cavabdehliyini uzun illərdir ki, öz çiyinlərində daşıyan cəmiyyətin sədri, dostumun dostu olan Tofiq Hüseyinlinin danılmaz zəhmətinin və qayğısının nəticəsidir. Çətin, məsuliyyətli və şərəfli bir istehsalatın rəhbəri, savadlı iş adamı olmaqdan başqa, onu tanıyan hər bir kəs Tofiq bəyin insani keyfiyyətləri haqqında da ağızdolusu danışmaqdan doymur, sonda da “Allah onun çörəyini bol eləsin!” duası ilə fikirlərini tamamlayırlar. Çörəyə and içən, çörək qədrini bilən, yerə düşən hər tikəsinin qarşısında əyilərək onu yerdən qaldıran və öpüb gözlərinə toxunduraraq hündür bir yerə qoyan, çörəyi əziz və müqəddəs sayan Azərbaycan xalqının içində Tofiq Hüseyinli kimi vətənpərvər, şəxsiyyətli, hörmətli, ləyaqətli və səxavətli iş adamının yetişməsi də əslində bir qanunauyğunluqdur.

Mən də əlbəttə ki, elimin-obamın belə oğlu ilə qürur duyuram və ona gələcəkdə keçirəcəyi yubiley illərində də beləcə sağlam və insanlar tərəfindən sevimli qalmasını arzulayıram. Yazmaq istədiyim bir çox fikirlərimi daha lokanik şəkildə ifadə etmək üçün düşündüklərimi şeirlə tamamlayıram.

Həvəslə görüşə gəlməzdən öncə,

Aldım sorağını uzaqdan sənin.

Sevindim, fəxr etdim səni görüncə,

Gör necə bir oğlu vardır Vətənin.

Mən uca tutaraq duzu, çörəyi,

Mehmanın olaraq kəsdim evində.

Çox gözəl, həm də ki, böyük ürəyi,

Necə gəzdirirsən kiçik sinəndə?

Uzadıb əlini hamıya darda,

Ağsaqqalı oldun elin, obanın.

Adını bilsən də, tanımasan da,

Qayğısına qaldın hər bir insanın.

Edərək tanrıya sən duaları,

Allahın dediyi yolla gedirsən.

Yığaraq başına sən insanları,

Hamıya həmişə çörək verirsən.

Səninçün fərq etməz haralı olsun,

Qubadlı, Lənkaran, ya da Gədəbəy.

Yaxşılıq edirsən həyatda qalsın,

Unutmaz insanlar bunu, Tofiq bəy.

Mən çox eşitmişəm sənin özündən,

“Qoy heç kim çörəyə möhtac qalmasın!”

Allahın nəzəri sənin üstündən,

Heç bir vaxt, heç zaman əskik olmasın!

Hörmətli Tofiq müəllim, əziz eloğlum, sizə olan dualarımı Allahın eşitməsi arzusu ilə DOSTuvun DOSTu, hörmətlə:

Arif ƏRŞAD

Azərbayca Yazıçılar Birliyinin üzvü
Yazıçı – tərcüməçi.

Bütün xəbərlər Facebook səhifəmizdə