(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/821508.html)

Alı Məmmədov Talıbın təklifini bəyəndiyini göstərmək üçün, başını yüngülcə tərpətməklə razılığını bildirdi. Sonra dedi:

- Buradan 3-4 km aralıda bizim bir bölüyümüz var. Oradan bir ratsiya əldə edib geri qayıdaram. Elə axşama Samvellə əlaqə qurarıq.

Talıb gümrah səslə:

- Çalış yubanmayasan.

- Arxayın ol.

Talıb fikrini tamamlayıb girovların arxasına tərəf keçmək istəyərkən sanki göy guruldadı, ətrafa qar və torpaq səpələndi. Talıb qeyri-ixtiyarı cəld hərəkətlə geri addım atıb, dayandı. Çaşqın nəzərlərlə partlayışın baş verdiyi əraziyə baxdı. Yerdə uzanan şəxsi görüb, ürək döyüntüləri ilə, narahat baxışlarla dostlarını aradı.

Orucu görməyəndə uca səslə - Oruc sən niyə dəstədən aralandın - deyə fəryad etdi. İlkin və Mürsəl dəstədən aralanıb, piyada əleyhinə minanın partlaması nəticəsində qan içində çabalayan Oruca yaxınlaşmaq istədilər. Saleh və Arif də ermənilərə - cərgəni pozmayın - əmrini verib, Oruca tərəf addımladılar.

Talıb sərt şəkildə qışqırdı:

- Olmaz, dayanın. O ətrafda başqa minalar da ola bilər.

İlkin, Mürsəl, eləcə də Saleh və Arif Talıbın xəbərdarlığını eşidib, dayansalarda, Oruca kömək etmək istəyirdilər. Əraziyə yaxınlaşmaq isə riskli idi. Çünki erməni kəşfiyyatı bu əraziləri minalaya bilərdi.

Alı Məmmədov əlləri ilə başını tutub, - Oruc sən niyə bizdən aralı durdun, sən niyə əməliyyatın uğurla başa çatdığı bir məqamda həyatınla risk etdin, - deyə dayanmadan qışqırır, ah-nalə çəkirdi.

İlkin Alını sakitləşdirməyə çalışırdı. O, isə ovunmaq bilmirdi. Elə, hey dayanmadan qışqırır, Samveli söyürdü:

- Samvel oğraş, şərəfsiz artıq bəlkə də öz faciəsi ilə barışıb. Nə lazım idi ki, dəstədən aralanıb, sağa-sola boylanmaq.

Alı sözünü bitirib, avtomatını, eləcə də əl qumbaralarını yerə atdı, sonrada qarın üzərinə uzanıb, Oruc Muradova doğru sürünməyə başladı.

Talıb onun qabağına keçib, - Alı etmə, yalvarıram, xahiş edirəm.

Orucun həyatı bura qədər imiş. Gəl sən, öz həyatını məhv etmə, geri qayıt, - deyə onu fikrindən daşındırmağa çalışdı.

Alı Məmmədov etiraz etdi:

- Mən can dostumu darda qoya bilmərəm.

- O artıq ölüb, görmürsən? Bütün bədən üzvləri ətrafa səpələnib.

- Yox, getmək və onun son sözlərini eşitmək istəyirəm.

Talıb dirəniş göstərdi:

- Alı gedək, bu erməni zibillərini bir yerdə yerləşdirək, sonra hərbi hissədən sapyorlarla gəlib, Orucun yaxınlığında minanın olub-olmamasını müəyyənləşdirib, cəsədi götürərik.

Alı Məmmədov fikrindən dönmədi.

- Mən Orucun son sözlərini eşitməkdə qərarlıyam.

Talıb Alı Məmmədovu fikrindən daşındıra bilməyəcəyini görüb, dizləri üstə yerə çökdü. Təşviş və narahat tərzdə sürünə - sürünə Oruca doğru irəliləyən Alı Məmmədovu nəzərləri ilə müşayiət etdi.

Alının Oruc Muradova yaxınlaşıb, onun boyununu qucaqladığını və hıçqıra - hıçqıra ağladığını görəndə Talıb fəryad etdi. Əməliyyata başlayıb, geri qayıdandan bəri ilk dəfə var gücü ilə qışqırdı:

- Allah sizə lənət etsin, ermənilər. Sizlər minlərlə gəncin həyatını yarı yolda qoydunuz.

Mürsəl Talıbı sakitləşdirməyə çalışdı:

- Oruca görə, hamımız üzülürük. Onun ruhu o zaman şad olar ki, biz əməliyyatı plana uyğun başa çatdıraq.

İlkində Talıba ürək-dirək verib, onu sakitləşdirməyə çalışdı:

- Dur Talıb, dur, yolumuza davam etməliyik.

Artıq, Alı Məmmədov Orucun gödəkcəsindən tutub, sürüyə-sürüyə təhlükəsiz bir əraziyə çıxartmışdı. Talıb Alı Məmmədova yaxınlaşdı. Onun boynunu qucaqlayıb, ağlaya-ağalaya - başın sağ olsun, Allah rəhmət etsin - dedi.

Alı Məmmədov gözlərindən sel kimi axan göz yaşlarını gödəkcəsinin qolu ilə silib, ağlar səslə dedi:

- Sənin də başın sağ olsun, dostum.

Talıbın pıçıltılı səsi eşidildi:

- Sən yaxınlaşanda Oruc sağ idi?

- Hə.

- Son sözünü eşidə bildin?

Alı Məmmədov hıçqıra-hıçqıra - bəli, - deyə bildirdi.

- Son sözü nə oldu?

Alı Məmmədov Oruc Muradovun cansız bədəninə və qaralmış üzünə baxıb üzgün şəkildə dedi:

- Oruc dedi ki, bilirdim ki, sən gələcəksən.

Talıbı yenidən qəhər boğdu. Öz-özünə ölməz şairimiz Hüeyn Cavidin ibratamiz fikirini xatırladı:

- Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli. Oruc qısa ömrünü şərəflə yaşadı, ölümü ilə də, ölümsüzlüyə qovuşdu…

Ağır, üzücü düşüncələrindən ayılan Talıb İlkinlə Mürsəli yanına çağırdı. Onlara Oruc Muradovun cənazəsini gödəkcənin üstünə qoyub, arxalarınca gəlmələrini tapşırdı. Mürsəllə İlkin Oruca olan son ehtiramlarını göstərmək üçün Talıbın tapşırığını yerinə yetirdilər. Onun cansız bədənini gödəkcənin üstünə qoyub, dəstənin ardınca addımladılar. Əkin sahəsini keçib, Çinarlıya çıxınca, Şellinin kənd yolu, göründü. Artıq qaranlıq düşməsinə baxmayaraq ora-bura vurnuxan insanlar gözə dəyirdi. Yol ayrıcında başını aşağı salıb yeriyən Alı Məmmədov heç kəsin üzünə baxmadan dayandı. Sanki dostunun gözlənilməz ölümünə görə, dəstə günahkar idi. Elə üzgün və küskün formada - mən getdim - deyib dəstədən aralandı, ratsiya gətirmək üçün yaxınlıqdakı briqadaya doğru addımladı.

*** *** ***

Bəxtiyar Hacıyev içəri daxil olub, hərbi salam verdi. Yaxınlaşıb, polkovnik Məmməd Cavadzadə və 2-ci özünü müdafiə alayının komandiri Yaqub Qasımovla əl verib görüşdü. Məmməd Cavadzadə Bəxtiyar Hacıyevə oturmaq üçün yer göstərdikdən sonra, birbaşa verdiyi tapşırığın icra vəziyyətini öyrənmək üçün sual etdi:

- Hacıyev, araşdırmaların vəziyyəti nə yerdədir?

Bəxtiyar Hacıyev hərbi formasının yan cibindən çıxardığı dəftəri korpus komandirinə təqdim etdikdən sonra dedi:

- Cənab polkovnik, tağımlarda, bölüklərdə, briqadalarda hər şey normaldır. Sadəcə, Mətin Qulamovun rəhbərlik etdiyi özünümüdafiə batalyonunda bir zabitin və iki əsgərin şübhəli fəaliyyətləri sizin narahatçılığınızın əsaslı olduğunu ortaya qoydu.

Korpus komandiri hövsələsizlik edib, sual etdi:

- Nə isə ciddi bir problemin var?

- Bəli, cənab polkovnik, bir zabit və iki əsgərin şəxsi işlərini araşdıranda dəhşətə gəldim. Onlar siyasi hakimiyyətə birbaşa bağlı olan insanlardır.

Yaqub Qasımov Hacıyevin son sözlərini dinlədikdən sonra, polkovnikin narahat simasına ani baxıb, nəzərlərini Hacıyevə dikdi:

- Hacıyev, burada bir o qədər də təəccüblü bir şey yoxdur. Görünür, Bakıdakılar öz adamları vasitəsilə cəbhə bölgəsindəki hərbi vəziyyətlə bağlı məlumat əldə etməyə çalışırlar. Düşünürəm ki, bu, heç də qorxulu deyil.

Hacıyev şübhələrinin əsassız olmadığını sübut etmək üçün dedi:

- Qorxuludur, Yaqub müəllim.

- Nə mənada, - deyə Məmməd Cavadzadə sual etdi.

- Çünki zabit hər vəchlə planlaşdırılan əməliyyatların təxirə salınması və yaxud da onların iflasa uğramasına çalışmışdır.

- Faktın var, yoxsa fərziyyələr söyləyirsən?

- Dəftərdə hamısı yazılıb, cənab polkovnik. Həm də o zabitin geyimini yoxlayan zaman üstündən şifrəli yazışmalar əldə etdim. Bax o kağız sizin əlinizin altındadır.

Bəxtiyar Hacıyev sözünü yekunlaşdırmamış əlini uzadıb, ağ kağız parçasını dəftərin arasından çıxararaq, polkovnikə göstərdi. Sonra da dedi:

- Cənab polkovnik, ən dəhşətlisi də odur ki, biz hərbi uğurların davamlı olması üçün səylər göstərdiyimiz, həyatımızı qurban verdiyimiz halda bu şəxslər böyük pullar qazanırlar. Əsgərlərin üzərində axtarış aparılan zaman ciblərindən və çantalarından 10 min ABŞ dolları aşkarlandı.

Polkovnik təəccübünü gizlədə bilmədiyindən, çaşqın halda dedi:

- 10 min dollar?

- Bəli, bəli cənab polkovnik 10 min dollar.

Yaqub Qasımov əsəbi formada əlini əlinə vurub, - şərəfsizlər, yerindəcə güllələmək lazımdır, - deyə bildirdi. Dərhalda üzünü polkovnikə tutub, məsləhət verdi:

- Cənab polkovnik, onlar dərhal həbs olunub, hərbi tribunala verilməlidir.

Hacıyev:

- Artıq onlar həbs olunublar. İşin araşdırılması üçün hərbi nəzarət idarəsinin rəis müavini Elsevər Cəlilov istintaqa başlayıb. Yəqin ki, artıq məsələyə hərbi prokurorluğun müstəntiqləridə qarışıblar.

Polkovnik Məmməd Cavadzadə qaşlarını çatıb, gözlərini qıydı. Əlini stola döyəcləyib, ani fikrə getdi.Sonra gözlənilmədən dedi:

- Başa düşmürəm, niyə siyasi hakimiyyət hərbiçilər arasında casus şəbəkəsi yaratmalıdır ki?

Hacıyev Qasımova baxdı, onun dillənmədiyini görüb, polkovnikin sualına cavab vermək üçün dedi:

- Cənab polkovnik, hərbi uğurların davam etdirilməsini istəməyən sapı özümüzdən olan baltalar var.

Yaqub Qasımov eşitdiyi xəbərdən bərk əsəbiləşdiyindən, səsinin tonunu qaldırdı:

- Hə, hə düz deyirsən. O baltalar bizim özümüzü baltalamaqdadır.

Bəxtiyar Hacıyev narahatçılığını dilə gətirməyi də unutmadı.

- Cənab polkovnik, Bakıda siyasi hakimiyyət uğrunda mübarizə qızışır, stol davası aparanlar hərbi birləşmələri öz tərəflərinə çəkib, ondan istifadə etməyə çalışırlar. Bu baxımdan ehtiyatlı olmalıyıq.

Polkovnikin əsəbi səsi eşidildi:

- Biz onların təsiri altına düşməyəcəyik və buna da imkan verməyəcəyik.

- Sizdən asılı olmayan proseslər baş verə bilər cənab polkovnik.

- Yəni, deyirsiniz mən kor və kar olacam?

- Elə demək, istəmirəm. Sadəcə, bəzi hərbi hissələrdə öz adamları vasitəsilə təxribatlar, müəyyən qarışıqlıqlar salıb, döyüşən ordu birləşmələri arasında ruh düşkünlüyü yaradacaqlar.

- Bu ermənilərlə iş birliyidir, əməkdaşlıq deməkdir, Hacıyev.

- Onlar bunun fərqində deyillər, cənab polkovnik.

- Biz onları başa salmalıyıq, ona görə də Ağdərə əməliyyatı öncəsi mən mütləq Bakıya gedəcəyəm və orada qəti sözümü deyəcəm.

- Məsləhət deyil, cənab polkovnik, getməsəniz yaxşıdır. Həm də... Hacıyev fikrini tamamlamayıb susdu.

Bu polkovnikin gözündən yayınmadı. Sinəsini masaya doğru bir qədərdə sıxıb, - nə demək istəyirsən de, Hacıyev - deyə ona fikirlərini tam demək göstərişini verdi. Hacıyev narahat şəkildə - cənab polkovnik, həm də yolda izdə sizə xətər verə bilərlər. Ən yaxşısı burada - bizim yanımızda qalsanız daha təhlükəsiz olar, - deyə özündən asılı olmadan böyüklər kimi məsləhət verdi.

Polkoklər qəti şəkildə dedi:

- Onlar o qədər ağılsız deyillər ki, mənə ziyan vursunlar.

Yaqub Qasımov sağ əli ilə saqqalına tumar çəkib, dedi:

- Sadəlövh olmayın, cənab polkovnik. Onlar hakimiyyətə gedən yolda bizləri çör-çöp hesab edirlər. Maraqlarının təmin olunması üçün bir anda bizləri yanan alovun içinə atıb, yandırarlar.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Müəllifin kitabları

Müəlliflə əlaqə:

Tel: 055-219-63-84

Email: İlxan-68@mail.ru

Bütün xəbərlər Facebook səhifəmizdə