Bəs, deyirdin "dözəmmərəm onsuz mən",

İllər ötdü, necə dözdün, ay ürək?!

Madam, dözmək mümkündürsə, axı, sən,

Mən məzlumu niyə üzdün, ay ürək?!

Əzab verib, qamətimi əyirdin,

Bircə günə bir ilimi yeyirdin,

"Unut" desəm, "mümkünsüzdür" deyirdin,

Mümkünsüzü necə çözdün, ay ürək?!

Gənc yaşımda saçıma dən saldın sən,

"Sevgi" deyib məni məndən aldın sən.

Olar-olmaz xəyallara daldın sən,

Xoşbəxtliyə dodaq büzdün, ay ürək!

Dərd əbədi ox tək girib ömrümə,

Zövq aldınmı əzab verib ömrümə?

Bir yaşamlıq, qısa, Qərib ömrümə,

Qəm-kədərdən sıra düzdün, ay ürək!

Söylə, məni niyə üzdün, ay ürək?!

Rauf Qərib Alagöz

Bütün xəbərlər Facebook səhifəmizdə