(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/819115.html)

- İrimiqyaslı xəritələri, gecə görmə cihazlarını və digər texniki vasitələri götürməklə, Əskərana doğru hərəkət edilsin.

Hərbi qanunlara görə, korpus komandiri təhlükəsiz bir yerdə dayanıb, müəyyən göstərişləri, tapşırıqları ilə döyüşü idarə etməlidir. Məmməd Cavadzadə isə bu qanunları redaktə etməklə birbaşa aktiv döyüşlərin getdiyi ərazidə olmağa qərar vermişdi. Əmr müzakirə edilmir, icra edilir - məsələsinə uyğun olaraq əsgər və zabit heyəti hazırlığa başlamışdı...

***

Cəbhənin müxtəlif sahələrində bir növ nisbi sakitlik idi, arada bir mərmi, raket partlayışları və avtomat, pulemyot səsləri eşidilməsinə baxmayaraq aktiv döyüşlər müşahidə olunmurdu. Atılan mərmilər, raketlər sanki tərəflərin bir-birinin sayıqlığını yoxlamaq üçün atılırdı. Hava da bir az sakitləşmişdi. Qar yenə yağsa da, əvvəlkinə nisbətən seyrək idi. Korpus komandiri Məmməd Cavadzadə növbəti dəfə durbinlə düşmənin hərəkət edə biləcəyi nöqtələri müşahidə edib, asta addımlarla otağına tərəf getdi…

Üç gün çəkən uğurlu əməliyyatdan sonra əsgərlər düşmənlə üzbəüz təpələrin arxasında səngərlər qazıb, müdafiə tədbirləri görmüşdülər. Arada bir baş-başa verib söhbətlər edir, yanında döyüş yoldaşlarının düşmən gülləsinə tuş gələrək həyatlarını itirməsini təəssüf hissi ilə xatırlayır, bəzən isə hirsindən, hikkəsindən yumruqlarını düyünləyib, düşmənə hədə gəlirdilər. Korpus komandiri Məmməd Cavadzadənin ətrafa göz gəzdirdikdən sonra otağına tərəf addımlaması əsgərlərin söhbətlərini dayandırıb, gözlərini ona tikməsinə səbəb oldu, sakitlik yarandı. Polkovnik getdikdən sonra əsgərlər yenidən baş - başa verib söhbətə başladılar.

Məmməd Cavadzadə otağına keçib, gödəkcəsini və papağını çıxarıb pəncərənin yanındakı stolun üstünə qoydu, yaxınlaşıb dəyirmi masanın ətrafındakı stulda əyləşdi. Köməkçisi Qubad Mehdixanlı içəri daxil olub, hərbi salam verdi, məlumat vermək üçün icazə istədi.

Polkovnikin icazəsindən sonra gənc əsgər - cənab polkovnik, MTN-in yerli şöbəsinin rəis müavini Mehdi Qələndərli sizinlə görüşmək istəyir.

Təcrübəli zabit qaşlarını çatıb, gözlərini bir anlıq köməkçisinə dikdi. Ani xəyala dalıb, - nə məsələdir görəsən, - deyə pıçıldadı. Sonra uca səslə - qoy gəlsin, görək nə istəyir, - deyə köməkçisinə təlimat verdi.

Gənc əsgər otağı tərk etdikdən sonra uca boylu, qarayanız, qalın qaşlı, qıvrım saçlı Mehdi Qələndərli içəri daxil olub, - Cənab polkovnik, sizi uğurlu əməliyyat

münasibəti ilə, xüsusi ilə də Əskəran kimi strateji qəsəbəni düşməndən azad etməyiniz münasibətilə təbrik edirəm - deyib, salam verdi.

Polkovnik salamı və təbrikləri qəbul etdikdən sonra - buyurun əyləşin, - deyə qonağına yer göstərdi. Köməkçisi yenidən qapını döyüb gətirdiyi çayı polkovnikin və Mehdi Qələndərlinin qarşısına qoyduqdan sonra - başqa bir əmriniz varmı cənab polkovnik, - deyə sual dolu nəzərlərlə komandirinə baxdı.

Polkovnik - gedə bilərsən- deyib üzünü qonağa tutdu:

- Yəqin ki, gəlişinizin bir məqsədi var ?

Qələndərli gözlənilmədən söhbətin onun gəlişinin səbəbinə yönəlməsindən bir qədər çaş-baş qaldı, əllərini ovuşdurub, dərindən nəfəs aldı.

- Heç elə-belə sizi qələbə münasibətilə təbrik etmək üçün gəldim.

Polkovnik isə qonağının gəlişinin elə-belə olmadığını təxmin etmişdi. Ona görə də Qələndərlinin sərbəst və səmimi olması üçün cəhd göstərdi.

- Bizi çox vaxtı İcra hakimiyyətlərindən, Müdafiə Nazirliyindən yoxlayıb, hal-əhval tutub, problem və qayğılarımızla maraqlanırlar. MTN əməkdaşının ilin-günün bu vaxtında bizlərə təşrif buyurması gözlənilməz haldır, elə deyilmi?

Qələndərli polkovnikin dediklərinin sonunda verilən suala cavab verməsədə, qımışdı. Elə bu təbəssümlədə açıq söhbətə, keçdi:

- Sizin əsgərlər çox qiymətli ermənini əsir götürüblər, yəqin bundan xəbəriniz var?

Polkovnik tövrünü pozmadan dedi:

- Erməninin ağınada, qarasınada lənət, onların qiymətlisi ola bilməz.

Qələndərli yanlışlığa yol verdiyini indi başa düşdüyündən, tez fikrini redaktə etdi:

- İnformasiya almaq yükü baxımından deyirəm.

Polkovnikdə dərinə getməyib, fikrini davam etdirdi:

- Torpaqlarımızı düşməndən azad etdiyimiz zaman təslim olanlara biz aman vermişik. Bu baxımdan da erməni əsirlərinin olmasını təbii qarşılamaq lazımdır.

Qələndərli xoş ovqat yaratmaq üçün dedi:

- Bu böyük nailiyyət və uğurlu hərbi əməliyyatdır. Bəlkə də müharibə başlayandan bu günə qədər Azərbaycan ordusu tərəfindən bu cür uğurlu əməliyyat olmayıb.

- Hə, uğurlu əməliyat idi.

- Bu sizin uğurunuzdur, sizin sərkərdəlik bacarığınızdır, cənab polkovnik.

-Xeyir bu bizim əsgərlərin, zabitlərin, döyüşən ordunun uğurudur. Qələbəni yalnız bir -iki nəfərin adı ilə bağlamaq düzgün olmaz.

Qələndərli söhbətin söz dueli ilə davam edə biləcəyindən narahat olduğundan söhbəti dəyişməli oldu.

- Həmin əsirlər arasında bizim üçün önəmli, əhəmiyyətli olanları da var. Xüsusi ilə də bir əsir bizi çox maraqlandırır.

Polkovnik yalnız indi Qələndərlinin gəlişinin məqsədini başa düşdü.

- Bəlkə deyəsiniz o əsir kimdir, nəçidir?

Qələndərli birbaşa ad məsələsinə keçməklə polkovniki əsəbləşdirə biləcəyini düşündüyündən, bir anlıq fikirləşməli oldu. Bu polkovnikin gözündən yayınmadı.

- Mehdi müəllim, sözünüzü deyin, kimdir ki, o erməni əsir?

Mehdi Qələndərli söhbəti uzatmayıb birbaşa mətləbə keçdi.

- Cənab polkovnik, əsir aldığınız ermənilər arasında Jozef Marko adında bir erməni var, Arabu dəstəsinin komandir müavini olub. Rəhbərliyin tapşırığıdır, onu bizə verməlisiniz

Korpus komandiri Məmməd Cavadzadə duruxdu, sual dolu nəzərlərlə Qələndərlinin ətli sifətinə baxdı. Jozef Markonun niyə bu qədər MTN üçün qiymətli olduğunu aydınlaşdırmaq üçün sual verməli oldu:

- Bəlkə izah edəsiniz niyə bu qədər sizin üçün azərbaycanlıları qətlə yetirən, ailələri evsiz-eşiksiz qoyan Marko qiymətlidir?

- Mən də bilmirəm. Ancaq anladığım odur ki, Moskvadan Azərbaycana zəng olunub. Xahiş edilib ki, əsir alınan Marko Moskvaya təhvil verilsin.

Polkovnik Moskva sözünü eşidincə bir qədərdə təəccübləndi, qaşlarını çatıb, ağır-ağır dedi:

- Axı bildiyim qədər Marko Meksikada doğulub, ABŞ-da yaşayan ermənidir. Əgər lazımdırsa ABŞ və ya Meksika bu ermənini tələb edə bilərdi. Niyə məhz Rusiya?

Qələndərli açıq söhbətə keçdi:

- ABŞ kəşfiyyatından, Rusiyadakı həmkarlarından xahiş olunub.

- Bəlkə bir qədər də açıq danışasınız, - deyə polkovnik növbəti dəfə israredici sual etdi.

Qələndərli düyünü açmaq üçün dərinə getməli oldu:

- Jozef Marko ABŞ-dakı məşhur milyarder Sorosun müşaviri, xanım Migelan Braunun qardaşıdır. Amerikalılar da Azərbaycanla əlaqələr qurmağa çətinlik çəkdikləri üçün məsələni Moskva vasitəsilə həll etməyə çalışıblar. Azərbaycan da Moskvanın xahişini yerinə yetirmək məcburiyyətindədir.

Polkovnik acı gülüşlə, Qələndərlinin dediklərini dinləyib, eyni acı təbəssümlə də dedi:

- Niyə məcbur olmalıyıq ki?

- Cənab polkovnik, sizin bilmədiyiniz çox şeylər var.

- Məsələ milli maraqlarla bağlı olduğu üçün mənimdə sizin bildiklərinizi bilməyə haqqım var.

- Narahat olmayın, biz milli maraqlarımızı heç zaman ermənilərə və ya ruslara satmarıq.

- Niyə onda Markonu tələb edirsiniz? Bilirsinizmi, Qarabağda işgəncə ilə körpələri, qadınları, qocaları, uşaqları öldürən elə Marko kimilərdir?

Məmməd Cavadzadə Qələndərlinin gözlərini döyə-döyə sakitcə onu dinlədiyini görüb, xatırlatma etdi:

- Arabu dəstəsi 200-ə yaxın azərbaycanlı əsgərin öldürülməsində, 100-ə yaxın mülki azərbaycanlı insanın qətlə yetirilməsində, 150 vətəndaşımızın girov götürülməsində, Kosaların, Şellinin darmadağın olunmasında əsas qüvvə olub, bunu bilirsinizmi? Əskəranda güclü müqavimətlə üzləşməyimizdə, Yaqub və Allahverdi kimi komandirlərin qətlə yetirilməsində və neçə-neçə hərbi sərkərdələrin həyatlarına son qoyulmasında bu terrorçunun və bunu kimi vəhşilərin xüsusi rolu olduğunu bilirsinizmi?

Qələndərli başını aşağı salıb, ani fikrə getdi.

Polkovnik "çekist"in susduğunu görüb, əlavə etdi:

-Niyə cavab vermirsiniz, dillənində?

- Mən əmr quluyam, rəhbərliyin tapşırığıdır, yerinə yetirməliyəm. Markonu nə yolla olur, olsun özümlə Bakıya aparıb, aeroportdan Moskvaya yola salmalıyam.

Polkovnik ayağa qalxıb, sərt formada dedi:

- Biz onu verməyəcəyik. Hərbi qaydalara, qanunlara uyğun olaraq mühakimə olunacaq. Bir də bu kimi məsələlər hərbi şurada müzakirə olunaraq qərar verilir. Sabah axşam hərbi şuranın iclasını çağırmışam. Cənub-Qərb dairəsi üzrə hərbi komandirlərin iştirakı ilə toplantı olacaq. Bu, toplantıda sizin təklifiniz müzakirə olunacaq.

Qələndərli pərt oldu:

- Bu məxfi məsələdir, müzakirə edilməsi məsləhət deyil.

- Mənim döyüşən ordu komandirlərindən, əsgər və zabitlərindən gizli sirrim ola bilməz. Biz bir-birimizə inanır və etibar edirik.

Qələndərli ayağa durub, nə zamansa ermənilərin tibb məntəqəsi olmuş otağın, top mərmilərinin zərbəsindən çatlamış divarlarına ani də olsa göz gəzdirib başını yelləyə-yelləyə dedi:

- Buna görə, başınız ağrıya bilər.

- Məni hədələyirsiniz, - deyə polovnik əsəbi halda Qələndərliyə baxdı.

Qələndərli narahat oldu, sağına soluna boylanıb, pıçıltı ilə dedi:

-Başa düşün, sizin dirənişiniz yuxarılarda yaxşı qarşılanmayacaq, bunun fərqindəsinizmi?

Polkovnik Qələndərlini ikrah dolu nəzərlərlə süzüb dedi:

- Bizim üçün torpağımızın bütövlüyü və insanların etdiklərimizə necə münasibət və ya fikir bildirəcəyidir. Hər kəs öz üzərinə düşən işi və vəzifəni yerinə yetirməlidir.

Qələndərli söz atdı:

- Hər halda, məsləhət görərdim ki, məxfi hesab olunan bu məsələ hərbi şuranızda müzakirə olunmasın.

- Məsləhətinizi nəzərə almağa çalışarıq,- deməklə polkovnik söhbətə yekun vurduğunu nümayiş etdirdi.

Qələndərli əl tutmadan - sağ olun - deyib, otağı tərk etdikdən sonra polkovnik pəncərəyə yaxınlaşdı. Ordan azad olunan Əskəran qəsəbəsinin hələ də müxtəlif yerlərində bombaların, mərmilərin partlayışları nəticəsində yanan evləri müşahidə etdi. Nəzərləri evlərə, küçələrə dikilsə də beynində, düşüncəsində Qələndərli ilə olan söhbətləri çək-çevir edirdi. Bu vəziyyət bir qədər çəkdi. Nəhayət, polkovnik geri çevrilib, yenidən stulunda əyləşdi, - Mehdixanlı, Mehdixanlı - deyə köməkçisini yanına çağırdı. Gənc əsgər Qubad Mehdixanlı içəri daxil olub, hərbi salam verdi və gözlərini polkovnikə dikdi.

- Əsirlər saxlanılan hərbi düşərgə ilə əlaqə saxla, orda Jozef Marko adında bir erməni var, onu mənim yanıma gətirsinlər.

Əsgər,- oldu cənab polkovnik, - deyib otaqdan çıxdı.

Bir qədər sonra istehkam alayının komandiri Bəxtiyar Hacıyev, kəşfiyyat dəstəsinin komandiri Asif Bəşirov və daha iki mülki geyimli şəxs qapını döyüb, otağa daxil oldular. Korpus komandiri Cavadzadə yerindən durub, içəri daxil olanlara yaxınlaşdı, onlarla səmimi, mehriban görüşüb, oturmaq üçün yer göstərdi. Onlar əyləşdikdən sonra hal-əhval tutuldu, ailələrdən, dostlardan söhbətlər olundu. Cəbhə-

nin Horadiz istiqamətindəki mövcud durum, Sərsəng su anbarı, Ağdərə istiqamətində ermənilərin hərbi düzülüşləri barədə qısa da olsa söhbətlər aparıldı.

Polkovnik Cavadzadə Asif Bəşirova üzünü tutub, - komandir Bilal Kazımovun vəziyyəti necədir, - deyə sual etdi.

Bəşirov bir anlıq susdu, gözləri nəmləndi başını aşağı salıb, ağalar səslə dedi:

- Onu itirdik - cənab polkovnik, Allah rəhmət eləsin.

Eşitdiyi xəbərdən acı təəssüf hissi keçirən Məmməd Cavadzadə:

- Heyif ondan Allah rəhmət eləsin.

Otaqda olanlar da - Allah rəhmət eləsin - dedilər.

Polkovnikin danışdıqca hərdən masa arxasında əyləşən mülki geyimli şəxslərə baxdığını görən Asif Bəşirov izahat verdi.

- Cənab polkovnik, bu yanımda oturan sinif yoldaşım, Talıbdır. Sırxavənddə ermənilər tərəfindən ailəsi, yaxınları əsir düşüb, öldürülüb...

Polkovnik bir anlıq başını aşağı salıb, sağ əli ilə üzünü ovuşdurdu. Başını yuxarı qaldırıb, gözlərindən narahatçılıq, yorğunluq, bədbinlik yağan Talıba baxıb, təskinlik verdi.

- Bu vətən bizimdir, bu torpaq uğrunda uşaqlı-böyüklü, hamımız canımızı qurban verməyə hazır olmalıyıq. Qarabağın müxtəlif yaşayış yerlərində erməni vəhşiliyinə məruz qalan insanlarımız var. Allah hər birinə rəhmət eləsin, onlar günahsız, dinc insanlar olublar. Narahat olmayın, qisasımızı alacağıq. Sadəcə, bir qədər gözləmək və dözmək lazımdır.

Polkovnikin "dözmək lazımdır" sözlərini eşidincə, Talıb, ağlar səslə söyləndi:

- Cənab polkovnik, mənim 55 yaşlı atam öldürüldü, 18 yaşlı bacım gözümün qarşısında can verdi, anam və qardaşımdan xəbərim yoxdur. Onların həyatından, taleyindən bixəbərəm. Kəndin 100-dən çox sakini ermənilərin 2-ci korpusunun komandirinin əsirliyindədir. Bunlara dözməkmi olar?

Asif Bəşirov dərindən ah çəkib, Talıba təsəlli verməyə çalışdı.

- Talıb, qardaşım, Allah sənə səbr versin. Bütün şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Biz necə ki, Əskəranı, Naxçıvaniki, Şoş, Xramort, Mənəc, Xanabad və digər kəndləri erməni quldurlarından təmizlədik, yaxın vaxtlarda da sənin doğulub, boya-başa çatdığın, amma indi erməni işğalı altında olan o torpaqları da quldurlardan təmizləyəcəyik…

Mühəndis İstehkam Alayın komandiri Bəxtiyar Hacıyev də söhbətə qoşuldu.

- Sadəcə, səbr etmək lazımdır.

- Talıb dözməyib ona təskinlik verənlərə etiraz etdi:

- Dözə bilmərəm. Mənim anam və qardaşım erməni əsirliyindədir. Onları xilas etməliyik.

Polkovnik Məmməd Cavadzadə bu gəncin dərdinə şərik olduğunu nümayiş etdirmək üçün xoş nəvazişlə dedi:

- Adın deyəsən, Talıb oldu.

Talıb - hə - deyincə, polkovnik əlavə etdi:

- Talıb, yaxın günlərdə Sərsəng su anbarını, eləcə də Ağdərəni düşməndən azad edəcəyik. Yolumuz Xankəndinədir. Bu hərbi sirr olsa da, sənin dərdinə məlhəm ola biləcəyini düşündüyümdən təlimatı pozdum. Arxayın ol, yaxın günlərdə torpaq bütövlüyümüzü bərpa edəcəyik, hər bir şəhidin qisası alınacaq, əsirlər və girovlar azad olunacaqlar.

Talıb yenidən gözlərini ani yumub, qəmgin-qəmgin söyləndi:

- Cənab polkovnik, mən o vaxtı gözləyə bilmərəm.

Polkovnik təəccüblə, Talıbın fikrini öyrənmək üçün sual etdi:

- Nə edə bilərik?

Talıb birbaşa düşündüyünü dilə gətirdi:

- Mən 2-ci korpusun komandiri Samvel Xaçaturyanın evinə gedib, onun ailəsini girov götürəcəm, bununla da anamı, qardaşımı və digər yaxınlarımı əsirlikdən azad edəcəyəm.

Məmməd Cavadzadə bir anlıq bu məğrur, qorxmaz oğlanın üzünə, qığılcım saçan gözlərinin içinə diqqətlə nəzər yetirib ayağa durdu. Yaxınlaşıb sağ əlini Talıbın çiyninə qoydu.

- Bu heç də asan məsələ deyil.

Talıb da ayağa durdu. Polkovnikin üzünə baxmadan dedi:

- Mən həyatım bahasına Erkiş kəndinə gedib, 2-ci korpusun komandirinin evində ailə-sini girov götürəcəm. Əgər orada erməni əsgərləri olsa, onları da öldürəcəyəm.

Polkovnik ağzını açıb fikir bildirmək istəyərkən Bəşirov:

- Cənab polkovnik, olar söz deyim?

Polkovnik:

- Buyur Bəşirov.

Bəşirov hörmət əlaməti olaraq, oturduğu stuldan ayağa qalxıb rəsmi görkəm aldı:

- Cənab polkovnik, mən Talıbı yaxşı tanıyıram. O, qarşısına qoyduğu məqsədinə nail ola bilər. Biz ona kömək etməliyik.

Polkovnik bir anlıq nə baş verdiyini aydınlaşdıra bilmədi. Otaqda sağa doğru 2-3 addım atdı, geriyə qayıdıb stulunda əyləşdi:

- Mən göz görə-görə sizləri ölümə göndərə bilmərəm.

Talıb da yerinə əyləşdikdən sonra dedi:

- Cənab polkovnik, ölsək, bu heç nəyi dəyişməyəcək. Bir də biz torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş neçə-neçə oğuldan artıq deyilik ki?

Polkovnik İstehkam Alayının komandiri Bəxtiyar Hacıyevə üzünü tutub sual etdi:

- Siz nə deyirsiniz?

- Yəqin, bu oğlan Amerika kinolarına çox baxıb...

Bəşirov yersiz olsa da söz atdı:

- Düz deyirsiniz Bəxtiyar müəllim, bura kinoteatr deyil, hər an ölüb, öldürmək yeridir. Amma Talıb...

Bəxtiyar Hacıyev dostunun sözünü kəsib, üzünü polkovnikə tutdu:

- Mən sadəcə, bir gəncində erməni vəhşiliyinin qurbanı olmasını istəmirəm. Əgər istəyirsə, getsin.

Bəşirov polkovniki razı salmaq üçün cəhd etdi:

- Cənab polkovnik, Talıb bu bölgədə müharibəyə qədər ermənilərə qan uddurub. 2-ci korpusun komandirinin iki dəfə çənəsini sındırıb. Cüdo yarışlarında onun kürəyini yerə vurub.

Polkovnik səsinin tonunu qaldırdı:

- Bunlar məlum məsələ. Talıb Erkiş kəndinə gedib orda nə isə edə bilərmi? Bunu sizlərdən soruşuram.

Bəxtiyar Hacıyev:

- Məndə ona inam var. O, qarşısına qoyduğu məqsədinə çata bilər. Əgər Talıb ermənilərin silahlı dəstələrinin arasından böyük şücaət və qəhrəmanlıq göstərməklə, 10-a yaxın ermənini öldürüb, bir neçəsini də yaralayaraq, girovluqdan qaça bilibsə, deməli, digər əməliyyat planlarını da həyata keçirə bilər.

Bayaqdan hərbçilərin söhbətlərinə sakit tərzdə qulaq kəsilən Sırxavənd kəndinin icra nümayəndəsi Mürsəl Pənahov polkovnikə üzünü tutub dedi:

- Cənab polkovnik, mən kənd icra nümayəndəsiyəm, Bəxtiyar Hacıyevlə də yaxın dostam. Bizə etibar edin, Talıba silah və iki-üç nəfər təcrübəli əsgər verin, o Samvelin belini qıra bilər.

Polkovnik sol əlini masaya vurub, əsəbi halda dedi:

- Bizim davamız arvad-uşaqla deyil axı.

İcra nümayəndəsi kinayəli söz atdı:

- Siz nə qoyub, nə axtarırsınız, erməni əsgərləri evlərimizə basqın edib, qadınları, uşaqları girov götürür, onlara qarşı min cür vəhşiliklər edir, öldürürlər, qocaları ağaclara bağlayıb yandırırlar, hamilə qadınların qarınlarını süngü ilə yarıb qətlə yetirirlər biz isə hümanizmdən danışırıq.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...