Sağlığında klassik adı qazanmış şair Nəriman Həsənzadə -90

(Portret cizgiləri)

Nəriman Həsənzadə: “Qarabağla bağlı çoxlu xatirələrim var”

Görkəmli şair, gözəl şəxsiyyət, böyük ziyalı, həyatını Azərbaycan ədəbiyyatına, dövlətinə, dövlətçiliyinə həsr edən Nəriman Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. O, bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). Nəriman Həsənzadə ibtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949 -cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin Universiteti bitirib. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Çox maraqlı şeirlərin müəllifi olduğunu görən Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İki illik ədəbiyyat kursuna göndərib. Buranı bitirdikdən sonra həmin vaxtlar dünya səviyyəsində tanınan Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Nəriman Həsənzadə beş il burada böyük uğurla təhsilini başa vurub və Bakıya qayıdıb.

1962-1965-ci illərdə Azərbaycanın böyük yazıçısı və böyük alimi Mir Cəlal Paşayevin tövsiyyəsi ilə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olub. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı” nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində böyük uğurla işləyib. O, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olduğu illərdə bu qəzet çox məşhur, oxunaqlı olub və hətta Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz üçün əski əlifbada və Türkiyədə yaşayan qardaşlarımız üçün latın qrafikasında da böyük tirajla çap olunub. Nəriman Həsənzadə bütün bu xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Belarusiya ədəbiyyatının inkişafındakı xidmətlərinə görə, 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunub Nəriman Həsənzadə. O, bir müddət SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olub. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz edib. Həmin illərdə mətbuat və informasiya sahəsində Azərbaycan üçün əvəzsiz işlər görüb. Azərbaycan və Belarusiya respublikalrının Fəxri fərmanları ilə təltif olunub. Hal-hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışan professor Nəriman Həsənzadə burada da böyük işlər görür. Çoxlu elmi işçilərin yetişməsində və tələbələrin humanitar sahəyə marağının artmasında əlindən gələni edir. O, Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.

Nəriman Həsənzadə Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilib (2004). Hal-hazırda isə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədridir Nəriman müəllim. Burada da çox maraqlı işlər görür. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir böyük ədibimiz.

Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatı, dövləti və dövlətçili sahəsindəki xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri, Heydər Əliyev mükafatı ilə təltif olunub və Fərdi prezident təqaüdünə layiq görülüb.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır Nəriman Həsənzadə. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar edib. Onun bu çıxışı sürəkli alqışlarla qarşıalnıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın Xalq şairi fəxri adına layiq görülüb. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıdıb. Nəriman Həsənzadə ilin şairi elan olunub və ona bu münasibətlə “Uğur – 2009” diplomu verilib. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 10 May 2017-ci ildə Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən böyük mükafatına, Heydər Əliyev Mükafatına layiq görülüb. Onu da vurğulayım ki, Azərbaycan şairləri arasında ilk dəfə bu ali mükafata məhz Nəriman Həsənzadə layiq görülüb.

Bu vaxta qədər Nəriman Həsənzadənin 50-dən artıq kitabları çap olunub. Onun “Nəriman”, “Nuru Paşa”, “Qarabağdan gələn var”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”, “Bəyanat”, “Həsrət”, “Vətənsiz”, “Heybədə gəzən şeir”, ”Qadın”, “Sabir”, “Şahid ol, günəş”, “Səfirə məktub, “Nizami”, “Əsir uşaq”, “Qız ürəyi”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Rəsul Həmzətova məktub”, “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qaçaq Kərəm”, “Səfirə”, “Xarı bülbül”, “Poylu-beşiyim mənim” poemaları və “Nabat xalanın çörəyi” povesti oxucuların ən çox oxuduğu əsərlərdəndir. “Nabat xalanın çörəyi povesti” ingilis dilində Amerikada çap olunub və böyük maraqla qarşılanıb. “İmzalar içində”, “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” pyesləri böyük uğurla Azərbaycanın dövlət teatrlarında tamaşaya qoyulub. Xalq artisti Lütfi Məmmədbəyovun quruluşunda “Kimin sualı var?” televiziya tamaşası ən baxılan əsərlərdən biri olub. Nəriman Həsənzadə son vaxtlar böyük ədibimiz Mir Cəlal Paşayevə həsr etdiyi “Xəlvətdə yanan şam” və “ Qarabağ Azərbaycandı! Qarabağnamə ”m İlhamdı!” adlı mənzum pyeslərini də yazıb. “ Qarabağ Azərbaycandı! Qarabağnamə”m İlhamdı!” dramatik qəhrəmanlıq pyesi artıq Azərbaycan Dövlət Radio və Televiziya Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi ilə tamaşaya hazırlanır. Bu tamaşanın quruluşçu rejissor u - Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Quruluşçu rəssam - Əməkdar mədəniyyət işçisi Rəfael Əsədov, geyim üzrə rəssamı Əfşan Əsədova, bəstəkarı- Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəqslərin və plastik hərəkətlərin quruluşçusu - Səbinə Məmmədova, rejissor assistentləri - Anar Seyfullayev, Günay Qasımovadır.

Bu tamaşada rolları teatrın aparıcı aktyorlarından – Müəllif – Məhərrəm Musayev, Şəhid anası – Xalidə Şərifova, I Aktyor- kişi - Əməkdar artist Elşən Rüstəmov, Rəşad Səfərov, II Aktyor- qadın – Əməkdar artist Gülər Nəbiyeva, III Aktyor- kişi – Anar Seyfullayev, Ramiq Nəsirov, IV Aktyor- qadın – Səbinə Məmmədova, V Aktyor – kişi – Əməkdar artist İlham Əsgərov böyük həvəslə məşq edirlər. Qarabağ müharibəsinə həsr olunan və Azərbaycan dramaturgiyasında ən maraqlı, dramatik əsər olan bu tamaşanın fevral ayının sonlarında təhvil verilməsi planlaşdırılır.

Nəriman Həsənzadə ilə elədiyim söhbətlərdə böyük şairimiz , klassik yazıçımız və alimimiz Mir Cəlala və ulu öndər Heydər Əliyevə həyada həmişə borclu olduğunu deyir:

-Mən, ömrüm boyu dahi yazıçımız, alimimiz, müdrik şəxsiyyətimiz Mir Cəlal müəllimə minnətdaram. O, həqiqətən də həyatda mənim mənəvi atam olub. Bu haqda mən dəfələrlə yazmışam və radio, televiziya çıxışlarımda demişəm. Bu dahi insan hətta öz oğlu, dünya səviyyəli böyük alimimiz Arif Paşayevə siyahı ilə düşən evi mənə verib, Arif müəllimi kooperativ formada siyahıya yazdırıb və oradan onun üçün ev alıb. Hətta kooperativə verdiyi pulu da başqasından borc alıb. Məgər belə dahi insanı unutmaq olarmı? Onu da vurğulayım ki, Mir Cəlal müəllim təkcə mənə yox, yüzlərlə tələbələrinə, cavanlara köməklik edib. Bəzilərinin imtahanlardan kəsilməməsinə, bəzilərinin təqaüd almasına, bəzilərinin işlə təmin olunmasına, elmi işlərini müdafiə etməsinə əlindən gələn bütün köməklikləri təmənnasız edib. O, böyük şəxsiyyət elə bil ki, bunu özünə mənəvi borc bilib. Biz, belə müdrik ağsaqqallarımızla fəxr etməliyik.

Ulu öndər Heydər Əliyevə də mən çox minnətdaram. O, dahi insan, böyük rəhbər və əbədiyaşar prezidentimiz də mənim həyatımda çox əvəzsiz rol oynayıb. Əgər Ulu Öndər çətin məqamlarda məni qorumasaydı, indi mən burada sizin qarşınızda çıxış edə bilməzdim. Dahi Heydər Əliyev hətta elm, ədəbiyyat və incəsənət xadimlərini də bir-birindən qoruyurdu. Çox sevinirəm ki, onun yadigarı cənab İlham Əliyev də atasının yolunu böyük uğurla davam etdirir. Cənab Prezidentimizin dörd xarici dil bilməsi və balanslaşdırılmış, çox uğurlu siyasət aparması da onu dünyanın aparıcı dövlətlərinin rəhbərlərindən birinə çevdirib. Bu gün dünyanın ən aparıcı ölkə başçıları onunla hesablaşırlar. İlham Əliyevin sayəsində Azərbaycan həm də dünyanının idman üzrə ən aparıcı ölkələrindən biri olub. Bu sahədə Birinci vitse prezidentimiz Mehriban xanım Əliyevanın da zəhmətini, xidmətlərini danmaq olmaz. Onların hər ikisi Azərbaycanın iqtisadiyyatının yüksəlməsində, çoxlu sənaye obyektlərinin açılmasında, işsizlik probleminin həll olunmasında, torpaqlarımızın geri qaytarılmasında əvəzsiz işlər görüblər. I Avropa Olimpiya oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi respublikamıza dünyanın aparıcı ölkələrinin böyük inamının, marağının nəticəsidir. Biz, bununla fəxr etməliyik.

Qarabağ torpaqlarımızın Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə erməni faşistlərindən təmizlənməsi isə xalqımız üçün böyük qələbə oldu. Mən də bir şair, dramatur kimi bu Vətən Müharibəsinə çoxlu şeirlər və “Qarabağ Azərbaycandı! Qarabağnamə”m İlhamdı” adlı həm poema və həm də səhnə əsəri yazmışam. Bu səhnə əsərinin də Azərbaycan Dövlət Radio və Televiziya Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi ilə teatrda Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun quruluşunda böyük uğurla məşqləri gedir. İnanıram çox maraqlı tamaşa olacaq.

Mən burada “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxovu xüsus vurğulamaq istəyirəm. Qarabağla bağlı “ Qarabağ Azərbaycandı! Qarabağnamə”m İlhamdı!” poemamı və mənə səngərdən göndərilən teleqramları, şeirlərimi bu qəzetdə məhz o, çap elədi. Biz bununla Bəxtiyar müəllimlə yeni yaradıcılıq əlaqələri qurduq. Bu əlaqələri bundan sonra da davam etdirəcəyik. Buna görə də mən, qələm dostum, Əməkdar jurnalist Bəxtiyar Sadıxova minnəttaram. Həmin poemam və Qarabağla, rəşadətli ordumuzla bağlı çoxlu şeirlərim Bəxtiyar müəllimin sayəsində “Azərbaycan” qəzetində çap olunanda oxucular tərəfindən də böyük maraqla qarşılandı. Hətta poemanın adını da mənə o, təklif elədi. Bu poemanın əsasında da yuxarıda dediyim kimi maraqlı bir pyes yarandı.

Mən cavanlıq eşqi ilə indi də bir neçə şeirlər, poemalar, pyeslər üzərində yaradıcılıq işləri aparıram. Təki sağlıq olsun. Ən böyük arzum isə yenidən gedib cənnətməkan torpağımız olan Qarabağı ziyarət etməkdir. Çünki hər bir azərbaycanlı kimi o yerlər mənə də çox doğmadır, əzizdir. Qarabağla bağlı çoxlu xatirələrim var.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...