(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/818936.html)

Savalan kişi Talıbı gözləyən fəlakəti düşündükcə öz dərdi, ailəsinin əsir düşməsi yadından çıxdı. Başını dizlərinə tərəf büküb, əlləri ilə üzünü örtdü. Birdən maşın ləngər vurub, dayandı. Arxadan gələn vilisin sürücüsüdə, idarə etdiyi maşını sağa verib, saxladı. Həmin an qabaq hissədən arvad-uşağın göylərə yüksələn ağlaşması eşidildi. Az keçmədi ki, kişilərin olduğu maşının qapısı açıldı. Avtomatı üstlərinə tuşlayan 4 erməni əsgəri müxtəlif təhqiramiz sözlərlə onların yerə düşməsini əmr etdilər. Yazıq, biçarə, insanlar qorxa-qorxa kamazın kuzovundan yerə düşüb, göstərişə əsasən sıraya düzüldülər. Azərin ruhsuz bədənindən başqa bir nəfər də kuzovda uzanılı qalmışdı. Bu dəllək Mehdi kişi idi. İri gövdəli, saqqallı erməni avtomatını kuzova tuşlayıb ardıcıl atəş açdı. Dəllək Mehdi ayaqlarını, daha sonra sağ əlini qıcıb, həmişəlik gözlərini yumdu. Həmin erməni şaxtanın sazağında titrəyən insanlara yaxınlaşıb, avtomatının qundağı ilə adamların başlarına, sinələrinə ardıcıl zərbələ vurduqdan sonra - paltarlarınızı soyunun-əmrini verdi. Biçarə insanlar qorxudan göstərişi yerinə yetirməyə başladılar. Əlləri soyuqdan donduğundan köynəklərinin düymələrini açmaqda çətinlik çəkənlər daha amansız işgəncəyə məruz qalırdılar. Erməni əsgərlər həmin donmuş biçarələri təpiklə yerə yıxır, sonra da avtomatlarının süngüsü ilə köynəklərini öndən və arxadan kəsib, onları soyundururdular.

Talıb gödəkçəsini çıxartsa da isti, yun jaketini çıxarmadı. Deyəsən, bu, soyunmaq əmrini verən yekəpər, saqqallı erməni zabitinin gözündən yayınmadı. Alıcı quş kimi cumub Talıba yaxınlaşınca onun sinəsinə bir təpik vurdu. Əgər bu zərbə başqa bir əsirə dəysə idi, arxası üstə yerə yıxılardı. Talıbın isə şax dayanması saqqallı erməni zabitini təəccübləndirdi. Təhqiramiz sözlər səsləndirməklə ardıcıl olaraq ona təpik, yumruq vurdu. Atasını, bacısını, nişanlısını itirən, anasının, qardaşının öldüklərindən, qaldıqlarından xəbərsiz olan, elindən, obasından məhrum olan Talıba erməni zabitinin fiziki zərbələri təsir etmirdi. Sanki ruhsuz bədən idi. Elə donmuş vəziyyətdə sağında-solunda kişilərin təhqir olunmasını, qadın və qızların əyinlərindəki paltarları cırıb, döyə-döyə zorlamalarını seyr edirdi. Bu laqey-dlik erməni zabitini daha da qəzəbləndirirdi. Birdən erməni zabiti avtomatını Talıbın üstünə çəkib, diz çökməsini əmr etdi. Talıb yenə gözlərini uzaq nöqtəyə dikib susdu. Yerdə erməni əsgərinin vurduğu təpik zərbələrindən ciddi zədə aldığı üçün əlləri ilə qarnını tutub qıvrılan Savalan kişi bir anlıq gözlərini açıb sağına-soluna boylandı. Erməni zabitinin Talıbı güllələmək üçün avtomatını hazır vəziyyətə gətirdiyini görüncə özünü toparlayıb köməyə tələsdi. Çətinliklə də olsa ayağa qalxıb, Talıba yaxınlaşdı. Onu qucaqlayıb, erməni zabitinin tələbini yerinə yetirməsini xahiş etdi. Bu mən-zərə ermənini daha da özündən çıxartdı. Avtomatının qundağı ilə Savalan kişinin sinəsinə ardıcıl iki zərbə vurdu. Savalan kişi zərbənin təsirindən səntirləyib, ağızı üstə yerə yıxıldı.

Talıb Savalan kişiyə kömək etmək istədi. Ancaq erməni zabiti ona imkan vermədi. Yaxasından tutub, dərənin uc hissəsinə tərəf sürüdü. Niyyəti Talıbı güllələdikdən sonra dərə aşağı atmaq idi. Bu an – Arman, əl saxla, mənim o türklə özəl haqq-hesabım var, - deyə arxadan səs gəldi.

Erməni zabiti qəzəbli səslə qışqırdı. - Bunu gəbərtməsəm Vinka nənəmin çörəyi haramın olsun - deyib, avtomatını Talıba tuşladı.

Bayaqkı səs bu dəfə əmr etdi.

- Zabit, silahını geri çək. Yoxsa səni də, nənəni də dünyaya gəlməyinizə peşman edərəm.

Erməni zabiti tələbin yerinə yetirilməyəcəyi təqdirdə vəziyyətinin ağır olacağını deyəsən başa düşdü. Ona görə də avtomatını aşağı endirdi. Sonra yerə tüpürüb, kənara çəkildi.

Talıb jaketinin yaxalığını düzəldib aşağı əyildi. Yerdən qar götürüb, yumruq zərbəsindən burnundan açılan qanı sildi. Başını qaldıranda, onu tanıdı. O, dəfələrlə cüdo yarışlarında üz-üzə gəldiyi, ev-eşiklərini viran qoyan 2-ci korpusun komandiri Samvel Xaçaturyan idi. Xaçaturyan ona baxan Talıba nəzər yetirdi. Sonra da kinayə ilə söz atdı.

- Hanı, o idman yarışlarındakı qürur, təkəbbür, mənəm-mənəmlik?

Talıb dinmədi. Xaçaturyan Talıbın sinəsinə bir yumruq vurdu.

- Bura idman meydançası deyil ki, hakimləri ələ alıb, birincilik qazanasan. Bura pulun işləmədiyi, yuxarıların sözünün keçmədiyi bir meydandır. Ona görə də biz qalib gəldik.

Erməni komandiri sözlərinə ara verib, Talıba sərt nəzərlə baxdı. Onun dinmədiyini görüb, dedi:

- Böyük Ermənistanın sərhədlərini bərpa etdikdən sonra səninlə görüşəcəyik, kişi kimi sən və mən. Dillənmirsən, çünki haqlı olduğumu, düz danışdığımı başa düşürsən.

Talıb özündən asılı olmadan gülümsədi. Bu Xaçaturyanın nəzərindən qaçmadı. Qalın, cod saqqalına əli ilə sığal çəkib dedi:

- Nə fikirləşdiyini təxmin edirəm. Amma nə fikirləşdiyin mənim vecimə deyil. Mənim üçün indi əsas məqsəd, böyük Ermənistanın paytaxtında səninlə təkbətək döyüş keçirməkdir. Təbii ki, orada pulla ələ alınan hakimlər olmayacaq.

Samvel Xaçaturyan Talıbın yenə dillənmədiyini görüb, acıqlı səslə onun üstünə qışqırdı:

- Sənə nifrət edirəm. Dəfələrlə Ermənistan yığmasına düşmək arzularımın qarşısını sən almısan.

Talıb istədi erməniyə "sənə nifrət etmək üçün yeganə səbəb onun sənə oxşaya bilməməsidir" aforizmini xatırlatsın. Ancaq demədi, əvəzində - Savalan kişini, Bəxtiyarı və digər yaşlı insanları burax-deyə bildirdi.

Samvel Xaçaturyan bir anlıq kinayə ilə onu süzüb dedi:

- Hansıdır o dediyin Savalan, Bəxtiyar?

Talıb, əli ilə hələ də yerdə uzanılı qalan Savalanı və dizlərini büküb, qarın üstündə oturmuş Bəxtiyarı göstərdi.

Xaçaturyan iki əsgərə qarın üstündə uzanılı qalan Savalan kişini onun yanına gətirmələrini əmr etdi.

Əsgərlər Savalanı yerdən qaldırıb Xaçaturyanın yanına gətirdilər. Erməni komandir Savalanın qəmli gözlərinə və sifətinə baxıb güldü. Sonra da tapancasını belindəki qoburdan çıxarıb, tətiyi çəkdi. Savalan kişi səndələdi, əlləri yuxarıya qalxdı, ayaqları büküldü, arxası üstə qarın üstünə yıxıldı. Gördüyü mənzərədən dəhşətə gələn Talıb qaçıb Savalan kişinin boynunu qucaqladı, hönkür-hönkür ağladı. Daha bir neçə atəş səsi eşitdi. Xaçaturyan Bəxtiyarı, daha sonra naxırçı Bilman kişini güllələdi. Ətraf ancaq qırmızı idi. Ara verməyən qar damcıları da qan izlərini silə bilmirdi. Bu ətrafda qorxu, dəhşətli vahimə yaradırdı. Ermənilər isə sakitləşmək bilmirdilər. Hamı göz yaşı tökür, Allahdan yardım istəyirdi. Qoç qurbanlar, nəzir-niyaz deyənlərdə vardı. Azğınlaşmış ermənilərin işgəncə maşını isə susmaq bilmirdi. Ən tükürpədici, amansız qətliamlar isə hamilə qadınların zorlandıqdan sonra qarınlarının yarılıb uşaqlarının çıxarılaraq parçalanması idi. Daha dəhşətlisi isə valideynlərin gözləri önündə körpə və azyaşlı uşaqların qətlə yetirilməsi olurdu. Kəlbətinlə əsirlərin qızıl dişlərini çıxarıb, onlara fiziki işgəncə verir, namuslarını müdafiə etmək üçün önə çıxan kişiləri öldürürdülər. Qətliam və işgəncə iki saata yaxın çəkdi. Qaranlıq düşəndə Xaçaturyan əmr verdi:

- Əsirləri Xankəndinə aparıb, Sovxozun mal tövləsində yerləşdirin.

Fikrini tamamladıqdan sonra Xaçaturyan onu gözləyən vilisinə tərəf addımladı. Maşının qapısını açıb, minməmişdən əvvəl leytenant Armanı səslədi:

- Arman, bura gəl.

Qanlı əllərini qarda yuyub, təmizləməyə çalışan Arman Samvelin səsini eşidincə qaça-qaça ona yaxınlaşdı.

- Mən kəndə gedirəm - Erkişə. Sən dəstəni Xankəndinə apar. Yolda axmaqlıq da eləmə. Çalış o cüdoist özünə xətər yetirməsin.

Etimaddan ruhlanan Arman Xaçaturyanın qarşısında iki qat əyilib -baş üstə - dedi və ona yaxşı yol arzuladı.

Xaçaturyan getdikdən sonra Arman əsgərlərə öldürülənləri dərəyə atmağı və əsirləri maşınlara mindirib, yola davam etməyi əmr etdi. Özü isə hələ də Savalan kişinin cansız bədənini qucaqlayıb ağlayan Talıba yaxınlaşıb, arxadan ona bir təpik vurdu. Erməni vəhşiliyindən dərin sarsıntı keçirən Talıb gözlənilmədən sağ əli ilə Armanın ağzını, sol əli ilə boynunu tutub, cəld hərəkətlə burdu. Arman bir neçə saniyə ayaqlarını yerə döyəcləyib, canını tapşırdı. Talıb, eyni cəld hərəkətlə onun avtomatını və belindən asdığı qranatı götürüb, ayağa qalxdı. Artıq erməni əsgərlər onu görmüşdülər. Dərhal avtomatlarını ona tuşlayıb atmağa hazırlaşdılar. Ancaq Talıbın qranatı onların üstünə atmasından yaranan güclü patlayış erməni əsgərlərinin pərən-pərən düşməsinə səbəb oldu. Talıb vaxt itirməyib avtomatının darağını ermənilərin toplaşdığı istiqamətə boşaltdı. Ətrafda yaranan qarışıqlıqdan istifadə edən Talıb qaça-qaça dağın ucuna çatıb fikirləşmədən özünü qayadan aşağıya atdı. Arxadan avtomat, pulemyot səsləri eşidildi. Dəhşətli partlayışlar az qala dağ-dərəni yerindən oynadırdı. Talıb sağ-salamat idi. O, qarlı gicitkən kolunun üstünə düşdüyündən sadəcə yanaqları cızılmışdır. Kolun üstündən sürünüb çıxdı. Ayağa qalxıb, yarğanın arasına keçməyə çalışdı. Çətinliklə də olsa güllə yağışının, qranat qəlpələrinin tutması mümkün olmayan yarğana keçdi. Amma burada çox qala bilməzdi. Ermənilər onu məhv etmək üçün dağı belə partlada bilərdilər. Ona görə də sağ qalmaq üçün tələsməli, yollar axtarmalı, düşünməli idi.

- Hə, hə tapdım, uşaqlıq xatirələrimin yadigarı olan mağaraya girməliyəm, Allahım sənə çox şükür - deyib, yarğanın içi ilə irəliləyib, qarşı dağa keçdi. Qaranlıq düşdüyündən ermənilər onu görə bilməzdi. Ancaq arxayın da ola bilməzdi. Gecə görücü aparatla onun hərəkətini müəyyənləşdirib, öldürə və ya əsir ala bilərdilər.

- Burdadır - deyə öz-özünə qərar verib, sıx bitən gicitkən kollarının arasından sivişib mağaraya girdi. Rahat nəfəs aldı. Mərmi, qranat partlayışları ardıcıl guruldayır, pulemyot, avtomat səsləri durmadan şaqqıldayırdı. Bir qədər sonra sakitlik yarandı. Deyəsən, ermənilər gülləbarandan onun sağ çıxa bilməyəcəyini düşünmüş, silahları işə salmağı dayandırmışdılar. Talıb, - yaxşı bundan sonra nə etsin, Ağdama necə gedib çıxsın? – deyə öz-özünə fikirləşdi. Qaranlıq mağaranın küncünə çəkilib oturdu. Gözləri önündə yaxın qohumlarına qarşı ermənilərin törətdiyi vəhşiliklər canlandı. Əllərini dizlərinin üstünə qoyub, ağladı. Dövləti qarğıdı, hakimiyyətdə olanları yamanladı. Onları vətəndaşlarını köməksiz qoymaqda ittiham etdi… Qəfil mina partlayışı, ardınca da pulemyot atəşləri onu göz yaşlarını silib, səs-küyə diqqət kəsilməyə məcbur etdi. Bir xeyli səksəkə içində partlayışları dinlədi. Az keçmədi ki, yaxınlıqda danışıq və atəş səsləri də eşidildi. Başa düşdü ki, erməni zabitləri sakitləşməyiblər, onun ölüsünü, dirisini tapmaq üçün əsgərləri axtarışa göndəriblər.

Talıb ermənilərin bu yeri tapa biləcəklərini güman etmirdi. Ancaq yenə narahat idi. Amma az sonra atəş və partlayış səsləri kəsildi, dağlar qoynuna lal sükut çökdü. Talıb ayağa durub, mağaranın önünə gəldi, oğrun-oğrun ətrafı seyr etdi – sakitlikdir, - deyə öz-özünə söyləndi. Xəyalında gözəl, qayğısız uşaqlıq illəri canlandı, yadına düşdü ki, bir zaman bu yerlərə yemişan, turşəng yığmağa gələr, hər dəfə də mağaraya girib, süfrə açar, çörək yeyərdilər. Hətta bir dəfə üç dost sözlərini bir yerə qoyub, şam işığında gecəni mağarada qalıb, səhərə qədər deyib, gülüb söhbət etmişdilər. Ermənilər ev-eşiklərini əllərindən alıb, ailəsini öldürdüyü kimi uşaqlıq xatirələri olan bu yerləri də əllərindən almışdılar. Talıb səhərə qədər mağarada qalmaq istədi. Ancaq ehtiyat etdi ki, səhər açılar ermənilər yenidən axtarış aparıb, onun gizləndiyi yeri müəyyənləşdirə bilərlər. Dan yeri ağarmamış təhlükəsiz yerə çatmalı idi. Ona görə də asta addımlarla mağaradan çıxıb, gicitkan kollarını keçib, dağdan aşağı enməyə başladı.

Cüneyd bulağına çatanda kəndlərinə boylandı. Evlər hələ də yanırdı. Küçələrdə, həyətlərin önündə yük maşınları, traktorlar dayanmışdı. Deyəsən, vəhşilər evləri qarət edirdilər. Talıb yanıqlı ah çəkib, evlərinin olduğu yerə boylandı. Atasının, bacısının dəfn olunduğu bağçalarını düşündü. Nişanlısının və valideynlərinin cansız bədən-lərinin aqibətini fikirləşdi. Yenə də dövləti qınadı, ürəyində asdı-kəsdi. Gözləri yaşardı, hıçqıra-hıçqıra ağladı. Əkin sahəsinin qurtaracağındakı çinar ağacının qarşısında yerə çöküb, həsrətlə, göz yaşları içində alova bürünən kəndlərini seyr etdi. Bir anlıq fikrə getdi.

- Necə və hansı yolla kəndlərini qəsb edən, ailə üzvlərini qətlə yetirən erməni hərbiçilərindən qisas alsın? Çox baş sındırmadı. Beynində qurduğu planını dodağında pıçıltı ilə dilə gətirdi. Basqın edib, Xaçaturyanın ailəsinə ağrılar, acılar yaşatmaq. Amma kiminlə? Bu sualın da cavabını tapmaq çox çəkmədi - hə başqa kim ola bilərki? Onsuzda bizim itirəcəyimiz bir şey yoxdur.

Talıb qisas almağa yaxın olduğunu fikirləşəndə, bir qədər özünü rahat hiss etdi. Ancaq planını hərbidən, müharibə qaydalarından, məxfi əməliyyatlardan başı çıxmayan dostlarla həyata keçirmək, göz görəsi özlərini ölümə atmaq idi. Ona görə də planını korpus komandiri Cavadzadə ilə müzakirə etməli, hətta ondan kömək istəməli idi. Bu düşüncə ilə də ayağa qalxıb, yoluna davam etdi.

*** *** ***

Dan yeri söküləndən cəbhənin Cənub və Qərb cinahından başlayan hərbi əməliyyatlar uğurla nəticələnməkdə idi. Artıq 130-ə yaxın kənd və qəsəbə, strateji yüksəklik düşməndən azad edilmişdi, yalnız Əskəran uğrunda gedən döyüşlərdə düşmən müqavimət göstərir, hətta müəyyən hallarda Azərbaycanın ordu birləşmələrini geri çəkilməyə məcbur edirdi. Qarabağda ciddi dönüş əldə etmək baxımından Əskəran çox önəmli strateji məntəqə hesab olunduğundan Məmməd Cavadzadə əməliyyatı dayandırmaq istəmirdi. Tələsirdi, sabah səhərə qədər də olsa Şoş və Xramort kəndlərini düşməndən təmizləyib, Əskərana daxil olmalı idi. Gecikmək ağır fəsadlar verə bilərdi. Ən azı düşmənə Rusiyanın Ermənistandakı hərbi bazasından kömək gələ bilərdi.

Narahat və əsəbi durumda olan Məmməd Cavadzadə növbəti dəfə komanda idarəetmə mərkəzindən düşmənin cəbhə xəttini müşahidə edib, saatına baxdı, 4-ə qalır, - gecə döyüşlərinə hazırlaşmaq lazım gələcək, - deyə qətiyyətlə qərar verdi. Havada təyyarə səsi eşidib, komanda mərkəzindən çıxdı, göyə baxıb, sağa-sola boylandı, "Delfin" helikopteri idi, cəbhənin qərb hissəsində Azərbaycanın mövqelərini bombala-yırdı. Dərhal əmr verdi, artilleriya havadakı obyekti məhv etsin. Köməkçiləri əmri artilleriyaçılara çatdırmaq üçün hava rabitə sistemini işə saldılar. Koordinatların düzgün müəyyənləşdirilməsi və artilleriyaçıların sərrast atəşləri öz müsbət nəticəsini verdi. Helikopter ilk öncə ləngər vurdu, daha sonra alova büründü və Naxçivanik istiqamətində yerə düşdü. Korpus komandiri rahat nəfəs aldı. Ratsiya ilə artillerya komandiri Qara Həmidovla əlaqə saxlayıb, helikopteri məhv etdiklərinə görə, ona və əsgərlərinə minnətdarlığını bildirdi. Onların döyüş ruhunu bir qədər də yüksəltmək üçün vətən və torpaqla bağlı gözləri yaşardan fikirlər söylədi. Danışığını yekunlaşdırıb, komanda idarəetmə mərkəzindən çıxdı, nəzərlərini ön cəbhəyə dikdi. Hər yer alova bürünmüşdü. Mərmi, raket partlayışları ara vermədən guruldayır, avtomat, pulemyot səsləri bir-birinə qarışıb, dəhşətli effekt yaradırdı. Bəzən mərmilər onun yaxınlığında partlayırdı. Ancaq bu partlayışlardan korpus komandiri gözlərini belə qırpmırdı. Sanki ölümə meydan oxuyurdu. Bu zaman köməkçi zabit ratsiyanı ona uzadıb - cənab polkovnik 4-cü alayın komandiri Fərəc Ağayevdir, - deyə bildirdi. Məmməd Cavadzadə tez-tələsik dəstəyi alıb, qulağına tutdu, - Cənab polkovnik, Şoş və Xramort kəndləri düşməndən azad edildi, Əskərana yolumuz açıqdır, - deyə Fərəc Ağayev raport verdi.

Polkovnik Məmməd Cavadzadə raportu dinlədikdən sonra növbəti əmrini verdi:

-Təxirə salmadan müdafiə üçün istehkamlar qurub, orda artilleriya qurğuları yerləşdirin.

Fərəc Ağayevin ratsiyada səsi eşidildi:

- Oldu, cənab polkovnik. Ancaq onu deyim ki, yaxın saatlarda cənubdan Mənəş kəndini erməni-rus hərbi birləşmələrindən azad edib, Əskərana yaxınlaşacağıq. Bunun üçün Bilal Kazımovun rəhbərlik etdiyi kəşfiyyat-diversiya dəstəsi ilə Kobaş düzündə qüvvələrimizi birləşdirməyi planlaşdırırıq. Ona görə də müdafiə-istehkam tədbirləri görməyə ehtiyac qalmayacaq. Biz Əskəranı azad etməyə hazırıq. Sizin əmrinizi gözləyirik.

Əminliklə deyilən qətiyyətli izahatdan razı qalsa da polkovnik bir anlıq nə cavab verəcəyini bilmədi. Fərəc Ağayevin səsi eşidildi:

- Cənab polkovnik, sizin əmrinizi gözləyirik, nə edək.

Məmməd Cavadzadə sanki bu dəqiqə qətiyyət göstərməsə sonra gec olacaq düşüncəsindən ayılıb, əmr verdi:

- Əskəranın düşməndən azad edilməsi üçün bu dəqiqədən etibarən səlahiyyət sahibisiniz. Azərbaycan bayrağının Əskəranın dövlət qurum-larının binalarından asılmasını təmin edin!

Fərəc Ağayev polkovnikin son anda qərarını dəyişərək əməliyyatı davam etdirməyə razılıq verməsindən razı qalmışdı. Hətta demək olar ki, sevincək olmuşdu. Ona görə də bayaqdan ehtiyatla, sakit səslə dediyi sözlərini bu dəfə daha uca səslə və qətiyyətlə dedi:

- Bu axşam Əskəranı azad edəcəyik! Yolumuz Sərsəng su anbarına və Ağdərə rayonunadır.

Polkovnik - uğurlar, Allah köməyiniz olsun! Uşaqlardan muğayat olun - deyib, danışığı yekunlaşdırdı.

Məmməd Cavadzadə söhbəti bitirdikdən sonra yenidən cəbhə xəttinə baxdı. Bu zaman yenicə leytenant rütbəsi almış Emin Şahbazov yaxınlaşıb, polkovnikə hərbi salam verdi, raport verməsi üçün icazə istədi:

Məmməd Cavadzadə cəngavər cüssəli gənc zabiti süzüb, - buyur eşidirəm, - deyə bildirdi.

- Cənab polkovnik, ordumuz tərəfindən vurularaq yerə salınan "Delfin" helikopteri Rusiyaya məxsusdur. Helikopteri idarə edən iki rus zabiti paraşütdən istifadə etməklə ölümün cəngindən qurtula biliblər. Onlar Asif Bəşirovun kəşfiyyat dəstəsi tərəfindən həbs olunublar.

Polkovnik soyuqqanlı şəkildə sual etdi:

- Onlar hazırda hardadılar, izahat veriblərmi?

- Cənab polkovnik, təhlükəsiz yerdədirlər, Naxçıvanikdə saxlanılırlar. İlkin izahatlarında Rusiyanın Gümrüdəki hərbi bazasından Qarabağın qaynar nöqtəsinə göndərildiklərini bildiriblər.

Polkovnik qaşlarını çatıb, sağ əli ilə çənəsinə əl gəzdirdi, - Rusiya qardaşlıq köməyini ermənilərdən əsirgəmir, - deyə gənc zabitlə məslə-hətləşirmiş kimi söyləndi.

Şahbazov polkovnikin sözünə qüvvət olaraq dedi:

- Cənab polkovnik, Ermənistanın havada döyüş aparmaq üçün helikopteri və ya təyyarəsi yoxdur. Rusiya Gürcüstandakı Cavaxetiya və Er-mənistandakı Gümrü hərbi bazalarındakı helikopter, tanklar və digər texnikalarla ermənilərin üzləşdikləri boşluğu doldurmağa çalışırlar.

- Bəli, düz deyirsən zabit, Moskvanın Qraçov dəstəsi ermənilərə böyük dəstək göstərir.

- Elədir ki, var cənab polkovnik Məmməd Cavadzadə ürək ağrısı ilə, köməkçisinə - o, gün Qurbanovun idarə etdiyi Su-25 qırıcı bombardmançı təyyarəni də Rusiyaya məxsus üç qırıcının müşayəti ilə havada vurdular, - deyə qəzəblə bildirdi.

Leytenant Emin Şahbazov Məmməd Cavadzadənin narahat simasına baxıb, köks ötürdü. Düşündü ki, kaş elə bir gücü, imkanı olaydı ki, polkovniki, qayğılardan, narahatçılıqlardan qurtara biləydi. Ermənilərin kökünü kəsib, bu yerlərə sülh və əminamanlıq gətirəydi.

Deyəsən, Əfqanıstan, daha sonra Qarabağda bir sıra qanlı döyüşlərin şahidi və iştirakçısı olmuş polkovnik Məmməd Cavadzadə gənc zabitin üz cizgilərinin saralmasından sanki onun nə düşündüyünü hiss etmişdi.

- Narahat olmayın, Rusiya deyil, bütün dünya erməni separatçılarına, terrorçularına kömək etsə də, Azərbaycan öz ərazisində hansısa qondarma rejimin qurulmasına imkan verməyəcək. Nə olursa olsun, biz qalib gələcəyik. Çünki bizim mübarizəmiz, işimiz haqqa, ədalətə söykənir.

Polkovnik danışdıqca gənc zabit heyranlıqla gözlərini ona dikib, düşüncələrində yenə də var-gəl edirdi - Belə qorxmaz, qətiyyətli zabiti olan vətən məğlub ola bilməz!

Söhbət-məsləhətləşmə zamanı komanda idarəetmə mərkəzinin yaxınlığına ardıcıl iki mərmi düşdü. Partlayışın gücündən komanda idarəetmə mərkəzinin sağ hissəsi dağıldı. Bu zaman mərminin ətrafa səpələnən qəlpələrindən yaxınlıqdakı vilisin benzin çəninə dəydiyindən daha bir güclü partlayış qopdu. Partlayışlardan polkovnik Məmməd Cavadzadəyə xətər dəyə biləcəyindən ehtiyat edən leytenant Emin Şahbazov cəld hərəkətlə irəliləyib, polkovniki qucaqladı, aşağı əyilməsini xahiş etdi. Polkovnikin aşağı əyilməsi ilə daha bir neçə qəlpə artıq bir tərəfi uçmuş idarəetmə mərkəzinin üst hissəsindən dəyib, tavanı dağıtdı. Ətrafı toz-duman bürüdü. Eyni anda bir neçə əsgər içəri daxil olub, komandiri axtardılar. Məmməd Cavadzadə Emin Şahbazovun köməkliyi ilə ayağa qalxıb, üst-başının tozunu çırpdı. Komanda idarəetmə mərkəzindən çıxa-çıxa - ölüm-itim, yaralanan olmadı ki - köməkçilərinə sual etdi.

- Hər zaman kölgəsi kimi onu müşayiət edən kiçik çavuş Qubad Mehdixanlı - salamatçılıqdır, cənab polkovnik, - deyə komandirini intizardan qurtardı.

Polkovnik - Allaha çox şükür - deyib gecənin qaranlığında mərmi və raket partlayışlarından yaranan alovdan aydın görünən qarlı dağları, yanan kənd və qəsəbələri seyr edib, əmr etdi:

(Ardı var )

İlham Əliyev,

Yazıçı - publisist

Bütün xəbərlər Facebook səhifəmizdə