İnsanları xoşbəxt edən 3 şey nədir? - SORĞU

Dünya yaranandan insan övladı həyatda özünü xoşbəxt hiss etmək arzusunda olub. İnsanı xoşbəxt edən səbəblər müxtəlifdir. Beləki hər bir insan həyatda xoşbəxtliyi müxtəlif şeylərdə görür. Kimi pulda, kimisi sevgidə kimisi isə fərqli şeylərdə. Bəzi insanlar xoşbəxtliyi sadəcə bir kəlimə xoş sözdə görürlər. Bəs görəsən şəhər sakinlərinin fikrinə görə insanları xoşbəxt edən 3 əsas şey nədir. SİA bu haqda şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Gülşən Əsədova: “Hesab edirəm ki, insanı həyatda ən xoşbəxt edən şey ailə və övladlardır. Həyat yoldaşının olması elə də vacib deyil. İnsanı xoşbəxt edən övladdır. Mənim 57 yaşım var. Hər kəs haqqımda düşünür ki, Gülşənin övlad baxımından bəxti gətirib. Heç kim mənim haqqımda deyə bilməz ki, Gülşən övladlarına baxmadı. Özüm boşanmışam və övladlarımı tək böyütmüşəm. Bu gün övladlarımın xoşbəxtliyinə baxıb sevinirəm. Məni bundan artıq heç bir şey xoşbəxt edə bilməz. Mən Allahımdan çox razıyam. Birdə əsas can sağlığıdır. Övlad yaxşı olanda valideynin də canı sağlam olur. Övladın problemini görəndə valideyndə xəstəlik tapır".

Şəhər sakini Günel Ağalarlı: “Məncə insanı əsas can sağlığı sonra isə sevdiyi insan xoşbəxt edir. Əgər insan öz həyat yoldaşını sevmirsə hansı xoşbəxtlikdən söhbət gedə bilər? Bu gün çox təəssüf ki, sevməyib ailə quran cütlüklər var. Qadınlarımızın çoxu xoşbəxt deyil. Əksəriyyəti həyat yoldaşı tərəfindən döyülür, əzilirlər. Birdə qadının xoşbəxt olması üçün həyat yoldaşı bir dediyini iki etməməlidir. İndi kişilər dominantlıq edir. Burada da qadın özü günahkardır. Qadın gərək həyatda özünü əzdirməsin”.

Şəhər sakini Mehparə Cəfərova: “Düşünürəm ki, insanı xoşbəxt edən ailədir. O ailəki bizə həmişə dəstək versin və bizim yanımızda olsun. İnsanın azadlığını məhdudlaşdırmasın. Təssüf ki, indi ailələr övladlarına dəstək vermir. İnsanın hər qərarına ailə müdaxilə edir. İnsan özüdə həyatdan nə istədiyini bilməlidir. Bəzən insanlar həyatdan nə istədiyini bilmir”.

Şəhər sakini Nurxan Tağıyev: “İnsanı həyatda xoşbəxt edən şey puldur. Mən görürəm ki, həyatda insanları ancaq pul maraqlandırır. Pulun varsa həyatda bütün qapılar taybatay açıqdır. Pulun yoxdursa bu həyatda heç kimsən. Mənəvi şeylər həyatda ikinci plandadır. Pulun varsa ətrafında “dostlar”da çox olur. Elə ki insanın pulu bitir, dərhal ətrafındakı “dostlar”da yoxa çıxır”.

Şəhər sakini Nicat Abbasov: “Həyatda insanı ən çox xoşbəxt edən şey ətrafında yaxşı dostlardır. Bundan başqa insanı xoşbəxt edən ikinci şey sevdiyi işdə çalışmasıdır. Birdə sakit həyat tərzi ən böyük xoşbətlikdir. Əsas odur ki, insan həyatda tənha olmasın. Ən böyük çətinlik həyatda tənhalıqdır”.

Şəhər sakini Səlim Davudov: “Mənə görə insan üçün vacib olan 3 əsas amil birinci onun ailəsidir. İkinci isə sağlamlıqdır. Ən əsası həyatda can sağlığıdır. Üçüncü isə ən əsas şey səyahətdir. Çünki səyahət insanın dünya görüşünü artırır. Səyahət edərkən insan yeni ölkələr kəşf edir. Həmdə insan səyahət etdikdə həyatına rəng qatır”.

Şəhər sakini Ziyafət Əzimov: “Mən özüm yaşlı adamam. Fikirlərimi gənclər haqqında bildirmək istəyirəm. Gənclər birinci tərbiyəli olmalıdırlar. Bundan başqa savadlı olmalıdırlar. Hesab edirəm ki, gənclər xoşbəxt həyat uğrunda mübarizə aparmalıdırlar. Düzdür gənclərin biraz şıltaqlıqları var. İnternetdən lazımsız şeyləri götürürlər. Biz böyüklərində borcu onlara düzgün yol göstərməkdir. Gənclər məncə nümunəvi həyat tərzi sürməlidirlər. Düzdür indi müasir dövrdür. İnternet insanların ayrılmaz hissəsinə çevrilib. Ancaq internetin gənclərə mənfi təsir göstərməsinə imkan vermək olmaz”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə