Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Aprelin 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan” mövzusunda tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, YAP-dan bildiriblər ki, tədbirdən əvvəl Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsi və Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Sonra “Əsl məhəbbət haqqında” sənədli film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirib ki, genişmiqyaslı fəaliyyəti ilə xalqımızın rəğbətini qazanmış Zərifə xanım Əliyevanın şərəfli ömür yolu mənəviyyat, kamillik və müdriklik məktəbidir. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri, eləcə də müasirliyi və əməksevərliyi nurlu şəxsiyyətində cəmləyən qayğıkeş ana, dəyərli alim, nüfuzlu ictimai xadim olan Zərifə xanım Əliyeva insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva deyib ki, həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi xatirələrdə yaşayan Zərifə xanım Əliyeva hər bir azərbaycanlı üçün fəxarət və qürur mənbəyidir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov çıxışında bildirib ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, Zərifə Əliyeva, ilk növbədə, ailəsinin qayğıları ilə yaşayırdı. Ulu Öndər Heydər Əliyev qazandığı nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Hər bir kəsə örnək olası bir ailə quran bu şəxsiyyətlər yüksək mənəviyyat, ali mərhəmət, misilsiz insanpərvərlik, dəyərli vətəndaşlıq xüsusiyyətləri ilə bir-birlərini tamamlamışlar.

Milli Məclisin deputatı Müşfiq Məmmədli isə çıxışında bildirib ki, 150-dən artıq elmi əsərin müəllifi olan akademik Zərifə Əliyeva çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlər göstərib. Z.Əliyeva Azərbaycan naminə misilsiz işlər görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə