Qarşılıqlı səfərlər inkişafa xidmət edir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında son illər əməkdaşlığın, qarşılıqlı münasibətlərin genişlənməsi yüksələn xətt üzrə inkişaf edir və bu, hər iki dövlətin, xalqın birliyinin, dostluğunun möhkəmlənməsinə yönəldilmişdir. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri bu baxımdan əhəmiyyətlidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, səfər zamanı hər iki ölkənin dövlətlərarası Şurasının 2-ci iclasının keçirilməsi, çox mühüm Birgə Bəyannamənin, Anlaşma Memorandumunun, ümumilikdə 18 sənədin imzalanması birliyə və əməkdaşlığa yeni bir məna verir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında bu səfərin əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Səfər ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək”. Sözsüz bu belədir. Çünki Azərbaycan və Qırğız xalqlarını tarixi köklər, milli adət-ənənələr, dostluq əlaqələri birləşdirir və bu münasibətlər əsrlər boyu davam etməkdədir. Qırğız Respublikası bütün platformalarda, beynəlxalq tədbirlərdə, ən yüksək səviyyəli görüşlərdə, eləcə də 44 günlük müharibə və 23 saatlıq anti-terror tədbirlərində Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və dövlətimizin suverenliyinin tam bərpa olunması mövqeyindən çıxış etmişdir. Bu dəstək iqtisadi-ticari sahədə fəal əməkdaşlığa təkan vermişdir. Səfər zamanı Azərbaycan-Qırğız inkişaf Fondunun Nizamnamə fondunun dörd dəfə artırılaraq, 25 milyon dollardan 100 milyon dollara çatdırılması və birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizminin daha tez reallaşdırılması üçün yeni vəzifələrin qarşıya qoyulması buna əsas verir.

Səfər zamanı səhiyyə, elm-təhsil, energetika, nəqliyyat, miqrasiya, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması gələcək inkişafa və möhkəm dostluğa hesablanmışdır. Dövlətimizin rəhbəri bildirmişdir ki, “Bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz, həmçinin münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq”. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə, Qırğız Respublikası ilə münasibətlərin daha da yaxşılaşdırılmasına verdiyi önəm gələcəyə, xoşbəxt həyata xidmət edən bir siyasətdir və xalqlarımızın birliyinə, suverenliyimizin daimi olmasına yönəldilmişdir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə