“Qərb cəmiyyətlərində tənhalıq epidemik hal alıb” - AYDINLIQ GƏTİRİLDİ

“Tənhalıq insanlıq tarixi boyunca həmişə aktual bir mövzu olub. Bütün cəmiyyətlərdə bu problem mövcud olub. Problemin miqyası dəyişə bilər, az və ya çox ola bilər, amma hər zaman olub. Tənhalıq həm fəlsəfi, həm sosioloji, həm də psixoloji məsələdir. Yəni bu problemə sosial yönlü yanaşmaq daha məntiqlidir. Çünki məsələnin sosial, psixoloji və fəlsəfi səbəbləri var“. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, insanların tənhalığı seçməsinin bir çox səbəbləri var: “Əsas səbəblərdən biri də sosiallaşma ilə bağlı problemlərdir. Sosiallaşma dedikdə cəmiyyətin norma və dəyərlərinin insan tərəfindən mənimsənilməsi, daxilə hopması nəzərdə tutulur. Bəzi insanlar cəmiyyətin qayda-qanunlarına uyğunlaşa bilir, sürətinə çata bilir. Digərləri isə ya bu sürətə çatmır, ya da cəmiyyətdən gözləntiləri qarşılanmadığı üçün özünə qapanır. Bu isə desosiallaşma, özgələşmə və ağır hallarda ferallaşmaya (cəmiyyətdən tam ayrılma) gətirib çıxarır. Bir çox ölkələrdə, xüsusilə Qərb cəmiyyətlərində tənhalıq epidemik hal alıb. Təsadüfi deyil ki, İngiltərədə "Tənhalıq Nazirliyi" fəaliyyət göstərir. Tənhalıq insanın psixosomatik vəziyyətinə, sağlamlığına və varlığına ciddi təsir göstərir.

İnsan işləyir, lakin özü haqqında düşünə bilmir. Mahiyyətini unudur. Sosial normalara uyğunlaşmadıqda cəmiyyətdən uzaqlaşır, asosial olur, cürşənişin olur, nəticədə suizid, xəstəliklər və ağır sonluqlarla qarşılaşa bilər. İnsanlararası bağlar güclü olmalıdır. Sosial əlaqələri çox olan insanlar daha sağlam və uzunömürlü olur. Tək qalmaq, özünə qapanmaq isə sağlamlığa zərər verir. Sevinci bölmək onu artırır, dərdi bölmək onu azaldır. İnsanların ünsiyyətə, paylaşmağa ehtiyacı var.

Ədəbiyyat insanlarda mənəvi təmizlənmə (katarsis) yaratmalıdır. İnsanlar bir-birinə dəstək olmağı, problemləri paylaşmağı öyrənməlidir. Cəmiyyət sağlam olmalıdır: həm ailə, həm iş mühiti. İnsan işə və evə sevə-sevə getməlidir. Cəmiyyət mənəvi baxımdan nə qədər sağlam olarsa, tənhalıq da bir o qədər az olar. İnsanlar sosiallaşar, cəmiyyətə inteqrasiya edər. Bu da daha sağlam, bir-birinə bağlı bir toplum deməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə