Yasamalda kafedə nöqsanlar aşkarlanıb - FOTOLAR

Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Yasamal rayonu, Zərdabi küçəsi, 90 A ünvanında fəaliyyət göstərən “Xan Çinar” kafesində plandankənar yoxlama aparılıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.

İctimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, manqal sahəsinin yol kənarında, açıq hava şəraitində təşkil edildiyi, pəncərələrin qoruyucu tor örtüklə təmin olunmadığı aşkarlanıb. Eyni zamanda mətbəx sahəsində havalandırma sistemlərinin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyim forması ilə təmin olunmadığı məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati protokol tərtib olunub. İctimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, çalışan işçilərin tibbi müayinədən keçənədək işdən kənarlaşdırılması barəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə