Türkiyədə 5G texnologiyası 2026-cı ilin aprelindən fəal tətbiq edilməyə başlayacaq

Türkiyədə beşinci nəsil simsiz mobil rabitə texnologiyası olan 5G-nin tətbiqi üzrə keçiriləcək tender dövlət büdcəsinə azı 2 milyard 125 milyon ABŞ dolları gəlir gətirəcək. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir xatırladıb ki, 5G texnologiyalarının ilk sınaqları İstanbul Hava Limanı ərazisində keçirilib və onların effektivliyi təsdiqlənib. Daha sonra bu texnologiya ölkə parlamentində və stadionlardan birində tətbiq olunub.

Abdulkadir Uraloğlu bildirib ki, oktyabrın 16-da Türkiyədə 5G texnologiyalarının tətbiqi üzrə tender elan ediləcək, beşinci nəsil rabitə şəbəkələrinin fəal qurulmasına isə 2026-cı ilin aprel ayının əvvəlindən start veriləcək.

Nəqliyyat naziri qeyd edib ki, ilkin mərhələdə İstanbul, Ankara, İzmir, Kocaeli, Bursa və Konya kimi iri şəhərlərə üstünlük veriləcək.

“Bu, təkcə yüksəksürətli internet demək deyil, həm də xidmətlərin və ümumilikdə həyat keyfiyyətinin tamamilə yeni səviyyəyə çatması anlamına gəlir”, – deyə türkiyəli nazir vurğulayıb. O əlavə edib ki, tətbiq olunacaq beşinci nəsil texnologiyaların azı 60 faizi yerli istehsal olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə