"Kadr məsələsi ön plandadır" - DEPUTAT FİKİR BİLDİRDİ

“İstənilən sahənin inkişaf etməsi üçün həmin sahədə çalışan kadrların peşəkar və yüksək ixtisas biliyinə sahib olmaları vacibdir. Bu səhiyyə sahəsinə də aiddir. Yəni, ölkə rəhbərliyindən Azərbaycanda səhiyyənin inkişaf etdirilməsinə böyük diqqət ayrılır, qayğı göstərilir. Eyni zamanda vətəndaşlarımızın sağlamlığının qorunması baxımından da həyata keçirilən dövlət siyasətidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, bu gün səhiyyənin inkişafında böyük irəliləyişlərin olmasının hər birimiz şahidiyik: “Əvvəllər vətəndaşlarımız xəstəliklərinin müalicə və müayinəsi üçün xaricə üz tuturdularsa, artıq Azərbaycan həkimləri və səhiyyəsinə vətəndaşlarımız tərəfindən böyük inam yaranıb. Hətta xaricdən Azərbaycana gələrək, ölkəmizdə müalicə və əməliyyat olunmaq istəyən insanlara da rast gəlinir.

Qeyd etdiyim kimi kadr məsələsi ön plandadır. Dövlət başçısının sərəncamları ilə xaricdə təhsillə bağlı bir neçə dövlət proqramları qəbul olunub və yüzlərlə azərbaycanlı gənc xaricdə tibb təhsili alıb, ölkəmizə qayıdıblar. Həmçinin onların ölkəmizdə çalışması üçün də geniş imkanlar yaradılıb. Bu gün istər dövlət, istərsə də özəl xəstəxanalar müasir avadanlıqlarla təmin olunub, tibbi sığorta yüksək səviyyədə fəaliyyət göstərir. Hətta insanlar İcbari Tibbi Sığortanın fəaliyyətindən çox məmnundurlar. Yaxın zamanda Azərbaycan səhiyyəsi də inkişaf etmiş ölkələrlə eyni sırada dayanacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə