HÜMBƏT HƏSƏNOĞLU

- Alo, Bəhmən müəllim, bağdasınız, yəqin. Sərvərdir, dedim biləsiniz, İsmayıl Quycaqlı rəhmətə gedib.

- Allah rəhmət eləsin.

Telefonu masanın üzərinə qoyub fikrə daldı. Bəhmən, İsmayılla bir məktəbdə, paralel siniflərdə oxumuşdular. İkisi də ədəbiyyat müəllimi Səməd Şəfiyevin ədəbiyyat dərnəyinin üzvləri idilər. Ədəbiyyata, poeziyaya maraqları onları yaxınlaşdırmışdı. Hər ikisi filologiyanı seçmişdi. Sonradan İsmayıl doğma kəndinə qayıdıb uşaqlara ədəbiyyatdan dərs deyirdi. O isə şəhərdə qalıb qəzetçiliyi seçmiş, nüfuzlu bir dövlət qəzetinin baş redaktoruna kimi yüksəlmişdi.

Ümumi olan çox şeyləri vardı bu insanla. Bir fərq var idi. İsmayıl çox istedadlı idi. Tələbəlik və sonrakı illərdə İsmayılı çox şeylərdə ötməyə çalışmış və çoxlu uğurlar da əldə etmişdi. Amma yaşa dolduqca anlamışdı ki, çox şeylərdə İsmayılı qabaqlaya bilər, istedaddan başqa. İsmayıl hər şeyi, asan və heç vaxt simasından əskik olmayan təbəssümlə edirdi. Onun yazdığı hər şeir ədəbi hadisəyə çevrilir, kseroks edilərək əldən-ələ ötürülürdü. Gecə-gündüz o da yazır, yazdığı şeirlərə dərin məna verməyə çalışırdı. Onun da şeirlərini tərifləyirdilər, amma bir dəfə də olsun şeirini kopya edən görmədi. Bu onun qürurunu zədələyir, ruhunu həmişəlik məngənədə saxlayırdı. Dərk edirdi ki, o, İsmayıla paxıllıq edir. Bu hisslərini mədəni qibtə ifadəsi ilə əvəz etməyi də onun içindəki həsəd közünü söndürə bilmirdi. O bilirdi ki, poeziyada İsmayıl həmişə birinci, o isə həmişə ikinci olacaqdı. Onun taleyinə ikincilik damğası vurulmuşdu. Çap etdirdiyi kitabların gözəl və bahalı üz qabıqları, tirajların sayı, möhtəşəm kitab təqdimatları və zəngin masalar ətrafında deyilən tərif nitqləri heç nəyi dəyişmirdi, o, İsmayıldan sonra idi. İsmayıl dünyasını dəyişib, bəs o niyə sevinmir, axı qəlbinin gizli qatlarında bu günü arzulamışdı. Sən indi birincisən, nəhayət! Hardasa oxuduğu ziddiyyətli bir fikir yadına düşdü:

- Çox yaşayan sonda haqlı olur. Masanın üstündəki telefona bir də baxdı və içində böyük bir boşluq hiss etdi. Özünü çox cılız duydu. İlk dəfə idi ki, o, özünü qıraqdan tək görürdü. Adətən, özünün yanında həmişə İsmayılı hiss edirdi. O, başa düşdü ki, böyük İsmayılla mübarizə apardığından indiyə qədər özünü güclü hesab edirdi. Özünü inandırmışdı ki, nəhəngə qarşı yalnız nəhəng mübarizə apara bilər. Bu fikir ona qüvvət verirdi. Aydın dərk etdi ki, həyatda bütün əldə etdiklərinin səbəbi İsmayılla qiyabi rəqabətin nəticəsində mümkün olub. Özünü dayaqsız hiss etdi. Süstləşdi.

Telefon zəng çaldı.

- Alo, Bəhmən müəllim, siz Allah məni bağışlayın, rəhmətə gedən başqa İsmayıl imiş. Təsəvvür edirsinz, familiyası da, atasının adı da üst-üstə düşürdü. Çox yaşayacaq, deməli!

- Çox yaşamağını mən də arzulayıram.

Ürəyində əlavə etdi:

- Mən də çox yaşamaq istəyirəm axı!

Sumqayıt şəhəri

İyul – 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə