(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/821611.html)

Bəxtiyar Hacıyevdə polkovniki Bakıya getmək fikrindən daşındırmaq üçün məlumatlı şəxs kimi danışmalı oldu:

- Kəşfiyyat məlumatları sizin xeyrinizə deyil, polkovnik. Jozef Marko məsələsindən sonra sizə qarşı çox qəzəblidirlər.

Polkovnik əsəbi olduğundan səsinin tonunu bir qədər qaldırmalı oldu:

- Cəhənnəm olsun, Marko. Başa düşmürəm, Fərəc Ağayev də sizin kimi düşünür. O da mənə ehtiyatlı olmaq xəbərdarlığını edir.

Yaqub Qasımov:

- O haqlıdır, cənab polkovnik.

Bəxtiyar Hacıyev əsaslı faktlara istinad etməli oldu:

- Çünki həbs olunan zabit və o iki əsgərin əşyalarının arasında sizin və ailə üzvlərinizin foto şəkilləri, uşaqlarınızın hansı məktəbdə oxumaları, yaşadıqları ünvanları, bir sözlə, sizin bütün tərcümeyi-halınız aşkarlanıb. Bu sizə nə isə demir?

Polkovnik xəbəri eşidincə rəngi ağardı, bədəni titrəməyə, ürəyi döyünməyə başladı. Ayağa durdu, əlini başına qoyub, titrək səslə -bu ola bilməz Hacıyev, bu ola bilməz. Mənim uşaqlarımın, ailəmin onlara nə maneçiliyi ola bilər?- deyə cavab gözləyirmiş kimi Hacıyevə sual etdi.

- Çalışırlar ki, siz hərbidən gedəsiniz, cənab polkovnik.

- Hə, onu düz deyirsən, dəfələrlə mənə ehtiyata çıxmaq, istirahətə getmək və ya arxa hərbi hissələrin birində komandir olmaq təkliflərini veriblər.

- Görürsünüz cənab polkovnik, düyün tədricən açılmağa başlayır.

- Ölsəm də öz mövqeyimdən və prinsiplərimdən dönməyəcəyəm.

Yaqub Qasımov məsləhət verdi:

- Cənab polkovnik, müqəddəsi kitabımız Quranı Kərimdə deyilir ki, harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Bu baxımdan ölüm haqdır. Ancaq düşmənlə üzbəüz olduğumuz bir məqamda biz ölmək deyil, öldürmək haqqında fikirləşməliyik.

Bəxtiyar Hacıyev:

- Cənab polovnik siz şəxsi heyətə vətəni necə sevmək, düşməni necə məhv etməyi öyrətmisiniz. Bu isə bəzi qüvvələrin planlarına uyğun deyil…

- Ona görə də, sizi fiziki cəhətdən aradan götürmək istəyirlər- deyə Yaqub Qasımov Hacıyevin demək istədiyi, amma tərəddüd etdiyi fikirlərini dilə gətirdi.

Məmməd Cavadzadə bu sözlərdən tövrünü pozmadı:

- Mən olmasam, sizlər olacaqsınız. Amma ailəmin təhlükə altında olduğunu dərk etdiyim üçün artıq fikirləşməli olacağam.

Yaqub Qasımov:

- Bəli, cənab polkovnik, bir qədər ehtiyatlı olmalıyıq. Mehdi Qələndərlinin öldürülməsinə görə sizi günahkar bilənlər var. Həmin maraqlı tərəflər sizdən qisas almağı planlaşdırır.

Bəxtiyar Hacıyev - bəli, bunları ki, bilirsiniz, - deyə olanları xatırlatmağa çalışdı.

- Hamısını bilirəm, Hacıyev. Amma kimlərin mənə qarşı hansı məkrli niyyətdə olmasının heç fərqində deyiləm.Yəqin ki, hərbi nəzarət idarəsi, eləcə də prokurorluq həbs olunan o iki əsgər və zabitlə bağlı sənin də, mənim də düşündüyümüz problemli məsələlərə aydınlıq gətirəcəklər.

Yaqub Qasımov ehtimallarını dilə gətirməli oldu:

- Qorxuram ki, kimlərsə o həbs olunan şəxslərin himayədarına çevrilsinlər.

- Bu mümkün deyil. Mən bu dəqiqədən etibarən həbs olunan şəxslərin istintaq prosesi ilə bağlı məsələləri nəzarətə götürəcəm.

Bəxtiyar Hacıyev:

- Bu lap yaxşı olar, cənab polkovnik.

- Amma hər halda, siz ehtiyatlı olun. Ailənizin də təhlükəsizliyi üçün onları müəyyən qədər təlimatlandırın.

- Yaxşı, Hacıyev, məsləhətlərinə görə sağ ol. İndi sən mənə de görüm ordu uğurlu əməliyyatları davam etdirməyə hazırdırmı?

- Bəli, cənab polkovnik hər şey hazırdır. Bütün tağım, bölük, alay və briqadalarda əməliyyatın uğurlu alınması üçün şəxsi heyət arasında böyük əhval-ruhiyyə mövcuddur.

Polkovnik:

- Bu çox yaxşı. Martın 21- i əməliyyat keçirib, Sərsəng su anbarını eləcə də, Ağdərəni düşməndən azad edərik. Bu, xalqımıza Novruz bayramı hədiyyəmiz olar. Bundan sonra Xankəndinə daxil olmağımız çətin olmayacaq.

Yaqub Qasımov qələbə müjdəsini eşidincə, uca səslə - inşallah- deyə bildirdi.

Söhbətin bu yerində Məmməd Cavadzadə ayağa durdu, bu isə artıq müzkirənin yekunlaşdığı demək idi.

Bəxtiyar Hacıyev sağollaşıb, qapıya doğru addımlayarkən, arxadan Məmməd Cavadzadənin səsi eşidildi:

- Hacıyev, Talıbdan nə xəbər var?

Bəxtiyar Hacıyev geri çevrilib, komandirin oturduğu masaya yaxınlaşdı.

- Cənab polkovnik, kəşfiyyat ötən gecə 15-20 nəfərlik mülki geyimli qadın, kişi və uşaqların bir neçə nəfər silahlının müşayiəti ilə Ballıca qayanın ətəyindən Çinarlıya doğru hərəkət etdiklərini görüb.

- Necə - necə? Yəni, deyirsən o Talıb ola bilər?

- Başqa kim ola bilər ki, cənab polkovnik? Yəqin ki, yaxın saatlarda Talıb yanınızda olar.

- Bu yaxşı xəbərdir Hacıyev.

Yaqub Qasımovda sevincək halda söyləndi:

- Deməli, Talıb artıq ermənilərin belini qıran bir əməliyyata imza atıb?

Korpus komandiri:

- Amma mən heç inanmırdım. Düşünmürdüm ki, iki erməni kəndini keçib, korpus komandirinin evinə daxil olub, oradan qənimətlə geri qayıtmaq mümükün olsun. Amma onlar bacardılar. Əhsən, əhsən belə oğullara!

- Cənab polkovnik başqa bir kəşfiyyat məlumatına görə, Erkiş kəndindən Qara qayaya doğru erməni hərbi dəstələri hərəkət edir. Ola bilər ki, Samvelin dəstəsidir, Talıbı izləyirlər.

Məmməd Cavadzadə bu məlumatı eşidən kimi cəld ayağa durub Hacıyevə yaxınlaşdı.

- Deməli, Samvel Talıbı izləyir. Təcili tədbir görmək lazımdır. Fərəc Ağayevlə əlaqə saxla, dərhal Talıbın hərəkət edə biləcəyi ərazi üzrə kömək dəstəsi göndərsin.

-Baş üstə cənab polkovnik onu edərik.

Korpus komandiri Talıbla bağlı eşitdiyi xəbərdən sevincək olmuşdu. Əlini əlinə vurub, şövq ilə - bu Samvel Xaçaturyanın və bütün Daşnakstyun terrorçularının belinin qırılması deməkdir, - deyə gülə-gülə söyləndi. Sonra da Bəxtiyar Hacıyevə üzünü tutub:

- Hacıyev, mən səhəri gözləyə bilməyəcəm, elə bu gecə Bakıya çıxıram. Sən isə dediyim kimi, Fərəc Ağayevlə əlaqə saxla, qoy Talıba köməyə dəstə göndərsin.

Bəxtiyar Hacıyev narahat oldu:

- Cənab polkovnik, artıq gecə düşür, sizin Bakıya yola çıxmağınız, təhlükəli ola bilər. Ona görə də “gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır” deyiblər.

Yaqub Qasımovda polkovniki fikrindən daşındırmağa çalışdı:

- Polkovnik, tərslik etməyin, Bakı qaçmır ki, eybi yoxdur, get, amma səhər.

Polkovnik israr etdi:

- Yox, mən getməliyəm, Talıbın bu cür qəhrəmalığı məni daha da ruhlandırdı.

Bəxtiyar Hacıyev komandirin gecə vaxtı yola çıxmasının qarşısını almaq üçün uğursuz cəhd etdi:

- Cənab polkovnik bəlkə də o, dəstə Talıb deyil.Çoban-çoluq, qoyun-quzu sahibləridir yol keçirlər.

- Uşaqlıq etmə Hacıyev, çoban-çoluqda silah, avtomat, hərbi geyim-kecim olur? Bu elə Talıb olacaq. Mən artıq əminəm ki, o Talıbdır.

Korpus komandiri fikrini tamamlayıb, - Ağayev, Ağayev - deyə səsləndi.

Sanki qapının ağzında onu dinləyirdilər, dərhal Yavər Ağayev içəri daxil olub,- əmrinizlə gəlmişəm cənab polkovnik, - deyə məlumat verdi. Korpus komandiri Ağayevə üzünü tutub dedi:

-Ağayev Bakıya gedirik, amma sürücü qalsın, maşını özün idarə elə.

- Baş üstə cənab polkovnik, mən maşını işə salıb, sizi gözləyirəm.

Bəxtiyar Hacıyev isə çarəsiz şəkildə korpus komandirinə baxdı. Artıq onu fikrindən döndərə bilməyəcəyini də dərk etmişdi. Yaxınlaşıb, onu qucaqlayıb qardaş məhəbbəti ilə öpdü. Polkovnik təəccübləndiyindən, Hacıyevin üzgün simasına baxıb dedi:

- Hacıyev, narahat olma. Bir gün sonra yenidən burda görüşəcəyik.

Hacıyev dərindən, yanıqlı ah çəkib, dedi:

- Cənab polkovnik, Allah amanında.

Polkovnik:

- İnşallah hər şey yaxşı olacaq.

Hacıyev ağzını açıb. Amm... dediyi zaman korpus komandiri ona fikrini tamamlamağa imkan vermədi:

- Amması yoxdur, Hacıyev, mən bu gecə Bakıya çıxıb, səhər Müdafiə Nazirliyində olacam, Qərargah rəisi ilə görüşüb, hərbi durum, əməliyyat barədə, eləcə də özüm və ailəmlə bağlı olan məsələləri onunla müzakirə edəcəyəm. Düşündüklərimi və fikirləşdiklərimi təxirə sala bilmərəm. Sabah axşam geri qayıdıb, növbəti gün əməliyyatın vaxtını müəyyənləşdirmək üçün hərbi şuranın iclasını keçirərik.

Korpus komandiri fikrini tamamlayıb qapıya yaxınlaşdı.

Həyətə çıxınca, Yaqub Qasımov da artıq komandiri gözləyən villisə yaxınlaşdı. Əlini uzadıb, maşının arxa qapısını açdı - mən də səninlə yol yoldaşı olacağam, yəqin etiraz etməzsən, - deyə bildirdi və komandirin nə cavab verəcəyini gözləmədən, keçib maşının arxa oturacağında əyləşdi. Polkovnik, bir söz demədi, başını yelləyib, gülümsədi. Köməkçiləri və zabit heyəti polkovniki maşına minib, yola çıxana qədər müşayiət etdilər. Bəxtirar Hacıyev isə narahat idi. O sanki donmuşdu, dinib danışmırdı. Qeyri-ixtiyari gözlərinin dolduğunu, hiss etdi. Elə bil ürəyinə dammışdı, nəsə olacaq. Düz deyiblərmiş, sevdiklərinin üzləşəcəyi faciələr əzizlərinə əvvəlcədən bəlli olur. Villis düşməndən təmizlənən Əskərən qəsəbəsinin çala-çuxur yolunu keçib, Naxçıvanikə istiqamət aldığı məqamda böyük gurultu qopdu. Ah-nalə səsi eşidildi - Komandiri vurdular. Bəxtiyar Hacıyev acı xəbəri sona qədər eşidə bilmədi. Onu tər basdı, dizləri üstə yerə çöküb, var gücü ilə qışqırdı- Allahım, bu zülmü niyə götürürsən!

*** *** ***

Alay komandiri Fərəc Ağayevdən eşitdiyi xəbər Talıbı tam sarsıtmışdı. İnana bilmirdi. Necə yəni, korpus komandiri Məmməd Cavadzadə atəşə tutulub, maşını partladılıb. Talıb oturduğu stolda önündəki masaya alnını söykəyib, iki əli ilə başını tutdu. Onu hıçqırıq bürümüşdü, için-için ağlayırdı. Fərəc Ağayev onu toxtatmağa, sakitləşdirməyə çalışsa da Talıb özünə gələ bilmirdi. Bir neçə saniyə sonra hıçqırığını kəsən Talıb başını qaldırıb Fərəc Ağayevin üzünə baxmadan - bu necə ola bilər axı, kəşfiyyat harada idi, mühafizəçilər nə işlə məşğul idilər - deyə artıq neçənci dəfə idi ki, eyni sualı təkrarlayırdı. Fərəc Ağayev Talıbı başa düşdüyündən növbəti dəfə səbirlə onu başa salmağa çalışdı.

Talıb ayağa durub, yanaqlarından çənəsinə doğru süzülən göz yaşlarını, ovcunun içi ilə silib, bu ağsaqqal, müdrik komandirin üzünə narahat baxışlarla baxıb dedi:

- Fərəc əmi, biz itirə-itirə gedirik. Bunun sonu olacaqmı?

Söz Fərəc Ağayevi tutduğundan bir anlıq nə cavab verəcəyini bilmədi.

Xəyaldan onu Talıbın əlini onun qoluna toxundurması ayıltdı:

- Fərəc əmi, sizinləyəm bunun sonu olacaqmı?

Fərəc Ağayev - mən də bilmirəm, - deyə çarəsiz şəkildə Talıbın sualına cavab verdi.

Talıb da deyəsən, Fərəc Ağayevi başa düşdü. Ona görə də sualları ilə onun üstünə çox getmək istəmədi. Bir daha Məmməd Cavadzadənin sağlamlıq durumu ilə maraqlanmaq üçün sual etdi:

- Fərəc əmi, yaşamağına ümid varmı?

- Göydə Allaha, yerdə həkimlərə ümid bəsləyirik. Hazırda Ağdam xəstəxanasındadır, oradan da Bakıya aparacaqlar.

Talıb bir anlıq fikrə gedib, Fərəc Ağayevə növbəti sualını verdi:

- Yəqin, Məmməd Cavadzadə sağ qalsa belə, bu yerlər bir daha onun səsini eşitməyəcək, eləmi?

Fərəc Ağayev Talıba ümid vermək üçün dedi:

- O, öz məsləhətlərini ehtiyatda olduqdan sonra da verməkdə davam edəcək. Onun xarakterinə bələdəm, yenə də, məsləhətləri ilə bizimlə bir yerdə olacaq.

Talıbın əsəbi səsi eşidildi. - Məmməd Cavadzadənin olduğu maşını vurmaq Samvelin işidir, onu mütləq öldürmək lazımdır, - deyib stolun üstündəki tapançasını götürdü.

Fərəc Ağayev ağsaqqal məsləhəti verdi.

- Oğul, sövdələşmə, razılaşma olub. Görüş silahsız olmalıdır.

Talıb bir anlıq susdu. Sonra da tapançanı götürdüyü yerə qoydu.

Fərəc Ağayev köməkçisi Şahmar Quluyevi çağırmaq üçün Şahmar, Şahmar - deyə- iki dəfə səsləndi. Otağa çavuş libasında ucaboy, enlikürək, qıvrımsaç gənc daxil oldu. Hərbi salam verib, - əmrinizlə gəlmişəm cənab komandir, - dedi.

Fərəc Ağayev sual etdi:

- Erməni zibillərinin bizim sırxavəndli girovlarla dəyişdirilməsi üçün hazırlıq yekunlaşıbmı?

Gənc Çavuş - bəli, cənab komandir, - deyə bildirdi. Dərhal da əlavə etdi:

- Bütün lazımi işlər yekunlaşıb, artıq erməni tərəfi dəyişdiriləcək sırxavəndlilərin tam siyahısını bizə təqdim edib. Biz də onlara Talıbın gətirdiyi girovların tam siyahısını vermişik. Sarı bulaq istiqamətində dəyişmənin insidentsiz başa çatacağına ümid bəsləyirik.

Fərəc Ağayev bir daha göstəriş verdi:

- Ehtiyatı əldən verməyin. Ətrafa snayperlər yerləşdirilməsi yaddan çıxmasın. Mən də indi girovların dəyişiləcək yerə gedirəm.

- Oldu, cənab komandir, - deyə çavuş bildirdi.

Talıb Fərəc Ağayevlə köməkçisi arasında gedən söhbəti sanki eşitmirdi. Fikri, xəyalı mühafizəçinin və Yaqub Qasımovun ölümü, Məmməd Cavadzadənin isə, ağır yaralanması ilə nəticələnən terror aktı çevrəsində cövlan edirdi. O fikirləşirdi ki, əgər bu yerlərin hər qarışına, cığırına bələd olan, hər cür döyüş taktikasına yiyələnən, hərbi biliyə, savada malik komandiri sıradan çıxardırlarsa, deməli, onları aradan götürmək, zərərsizləşdirmək daha asan olar. - Mən getməliyəm - öz-özünə qərar verdi.

Deyəsən, Fərəc Ağayev onun pıçıltı ilə dediyi sözləri eşitmişdi. Köməkçisi otaqdan çıxınca - oğul, başa düşmədim hara getmək fikrindəsən, - deyə sual dolu nəzələrlə Talıba baxdı.

- Qeyri-bərabər ədalətsiz bir döyüşdür. Bilmirik özümüzü öndən gələndən qoruyaq, yoxsa arxadan vurulacaq zərbədən müdafiə olunaq. Çarəsiz və çıxılmaz bir vəziyyətdəyik.

- Nahaq elə fikirləşirsən. Azərbaycan ordusu formalaşmaqdadır. Hərbiyə yeni-yeni bilikli, savadlı insanlar gəlməkdədir. Sən də bizim aramızda olacaqsan, bir yerdə düşməni gəldiyi yerə qədər qovacağıq.

- Bağışlayın, Fərəc əmi, bu mənlik deyil.

- Başa düşmədim, sən yəni gedirsən?

- Bəli, mən ailəmin və nəslimin qisasını aldım. Növbə erməni vəhşiliyindən əziyyət çəkən digər insanlarındır.

- Kobud səhvə yol verirsən. Fərdi qaydada aparılan döyüş bizim üçün xeyirli olmaz. Bölə-bölə bizi məhv edərlər, bunun fərqindəsən?

Talıb gözlərindən süzülən yaşı silib dedi:

- Partizan hərəkatı olsun. Qoy, ailələr, kəndlər dağlara çıxsın, meşələrdə gizlənsin, erməniyə qarşı müharibə aparsın, döyüş keçirsin. Erməni kəndlərinə, qəsəbələrinə hücum edib, onları qorxu, vahimə içində saxlasın.

Fərəc Ağayev onu başa düşsə də həmrəylik nümayiş etdirmədi, məsləhət verdi.

- Oğul, artıq Böyük Vətən Müharibəsi deyil ki, ucu-bucağı görünməyən Rusiya çöllərində partizan hərəkatı təşkil etməklə faşizmə qarşı döyüş aparılsın.

- Mümkün olmayan iş yoxdur.

- Qarabağ partizan hərəkatı üçün münasib ərazi deyil.

- İstəsək edərik. Necə oldu ki, biz 5 nəfərlə böyük bir ərazini qət edib, Samvelin ailəsini girov götürdük. İndidə onları azad etməyimiz qarşılığında Sırxavənddən əsir və girov götürülən insanlara, eləcə də mənim kənddə evimizin həyətində dəfn edilən atamın, bacımın və dayımın cənazələrinə dəyişirik.

Fərəc Ağayev:

- Bunu bir şansa bağlayaq. Qar-çovğunlu hava əməliyyatınızın uğurla başa çatmasına yardımçı oldu.

- Başqaları da bizim kimi hərəkət etsə, nəticə olar.

- Mən belə düşünmürəm. Ən yaxşısı vahid komandanlıq altında birləşməyimizdir.

- Mən o orduda ola bilmərəm.

Fərəc Ağayev:

- Başa düş ki, çoxsaylı özünümüdafiə batalyonları ləğv edilir və əvəzində düşməni yerində oturda biləcək vahid ordu yaradılır.

Fərəc Ağayev səsinin tonunu bir qədər aşağı salıb sakit səslə dedi:

- Oğul, Samvel ilə görüş ərəfəsində istəmirəm ki, sən gərginlikdə olasan. Özünü topla və hazırlaş.

Talıb çox ciddi görüş ərəfəsində olduğunu və təqribən 35-40 dəqiqə sonra Samvellə üz-üzə, göz-gözə gələcəyini anladı. Ona görə də söhbətin mövzusunu dəyişmək üçün dedi:

-Çox istərdim ki, onunla görüşdə təpəsinə bir güllə vurub, cəhənnəmə vasil edim.

- Özünü ələ al, nəzərə al ki, ətrafda onların snayperli əsgərləri olacaq.

- Olsun. Bilərəm ki, bir yaramazı, bir şərəfsiz ermənini də yer üzərindən silə bildim.

- Talıb, hissə qapılma. Ermənilər ancaq Samveldən ibarət deyil. Samvel ölsə, başqa bir Samvel ortaya çıxacaq. Lazımdır ki, onların mərkəzini dağıdıb, yuvalarını alt-üst edək. Silah verənlərini, təlimat, göstəriş verənlərini məhv etmək, sıradan çıxarmaq lazımdır.

- Bu, dövlətin vəzifəsidir.

- Dövlət də səndən, məndən ibarətdir.

- Fərəc əmi, mövzunu qapatsaq yaxşı olar, yenə deyirəm, mən anamı, qardaşımı girovluqdan azad etdikdən sonra, bu yerlərdən çıxıb gedəcəyəm.

- Hara gedəcəksən?

- Bilmirəm, hara gedəcəm, amma gedə-cəyəm. Dediyiniz o, vahid ordu yaradılsa, onun sıralarında xidmət edərəm. Amma unutmayın ki, ermənini məhv etmək, birdəfəlik susdurmaq üçün partizan hərəkatına ehtiyac var.

- Sən öz fikrində qal, mən də öz fikrimdə, hələlik isə görüşə hazırlaş.

Fərəc Ağayev sözünü deyib, ayağa durdu. Talıbı qucaqlayıb, bağrına basdı, üzündən öpdü. Göstərdiyi şücaətə, qəhrəmanlığa görə minnətdarlığını bildirdi. Samvel kimi qaniçənin evinə girib, onu mənən, ruhən məhv etməyin böyük bir qələbə olduğunu söylədi.

Talıb da göstərdikləri dəstəyə görə sağ ol dedi. Bir daha terror qurbanı olan qardaşı oğlu Yavər Ağayevin vəfatı il bağlı ona başsağlığı verdi. Fərəc Ağayev - şəhidlərimizə rəhmət – deyib, nəmlənən gözlərini sildi. Səsi titrəyə-titrəyə sonuncu dəfə Talıba məsləhət verdi:

- Səni yenə də dostun Alı Məmmədov müşayiət edəcək, amma o çalışacaq ki, Samvel onu görməsin.

- Olsun, - başını aşağı salan Talıb dilucu söyləndi.

Bundan sonra Fərəc Ağayev otağı tərk etdi. Talıb isə hazırlığa başladı.

Ağ yun jaketinin üstündən qalın qara rəngli gödəkcəsini geyindi. Razılaşmaya əsasən, başına ağ papaq qoydu. Ehtiyat üçün razılaşmanın əksinə olaraq tapançasını belinə bağladı. Yaxınlaşıb pəncərədən ətrafı seyr etdi. Külək, çovğun kəssə də qar yenə yağmaqda idi. Amma əvvəlkinə nisbətən yağan qar, seyrək və narın idi. Otağa bir daha nəzər yetirdikdən sonra çölə çıxdı. Həyətdə əsgərlər ora-bura vurnuxurdular.

Mürsəl, İlkin, Alı Məmmədov da baş-başa verib, nədənsə söhbət edirdilər. Talıbı görən kimi ona yaxınlaşdılar. Salam-kalamdan sonra görüşdən söhbət açdılar. Mürsəl yenə də xasiyyətinə uyğun olaraq ona görüşə tək getməməsini məsləhət gördü. Alı ilə İlkin də eyni fikirdə olsalar da Talıb fikrində qərarlı idi. Kişi kimi sözünün üstündə durmalı və Samvellə təkbətək görüşməli idi. O iki gün öncə, aparılan intensiv danışıqlarda əldə olunan razılaşmanı poza bilməzdi. Bu onun zəifliyi, qorxaqlığı kimi yozulardı. Talıb isə erməninin qarşısında aciz durumda olduğunu göstərə bilməzdi. Ona görə də yenə də dostlarına - siz burada qalın, - deyə qəti sözünü dedi. Daha sonra İlkin, Mürsəl və Alı Məmmədovla qucaqlaşdı. Gözləri ilə Fərəc Ağayevi aradı. Görə bilmədi. Diqqətlə ətrafa nəzər yetirəndə, Fərəc Ağayevin girovların dəyişdirilməsi üçün artıq, Sarı bulaq istiqamətində olduğunu gördü. Təskinlik tapdı, sevindi də, zəhmətləri, həyatlarını riskə atmaları əbəs olmayıb. Yaxın dəqiqələrdə sırxavəndli əsir və girovlar, o cümlədən anası və qardaşı azad ediləcəklər. Talıb nəzərlərini girovların dəyişdiriləcəyi nöqtədən çəkib dostlarından aralandı. Görüşün keçirilməsi üçün nəzərdə tutulan Sarı bulağın alt hissəsindəki şum sahəsinin yanındakı çinar ağacına tərəf addımladı. Artıq Samvel də nişan verilən yerə doğru addımlayırdı. Talıb ehtiyatla şum sahəsinin suvarılması üçün qazılan arxı keçib, uçuq-sökük gözətçi damının yanında ayaq saxladı. Oradan müəyyənləşdirilən görüş yerinə 20-30 metrlik yol qalırdı. Ətrafa nəzər saldı, sakitlikdi. Şübhəli nəsə gözə dəymirdi. Öz-özünə fikirləşdi ki, Fərəc Ağayev düz deyir, yəqin kolun- kosun, daşın arxasında erməni snay-perləri gizləniblər.

- Cəhənnəmə gizlənsinlər, dəyişmə yekunlaşdıqdan sonra Samveli cəhənnəmə göndərib, aradan çıxaram, - deyə söyləndi. Amma tez də fikrini dəyişdi.

- Yox, atışma yenicə yaranan sakitliyin pozulmasına və aktiv döyüşlərin başlanmasına rəvac vermiş olar.

Talıb beynində çox get-gəl etdi. Bu fikirlərlə də artıq çinar ağacının altında dayanıb, onu gözləyən Samvelə yaxınlaşdı. Talıb Samveli ilk baxışdan tanıya bilmədi. Üzləşdiyi faciədən onun beli bükülmüş, arıqlamış, ağlamaqdan gözləri şişmişdi. Bu özündən razı, təkəbbürlü, iddialı ermənidə yazıq, bədbəxt bir insan görkəmi qalmışdı. Üz-üz dayanınca Samvel Talıba qəzəblə baxıb, əsəbi formada qışqırdı:

- Sən, gecə quldurları kimi davrandın. Evimə basqın edib, yaşlı atamı-anamı öldürüb, sonra da yandırdın. Ailəmi girov götürüb, əzablara, işgəncələrə düçar etdin. Bunun bədəlini mütləq ödəyəcəksən...

Talıb ona fikrini tamamlamağa imkan vermədi, sözünü kəsib, bu dəqiqə yumruqla onun çənəsinə zərbə endirəcəymiş kimi əl- qolunu yelləyib, sərt şəkildə dedi:

- Gecə oğrusu və quldurbasan sən və sənin terrorçu dəstən idi ki, toyumu yasa çevirdin. Atamı, bacımı, nişanlımı öldürüb bizə dağ çəkdin, anamı, qardaşımı girov aparıb, bizə acılar yaşatdın. Sən cavab verməli idin, amma yerinə ailən, əzizlərin qurban getdi. Amma gün gələcək ki, sən də cavab verəcəksən.

- Mən müharibə qanunlarına uyğun hərəkət etmişəm. Müharibə meydanında, döyüşdə qələbə qazanıb, uğur əldə etmişəm. Qənimətimiz isə sizin torpaqlar, var-dövlətiniz və insanlarınız olub.

- Siz dünyanın hansı rəngdə olduğunu dərk etməyən körpə uşaqları öldürdünüz, yaşlı kişi və qadınları işgəncə ilə məhv etdiniz. Bu, müharibə qanunlarıdır?

Samvel üzgün və ağır durumda olmasına baxmayaraq özünü qürurlu göstərməyə çalışdı. Elə eyni təkəbbürlə də Talıba cavab verdi.

- Qalibləri səndən fərqli olaraq mühakimə etmirlər, alqışlayırlar. Qalib əsgər qənimət əldə edirsə, onunla necə davranmağı da özü müəyənləşdirir.

Samvel danışdıqca, Talıb yumruğunu düyünlədi, bir anlıq düşündü ki, bu şərəfsizi bir fəndlə yerə yıxsın, ağzını əzib, sonra da təpəsinə bir güllə vursun. Amma tez də fikrini dəyişdi. Başa düşdü ki, adi ehtiyatsızlıq Məmməd Cavadzadənin komandanlıqda olmadığı bir vaxtda, kütləvi qan tökülməsinə gətirib çıxara bilər. Ona görə də səbrlə dedi:

- Müharibə qanunlarına görə, mülki insanlara toxunulmur. Əziyyət çəkənlərə, darda olanalara kömək edilir, yardım göstərilir. Bu ənənənə min illərdir ki, var və bu gündə dünyanın münaqişəli bölgələrində tətbiq olunmaqdadır. ..

Samvel Talıbın sözünü kəsmək istədi, amma Talıb əlini ona silkələməklə sözlərini davam etdirdi:

- Sizlər vandalizm aktları törədirsiniz. İnsanları kütləvi şəkildə qətlə yetirməklə, mədəniyyət nümunələrini, tarixi abidələri də dağıdırsınız.

- Mən dediyin o müharibə qanunlarını nə oxumuşam, nə də eşitmişəm.

- Sənin öldürməkdən, qan tökməkdən özgə bildiyin varmı? Düz deyiblər ermənidən insanlıq ummaq sadəlövhlük olar. Amma bil ki, ən böyük humanizm insanlıq qanunudur.

Samvel sanki, bu fikri gözləyirmiş, əfi ilan görkəmi alıb, ağzı köpüklənə - köpüklənə dedi:

- Hansı insanlıq qanunundan danışırsan ki, qoca atamı, anamı yatdıqları çarpayıda öldürüb, sonrada yandırdın. Bir yaşlı körpə uşağıma işgəncə verib, onu günlərlə ac saxladın. Hansı insanlıq qanunundan danışırsan ki, girov apardığın qadınları kütləvi şəkildə zorlayıb, döyüb, təhqir edib, video lentlərə çəkmisən.

Talıb bu bədbəxti başa salmaq üçün ona bir addımda yaxınlaşdı, üzbəüz dayandılar. Hətta nəfəsləri belə bir-birinin üzlərinə dəydi. Talıb şəhadət barmağını onun sinəsinə qoyub, dedi:

- Siz ermənilər tarixi saxtalaşdırmağa cəhd etdiyiniz kimi, xalqlara qarşı irəli sürdüyünüz şər və böhtanlarınızlada saxtakarlığınızı davam etdirirsiniz. Danışdıqların da növbəti saxtakarlıqlarınızdan biridir.

- Siz azərbaycanlılarda aydan arı sudan duru deyilsiniz.

- Hər halda, sizlərdən üstün, kamil və müdrik xalqıq. Başqalarının torpağında da gözümüz yoxdur.

- Amma gecə arvad, uşaq üstünə hücum edib, onları öldürməyi bacarırsınız.

- Özün bilirsən ki, bizim davamız arvad uşaqla deyil.

-Mənim evimə hücum çəkməyinin adı nədir bəs?

- Sən mənim ailəmi məhv etdin, dağıtdın, o kənddəki uşaqlıq, gənclik xatirələrimi əlimdən aldın. Qarşılığında mən də sənə yaşadığım acıları, keçirtdiyim iztirabları, düşdüyüm agır durumu yaşatmağa qərar verdim və qərarımı da yerinə yetirdim.

Samvel nifrət dolu nəzərlərlə Talıba baxıb, kinayə ilə dedi:

- Bu halda insanlıq qanunundan danışma.

Talıb, onun dediyinə fikir vermədən sözünə davam etdi:

- Sənin etdiyin vəhşiliklərin bədəlini təəssüf ki, əzizlərin, yaxınların ödədilər. Amma gec-tez sən də layiq olduğun cəzanı alacaqsan.

Samvel özünü o yerə qoymadı:

- Biz yaxın vaxtlarda işğal etdiyiniz Əskəranı, Şaumyanı, Naxçıvaniki, Şöş və Xramortu, Xanabadı və digər əraziləri azad edəcəyik. Yevlaxa, Gəncəyə qədər gedib çıxacağıq. Yerin deşiyində də olsan, sən Talıbı tapıb, cəzanı verəcəyəm.

Talıbı acı gülüş bürüdü. Qaşlarını çatıb, barmağını silkələyib dedi:

- Biz artıq Ağdərəni, Sərsəng su anbarını nəzarətə götürmüşük. Yaxın günlərdə Xankəndində olacağıq, az sonra Zəngəzurda, Göyçədə bizim əsgərlər küncdə-bucaqda gizlənən sənin kimiləri tutub, ədalət mühakiməsinə verəcək. Tələsməyin, o gün heç də uzaqda deyil.

Samvel hədədən qorxsa da, hislərini büruzə verməməyə çalışdı. Amma əllərinin əsməyindən, solğun üzünün bir qədər də saralmağından, onun çox ciddi təlaş keçirdiyi sezilirdi. Sağına-soluna, onlardan girovların dəyişdirilməsi işarəsini gözləyən Sarı bulaq tərəfdə dayanan adamlara tərəf boylandı.Yenidən Talıb baxıb, dedi:

- Xəbərin olsun ki, biz öz qüvvələrimizi dostlarımız hesabına möhkəmlətmişik. Gücümüzün isə necə dəhşətli olduğunu sizə göstərəcəyik.

Talıb xatırlatma etdi, misal çəkdi:

- Bizdə bir el məsəli var, deyirlər it niyə hürürsən, deyir qorxuduram. Deyirlər onda niyə quyruğunu bulayırsan, deyir qorxuram. İndi siz ermənilər də, quyruğunu bulayan itə oxşayırsınız. Rusa, iranlıya, gəlmə muzdlu dəstələrə arxalanıb, torpaq qəsb etmək iddiasına düşmüsünüz. Arzularınız gözünüzdə qalacaq.

- Sizin kəndə heç bir kənar qüvvənin dəstəyi olmadan gəlmişdim. O biri kəndlərinizə də rusların iştirakı və köməyi olmadan gedəcəyik.

- Hər halda, sizi təlimatlandıran, silah-sursat verən rusdur. Canlı qüvvələriniz olan muzdurlar isə xarici ölkələrdən gəlir... Nə isə gəl işarə verək, girovların dəyişdirilməsi başa çatdırılsın.

Sözünü bitirən kimi, Samvel bir anlıq çevrilib, onların işarəsini gözləyən dəyişmə nöqtəsinə baxdı, sonra da ağ papağını çıxardıb, yuxarı qaldırdı. Talıb da eyni hərəkəti etdi. Bu isə artıq girovların dəyişdirilməsinə başlamaq əmri demək idi.

Əsgərlərin, eləcə də mülki şəxslərin hərəkətə gəlməsi girovların dəyişdirilməsinə start verilməsindən xəbər verirdi.Talıb bir qədər rahatlıq tapdı. Deməli, yaxınları əsirlikdən azad olunur, ölən doğmalarını dəfn-kəfin edə biləcəklər.

Samvel aşağı əyilib, qardan bir ovuc götürdü. Əllərini qar ilə təmizlədikdən sonra əvvəlki iddialı, təkəbbürlü fikirlərindən fərqli olaraq zəif pıçıltılı səslə dedi:

- Talıb, sən qalib gəldin, tatamidə olduğu kimi. Sən topun, tüfəngin bacarmadığını, bir ordunun göstərə bilməyəcəyi şücaəti, qəhrəmanlığı etdin.

Talıb erməni hiyləgərliyinin işə düşdüyünü anladığından nəsə baş verəcəyini təxmin etdi və bir qədər diqqətli olmağa qərar verdi. Özünü toplayıb, ehtiyatla Samvelin hərəkətlərini izləməyə, eyni andada ətrafı nəzərdən keçirməyə başladı.

Samvel isə titrək səslə fikirlərini davam edirirdi:

- Talıb, müharibə mənim hər şeyimi əlimdən aldı. Atamı, anamı, qardaşımı, bacımı məhv etdi, isti ocağımı dağıtdı. Üstümüzdə yüz illər sonra belə götürülməsi mümkün olmayan ləkə qaldı.

Talıb, tövrünü pozmadan dedi:

- Mən qisasımı aldım. Bil ki, sabah başqa talıblar meydana çıxacaq. Onlar sizlərdən, sənin qonşundan, qohumundan, kəndçindən, şəhərlindən öz qisaslarını alacaqlar. Bu, mütləq olacaq.

- Bilirəm, bilirəm, - deyə Samvel yazıq-yazıq söyləndi. Sonra da dedi:

- Mən 1 yaşlı uşağımı da götürüb, bu yerlərdən gedirəm.

- Özün bilərsən, qalsan hansısa baxımsız, gözdən-könüldən uzaq bir yer sənin qəbrin olacaq.

Samvel əlində tutduğu papağını başına qoyub, sağollaşmadan Talıbdan aralandı. Ancaq iki addım atmamış çəld hərəkətlə geri çevrilib, belindən çıxartdığı tapançasını Talıba tuşladı. Söz demək istəyərkən Alı Məmmədov gizləndiyi kolun arxasından çıxıb, sinəsi ilə Talıbın qarşısını kəsdi. Eyni anda da tapançasını Samvelə tuşlayıb, iki dəfə atəş açdı. Gurultu qopunca hər iki tərəfin bir-birinə tuşladığı silahlar işə düşdü. Bu məqamda Talıbla, Samvelin hərəkətlərini izləyən erməni sınayperçilərinin atdığı güllə Alı Məmmədovun sinəsinə dəydiyindən, o, bir anlıq səntirlədi, sonrada dizləri üstə yerə çökdü. Çaşqın halda olan Talıb ilk öncə silahını belindən çıxarıb, hələ də yaralı olan Samvelə ardıcıl bir neçə dəfə atəş açdı. Alı isə . - Mən ölürəm Talıb, - deyib gözlərini yumdu, ani sonra güclə də olsa göz qapaqlarını qaldırıb Talıba baxdı, pıçıltı ilə - bu məktubu anama, verərsən, Aysuna da deyərsən ki, məni bağışlasın, hərənin bir qisməti var, onun qisməti Qarabağ müharibəsində şəhid oldu - deyib ovcunda tutduğu məktubu Talıba uzatdı. Talıb məktubu alıb, şalvarının yan cibinə qoydu, sonrada vaxt itirmədən Alını döyüş meydanından çıxartmaq üçün onun gödəkcəsindən tutub, sürüyə-sürüyə gözətçi daxmasının arxasına gətirdi. - Alı, Alı - deyə dostunu səslədi. Səs çıxmadığını görüb, onun boynunu qucaqlayıb, hıçqırtı ilə ağladı.- Mən sənə minnətdaram Alı. Sən şirin canını mənə görə qurban verdin. Haqq dünyasında səndən halallıq istəyəcəm. Ruhun şad olsun qardaşım. Allah sənə rəhmət eləsin - deyə ağlaya-ağlaya söyləndi.

Az sonra əsgərlərin köməkliyi ilə Alı Məmmədovun cənazəsi və Talıb döyüş meydanından çıxarılıb, Gülab talasına gətirildi. Talıb sakitləşmək bilmirdi, Alını itirdiyinə görə, için-için ağlayırdı. Onları əhatəyə alan əsgər yoldaşlarıda Alı Məmmədovun ölümündən üzülürdülər. İki bir-üç bir kənara çəkilib, göz yaşı tökürdülər. Fərəc Ağayev əsgərlərin arasından keçib, Talıba yaxınlaşdı. Əlini onun çiyninə qoyub, Alı Məm-mədovun ölümünə görə hər kəsə baş sağlığı verdi. Sonra da köməkçisi Şamxala Alı Məmmədovun cənazəsinin məscidə aparılıb, dini ənənələrin icrasından sonra evlərinə yola salınması göstərişini verdi. Əsgərlər son dəfə öz dostluq borclarını yerinə yetirmək üçün, Alının cənazə-sinə yaxınlaşdılar, onu çiyinlərinə qoyub, kənd məscidinə doğru hərəkət etdilər. Talıb isə üzgün şəkildə əsgərlərin Alı Məmmədovun cənazəsini götürüb, aparmalarına baxdı. - İndi Oruc Muradovla, Alı Məmmədovun ruhları da birləşəcəklər. Allah sizlərə rəhmət eləsin, - deyə Talıb pıçıltı ilə öz-özünə söyləndi. Bu zaman qarşı tərəfdən - Talıb, ay Talıb, ay oğul - deyən səs eşidildi. Səs Talıba doğma gəldi, diqqətlə baxanda anasını tanıdı. Onun yanındakı qardaşı Azər idi. Arxadan isə Şamil və bacısı Məsmə gəlirdi...

Talıb, onlara yaxınlaşdı. Qəm-qüssə dəryasında olan ailə bir-birini görəndə, bir o qədər sevinmədilər. Çəkdikləri dərdləri çox ağır idi. Bu dərddən, qəm-qüssədən də azad olmaq üçün uzun vaxt lazım gələcəkdi... Talıb anasına - ana gedək, gedək atamızı, bacımızı, dayımızı dəfn edək, onlar qarşısında son borcumuzu da yerinə yetirək, - deyib önə keçdi.

Ana göz yaşlarını silib, - gedək oğul, gedək - deyib yol ayrıcına çıxdılar.

Fərəc Ağayev isə donmuş halda Talıbı və onun ailəsini nəzərləri ilə onlar gözdən itənə qədər izlədi...

İlham Əliyev,

Yazıçı-publisist

SON

Müəllifin kitabları

Müəlliflə əlaqə:

Tel: 055-219-63-84

Email: İlxan-68@mail.ru

Bütün xəbərlər Facebook səhifəmizdə