(Şairin yaradıcılığı və özü haqqında düşüncələrim)
Ər kimi dayanaq ancaq,
Ərlər yurdu qoruyacaq.
Qarabağa bayraq sancaq,
Bu xəbər yayılsın elə,
Qələbə çalaq, qələbə.
Gecəni gündüzə qataq,
Zəfər addımları ataq.
Arzuya murada çataq,
Düşməni döndərək külə,
Qələbə çalaq, qələbə.
Bu şeiri Əli Rafiq 1996-ciı ildə yazıb. Elə bil ki, bu günləri görərək qələmə alıb. Ümumiyyətlə Əli Rafiqin elə şeirləri var ki, Sovetlər vaxtında yazılsa da bugünkü günlə tam səslənir. Elə “Kobudluq” şeiri kimi.
Bağırırdı kabinetində,
İşçilər bezmişdi
Kobud səsindən.
Ağrıyan diş kimiydi,
Çıxartdılar,
Atdılar-
Vəzifəsindən.
Uzun illərdir ki, yaradıcılığını diqqətlə izlədiyim Əli Rafiq Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan yazarlarımızdan biridir. O, həm şeirlərində, həm poemalarında, həm də publisist yazılarında çalışır ki, heç kimi təkrarlamasın. Bu da yəqin ki, onun özünün xarakterindən, dünyaya baxışından, dərin savadından, dünya ədəbiyyatənı mükəmməl bilməsindən irəli gəlir. Çünki Əli Rafiq özünün xarakteri, dünyaya baxışı və savadına görə ətrafında olanların hamısından seçilir. Onunla təmasda olanda görürəm ki, özünün orijinal fikirlərini deyir. Həyati məsələlərə öz baxışı ilə yanaşır. Eləcə də dünya yazarlarının əsərlərində bizim elə də üstündə dayanmadığımız, onlara adi bir məsələ kimi baxdığımız hadisələri də öz beyin süzgəcindən keçirərək, bu haqda orijinal fikirlər söyləyir. O, bütövlükdə ədəbiyyata bağlı insandır. Bu haqda “Mən seçmişəm” şeirində çox aydın deyir:
Könlümü vermişəm sözə, sənətə,
Bir fikir tapanda sevinc içmişəm.
Sözüm yol alıbdır əbədiyyətə,
Əzəl gündən bu yolu mən seçmişəm.
Bildiyimiz kimi ədəbiyyat sahəsində uğur qazanmaq üçün ilk öncə gərək səbirli olasan. Əli Rafiq də qibtə ediləcək dərəcədə səbirli, dözümlü, öz hisslərini cilovlamağı bacaran insandır. Yəqin elə bu gözəl xüsusiyyətlərinə görə onun dostları, onunla təmasda olmaq istəyən insanlar çoxdur. Uzun illərdir ki, müşahidə edirəm və görürəm ki, Əli Rafiq heç kimin haqqında mənfi heç nə danışmır və hətta tanımadığı adamların belə uğurlarına çox sevinir. Həm də Azərbaycanda çox az yaradıcı adam tapılar ki, Əli Rafiq qədər Qarabağ torpağına, bu cənnətməkan yerə onun kimi belə bağlı olsun. Bu insan məmləkətimizin başqa bölgəsində doğulsa da, Qarabağı, qarabağlıların əksəriyyətindən daha çox sevir. Desəm ki, Əli Rafiq Qarabağla nəfəs alır və bu bölgə ilə bağlı olan hər bir məsələni diqqətlə izləyir bu daha doğru olar. Çünki Qarabağda gedən son döyüşlər vaxtı mən bunun bir daha şahidi oldum. Hər bir kəndimizin, yüksəkliyin rəşadətli ordumuz tərəfindən alınmasına bir uşaq kimi sevinir və bu xəbərləri də dostları arasında sevinclə bölüşürdü. Onun lap gənclik illərində yazdığı “Qarabağım” şeirindəki bu sətirlər də bunu bir daha sübut edir:
Bu yerlər oxşayır mənim ruhumu,
Könül vəcdə gəlir hara baxırsa.
Adını eşitdim, üzünü gördüm,
Mən indi bilirəm əsl nəğməsən!!!
Həddindən artıq vətənpərvər, dövlətimizə, dövlətçiliyimizə bağlı insan olan Əli Rafiqin yaradıcılığında məhz ona görə Vətənlə, Qarabağla, dövlətçiliklə bağlı şeirlər və publisist yazılar daha çoxdur.
Ömrünün artıq 63-cü ilini arxada qoyan Əli Rafir ( Rafiq Yədulla oğlu Əliyev), 1957-ci ilin noyabr ayının 11-də, Azərbaycanın ən dilbər guşlərindən biri olan Masallı rayonunun Türkoba kəndində anadan olub. Onun doğulduğu kənd Masallı rayonunun ən yaraşıqlı, gözəl kəndlərindən biri olduğuna görə, yəqin ki, bu gözəllik də ona böyük yaradıcı təfəkkür verib. O, lap uşaq yaşlarından yaradıcılığa böyük həvəs göstərib. Orta nəktəbi demək olar ki, əla qiymətlərlə bitirən Əli Rafiqin, ədəbiyyata daha çox həvəsi olsa da və şeirlər yazsa da amma neyçünsə ədəbiyyat sahəsində təhsil almayıb. Ağsaqqallarının məsləhəti ilə Sumqayıt şəhərinə gəlib, buradakı Neft-Kimya İnstitutunun maşınqayırma və metal dəzgahları fakültəsinə daxil olub. Amma ədəbiyyatdan da ayrılmayıb. Arzusu maraqlı şeirlər yazıb, kitablarını çap etdirmək olub. Ədəbiyyata həvəs onu ali təhsil almaqla yanaşı həmin vaxtlar Sumqayıtda çox tanınan və çoxlu cavanların toplaşdığı ədəbiyyat dərnəyinə gətirib.
Həmin vaxtı bu dərnəyə tanınmış şair-jurnalist, “Sosialist Sumqayıtı” qəzetinin şöbə müdiri Xasay Cahangirov rəhbərlik edirdi. O, hər ay cavan yazarların maraqlı şeirlərini qəzetdə bir səhifə dərc etdirirdi. Bu da gənc yazarlarda özlərinə böyük inam yaradırdı. Əli Rafiqin də maraqlı şeirləri qəzetdə çap olunduqca onda ədəbiyyata həvəs daha çox artırdı. Ali məktəbi mühəndis kimi bitirən Əli Rafiq, az bir vaxtda öz sənətində böyük uğur qazansa da, şeirə həvəs 1991-ci ildə ilk kitabının- “Sənsiz olanda” şeirlər toplusunun çapdan çıxması onun üçün böyük tarixi hadisə olmaqla, bu kitab haqqında böyük təcrübəli şairlərin xoş sözlər yazması, onu ədəbiyyat aləminə bütövlüklə bağlayıb. Beləliklə, bundan sonra Əli Rafiqin “Vətəni qürbətdə yaşadanlar”, “Ömürdən əlli yarpaq”, “İki dünya işığında” və nəhayət “Ömür Tanrı əmanəti” adlı kitabları işıq üzü gördü. Çoxlu şeirləri qəzetlərdə, jurnallarda çap olundu. Poemaları səhnələşdirilib, aktyorlar tərəfindən söylənilməklə böyük tamaşaçı marağına səbəb olub.
Amma müstəqilliyimizin ilk illəri Əli Rafiq üçün heç də yaxşı keçməyib. Belə ki, həmin illər Azərbaycanda böyük xaos dövrü olduğuna görə, zavodlar, fabriklər böyük tənəzzülə getdiyindən artıq bağlanırdı. Əli Rafiq də mühəndis kimi artıq işləyə bilmirdi. Bu xaos da bir ziyalı kimi ona çox pis təsir edirdi. Bu xaosun içərisində ona çörək qazanmaq, övladlarını dolandırmaq lazım idi. Məhz buna görə Əli Rafiq məcbur olub ki, çörək qazanmaq ümidi, arzusu ilə Rusiyanın Nijni-Novqorod şəhərinə getsin və orada işləsin. Elə ilk günlərdən burada yaşayan azərbaycanlılar və başqa millətlərin nümayəndələri onu yüksək savadına, böyük təşkilatçılığına, insanlarla tez dil tapmasına, maraqlı şeirlərinə, poemalarına, publisist yazılarına görə yaxşı qarşılayıblar.
Əli Rafiq Nijni-Novqorodda Azərbaycan diaspor təşkilatının ən qısa vaxtda aparıcı üzvlərindən biri olub. Burada Azərbaycan dilində çap olunan qəzetdə öz şeirləri və publisist yazıları ilə çıxış edib. Bu yazılar da az bir vaxtda maraqla qarşılandığına görə Əli Rafiq “Vətəni qürbətdə yaşadanlar” adlı kitabını həm Azərbaycan və həm də Rus dilində çap etdirib. Bu kitabda ayrı-ayrı sahələrdə çalışan azərbaycanlılara həsr olunan portret yazıları, oçerkləri, publisist yazıları Nijni-Novqorodda yaşayan bütün millətlər tərəfindən maraqla qarşılanıb. On il Nijni-Novqorod şəhərində yaşayan Əli Rafiq, həm də bu illərdə Azərbaycan Televiziyasının da bölgə müxbiri kimi fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əli Rafiq həmin vaxtı Azərbaycan Televiziyasında çalışan Hacı Azad və Əli Alıyevlə birlikdə “Azərbaycandan uzaqda” və “Qürbətdə yaşayanlar” verilişlərinin də əsas təşkilatçılarından biri olub. O vaxtlar bu verilişlər gedəndə aparıcılar tez-tez Əli Rafiqin bu şeirini ya verilişin əvvəlində və ya sonunda səsləndirirdilər:
Düşüb arzuların elə dalınca,
Biz eldən-obadan itəsi olduq.
Gör harda doğulduq, harda böyüdük,
Harda yuva qurub, bitəsi olduq.
Deyirəm nə ola qayıda günlər,
Əvvəlki kimi də biz deyək-gülək.
Çalışaq nə qədər həyatda varıq,
Yaxşı insanların qədrini bilək.
Yaxşı insanlarımızın təbliği, harada yaşamasından asılı olmayaraq, Əli Rafiqin ali məqsədi olub. O, həmişə millətimizin yaxşı övladları ilə öyünüb və onları layiqincə təbliğ edib. Onları həm şeirlərində və həm də publisist yazılarında vəsf edib. Məhz elə buna görə də onun “Vətəni qürbətdə yaşadanlar” kitabı çox maraqla oxunur. Bu kitab Vətəndən kənarda yaşayan həmvətənlərimizi bizə tanıdan maraqlı, çox oxunaqlı bir topludur.
1990-cı illərdə 1 milyondan çox qaçqınımızın, köçkünümüzün taleyi, 20 faizdən çox torpaqlarımızın işğalı Əli Rafiq üçün böyük bir dərd olub. Əslində möhkəm iradəli, böyük səbirli Əli Rafiq bu dərdə çox çətinliklə dözüb və tez-tez gövrəlib. O, öz dərdlərini şeirlər, poemalar, publisist yazılar yazmaqla sakitləşdirməyə çalışıb. Dünyanın güclü dövlətlərinin Azərbaycan xalqının səsini eşitməməsi, erməni gavurlarını müdafiə etməsi də ona bir ziyalı, bir yazar kimi ağır dərd olub. Əli Rafiq qələmini süngüyə çevirərək həmin ölkələrin başçılarına öz nifrətini yazdığı şeirlərlə, poemalarla, publisist yazılarla bildirib. Həmin vaxt onun yazdığı “Sülh nəğməsi” şeiri hamının ən çox oxuduğu şeir idi. Həmin şeirdəki bu sətirlər isə hegemon ölkə rəhbərlərinə bir çağırış idi:
Görməsin yer üzü bir müharibə,
Gözü anaların yolda qalmasın.
Gəlin, yol verməyək bir daha hərbə,
Heç kimin qəlbinə kədər dolmasın.
Eləcə də onun “Xocalı harayı”, “Fələstin dərdi” və “Dünya kazino imiş” poemaları da həmin hegemon ölkə rəhbərlərinə qarşı bir üsyandır. Əli Rafiq iki il bundan qabaq olan söhbətlərimizdən birində belə demişdi: “Millətimizin başında həmişə qara səhifələr çox olub. Bu da yəqin torpağımızın altının da, üstünün də böyük sərvət olmasına görə həmişə qara qüvvələr bu yerləri işğal etmək, öz əsarətində saxlamaq haqqında fikirləşiblər. Böyük Şah İsmayıl bizim üçün 4 milyon 500 min kvadrat kilometr torpaq qoyub getmişdi. Amma indi həmin torpağın 68,2 min kvadrat kilometri qalıb. Onun da 20 faizi erməni gavurlarının tapdağı altındadır. Buna dözmək çox çətindir. Mən istəyirəm ki, bayram günlərimiz qırmızı həriflərlə qeyd olunduğu kimi, qara günlərimiz də qara həriflərlə təqvimdə qeyd olunsun. Övladlarımız da həmin qara günlərimizi yadda saxlayıb, onların düşmənə nifrəti çox olsun.
Qaldı işğal olunmuş torpaqlarımıza. Həmin yerlər 30 ilə yaxındır ki, həsrətlə bizim yolumuzu gözləyir. Bununla bağlı “Xalqın fəryadı” poemamı səhnələşdirmişəm. Bu əsər aktyorların ifasında səsələnib və Yutubda yerləşdirilib. Tamaşaçı sayı həddindən artıq çoxdur. Burada biz düşmənin iç üzünü, qəddarlığını, vəhşiliyini, insanlığa xas olmayan əməllərini dünya xalqlarına göstəririk. Artıq mənim bir neçə poemam aktyorların ifasında Yutubda var. Onlar da tamaşaçılar tərəfindən maraqla qarşılanır. Mən harada oluramsa olum, Qarabağın qara taleyini həmişə ürəyimdə daşımışam. Həmin bölgənin bulaqlarının suyunun şırıltısı həmişə qulaqlarımda səslənib. Orada şəhid olanların ruhu həmişə məni narahat edib. Bunlarla bağlı mənim çoxlu şeirlərim var. Düşmənə nifrətlə dolu şeirlərim də çoxdur. Onlardan birində belə misralar var:
Arxalı bir köpək kimi,
Gizlətmisən sən məkrini.
Bir gün qırram mən əngini,
Batar dilin, lal olarsan.
Bil ki, ərlər meydanında,
Bir çaqqalsan şir yanında.
Boğularsan öz qanında,
Başdan-başa al olarsan.
Əli Rafiqin bu arzuları axır ki, çin oldu. Sentyabr ayının 27-də rəşadətli ordumuz erməni gavurlarına qarşı çox şiddətli döyüşlərə başladılar. Onlar 44 günlük Böyük Vətən Müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin çox uğurlu siyasəti və qətiyyəti sayəsində düşməni diz çökdürdülər. Noyabr ayının 8-də Azərbaycanın üçrəngli bayrağını Şuşada taxmaqla, erməniləri kapitulyasaya getməyə məcbur elədilər. Bizim bu qələbəmiz çoxlu yazarlar kim Əli Rafiqə də böyük həvəs yaradıb. O, indi qələbə ruhlu yeni-yeni şeirləri ilə oxucularını sevindirir. Amma onun “Ömür Tanrı əmnəti” kitabı artıq ömrünün 63 ilini arxada qoyan böyük ziyalı və istedadlı şairin oxucularına bir növ nəsihətləri və vəsihətləridir. Bu haqda müəllif özü belə deyir: “Bu, həyatın qəribə hikmətlərindən biridi: ağlaya-ağlaya bu dünyaya gəlirik, amma ağlada-ağlada o dünyaya gedirik. Bu “gəlməkl”lə “getmək” arasındakı məsafə qısa olsa da, ola bilər ki, uzun da olsun, amma bu məsafə insana özünü təsdiqləmək, cəmiyyətdə mövqe tutmaq üçün Allah-taala tərəfindən verilən bir şansdır. Mən deyərdim ki, həm də bir sınaq meydanı sayılır. Yəni qiyamət günündə üzüağ, alnı açıq hesabat vermək üçün bir sınaq meydanıdır. O hesabatdan şərəflə çıxmağın dəyişməz yolları var. Bunlar- yaxşı əməllər sahibi olmaq, düzə düz, əyriyə əyri demək. Nə olursa olsun sözünlə əməlinin üst-üstə düşməsi, yaşadığın cəmiyyətdə, işlədiyin kollektivdə, qohum-əqraba arasında hər kəsin hörmət və izzətini qazanmaq, vətənini, dövlətini, bayrağını hər şeydən və hər kəsdən uca tutmaq, dininə, dilinə sevgi ilə yanaşmaq lazımdır. Bax bununla bağlı mən belə deyirəm:
Nə qədər həyatda varsa da ömrüm,
Getdiyim düz yoldur, yolu azmaram.
Güclü silahımdır əldə qələmim,
Heç vaxt özgəsinə quyu qazmaram.
Düz sözün, düz yolun, düz də əməlin,
Başını ucaldır hər zaman sənin.
Demərəm həyatda nə varsa mənim,
Qismətimdən artıq mən qazanmaram.
Qalmayıb həyatda heç nədə gözüm,
İstərəm ömrümdən qalsın bir izim.
Çalışdım şeirimdə düz olsun sözüm,
Sözümdən nə artıq, əskik yazmaram.
Nə qədər həyatda varsa da ömrüm,
Getdiyim düz yoldur, yolu azmaram.
Güclü silahımdır əldə qələmim,
Heç vaxt özgəsinə quyu qazmaram.
Düz yaşamaq, düz söz demək, sözümün qulu olmaq, həmişə canımda olub. Övladlarımın da həmişə bu yolda olmasını arzulamışam. Atalar da deyib ki, “öz yolu ilə gedən yorulmaz”. İnsan harada olursa-olsun, hansı şəraitdə yaşayırsa yaşasın həqiqətin, ədalətin, düzlüyün dalınca getməlidir. Düz olmaq insanların arasında həmişə onun başını uca, alnını açıq, üzünü ağ edər. İmam Həzrəti Əli deyən kimi: “Qəlbinizin isinmədiyi insanlardan çalışın uzaq olun”.
Ümumiyyətlə, həyatım boyu çalışmışam ki, xəbis, paxıl və yalançı adamlardan uzaq durum. Çünki belə adamlar həmişə pis əməllər törətməyə hazır olurlar. Qəlbində paxıllıq kök salan bir adam nəfsinə yiyə dura bilməz. Nə yaxşı ki, həmişə mənim ətrafımda təmiz, pak insanlar olub. Ona görə də Ulu Tanrının mənə verdiyi ömür payını həmişə yaxşı yaşamağa, həyatımı xeyirxah əməllərlə zənginləşdirməyə, sevgi və səadətlə bəzəməyə çalışıram ki, ötüb keçən illərə heyfislənməyim. Hamıya da bax belə bir ömür arzulayıram. Çünki ömür, Tanrı əmanətidir. Bu əmanəti də gərək yaxşı yaşayasan ki, heç vaxt heyfislənməyəsən. Böyük Mövlanə deyir ki, “ bir insanı tanımaq istəyirsənsə, oturub-durduğu dostlarına bax”. Ona görə də çalışın həyatda özünüzə yaxşı dostlar tapasınız. Atalar da deyib ki, “ dost atan daş, baş yarmaz”. Fikrimi Həzrəti İmam Əlinin bu sözləri ilə tamamlayıram: “Anasız və atasız insanlara yetim deyirlər. Məncə yetim olanlar, ağıldan məhrum olanlardır”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB