Bərdədə canavarlar xırdabuynuzlu heyvanları parçalayıblar

Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum ediblər. SİA-nın verdiyi xəbərə görə, hadisə bu gecə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıb.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə baytarlar və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə