“Ölkəmizdə hər bir məsələ əvvəlcədən dəqiq şəkildə planlaşdırılır” - MÜNASİBƏT BİLDİRİLDİ
“Son 5 ildə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, bəlkə də yarım əsrdən çox müddətdə görülə biləcək işlərə bərabərdir. Müharibəni heç bir xarici yardım olmadan, təkbaşına apararaq qələbə qazanan Azərbaycan dövləti, eyni şəkildə, ərazilərini də heç bir xarici yardım olmadan özü bərpa edir. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən maliyyə-iqtisadi siyasətin nə qədər düzgün qurulduğunu və uğurla həyata keçirildiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.
Deputat bildirib ki, ötən müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış məntəqələri salınıb, müasir infrastruktur yaradılıb: “Keçmiş məcburi köçkünlər artıq müasir evlərə və mənzillərə qayıdıblar. Görülən işlər bir daha sübut edir ki, ölkəmizdə hər bir məsələ əvvəlcədən dəqiq şəkildə planlaşdırılır.
Son beş ildə Azərbaycan elmin, təhsilin və mədəniyyətin də bərpası istiqamətində mühüm addımlar atıb. Qarabağ Universiteti fəaliyyət göstərir, məktəblər, mədəniyyət mərkəzləri, müalicə müəssisələri inşa olunub. Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri ya yeni obyektlərin açılışı, ya da təməlqoyma mərasimləri ilə yadda qalır. Bütün bu işlər dövlətimizin güclü olmasının nəticəsidir. Bu səbəbdən gələcək hədəflərə çatmaq üçün də dövlətimiz güclü olmalı, xalqımız isə gücünü daxili enerjisindən almalıdır."
Bütün xəbərlər Facebook səhifəmizdə