(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/821249.html)

- Onu maşına mindirmək istəyərkən əsgərlərimiz sərrast atəşlə öldürüblər. Cəsədini aparmağa da imkan verməyiblər.

Məmməd Cavadzadə əsəbi şəkildə dilləndi:

- Bu həyasızlıq, həm də qəddarlıqdır.

- Bəli, elədir ki, var cənab polkovnik.

Sonra ürəyini didib, parçalayan şübhələrini ehtiyatlada olsa dilə gətirdi:

- Yuxarıdan razılıq olmasa idi, onlar bu cəsarəti edə bilməzdilər.

Polkovnik ani fikrə gedib dedi:

- Deməli, çox çətin, ağır proseslərə qədəm qoyuruq.

Fərəc Ağayev başını yuxarı qaldırıb, gözlərini otağın tavanına dikdi, elə o vəziyyətdə də dedi:

- Cənab polkovnik, acı da olsa, reallıqdır ki, artıq yuxarılarda vəzifə davası amansız xarakter alır.

- Yəni deyirsən yuxarılar stolu torpaq itkisindən üstün tuturlar?

- Elə demək istəməzdim. Amma qulağıma çatan bəzi məlumatlar məni təəccübləndirib.

Məmməd Cavadzadə özünü inandırmaq üçün dedi:

- Ola bilməz.

Fərəc Ağayev Məmməd Cavadzadəyə öyüd-nəsihət, məsləhət vermək istəmədi. Bununla onun xətrinə dəyə biləcəyini fikirləşdi. Nə olsun ki, ondan yaşca böyükdür. Amma iki gün öncə onunla olan söhbətini yenidən xatırlatmalı oldu.

- Mən xəbərdarlıq etmişdim ki, Mehdi Qələndərli kimilərlə düşmən olmayaq, siz isə məni eşitmədiniz.

- Hərbə-zorbaya biz baş əysək, onda gərək ermənilərin top-tüfənglərinin qarşısında dayanmayaq.

- Hər halda, bu qarışıq dövrdə Jozef Marko kimi zibili gərək təhvil verəydik.

- Marko kimilər bizim yaxınlarımızı, doğmalarımızı öldürüblər. Neçə-neçə kəndimizi xarabalığa çeviriblər. Bu baxımdan onu təhvil vermək deyil, Bəxtiyar Hacıyev demişkən, dərhal öldürüb, ondan qurtulmaq lazım idi.

Fərəc Ağayev bayaqdan dilə gətirmək istədiyi narahatçılığını da bu məqamda söyləməli oldu.

- Məmməd müəllim, bir az ehtiyatlı olun.

- Sözlü adama oxşayırsan, Fərəc müəllim.

- İçimdən bir səs gəlir ki, artıq biz kimlər üçünsə problemə çevrilirik. Görün neçə-neçə komandirimiz həyatlarını itiriblər. Hamısı təsadüfün qurbanı olublar.

- Narahat olma, Ağayev. Bir də ki, ölüm haqdır. Bir gün biz də dünyadan köçməliyik.

- O haqqda danışmaq tezdir, polkovnik.

- Ağayev, bizdən asılı olmayanlar da var.

- Səndən asılı olan, heç vaxtı bir gün yatdığın çarpayıda, ikinci gecə yatma. Səhər nahar etdiyin masada, günorta oturma. Bir dəfə getdiyin cığırı, qayıdanda təkrarlama.

Məsləhətini bitirən Fərəc Ağayev xahiş etməyi də unutmadı:

- Sənə bir mühafizəçi də gətirmişəm. Qardaşım oğludur, idmanla məşğul olur, adı da Yavərdir. Elə sənin yavərin olsun.

- Axı mənim kifayət qədər əsgər dostlarım, silahdaşlarım var. Mühafizəçilərdən də narazılığım yoxdur.

- Yox, sözümü yerə salma. Xahişimi də rədd etmə. Yavər səninlə qalsın.

Fərəc Ağayev sözünü bitirib, ayağa qalxdı. Yaxınlaşıb qapını açdı, - Yavər gəl içəri, - deyə qardaş oğlunu otağa dəvət etdi.

22-23 yaşlarında enlikürək, ucaboy, qarayanız, qumral gözlü gənc içəri daxil oldu. Hərbi salamlaşmadan sonra - Əmrinizlə gəlmişəm cənab polkovnik, - deyə məlumat verdi.

Onun hərbi salam verməsi və görünüşü, duruşu ilk baxışdan korpus komandirinin xoşuna gəldi. Ayağa durub Yavərə yaxınlaşdı. Əl uzadıb, onunla görüşdü. Təhsili olub, olmadığı ilə maraqlandı.

Yavər BDU-nu bitirdiyini, bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində məsləhətçi işlədiyini, əmisi Fərəc Ağayevin tapşırığı ilə cəbhəyə gəldiyini söylədi.

- Evlisənmi?

- Bəli, cənab polkovnik.

- Uşağın var?

- Bir oğlum var.

- Gözü dolusu görəsən, Allah saxlasın.

-Sağ olun cənab polkovnik.

- Neçə yaşı var?

- İki

- Qalmağa yerləri var?

- Hə, Bakıda, valideynlərimin yanında qalırlar.

- Yaxşı. Fərəc müəllim mənim ağsaqqalımdır. Necə deyirsə, nə məsləhət verirsə elə də olsun. Bu gündən biz bir yerdə işləyəcəyik. İndi isə gedə bilərsən.

Yavər Ağayev - oldu cənab polkovnik. Sağ olun, - deyib otağı tərk etdi.

Komandirin yeni mühafizəçisi otağı tərk edincə, Bəxtiyar Hacıyev qapını döyüb, içəri daxil oldu. Ağzını açıb, danışmaq istəyərkən, Məmməd Cavadzadə - gəl Hacıyev, gəl artıq bilirəm, məlumatım var hər şeydən- deyə onu sakitliyə dəvət etdi.

Bəxtiyar Hacıyev qəmgin və son dərəcə qüssəli halda yaxınlaşıb, Fərəc Ağayevlə və korpus komandiri ilə görüşdü. Təklif gözləmədən stul çəkib, oturdu. Otağa sakitlik çökdü, danışmadılar. Bir neçə saniyə çəkən ölü sükutu nəhayət, Məmməd Cavadzadə pozdu:

- Hacıyev əsgərlərin və Asif Bəşirovun ən yüksək səviyyədə dəfn olunmaları üçün hər nə lazımdırsa təşkil edin.

Başını aşağı salıb, ovcunu ovuşduran Bəxtiyar Hacıyev göz qapaqlarını qaldırıb, dedi:

- Cənab polkovnik, artıq rayon icra hakimiyyəti və sizin siyasi məsələlər üzrə müavininiz Şakir Abışov cənazələrin ailələrinə çatdırılması üçün müəyyən işlər görürlər. Hərbi prokurorluq da oradadır. Yəqin ki, Şakir Abışov bu dəqiqələrdə hadisə ilə bağlı sizə rəsmi məlumat verəcək.

- Hər halda, əsgərlərin, eləcə də Bəşirovun dəfnində şəxsən sən də iştirak elə. Mən də çalışacam ki, Asif Bəşirovun yas mərasimində iştirak edim.

Fərəc Ağayev söhbətə qoşuldu:

- Yaxşı cənab polkovnik, bu gecə planlaşdırılan Ağdərə əməliyyatını necə edək?

Suala cavab verməmişdən əvvəl korpus komandiri gözlərini Bəxtiyar Hacıyevə dikdi. Sanki onun fikrini öyrənmək istədi. Bəxtiyar Hacıyev isə başını aşağı salıb susurdu.

- Məncə, hələlik əməliyyat təxirə salınsın.

- Mən də elə fikirləşirəm.

Hələdə xəyallar aləmində olan Bəxtiyar Hacıyev əməliyyatın təxirə salınması fikrini eşidincə başını qaldırıb sual etdi:

- Niyə, cənab polkovnik?

- Bilmək olmaz hərbi hissələrdə və döyüşəcək orduda hansı vəziyyət hökm sürür.

Bəxtiyar Hacıyev sual etdi:

- Söhbət nədən gedir?

Korpus komandiri əlində tutduğu qələmlə ağ kağız parçası üzərində xətlər çəkə-çəkə dedi:

- Mehdi Qələndərliyə satılan və onun əmrlərini yerinə yetirənlər sıralarımızda da ola bilər. Bu baxımdan risk edə bilmərik.

Fərəc Ağayev də korpus komandirinə dəstək verdi.

- Hə, 1-2 gün yoxlama, təftiş apararıq. Kimin kim olduğunu, kimin kimə bağlı olduğunu müəyyənləşdirərik.

Korpus komandiri tapşırıq verdi:

- Bəxtiyar Hacıyev bir komissiya müəyyənləşdir. Tağımlarda, bölüklərdə, taborlarda, alaylarda, hətta briqadalarda əsgər-zabit heyəti arasında yoxlamalar aparın.

Bəxtiyar Hacıyev göstərişdən təəccüblənsədə, bunu biruzə verməməyə çalışdı. Amma səbr və təmkinlə narahatlığını dilə gətirdi:

- Cənab polkovnik, bunun üçün bizə uzun vaxt lazımdır. Əməliyyatı isə uzatmaq heç xeyrimizə olmaz.

Korpus komandiri Bəxtiyar Hacıyevin narahatçılığını başa düşdüyündən dedi:

- Mən demirəm ki, bir-bir əsgər və zabitləri çağırıb, izahat alasınız. Sadəcə, əsgər və zabit heyətini nəzərdən keçirin. Hərəkətlərindən və davranışlarından şübhələndiyiniz əsgər və zabitlərin adlarını müəyyənləşdirin. Sonrada onları əməliyyatdan kənarlaşdırarıq.

Fərəc Ağayev göstərişin hərbi nizam-intizamın daha da möhkəmlənməsinə təkan olacağını anladığından, ürəyində polkovniki alqışladı. Düşüncəsini açıq şəkildə dilə də gətirdi:

- Hə, bu daha yaxşı olar.

Bəxtiyar Hacıyev də korpus komandirinin niyyətini başa düşdü, tədbirli olmaq istəyini dərk etdi - olsun, düz deyirsiniz cənab polkovnik, - deməklə göstərişin əsaslı olduğunu nümayiş etdirdi.

Korpus komandiri Məmməd Cavadzadə söz demək istəyərkən, bu zaman qapı döyüldü və yenicə mühafizəçisi təyin olunan Yavər Ağayev əlində ratsiya tutmuş əsgərlə içəri daxil oldu. Əsgər hərbi salam verib, korpus komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik Şakir Abışovun onunla danışmaq istədiyini bildirdi. Korpus komandiri əlini uzadıb, əsgərdən telefon rabitə qurğusunu aldı.

Məmməd Cavadzadə Şakir Abışovla telefon danışığına başlayan zaman Fərəc Ağayevlə Bəxtiyar Hacıyev korpus komandirindən icazə alıb, otağı tərk etdilər.

***

Artıq cəbhənin neytral zonası başa çatmaq üzrədir. Yarım saatlıq məsafədən sonra tam təhlükəsiz bir yerdə - Azərbaycan ərazisində olacaqlar. Mürsəl qısa məsafəni qansız-qəzasız, nəzər-diqqəti cəlb etmədən keçmək üçün təklif etdi:

- Alı, biz bu təpənin sonunda sola dönüb, Sarı bulağa çıxaq. Oradan Çinarlıya 100-150 metrdir.

Alı Məmmədov Mürsəlin təklifindən təəccübləndiyini gizlətmədi:

- Qısa yolumuzu, niyə uzatmalıyıq ki, artıq heç bir təhlükə yoxdur. Ona görə də yolumuzu dəyişmədən Çinarlıya çıxaq.

Talıb Alı Məmmədovla Mürsəlin mübahisəsinə müdaxilə etməli oldu:

- Biz çətində olsa, şumu keçib, Çinarlıya çıxacağıq.

Mürsəl təklifini, qəbul etdirmək üçün növbəti dəfə cəhd etdi:

- Mən bildiyimi deyirəm, ən təhlükəsiz keçid, Sarı bulaqdan keçməkdir.

Talıb, onu fikrindən daşındırmağa çalışdı:

- Sarı bulağa enməklə gözlənilməz sürprizlərlə qarşılaşa bilərik.

- Nə sürpiriz ola bilər ki, yüksəkliklərdən ora ovuc içi kimi görünür. Bu baxımdan erməni qorxusundan, bulağa keçməyə risk etməz.

Alı Məmmədov Talıba baxıb sual etdi:

- Yəni deyirsən erməni itləri oralarda sülənə bilər.

- Hər şey mümkündür.

Bayaqdan dostlarının mübahisəsinə sakitcə, qulaq kəsilən Oruc Talıbın təklifinin daha ağlabatan və münasib olduğunu göstərmək üçün dedi:

- Talıb deyəni edək. Ən yaxşısı onun təklif etdiyi variantdır.

Orucun mübahisəyə müdaxiləsi ilə, məsələ həll edilmiş sayıldı. Çünki, Alı ilə Mürsəl daha danışmadılar, susmalı oldular. Bu isə, Talıbın təklif etdiyi ərazi üzrə hərəkət etmək demək idi.

Bundan sonra Oruc erməni tərəfini bir daha nəzərdən keçirmək üçün dəstədən aralanıb, sol tərəfdəki, hündür daşa tərəf addımladı. Qar isə dayanmadan yağırdı. Boran-çovğun bir qədər səngisə də, küləkli hava qarı ora-bura sovurur, bəzən burulğan yaradırdı.

Talıb addımlarını yeyinlədib qabaqda addımlayan Alı Məmmədova yaxınlaşdı. Onun qolundan tutub, sakit tərzdə dedi:

- Qardaş, buradan ayrılacağıq. Sən hərbi bölüklərdən birinə gedib, Samvellə əlaqə saxlamaq üçün bizə ratsiya tapıb, gətirəcəksən.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Müəllifin kitabları

Müəlliflə əlaqə:

Tel: 055-219-63-84

Email: İlxan-68@mail.ru

Bütün xəbərlər Facebook səhifəmizdə