Xocalı Soyqırımı – qan yaddaşımızdır

1992-ci il fevralın birinci yarısınadək ermənilər Şuşa-Xocalı yolu və Şuşanın ətrafındakı yaşayış mətəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, həmçinin hava nəqliyyatı vasitəsi ilə əlaqələr də kəsildi. Düşmənin zenit-raket kompleksləri və zenit artilleriyası vertolyotların Xocalıya uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı alayla birlikdə hücuma keçərək Xocalı şəhərini və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər.

Erməni silahlı dəstələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı Dağlıq Qarabağda yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri idi. Bu qəsəbə Ağdam-Şuşa və Xankəndi-Əsgəran yolu üzərində strateji əhəmiyyətli mövqeyə malik idi. Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndindən və Dağlıq Qarabağın digər yerlərindən qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan çıxarılmış məhsəti türkləri də məskulaşmışdılar. Ermənilər Xocalıya hücum zamanı “yandırılmış torpaq” taktikasını yeritdilər. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplar və zirehli texnikadan fasiləsiz atəşə tutuldu və xarabalığa çevrildi.

Həmin dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: “Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstətməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”.

Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi xəttin həyata keçirildiyini təsdiq edir.

Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi ki, “Əlbəttə, mən müharibəyə getdiyimi başa düşürdüm, ancaq uşaqlara atəş açacağımı və hətta öldürəcəyimi ağlıma da gətirməzdim”.

Aşot Barxudaryan (Mehri rayonunun sakini) isə göstərirdi ki, “adamlar qışqırır, ağlayırdılar, bizim yaralıları çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdilər”.

Rantik Mirzoyan (İrəvan şəhərinin sakini) isə belə xatırlayırdı: “Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Meyidlərin iyi hər yanı bürümüşdü. Hər yerdə meyidlər tökülüb qalmışdı”.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi”.

Xocalının sağ qalmış sakinləri isə hadisələri xatırlamaqdan da dəhşətə gəlirlər. Sənubər Ələkbərova danışır ki, “meyidlərdən böyük bir dağ əmələ gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər”.

Cəmil Məmmədov belə xatırlayır ki, “mən 5 yaşlı nəvəmi və 14 min manat pulu götürərək meşəyə tərəf qaçdım, səhər başa düşdüm ki, uşaq soyuğa dözməyəcək, ona görə yaxınlıqdakı Naxçivanik kəndinə getdim, orada ermənilər bizi əsir götürdülər, orada mənim dırnaqlarımı çıxardılar, təpiklə sifətimə zərbələr endirdilər, nəvəmi əlimdən aldılar, bu günə qədər onun taleyi haqda heç bir məlumatım yoxdur”.

Səriyyə Talıbova isə daha dəhşətli hadisələrin şahidi olmuşdu: “Bizi erməni qəbirstanlığına gətirdilər.... Burada erməni döyüşçünün qəbri üstündə 4 məshəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər...Az sonra milli ordunun formasında 2 azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxardılar”.

On bir yaşlı Ramil Həsənov xatırlayır ki, “dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular”.

Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Xocalı üzərinə hücuma Seyran Ohanyan, Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları kəsilmişdir.

Ermənilər Xocalı üzərinə hərbi əməliiyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə divan tutmaqdan ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi qüvvə yoxdur. Şəhərin az saylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular.

Bugün bizim başımıza gələn bu faciə sabah istənilən bir xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur.

Bəşəriyyət ermənilərin TERRORÇU oldugunu unutmamalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır.

2009-cu ilin fevralından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir.

Xocalı soyqırımı günü bizə qismət olunmaqla xalqımız sınağa çəkildi. İntizarlı baxışların buzunun əridiyi və bu sınaqdan inamla çıxdığımız gün isə Zəfər günümüz oldu!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, müzəffər Ordumuz mənfur düşmənlərimizdən qisas alaraq, qələbə əzmimizi nümayiş etdirdi.

Bəli, tarix heç nəyi unutmayacaqdır!

İlhamə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...