Yaradıcılıq sahəsində o insan böyük uğur qazanır ki, öz yolu və öz dəsti-xətti olsun. Məhz bunun nəticəsidir ki, dahilərimiz - Əfzələddin Xəqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif , Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və onlarca bağqaları ona görə klassiklər olublar və bizim dövrümüzə qədər gəlib çıxıblar və həmişə xalqın sevimlisi olublar ki, onların öz yolu, öz dəsti-xətti olub. Adi bir misal. Səməd Vurğunla Mikayıl Müşfiqin yaradıcılığında xalq üslubu nə qədər çox olsa da amma bu şairlərin yaradıcılığı bir-birinə oxşamır və hər ikisi xalq tərəfindən eyni sevgi ilə sevilir və qəbul olunur. Bax bu gün şeir yazan şairlərin çoxunda bu yoxdur.
Onları oxuduqca görürsən ki, ya özlərindən əvvəlki şairlərin yaradıcılığını təkrarlayırlar, ya da yazdıqları şeirləri, daha-doğrusu cızmaqaraları bütövlükdə söz yığınıdır. Ən dəhşətlisi budur ki, 10 milyon bir xalqın ən azından 3-4 milyonu şeir yazır. Yəni bir çox insanlar şeiri o qədər adi bir iş kimi başa düşürlər ki, elə fikirləşirlər sözləri-sözlərə calamaq elə şeir deməkdir. Çünki onların çoxu özlərindən əvvəl yaşamış klassiklərin şeirlərindən və ümumiyyətlə dünya ədəbiyyatından xəbərləri yoxdur. Əgər onlar klassiklərimizin və dünya ədəbiyyatının inciləri olan məşhur şairlərin şeirlərini oxuyub və oxuduqlarını dərk eləsələr, yəqin ki, daha heç vaxt şeir yazmazlar. Bu gün ədəbi tənqidin olmaması da payızdan sonra çoxalan göbələklər kimi, belə şairlərin artmasına səbəb olur. Məhz buna görə də yaxşı, istedadlı şairləri 3-4 milyonluq şairlərin arasından tapıb kəşf etmək və oxuculara tanıtmaq da çox çətin olur. Nə qədər ki, ədəbi tənqidimiz inkişaf etəməyəcək, yəqin həmişə də belə olacaq. Mənə elə gəlir ki, bu gün ədəbiyyat aləmində öz yolu və öz dəsti-xətti olan şairələrdən biri də Lilpar Cəmşidqızıdır.
Lilpar Cəmşidqızının yaradıcılığını bir müddətdir ki, izləyirəm. Onun bir-birindən maraqlı şeirləri, qəzəlləri və rübailəri mənim çox xoşuma gəlir. Ən çox xoşuma gələn isə Lilpar xanımın bir şairə kimi məhsuldar olması, öz yaradıcılığına ciddi yanaşması və yaradıcılıqda yeni fikirlər axtarmasıdır. Ən əsası isə Lilpar xanım öz yaradıcılığına qarşı çox ciddi olmaqla, həm də məhsuldardır. O, demək olar ki, hər gün yaradıcılıqla məşğul olur və yeni-yeni, bir-birindən maraqlı şeirlər, qəzəlllər, rübailər yazır. Təkcə Azərbaycan ədəbiyyatının yox, həm də dünya ədəbiyyatının inciləri olan məhşur şairlərin yaradıcılığını diqqətlə oxuyur və onlardan özü üçün çox şeyləri əxz eləyir. Yenicə tamamladığı “Divan”ı bu şairəni doğrudan da az bir vaxtda Azərbaycan ədəbiyyatında məşhurlaşdıracaq. Çünki Azərbaycan Yazıçılar Birliyinin katibi və əruz vəzninin, ümumiyyətlə Azərbaycan və dünya ədəbiyyatının ən böyük bilicisi İlqar Fəhminin həmin kitaba ön söz yazması və şairənin yaradıcılığını yüksək səviyyədə təhlil etməsi Lilpar Cəmşidqızının böyük istedadından xəbər verir.
Lilpar Cəmşidqızı lap gənclik illərindən bədii yaradıcılığa başlasa da, amma bir müddət ədəbiyyatdan uzaqlaşıb. Sonra yenidən cəmi 5-6 ildir ki, yaradıclığa başlasa da bu illərdə çox məhsuldar işləməklə, az bir zamanda üç kitabı çap olunub. Bunlar - “Tənhalıq içində əllər üşüyür” şeirlər kitabı, “Rübailər” kitabı və “Qəzəllər” kitablarıdır. “Tənhalıq içində əllər üşüyür” kitabına ön sözü mən yazmışam. Bu kitabdakı şeirlərdəki yeniliklər, şairənin heç kimin yaradıcılığını təkrar etməməsi, maraqlı tapıntıları, oxunaqlı şeirlər yazması çox xoşuma gəlib. Eləcə də “Rübailər” kitabındakı dördlüklər və “Qəzəllər” kitabındakı bir-birindən maraqlı qəzəlləri sübut edir ki, Lilpar Cəmşidqızı gələcəkdə çox maraqlı şairə olacaq. O, Azərbaycan ədəbiyyatında özünün layiqli sözünü deyəcək. Həm də Lilpar Cəmşidqızının təkcə Azərbaycan yox, dünya ədəbiyyatında olan tanınmış şairlərin yaradıcılığı ilə ciddi məşğul olması və onlardan çox şey öyrənməsi də onun yaradıcılığına çox müsbət təsir göstərir. Məhz buna görə çalışır ki, öz yaradıcılığında heç kimi təkrarlamasın. Artıq ömrürün qoşa beşinə gəlib çatan və öz dəsti-xətti olan Lilpar Cəmşidqızını biz də çoxminli oxucularımız adından təbrik edirik. Əlli beş illik ömrünə özü üçün töhfə etdiyi “Divan”ı inanırıq ki, yüksək sensassiya ilə qarşılanacaq. Biz isə
onun Vətənlə, Qarabağla və Azərbaycan dövləti, dövlətçiliyi ilə bağlı bir neçə şeirini çoxminli oxucularımıza təqdim edirik.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
LİLPAR CƏMŞİDQIZI
Ürəyim Vətən istədi
Çaylarında selə dönüm,
Bağçasında gülə dönüm.
Bir ovucluq külə dönüm,
Ürəyim Vətən istədi.
Sanki gəlib könül cuşa,
Qanadlanıb dönür quşa,
Həsrətliyəm dağa, daşa,
Ürəyim Vətən istədi.
Mən Vətənin öyündəyəm,
Dərdlərimin küyündəyəm.
Açılmamış düyündəyəm,
Ürəyim Vətən istədi.
Həm Arazam, həm də Kürəm,
Ürəklərdə qalan yerəm.
Bax, bu canı ona verəm,
Ürəyim Vətən istədi.
Bax, ürəyim qəm gölüdü,
Həm düzüdü, həm çölüdü.
Deməyin Lilpar ölüdü,
Ürəyim Vətən istədi.
Qələbəni çalmışıq
Nə gözəl fəsildəyik,
Qarabağı almışıq.
Biz bu ilin sonunda,
Qələbəni çalmışıq.
Yağıları qovub biz,
Gözlərini ovub biz.
Qələbəylə bir də düz,
Şöhrətə ucalmışıq.
Yığıb veş-vüşün yağı,
Quruyub kökü, tağı.
Gələndə vida çağı,
Biz də yola salmışıq.
Çoxdu bizə yol verən,
Çoxdu bizə gül dərən.
Bizə kömək göndərən,
Gör nə günə qalmışıq.
Hələ ömür bitməyib,
Zəhmətimiz itməyib.
Vaxt, vədəmiz ötməyib,
Tanrıdan bac almışıq.
KƏLBƏCƏR
(Bütün Kəlbəcərli dostlara ərmağan edirəm)
Neçə ildi həsrət nəğməsi çalıb,
Naləli kamanım, tarım, Kəlbəcər.
Mənim oralarda xatirəm qalıb,
Bir də ki, dönməyən yarım, Kəlbəcər.
Quruyub kökündən köklü ağaclar,
Qorxudan yuvadan çıxmır turaclar.
Saralıb vədəsiz, vaxtsız yamaclar,
Bağbanım, ağacım, barım, Kəlbəcər.
Əsir düşən qız, gəlinlər çox oldu,
Dərdlərimiz, qəmlərimiz çoxaldı.
Ad-sanımız tapdalandı, yox oldu,
Namusum, ismətim, arım Kəlbəcər.
Yurd-yuvadan ayrı düşdük, o vaxtlar,
Söndü ürəklərdə arzular, baxtlar.
Dağıldı nə qədər binələr, taxtlar,
Uçanda tufağım, barım, Kəlbəcər.
Elə bilmə mən tükənib bitmişəm,
Ya yox olub, yer üzündən itmişəm.
Həsrətinlə bülbül olub ötmüşəm,
Ağaran başımda qarım, Kəlbəcər.
Yenə yaz gələndə gülər dağ, dərə,
Qırxbuğum, kəkotu çıxar düzlərə.
Açarsan qoynunu bir də bizlərə,
Tükənməz sərvətim, varım Kəlbəcər.
O zümrüd bulaqlar pıçhapıç axar,
Səmanda buludlar oynayar, çaxar.
Bulaqlar başından Lilparın baxar,
Çəkilsə yanımdan xarım, Kəlbəcər.
Azərbaycan-Türkiyə
Yenə gedir yan-yana,
Azərbaycan, Türkiyə.
Qarışıbdı qan-qana,
Azərbaycan, Türkiyə.
Bir millətin oğluyuq,
Oğuz, Turan boyluyuq.
Biz müsəlman soyluyuq,
Azərbaycan, Türkiyə.
Dinimiz, imanımız,
Yenilməz gümanımız.
Torpaqdı bu canımız,
Azərbaycan, Türkiyə.
Harda var belə millət,
Harda var belə qeyrət.
Yenilməyən dəyanət,
Azərbaycan, Türkiyə.
Məmməd Əmin, Atatürk,
Birlikdədir daim türk.
Düşmənin biləyin bük,
Azərbaycan, Türkiyə.
Çəkilsin qatı duman,
Sağalsın daha yaran.
Birləşsin böyük Turan,
Azərbaycan, Türkiyə.
Vətən məni çağırır
Vətən məni çağırır,
Yol uzaqdı, gedirəm.
Vətənə bu canımı,
Mən də qurban edirəm.
Gətir çantamı, balam,
Bəlkə geri dönmədim.
Bilki Şəhid olsam da,
Mən əbədi sönmədim.
Bu Vətənin hər daşın,
Torpağını gəzəcəm.
Düşmənimin başını,
Bu torpaqda əzəcəm.
Anam süd verib mənə,
Halal etməz südünü.
Zəfər anın görməsəm,
Anam görər o günü.
Ey mənim qibləgahım,
Ey pirim, Məkkəm, Vətən.
Var yenilməz əsgərin,
Səni əyəmməz yetən.
Qələbə bizimlədir,
Qələbəmiz var olsun.
Tanrı Azərbaycanın,
Əsgərinə yar olsun.
Sahibsiz çarpayı
Sahibi yox çarpayının,
Üstünə bayraq çəkilib.
Orda Vətən torpağına,
Şəhid qanları tökülüb.
Bu millətin balasıdır,
Şəhid olan əsgərimiz.
Gül-çiçəklə bəzədilsin,
Qoy müqəddəs səngərmiz.
Torpaq üstə qan tökəndə,
Vətən, Vətəndir deyirlər.
Bayrağından Şəhidlərim,
Al-əlvan libas geyirlər.
Ey Şəhidim, rahat uyu,
Torpağım azaddı bu gün.
Çox incidi Ana Vətən,
Qayıtmasın daha o gün.
Poladları doğan Ana,
Baş əyirik önündə biz.
Bax, Qələbə qazanmışıq,
Bu davanın sonunda biz.
Əsgər, qayıt
Ay mənim dağ vüqarlım,
Ay mənim igidim, gəl.
Düşmənə göstər gücün,
Gözlərini ovub, dəl.
Balan səni gözləyir,
Tez qayıt, əsgər, qayıt.
Qələbə müjdəsini,
El-obaya yetir sən.
Qucağında Vətənin,
Torpağını gətir sən.
Balan səni gözləyir,
Tez qayıt, əsgər, qayıt.
Bu torpağın çörəyi,
Suyu halaldır sənə.
Azadlığı gətirdin,
Bu millətə, Vətənə.
Balan səni gözləyir,
Tez qayıt, əsgər, qayıt.
Qarabağın
Güllə səslərindən batıb qulağı,
Qorxudan olubdu sısqa bulağı.
Düşmənin yurduma çoxdu marağı,
Qoyubdu önünə şərt, Qarabağın.
Müzəffər ordumuz öndə dayanıb,
Dağlarım, düzlərim qana boyanıb.
Millətim yuxudan artıq oyanıb,
Çəkir keşiyini mərd, Qarabağın.
Nə qədər Şəhidi görüb bu Vətən,
Saçını qaradan hörüb bu Vətən.
Bizə bata bilməz hər yoldan ötən,
Əyəmməz belini dərd, Qarabağın.
Kəlbəcərdə
Doğ, ey günəş, ruhum səndə isinsin,
Mənim həsrətim var can Kəlbəcərdə.
Ürəyim, de, necə sevinsin, gülsün,
Tökülüb nə qədər qan Kəlbəcərdə.
Ayları, illəri vermişik bada,
Torpaq həsrət qalıb doğmaya, yada.
Heç kəsi olmasın qərib dünyada,
Doğacaq, bilirəm, dan Kəlbəcərdə.
Torpağıma sahib çıxsa yağılar,
Dağım, düzüm o gün çökər, dağılar.
Bir ölənim, gündə min yol doğular,
Ey yağı, alışıb, yan Kəlbəcərdə.
Dəyanət, mətinlik canımızdadır,
İgidlik, ərənlik qanımızdadır.
Tanrı bizimlədir, yanımızdadır,
Olarıq tezliklə xan Kəlbəcərdə.
Ay bulaq başının Lilparı, oyan,
Çoxdu bu həsrəti anlayan, duyan.
Sən öz torpağında, gəl, mətin dayan,
Gələcək bir gözəl an Kəlbəcərdə.
Uca Bayrağım
Ey ucalardan uca, şanlı, uca bayrağım,
Şəhidlərin köynəyi, qanlı, uca bayrağım.
Bu millətin and yeri, zəfər müjdəçisisən,
Ey mənim ilham pərim, canlı, uca bayrağım.
Qarabağda dalğalan, Şuşada ucal göyə,
Haqqı var bu millətin, səninlə özün öyə.
Gör nə qədər Şəhidin, gör nə qədər Qazin var,
Keçmişik canımızdan, sən göylərdə ol deyə.
İndi bütövləşmişik, bizə batammaz yağı,
Birləşibdi millətim, daha qırılmaz bağı.
Polad kimi bərkiyib, azadlığa çatmışıq,
Biz Turan sevdalıyıq, gələcək zəfər çağı.
Vətən, gözlərin aydın
İgidlər öz qanıyla suvarıbdı torpağı,
Ucalarda tutmuşuq o müqəddəs bayrağı.
Düşmənə biz vermərik bircə quru yarpağı,
Zəfər günün yetişdi, Vətən, gözlərin aydın.
Azadlığın toxumun bu torpağa əkəndən,
Şəhidlərin nəşini bu bayrağa bükəndən.
Damla-damla qanları sinən üstə tökəndən,
Zəfər günün yetişdi, Vətən, gözlərin aydın.
Vüqarımız hər zaman o dağlardan ucadı,
Yaşın əsrlər keçib, milyon ildən qocadı.
Bayrağının üstündə igidliyin var adı,
Zəfər günün yetişdi, Vətən gözlərin aydın.
Əyilməz Vətən
Qarabağ yuxumuz çin oldu bizim,
Sevindi çöllərim, sevindi düzüm.
Daha qəriblikdə ağlamır gözüm,
Bizə bata bilməz hər yoldan ötən,
Biz Odlar yurduyuq, əyilməz Vətən.
Şəhid qanlarıyla boyanıb Yurdum,
Uzun bir yuxudan oyanıb Yurdum.
Bölünməz zəfərlə dayanıb Yurdum,
Min kərə doğular, bir kərə itən,
Biz Odlar yurduyuq, əyilməz Vətən.
Tezliklə gül açar, o dağ, o dərə,
Əlvida deyərik bütün dərd, sərə.
Qələbə müjdəmiz baş əyməz şərə,
Dağında, daşında min Şəhid bitən,
Biz Odlar yurduyuq, əyilməz Vətən.
DAĞLAR
Neçə illər həsrət qalmışam sənə,
Zirvəndə dolanan dumana-çənə.
Bir küsgün balanam, gələcəm yenə,
Başımı sinənə mən qoyum, DAĞLAR.
İndi göy otların solan vaxtıdır,
Göylərin bozarıb dolan vaxtıdır.
Yağışın, leysanın olan vaxtıdır,
Necə günahımı mən yuyum, DAĞLAR?
Şəhid qanlarıyla sulanıb düzün,
Şəhid ağlamaqdan tutulub gözün.
Məğrur dayanmısan, əyilməz dizin,
Bir çıxar səsini mən duyum, DAĞLAR.
Bir qərib durnanın köçündə olum,
Elimin, obamın içində olum.
Sinənin üstündən keçəndə yolum,
Öpüm torpağını, mən doyum DAĞLAR.
Bulaqlar başında Lilparı qoru,
Yamandır düşmənin fitnəsi, toru.
Tutulsun gözünün görməsin, nuru,
Gəlim gözlərini mən oyum, DAĞLAR.
Bu torpağın keşiyində duran var
Dağın, düzün qan gölündə boğulur,
Hər zəfərdə igidlərin doğulur.
Düşmənlərin yurdumuzdan qovulur,
Vətən, yenə qan axıdan yaran var.
Biz Vətənə, Vətən bizə yar olsun,
Bu millətim, əbədilik var olsun.
Zalım düşmən əzildikcə xar olsun,
Dərdlərinin dəvasına çaran var.
Paramparça elədilər bizləri,
Doyurmadı torpaq örtmüş gözləri.
Tutulubdu, əl-ayağı, dizləri,
Təbriz kimi ayrı düşən paran var.
Azad olsun Qarabağtək gözəlin,
Geri dönər, birlik olar əzəlin.
Yaşıllaşar, torpaq üstə xəzəlin,
Görüm, Vətən, sinən üstə xaran var.
Lilpar, dilin şeirlərdə el deyir,
El gücünə, ərənlərin sel deyir.
Ozanların qopuzunda tel deyir,
Bu torpağın keşiyində duran var.
Azadlığın havasını çal, aşıq.
Qarabağım qan gölünə dönübdü,
Neçə evin od, ocağı sönübdü.
Qəzəbindən Göy də Yerə enibdi,
Azadlığın havasını çal, aşıq.
Ulu Gəncəm, orda viran olubdu,
Mənim şəhərim, gör, nə günə qalıbdı.
Yağı düşmən sanma "zəfər"çalıbdı,
Azadlığın havasını çal, aşıq.
İgidlərim döyüşlərdə vuruşur,
Göy üzündə güllələri yarışır.
Uşaq, böyük zəfərlərdən danışır,
Azadlığın havasını çal, aşıq.
Günü-gündən azad olur Vətənim,
Geri dönür torpaqlarım, itənim.
Cücərəcək əkdiyimiz hər dənim,
Azadlığın havasını çal, aşıq.
İlham adlı sərkərdəmiz öndədi,
Düşmənimiz, pərən-pərən gündədi.
Azadlığı yoğurmuşuq kündədi,
Azadlığın havasını çal, aşıq.
Mənim Müzəffər Ordum, mənim qürur yerim!
Zəfər çalır Ordumuz,
Yaşa, Komandan, yaşa.
Azad olur Yurdumuz,
Yaşa, Komandan, yaşa.
Tariximiz uludu,
Yolumuz haqq yoludu.
Xoş günümüz doludu,
Yaşa, Komandan, yaşa.
Torpağımız var olsun,
Düşmənimiz xar olsun.
Günü ahu-zar olsun,
Yaşa, Komandan, yaşa.
Cavad Xanın nəsliyik,
Biz, azadlıq səsliyik.
Qələbə həvəsliyik,
Yaşa, Komandan, yaşa.
Qarabağa yol salaq,
Orda od-ocaq olaq,
Sevinsin İsa bulaq,
Yaşa, Komandan, yaşa.
Yansın düşmən çəpəri,
Gəzək biz Kəlbəcəri,
Sevinsin qoy Həkəri,
Yaşa, Komandan, yaşa.
Qubadlıya köç edək,
Zəngilana tez gedək.
Düşmənin ömrü gödək,
Yaşa, Komandan, yaşa.
Laçın, Şuşa ordadı,
Zirvəsi qartaldadı.
Torpağımız qaldadı,
Yaşa, Komandan, yaşa.
Qələbəyə az qalıb,
Çox yeri Ordum alıb.
Düşməni perik salıb,
Yaşa, Komandan, yaşa.
Haydı, İgidim, yeri,
Çəkilir düşmən geri.
Leş-leşə, yoxdur diri,
Yaşa, Komandan, yaşa.
Qurbanam
Yaman düşüb bu həsrətin könlümə,
Vətən, sənin torpağına qurbanam.
Budağından ayrı düşüb, saralmış,
Külək döyən yarpağına qurbanam.
Qan yaş olub gözlərimdən tökülən,
Ürəyimdən zərrə-zərrə sökülən.
Şəhidlərə kəfən olub bükülən,
O müqəddəs bayrağına qurbanam.
Sənin kimi ölkə yoxdu dünyada,
Qol açırsan doğmalara, həm yada.
Tez qutarsın birlik olaq, qan-qada
Aranına, həm dağına qurbanam.
Dildə gəzib şöhrətimiz əzəldən,
Namusumuz, qeyrətimiz əzəldən,
Harda vardı sənin kimi gözəldən,
Qırılmayan mən bağına qurbanam.
Zaman gələr birləşərik bir də biz,
Ayrı düşməz nə bir ocaq, nə bir köz.
Xaqanlarım, igidlərim bir az döz,
Turan boyda bir tağına qurbanam.
Sənə qurban Lilpar adlı balan var,
Ürəyinə dərdlərini alan var.
Əyə bilməz nə fitnələr, yalanlar,
Vətən, sənin hər çağına qurbanam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB