Qismət Əli, yeməkxana iti və saralmış yarpaq (Hekayə)

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Qismət Əli əyalət teatrında baş rəssam işləyirdi. Bu gün-sabah yaşının əlli və teatrda işləməsinin iyirmi beş ili tamam olacaqdı. Dəfələrlə bu barədə teatrın müdirinə və əyalətin baş məmuruna, hətta mədəniyyətin lap böyük məmuruna xəbər göndərsə də, kağız yazsa da, hətta yaradıcılıq xasiyyətnaməsini öz əli ilə aparıb versə də müsbət bir nəticə hasil olmamışdı. Çünki onun yubileyini keçirmək üçün teatrda heç bir hazırlıq işi görülmürdü. Hətta, lap bu yaxınlarda fəxri ad veriləndə də ondan yan keçmişdilər. Teatrın müdiri deyirdi ki, mədəniyyətin baş məmuru deyirmiş, siyahı çox uzun olduğundan adamların yarısı qalıb gələn dəfəyə. Guya Qismət Əlinin də familiyası əlifbada axırda olduğuna görə, düşüb həmin ad verilməyənlərin siyahısına. Amma deyəsən məsələ bunda idi ki, o biri qalan siyahıya ad vermək məsələsi də deyəsən qalmışdı qum göyərənə... Guya başdakı müdir bu dəfə siyahıya qol çəkəndə çox əsəbiləşib və deyib:

- Canım, belə də iş olar? Bu məmləkətdə hamının fəxri adı oldu. Heç olmasa bir az fəxri adı olmayan da olsun də. Yoxsa adamlar arasında ayrı-seçkiliyi necə saxlamaq olar?

Bax bu sözləri eşidən Qismət Əlinin də ümidi tamam kəsilmişdi. Kim bilir, bəlkə də başdakı müdirin adından bunu belə deyirdilər. Bəlkə o kişi heç elə söz deməmişdi. Axı o, elmi, təhsili, ədəbiyyatı, incəsənəti, idmanı sevəndi. Başdakı müdirin adından axır vaxtlar məmurlar yalandan o qədər istifadə edirlər ki... Adam qalır çaş-baş… Ancaq məsələ belə idi ki, teatrın müdiriyyətinə, əyalətin baş məmuruna və lap yuxarıda əyləşənlərə çox da inanmayan Qismət Əli yeni quruluş verdiyi tamaşanı elə özü üçün yubiley sayağı bir şey fıkirləşmişdi. Bu tamaşa da teatrda onun yubiley tamaşası, yəni əllinci quruluşuydu.

Bəli, bu gün teatrda “Millətin ziyalıları və ya zavallıları” tamaşasının premyerası, ilk tamaşası olacaqdı. Hətta əyalətin baş məmuru özü də gəlməyə söz vermişdi. Onu da demişdi ki, tamaşadan sonra teatr işçilərinə bir yaxşı banket verəcək. Kasıbçılıqdan uzun müddət dillərinə ət, balıq dəyəməyən teatyr işçiləri bundan sevinmişdi. Ona görə də teatr işçiləri premyeradan çox, axşamkı banket haqqında fikirləşir və baş məmurla görüşəcəklərinə sevinirdilər. Baxmayaraq ki, teatrın binası ilə, əyalətin baş məmurunun binasını bir yol ayırırdı, amma nə sirr idisə teatr işçiləri illərlə onun qəbuluna düşə bilmirdilər ki, öz dərdlərini, sərlərini desinlər. Teatr işçisinin də dərdi, səri nə ola bilər? Bir az pul, əmək haqlarının artırılması və bir az da diqqət, qayğı... Özündən deyən aktyorlar isə baş məmurun arxasınca asıb-kəsirdilər ki, ürəklərində yığılıb qalan etirazlarının bir hissəsini axşamkı tamaşada “Millətin ziyalıları və ya zavallıları” vasitəsilə deyəcəkdilər. Lap baş məmurun astarına kimi. Qoy o da gedib, məmləkətin başçısına çatdırsın. Çatdırsın ki, axı belə yaşamaq olmaz... Axı bu “tula payı” olan maaşla ailə saxlamaq, sanballı obrazlar yaratmaq olmaz. Tamaşada deyə bilməyəcəklərini də özündən deyən aktyorlar banketdə döşəyəcəkdilər əyalətin baş məmuruna. Bunları eşidən teatrın müdriyyətini isə qorxu almış, canına birə düşmüşdü. Öz-özünə deyirdi:

- Əgər artistlər belə sarsaqlıq eləsələr, yəqin ki, baş məmur da mənə əsəbiləşəcək. Götürüb mitilimi atacaq bayıra. Axı, ağacın iki başı var. Daha bilməyəcək ki, mən

yazığın heç nədən xəbəri yoxdu... Yaxşı, mən köpək oğlu neynəyim? Əgər məni işdən çıxartsalar özümə harda iş tapacam? Ay Allah, bu nə zəmanədi biz düşmüşük? Axı niyə belə oldu?..

Qismət Əli də axşamkı premyeranı və ondan sonrakı banketi çox səbirsizliklə gözləyirdi. O da hökmən imkan tapıb öz yubileyi və fəxri adı ilə bağlı baş məmurdan xahiş edəcəkdi. Lazım gəlsə, hətta ona yalvaracaqdı ki, yubileyini keçirsinlər. Fəxri ad versinlər. Axı iyirmi beş il idi ki, bu xaraba əyalətdə külüng vururdu Qismət Əli. Onun tələbə yoldaşları hansılar ki, Qismət Əlidən istedadca zəif idilər, şəhərdə qalıb artıq özlərinə fəxri ad da, ev də alıblar. Amma Qismət Əlini hələ də bir xoş gün görmədiyi dədə yurdu çəkib bura gətirmişdi. Hər dəfə işləri çətinə düşəndə, daha doğrusu “tini düz olanda” Qismət Əli ağzına gələn söyüşləri dədə yurdu haqqında deyirdi…

Teatrın müdirinin də bu gün səhərdən neyçünsə dalağı sancırdı. Ürəyində bir qorxu vardı ki, əgər baş məmur bu gecə tamaşaya gəlsə, nə isə əcaib-qəraib bir xoşəgəlməz hadisə baş verəcək. Özü də axır vaxtlar teatrın müdiri, aylıq haqq-hesabı, lazım olan yerlərə çatdıra bilmirdi. Yuxarıdakıların da ağzı ondan əyilmişdi...

Günün ikinci yarısında belə məlum oldu ki, əyalətin baş məmuru bu axşam tamaşaya gələ bilməyəcək. Səbəbi də budur ki, fövqəladə iclas çağrılıb. Ona görə də nə baş məmur özü, nə də əsabələri “Millətin ziyalıları və ya zavallıları” tamaşasının premyerasında ola bilməyəcəklər. Özü də heç məlum deyil ki, daha nə vaxt teatra gələ biləcəklər. Çünki artıq baş məmurun bu əyalətdən getməsi söhbəti deyəsən reallaşırdı…

Başqa bir dəhşətli xəbər də bu idi ki, tamaşadan sonra heç banket də olmayacaqdı. Bunu eşidən teatr işçiləri dəvəsi ölmüş ərəb kimi hamısı yazıq-yazıq bir-birinə baxırdılar... Paytaxtdan, əli, boş cibində gələn, cavan müəllif də boynunu büküb bir küncdə dayanıb siqaret çəkirdi. Tez-tez gözündən sürüşüb düşən eynəyini burnunun üstünə qaldırır və hərdən də ah çəkirdi... O da mat qalmışdı bu məmləkətin, bu əyalətin və yuxarıda oturam məmurların işlərinə… Oyunlarına... Hirsindən əlindəki ucuz siqaretin tüstüsünü acgözlüklə ciyərlərinə çəkirdi. Çox vaxt da tüstü nə ağzından, nə də burnundan çıxırdı... Təəccüb qalası iş də o idi ki, qarnı belinə yapışan və bir dəri, bir sümük olan müəllifın tüstü harasından çıxırdı?..

Teatrda bir sevinən vardısa, o da müdir idi. Hərçənd ki, o, özü də yeyib-içən adam idi. Amma müdir, ona görə sevinirdi ki, deyəsən bu ütüdən salamat çıxmışdı. Bu ütü ondan sovuşmuşdu...

Premyeraya ancaq teatr işçilərinin qohum-əqrabələri, dostları, tanışları və bir də payızın soyuğundan həyətdə gəzməkdən üşüyən bir-iki “sevgililər” gəlmişdi. Onlar da özlərini vermişdilər lap axırıncı cərgələrə və öz işlərində idilər... Qabaq sıralarda isə vur-tut otuz beş-qırx adam əyləşmişdi. Hamısı da soyuq zalda palto-papaqla oturmuşdular. Onlar səhnədə qısa qol paltarlarda, hətta plyaj səhnəsində alt tuman-köynəkdə olan və tir-tir əsən aktyorlara, aktrisalara baxırdılar. Baxır və onlara yazıqları gəlirdi. Elə bil zalda əyləşənlər onların əvəzinə də üşüyürdülər. Hətta bir aktyorun arvadının dodağının altında ancaq ucadan dediyi, “Allah kəssin belə çörək qazanmağı” sözlərini eşidən zaldakı tamaşaçılar və səhnədəki aktyorlar tamaşanın lap gərgin yerində güldülər. Elə güldülər ki, sonra o səhnəni heç lazım olan kimi oynaya da bilmədilər...

Bu tamaşadan böyük fövqəladə nə isə gözləyən teatrın baş rejissoru, həm də tamaşanın quruluşçu rejissoru, teatrın işçiləri və müdir də tamaşadan sonra çox məyus idilər. Ona görə də hamı bir-birini dilucu təbrik eləyib, evlərinə dağılışdı. Hamı getdi evinə ki, heç olmasa quru çörək də olsa tapıb yesinlər. Axı, səhərdən heç kim heç nə yeməmişdi. Hamı özünü banketə saxlamışdı... Teatrın müdiri də növbətçini çağırıb ona pul vermişdi. O da gedib bir araq, beş-on kartof peraşkisi alıb gətirmişdi. Müdir də müəllifı və baş rejissoru öz otağına dəvət eləmişdi. Qismət Əliyə isə heç nə deməmişdi. Baxmayaraq ki, müdir lap onun yanından keçib öz otağına getmişdi. Qismət Əli də bir az müdirin qapısının yanında boynunu büküb dayanmışdı. Sonra da çox əsəbiləşib, dodağının altında onu söyə-söyə, əsəbindən lopa bığını darta-darta teatrdan çıxmışdı. Tozlu yolla tənbəl-tənbəl, elə bil çiyninə ağır bir yük götürmüş vəziyyətdə, evlərinə sarı gedirdi. Həmişəki kimi bu gün də onların evindən tamaşaya gələn yox idi. Düzdür, səhər o, evdən çıxanda böyük oğlu və böyük qızı teatra gəlmək istədiyini demişdilər. Amma anaları, yəni Qismət Əlinin arvadı Bəstiqız teatra aid elə bir biədəb söyüş söymuşdu ki…, daha uşaqlar da gəlməyə cürət eləməmişdilər. Qismət Əlinin evi əyalətin mərkəzinin lap qurtaracağında idi. O da bu, üç kilometrlik yolu iyirmi beş il idi ki, piyada gedib-gəlirdi. Çünki taksiyə pulu yox idi. Axşamlar da avtobus işləmirdi. Səhərlər də avtobusda o qədər adam olurdu ki, gəl görəsən. Adamlar bir-birini itələyir, hərə bazara aparmaq istədiyi zənbilin içərisindəki şeyləri qoruyur, söyüşün biri isə bir qəpiyə çıxırdı. Hətta dəfələrlə kiminsə zənbilində sınan yumurtaları sındıranın başına vurulduğunu da görmüşdü Qismət Əli. Bir dəfə də həmin sınan yumurtalardan dörd-beşi təsadüfən onun da üstünə düşmüşdü. Çox sevdiyi ağ pencəyini zay eləmişdi. Ona görə də elə həmin vaxtdan o, yay-qış işə və işdən evə piyada getməyi hər şeydən üstün tuturdu. İşdə də ondan soruşanda ki, ən yaxşı marşrut bu əyələtdə hansıdı? O, elə həmin dəqiqə əllərini ayaqlarına vurub deyirdi:

- Bizim əyalətin ən yaxşı, pulsuz və ən etibarlı marşrutu "on bir" nömrədi. Heç vaxt səni yarı yolda qoymaz. Nə də başına yumurta dəyməz. On bir nömrəni o, ayaqlarına və ayaqqabılarına xitabən deyirdi.

Bu yumurta əhvalatını teatrda hamı bildiyindən Qismət Əli yumurta sözünü deyəndə onlar da gülürdülər. İndi də əlli yaşlı sənətkar, on bir nömrə ilə evlərinə gedirdi. Və yol boyu hələ də hirsi soyumamışdı. Qalın tüklü bığlarını barmaqları ilə darta-darta, teatrın müdirinin, baş rejissorunun qarasına deyinir, onları söyürdü. Düzdür, Qismət Əli onların üzünə söyməyə ürək eləməzdi. Ancaq indi qarasına, onların ardınca ürəklənib lap biədəb sözlər də deyirdi... Axı, niyə onlar Qismət Əlini yeyib-içməyə dəvət eləməmişdilər? Axı, bu tamaşada onun da əməyi çox idi. Çünki o da quruluşçu rəssam kimi bu tamaşanın müəlliflərindən biri sayılırdı. Üstəgəl də teatrın baş rəssamı idi. Hətta bütün dekorasiyanı pulsuz-parasız özü işləmişdi. Çünki teatrda icraçı rəssam yox idi. On beş-iyirmi gün idi ki, gecə-gündüz işləyirdi Qismət Əli. Lap gecənin yarısına kimi. Hətta teatrın müdiri ona söz vermişdi ki, əməyini qiymətləndirəcək. Düzdü bir-iki dəfə ona araq, beş-on kartof peraşkisi almışdı. Həmin araqların yarısını da özü içmişdi. Qismət Əlini də hirs boğurdu ki, budur onun əməyini qiymətləndirmək? Heç olmasa, müdir onu otağına dəvət eləyib, yüz əlli qram araq verəydi və bir-iki kəlmə də xoş söz deyəydi. Nə olardı ki. Bununla kasıblaşmazdı ki... Onsuz da ki, “teatrı söküb-dağıdır”.

- Elə arvad Bəstiqız düz deyir. Düz eləyir teatrı söyür. Məni söyür, - deyə Qismət Əli dodağının altında mızıldandı və əlini cibinə saldı. Barmaqları cibindəki bir manat pula dəydi. Bu vaxt onun araq içməyə meyli, qarşısı alınmaz dərəcədə artdı. Axı, bu gün o, çox hirslənmişdi. Bir tərəfdən teatrın müdiri söz vermişdi ki, maaş olacaq. İki ay idi ki, teatr işçiləri maaş almırdı. Tərslikdən bu gün maaş almaq da qalmışdı ya sabaha, ya da birisi günə. Bu sabahlar, birisi günlər də qurtarmırdı ki, qurtarmırdı. Artıq ay da ayı haqlamışdı. Dəbdəbəli premyera, banket, baş məmurla görüşmək ümidləri də puça çıxmışdı. Axırda teatrın müdirinin də onu it yerinə qoymaması yaman yer eləmişdi ona. Bu hirsi də yalnız araq çıxarar və yuyub apara bilərdi. Gecənin bu vaxtı da yalnız Qismət Əligilin evlərinin yaxınlığındakı, magistral yolunun beş addımlığında, “Qozlu” bağdakı yeməkxana açıq idi. Bu yeməkxana yol üstündə olduğundan, həm də xaricə gedən maşınlar da burdan gəlib keçdiyindən səhərə kimi işləyirdi. O, “Qozlu” bağa gəldi. Pulu bufetçiyə uzadıb dedi:

- Ayə qonşu, dədə balası, mənim zəhrimarımı ver... Bufetçi pulu alıb, taraş stəkana yüz əlli qram araq süzdü.

Nimçəyə bir ədəd duzlu xiyar, bir tikə pendir və bir tikə çörək qoyub ona verdi. O, da araq stəkanını və nimçəni götürüb, havanın soyuq olmasına baxmayaraq, heç nəyə məhəl qoymadan, yeməkxananın həyətinə çıxdı. Həyətdəki qoz ağaclarının birinin altında yerə basdırılmış dəmir stola yaxınlaşdı. Nimçəni və stəkanı stolun üstünə qoyub, cibindən siqaretini və kibritini də çıxarıb stolun üstünə atdı. Yerə basdırılmış taxta stulda oturdu. Qoz ağacından asılan fənər, həyatının sonunu yaşayan adam kimi yavaş-yavaş közərirdi. Uzaqdan baxan olsaydı, heç ilk əvvəl burada adam oturduğunu dəqiq görməzdi...

Qismət Əli dodağının altında teatrın müdirinin və baş rejissorunun qarasına yenə bir biədəb söyüş söyüb, araqdan bir qurtum içdi. Elə bil bu söyüş, onun ilk sağlığı idi. O, ümumiyyətlə, lap çoxdan idi ki, arağı qurtum-qurtum içməyə öyrəşmişdi. Bu da ona görə idi ki, az araq içsə də Qismət Əli həmişə keflənmək istəyirdi. Sərxoş olanda onun eyni açılırdı. Az dərd çəkirdi... Az fıkir eləyirdi...

Bu vaxt yeməkxananın iti elə bil haradansa iy bildi ki, Qismət Əli buradadı. Qoz ağacının altında oturub. Qaça-qaça onun yanına gəldi. Bir az ondan aralıda şöngüyüb oturdu. İt hiss edirdi ki, Qismət Əli ona yeməyə heç nə verməyəcək. Buna görə də ondan heç nə də gözləmirdi. Baxmayaraq, Qismət Əli ona heç vaxt yeməyə bir şey vermirdi, ancaq onlar dost idilər. Hə, hə dost idilər. Hər dəfə Qismət Əli bura gələndə it də gəlib bir tərəfdə şöngüyürdü və onlar çox maraqlı söhbət eləyirdilər. Ürəkdən danışırdılar. Dərdləşirdilər. Bu söhbəti də ancaq ikisi eşidirdi. İkisi başa düşürdü. Qismət Əli və yeməkxana iti. İndi o, çox fıkirli olduğundan, yeməkxana itinin nə vaxt gəlib onun qarşısında şöngüdüyünü görməmişdi. İt gəlib şöngüyən kimi bir az Qismət Əliyə baxdı. Onun itə fıkir vermədiyini görüb, yüngülvari hürdü. Bu vaxt o, başını yuxarı qaldırıb, iti gördü. Həmsöhbətini gördükdə çox sevindi və dedi:

- Salam, dostum. Gör nə qədər fıkirliyəm ki, sənin gəldiyini görməmişəm...

- İndi nəyin fıkrini eləyirsən? - deyə İt onun üzünə maddım-maddım baxıb mırıldadı.

- Dərd birdi, ikidi... Bu gün məni yaman çox doladılar. Axırda da maaş ala bilmədim.

- Maaş sözünü elə şəstlə deyirsən ki, elə bil milyon alırsan. Aldığın maaş şəpik-quruşdu. Onun da on faizini müdiriniz saxlatdırır yuxarılara verməyə... Yerdə qalanı da heç on beş günlük yeməyinizə çatmır. Qalan günləri də arvad elə hey deyinir evdə.

- Hər nədisə, iki ayın maaşına evimizdə yaxşı qazan qaynada bilərdik. Bu ayın əvvəlində uşaqların üçünün ad günü və arvadla evlənməyimizin də iyirmi ili tamam oldu. Heç birində qazan qaynada bilmədik...

- Hə. Onu deyibsən. Arvadla toyunuzun iyirmi ilinin səhəri günü bura gəlmişdin. Hardasa içmişdin, gəlib burda da üstünü düzəltdin. Yaman sərxoş idin. Söyüşün də biri bir qəpiyə idi. Day yer üzündə adam qalmadı ki, söyməyəsən. Hətta Hitleri də söydün ki, niyə o vaxt gəlib buranı almadı, yoxsa indi adam kimi yaşayardıq...

- Nə, demişəm? Yadımda deyil. Əşi başıma elə oyunlar açırlar ki, bəzən səhər nə yediyimi, nə dediyimi də axşam yaddan çıxarıram. Dərd birdi-ikidi... Sənə nə var ey. Sümükdən zaddan qamarlayıb, qarnını doyurursan. Bizim işimiz isə Allaha qalıb...

- Hanı o sümük? - deyə İt əsəbiləşdi, - Sümük var ki. Heç yeməkxanaya gələn var ki, mənə də sümük versinlər? Gələnlər də sənin kimi yüngülvari boğazlarını yaşlayıb gedirlər. Ya da yedikləri ətin sümüyünü də yığıb aparırlar özləri ilə. Mən onları qınamıram. Yəqin evlərində mənim kimi itləri, pişikləri var. Bax bu gün səhərdən acam. Heç dilimə çörək də dəyməyib. O bufetçi zalım oğlu da axır vaxtlar mənimlə çox düşünüşüb. Nə var, nə var iki gün bundan qabaq bir gözü kor Pişiyinə hürmüşəm. Məni cinnətdi. Mən də ona hürdüm. Qovdum ki, “dərsini verim”, bufetçi gördü. Zalım oğlu yerdən bir kirtək götürüb atdı mənə. Düz bel sümüyümə dəydi. İt oğlu elə bil atıcılıq üzrə dünya çempionudu. İki gündü belim elə ağrıyır ki... Elə bil bədənim iki yerə bölünəcək. Bu gün bircə ümidim var, bəlkə bir az sümük qamarlaya bildim. Çünki bir az bundan qabaq kömür kimi qap-qara bir zənci qonaq, ağappaq, dünya gözəli arvadı və iti ilə girib kabinələrin birinə çörək yeyirlər. Özlərinə də, itlərinə də kabab sifariş verib. Özü də növbənöv. Bax onda deyirlər ki, it də olsan, gərək bəxtin ola. Özü də it nə it. Bapbalaca. Şipankə... Elə zəncinin özü kim zil qara. Hürəndə, səsi də çıxmır. Zənci kişinin yanındakı göyçək arvad, onu böyürləri deşik balaca bir çemodanın içinə qoyub gətirmişdi. Çemodan da elə bil qurulu ev idi. Özü də o şpankə heç itə də oxşamır. Elə bil lap meymundu. Bəxtə bax də. Boy, buxun, gözəllik məndə, bəxt onda. Tfu sənə belə zəmanə...

Hə. Bayaqdan gözdə-qulaqdayam ki, onlar yeyib gedəndən sonra bəlkə o sümüklərdən mənə də çatdı. Əgər o biri itlər imkan versə və bufetçi də mənə yenə kirtək atmasa. Amma öldü var, döndü yoxdu. Gərək heç olmasa bir sümük də olsa, qamarlayam. Bayaqdan orda keşik çəkirəm...

- Sən heç olmasa, ümidlə yaşayırsan. Bəs mən gedib evdə arvada nə deyəcəm? Bu gün nə uyduracam?

- Hə. Allah göstərməsin sənin arvadının xasiyyətini... Yəqin ki, elə bütün günü deyinir. Ona görə də başında, saqqalında, bığında, qaşında bir dənə də qara tük yoxdu. Siz insanlarda belə bir məsəl var ki, “arvadı deyingən olan kişinin saqqalı tez ağarır”. Sən yazığın nəinki saqqalı, bığı da, lap qaşı da, saçı da sinəsi də tamam ağarıb. Bəlkə bədəninin heç yerində bir dənə lap dərmana da olsa qara tük yoxdu.

- Sən də ağ eləmə də. Bəzi yerlərdə qara tük qalıb... Bir də arvad zalımın qızı neynəsin. Ehtiyac çox pis şeydi, dostum. Əgər pul olsa, gün-güzəran yaxşı olsa, yəqin ki, o da boş yerə danışmaz. Bu gün bizim hamımızı deyingən edən ehtiyacdı. Gün-güzəranımızın ağır, dözülməz olmasıdı. Yoxsa bundan sonra mən nə prezident olacam, nə də baş nazir. Bizim istədiyimiz odur ki, bu yuxarıda oturan məmurlarda bir az insaf, mürvət olsun ki, heç olmasa biz yazıqlara da bir gün ağlasınlar...

- Vallah, siz insanlar da belə birtəhərsiz ey. Özü də naşükürsüz. Həm də biri-birinizə elə badalaq gəlirsiz, elə quyular qazırsız, biz heyvanlar lap mat qalırıq. Bir-birinizə zülüm verməkdən ləzzət alırsız... Bax biz heyvanlar, bir-birimizdən xoşumuz gəlmirsə, o dəqiqə cumuruq bir-birimizin üstünə... Sizinsə bir-birinizdən xoşunuz gəlmir, ancaq yalandan tərifləyirsiz bir-birinizi. Yalandan gülürsüz, hırıldayırsız bir-birinizin üzünə. Bir-birinizə yağlı-yağlı təriflər yağdırırsız. İllah da ki, istəmədiyiniz adam böyük vəzifəli məmur ola. Ona elə yaltaqlanırsız, elə təriflər deyirsiz, o da elə bilir ki, ondan yaxşısı yoxdu yer üzündə. O qədər tərifləyirsiz, o qədər onlara yağlı sözlər deyirsiz, o yazıqlar da elə bilirlər ki, hər şeyi düz eləyirlər. Onlardan yaxşı, onlardan adil, səxavətli, humanist insan yoxdu yer üzündə. Onlar da sizin təriflərdən sonra nözənbillah özlərini Allah bilirlər. Sonra da həmin adamın ayağı büdrəyib yıxılan kimi, yenə də xoruz səsi eşitməyən pis sözləri döşəyirsiz onların qabırğalarına...

- Hə. Düz deyirsən dostum. Biz insanlar beləyik də. Yəqin elə ona görə də deyirlər ki, yer üzündəki bütün canlıların ən yırtıcısı, ən etibarsızı, ən murdarı adamlardır, - deyə Qismət Əli siqaret qutusundakı axırıncı siqareti yandırıb damağına qoydu. Acgözlüklə siqaretdən bir qullab vurdu.

- Sən heç olmasa dərdini siqaretlə dağıdırsan, - deyə, indi də yeməkxana iti Qismət Əliyə dərdli-dərdli baxdı. Bəs mən nə eləyim? Bayaq o kabinetə gedən qapqara xarici adamla, onun gözəl-göyçək arvadını, meymuna oxşar itlərini görəndə, az qaldı ki, ürəyim dayana. O balaca sandıq tulasındakı bəxtə və mənim bəxtimə bax. Bəzən siz insanlar deyirsiz ki, it ol, bəxtin olsun. Nə olsun ki, mən itəm. Axı, bəxtim o sandıq tulasının bəxti kimi də deyil. Deməli, it olanda da gərək eləsi olasan ki, bəxtin sandıq tulasının bəxti kimi olsun. Bax həmin məsəl belə deyilsə düz səslənər.

Bu vaxt itlərin boğuşması eşidildi. Yeməkxana iti qulaqlarını şəkləyib diqqətlə səs gələn tərəfə baxdı və tez də dedi:

- Mən qaçdım dostum. Söhbət qoyunu qurda verər. Deyəsən sümükləri atdılar. Görüm nə qapazdıya bilirəm. Bir şey tapıb yeyə bilsəm, gələrəm yenə də söhbət eləyərik...

Yeməkxana iti cəld qaçıb gözdən itdi. Qismət Əli onun arxasınca baxıb öz-özünə dedi:

- Onu yaşadan nə isə bir ümid, istək var. Bəs mən nəyə ümid eləyim?.. Yaxşı deyirlər ki, ümid həyatın sərmayəsidir.

O, siqaretdən bir qullab da vurub, adəti üzrə yenə də siqaret tüstüsündən saralmış bığını dartdı. Araqdan yenə də bir qurtum içdi. Bu gün Qismət Əli sərxoş olmaq istəyirdi. Axır vaxtlar o, tez-tez böyüyü on birinci sinifdə oxuyan, kiçiyininsə hələ üç yaşı olan on bir uşağının gələcək taleyini daha çox fıkirləşirdi.

Fikirləşdikcə də az qalırdı ki, lap dəli olsun. Axı, aldığı bu az maaşla onları necə dolandırmaq olar? Cəmi beş-üç manat da uşaq pulu verirlər... Bəzən də qorxurdu ki, belə çox fikirləşsə başına hava gələcək. Dəlixanaya salacaqlar onu. Çünki axır vaxtlar dost-tanış ona deyir ki, sən yolda gedəndə danışırsan öz-özünə. Özü də lap bərkdən... Bir yandan da bu arvad zalımın qızı elə hey deyinir. Deyinir ki, Qismət Əli niyə evə sərxoş gəlir. Arvad elə bilir ki, o, kefdən içir. Ona görə də onun bu görkəminə baxıb, tez-tez deyinir:

- Hansı günüvə sevinib içirsən, ay bədbəxt oğlu bədbəxt? Nəyə sevinirsən? Nəyə şellənirsən? Allah məni sənə urcah eləyənin tifağını dağıtsın, necə ki, dağıtdı...

Bu axırıncı sözləri Qismət Əlinin arvadı Bəstiqız üzünü evlərinin gün batan tərəfindəki xalasıgilin evinə tərəf tutub deyirdi. Çünki Bəstiqız qız vaxtı xalasıgilə qonaq gələndə çəpərin yanında bir balaca taxtanı stulun üstünə qoyub şəkil çəkən Qismət Əlini görmüşdü. Sən demə bu canı yanmış da elə Bəstiqızın şəklini çəkirmiş. Ta o vaxtdan da Qismət Əli nə şəkil çəkirsə, sifəti olur Bəstiqızın şəkli, bədəni başqalarının. Elə o vaxt da xalası Bəstiqıza çox tərifləmişdi bu rəssam oğlanı. Deyib ki, yetim oğlandı. Evi də var. Şəkil çəkməklə, evlərin divarlarına mənzərə işləməklə yaxşı pul qazanır. İnsafən elə Bəstiqız iyirmi il bundan qabaq bu evə gəlin gələndə beş-altı il Qismət Əlinin əli yaxşı gətirdi. Sonra elə bil kimsə qarğıdı onu. Elə bil yel əsdi, qoz töküldü. Və o qozların da hamısı çürük çıxdı... Sovet hökuməti dağıldı. Camaat qaldı çörək hayında. Daha şəkil, ev divarlarına mənzərə çəkdirmək çıxdı camaatın yadından... Qismət Əli də günü-gündən kasıblaşdı. Tənbəlləşdi. Aylarla əlinə firça götürüb, malbertin arxasına keçmədi. Bəstiqızın xalası da öldü. Bayaq o deyən kimi “tifağı dağıldı”. Xalasının gəlinləri ilə də Bəstiqız dalaşdı. İndi də qanlı-bıçaqdılar... Bunu xalasıgilin həyətinin toyuqları, itləri, pişikləri də bilir. Heç biri Bəstiqızın qorxusundan onların həyətinə keçmir. Axı nə ölümləri var ki, Bəstiqızın həyətində o da vurub qıçlarını sındırsın, başlarını yarsın kirtəklə, daşla. Zalımın qızı da elə sərrast kirtək, daş atır ki, elə bil illərlə bunun dərsini keçib. O, bütün bunları fıkirləşdikcə arağın axırıncı qurtumunu da içdi. Artıq siqareti də qurtarmışdı. Yadına düşdü ki, bayaq teatrın qarovulçusundan bir siqaret alıb, ehtiyat üçün döş cibinə qoyub. Tez həmin siqareti çıxarıb yandırdı. Birdən beyninə belə bir fıkir gəldi ki, nə olaydı, Allah bir möcüzə göstərəydi, o biri cibindən də bir iki yüz əlli qramlıq balaca araq butulkası çıxaydı. Bu arzusuna elə bil ki, özü də inandı. Mexaniki əlini o biri döş cibinə uzatdı. Cibində əlbəttə ki, araq yox idi. O, məyus oldu. Ayağa durmaq istədi. Bu vaxt ağacdan bir saralmış yarpaq düşdü onun araq içdiyi stəkanın üstünə. O, bir stəkana, bir saralmış yarpağa, bir də qollu-budaqlı qoz ağacına baxdı. Bu vaxt hirs vurdu Qismət Əlinin başına və altdan yuxarı başladı qoz ağacına deyinməyə. Və dedi:

- Bu boyda ağacsan. Neçə illik tarixin var. Oradan yarpaq atmaqdansa, elə bir az pul ataydın də, ay sənin kökün qurusun. Mən də gedib yaxşıca yeyib-içəydim, teatrın müdirinin və baş rejissorunun acığına.

- Məni heç kim atmayıb. Mən özüm düşmüşəm, - deyə saralmış yarpaq çox incik tərzdə, dilə gəlib dilləndi. Artıq mən yaşamaqdan bezdim və özüm düşdüm ağacdan. Sənin kimilərin dərdini, söz-söhbətini bütün günü eşitməkdən yoruldum, usandım. Hər gün bura sənin kimi o qədər dərdli adamlar gəlir ki, hamısı da həyatından şikayət eləyir. Ağlayır, sıtqayır, biədəb söyüşlər söyürlər. Min cür oyunlardan çıxırlar burda… Siz danışıb dərdlərinizi yüngülləşdirə bilirsiz. Bəs biz

neynəyək? Hər gün bir vedrə su nə olan şeydi ki, siz insanlar tökmürsüz bu ağacın dibinə. Ancaq bizdən kölgəlik, rahatlıq istəyirsiz. Hər şeyi tələb eləməyi xoşlayırsız. Həddindən artıq tənbəl olan sənin kimi adamların əlindən yalnız bir şey gəlir. Bir-birinizi yamanlamaq. Bir-birinizin ardınca danışmaq. Yalnız özünüzü təmiz, hər şeyə layiqli bilmək. Bax sən Qisçmət Əli. Əlinə nə vaxt bel götürüb, o boyda həyətini belləyibsən? Yarım hektar torpağın var. Heç utanmırsan? Göy-göyərti nə olan şeydi ki, onu da bazardan alırsan. Daha demirəm qalan şeyləri. Yaxşı. İndi şəkil çəkdirən yoxdu. Sən elə acından ölməlisən? Elə hər gün kimsə sənə yüz əlli qram araq almalıdı? Məgər içməsən ölərsən? Niyə öz şəxsiyyətini kimlərinsə aldığı yüz əlli qram arağa satırsan? Niyə hamını yamanlayırsan? Niyə öz günahını başqalarının üstünə yıxırsan? Niyə siz adamlar boy-buxununuzdan, geyiminizdən, sifət quruluşunuzdan, dolanışığınızdan şikayət edirsiz, lakin heç biriniz ağlınızdan şikayət etmirsiz? Özünüzü hamıdan ağıllı bilirsiz. Bax ona görə də sənin kimilərin əlindən, dərdindən mən saraldım. Ömrümü tamamladım. Əgər sən də ömrünü mənim kimi belə tamamlamaq istəyirsənsə, biryolluq get özünü as, öl, canın qutarsın. Yox əgər yaşamaq, on bir övladını böyütmək istəyirsənsə mübarizə aparmalısan. İşləməlisən. Gecə-gündüz alın təri töküb çörək qazanmalısan. Heç kimə əl açıb, sədəqə ummamalısan. Onu bil ki, kişi əl açıb, sədəqə yığmaz…

Qismət Əli bu saralmış yarpağın sözlərindən sonra elə bil ki, tamam ayıldı. Elə bil heç arağ içməmişdi. Doğrudanmı saralmış yarpağın bu sözləri ona təsir eləmişdi? O, tez stolun arxasından durdu. Yeməkxananın həyətindən çıxdı. Tozlu yolla evlərinə sarı addımladı. Onun beynində, daxilində elə bil bir təlatüm, tufan başlamışdı. Fikirlər bir-birini qovur, bir-birinə qarışırdı. Bəzən ona araq almaq istəməyən tanışlarının, dostlarının qarasına tez-tez deyindiyi anlar yadına düşürdü… Özlüyündə o, çox böyük peşmançılıq çəkirdi. Bu vaxt onun beynində, gözlərinin qarşısında da çəkəcəyi bir tablo, kompozisiya canlanırdı. Bu tablo, kompozisiya belə adlanacaqdı. “Qismət Əli, yeməkxana İti və saralmış Yarpaq”. Sabahı gündən isə o, əlli illik həyatının yeni səhifələrini başlayacaqdı...

Bunun həqiqətən belə olacağını və ya belə olmayacağını mən deyə bilmərəm. Hərçənd ki, içdiyi arağın təsiri azaldıqca Qismət Əli, yol boyu evlərinə getdikcə, belə düşünürdü... Belə fikirləşirdi...

Masallı, Digah kəndi, Sumqayıt şəhəri.

10-27 mart 2001-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə