ATA OCAĞINA QONAQ GƏLMİŞƏM - ŞEİRLƏR

Həsənəli Eyvazlı

Qısa tərcümeyi-halı: 1950-ci ildə Naxçıvan MR-in İliç rayonunun (indiki Şərur rayonu) Tənənəm kəndində anadan olub. 1965-1969-cu illərdə Naxçıvan pedaqoji məktəbini bitirib.

1972-ci ildə Lenin adına APİ-nin (indiki Tusi adına universitet) Naxçıvan filialına daxil olaraq, 1977-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji İnstitutunun (indiki NDU) Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirmişdir.
1977-1995-ci illərdə Naxçıvan MR Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri və metodist vəzifələrində işləmişdir.
2001-ci ilin mart ayından Naxçıvan Müəllimlər İnstitutunda müəllim və “Məktəb” Nəşriyyat direktoru vəzifəsində işlmişdir. Hazırda Naxçıvan Müəllimlər İnstitutunda müəllim işləyir.
2009-cu ildə “Azərbaycan tarixi dramlarında ədəbi şəxsiyyətlərin bədii obrazı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir, dosentdir.
Bədii yaradıcılığa 1968-ci ildən başlayıb. Həmin ildən şeirləri yerli və mərkəzi mətbuatda müntəzəm çap edilir. Daim yerli televiziya və radio ilə çıxışlar edir. Haqqında 7 dəfə televiziya filmi və verilişi çəkilib.
Fəxri adı: Naxçıvan MR-in Əməkdar Mədəniyyət İşçisi (07 aprel 2009-cu ildən), Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə- 05 aprel 2014-cü ildə.
Təhsil Nazirliyinin “Təhsil əlaçısı”döş nişanı ilə -1913, Prezident mükafatçısıdır.
1976-cı ildən ailəlidir. Bir qızı, iki oğlu, 6 nəvəsi var.

Mobil: 055 -312-24-74
E-mail: H.Eyvazli@Gmail.com

QALIBDI

Çən yatıb, qayalar görünməz olub,
Gədikdə təkənin izi qalıbdı.
Yurd yerində ocaq daşı qaralır ,
Qəlbimdə həsrətin közü qalıbdı.

Papaq salan qayalarda izim var ,
Diş göynədən bulaqlarda gözüm var.
Vətən, sənə deyilməyən sözüm var
Demə ki, ömrümün azı qalıbdı.

“Dilqəmi”dən alov aldım, od aldım ,
Öz şerimlə, öz sözümlə ucaldım.
Zaman- zaman saç ağardı, qocaldım ,
İllər indi məndən razı qalıbdı.


TALEYİN GƏRDİŞİ

Ömür karvanımın sonudu daha,
Atımı dördnala çapa bilmirəm.
Ömrüm əriyibdi quzey qarıtək,
Ötən cavanlığı tapa bilmirəm.

Gözümdə illərin hicranı, qəmi,
Alnımda zamanın qırışı qalıb.
Tor görən gözümün, əsən dizimin,
Döyünən qəlbimin «yarışı» qalıb.

Vəfasız həyatdan umacağım çox,
Daha gözləməyə dözüm qalmayıb.
Nazlı gözəllər də baxmır üzümə,
Könül ovsunlayan gözüm qalmayıb.

Eyvazlı, taleyin gərdişinə bax,
Payız yarpağı tək solub gedirik.
Gələn nurlu günü, xoş güzəranı,
Yeni nəsillərə bəxşiş edirik.

QOCALIR “QOCALAR EVİ”NDƏ ADAM

“Qocalar evi”ndə düşüncələr...

Bu necə qismətdi, bu necə aləm,
Elə bil, hər tərəf qocalaşıbdı.
Qara saçlarını sığallayan yox,
Ağ saçlar bulud tək ucalaşıbdı.

Donmuş baxışların dövrəsindəyəm,
Heç nə deyəmmirəm bir kimsəsinə,
Burda baxış donur, ürək odlanır,
Divarlar həsrətdir gülüş səsinə.

Bir qoca əyləşib divar dibində,
Sınıq çəliyini sıxıb köksünə.
Bir nənə əlində həsrətlə baxır,
Üzün görmədiyi nəvə əksinə.

Bir qızmar otaqda soyuq baxışın,
Xəcalət tərindən islanır üzüm.
Nankor övladların dönüklüyündən,
Donmuş baxışlara baxammır gözüm.

Nədir günahları bu insanların?
Qazancı nə olub, itirib nəyi?
Mənəm günahgarı – deyən ananın,
Daha bu həyatdan yox bir istəyi.

Tanrım, bu üzlərdə soyuqluğa bax,
Gözlərin nuru da əriyib, sönüb.
Övlad məhəbbəti gəzdirənlərin,
Həyatının çarxı gör necə dönüb.

“Qocalar evi”ndə yaşamaq çətin,
Ürək buz bağlayır qızmar gündə də.
Atanı, ananı evdən atanın,
Üzü gülə bilməz toy-düyündə də.

Qocalır “Qocalar evi”ndə adam,
Təngişir, bir udum havaya möhtac.
Qocalır “Qocalar evi”ndə adam,
Qocaldır sevgiyə olan ehtiyac.

Y A Z I Q

Yeyib bu dünyanın naz – nemətini,
Doymayan da yazıq, doyan da yazıq.
Yığıb gecə – gündüz, varı, dövləti,
Başına qızıl tac qoyan da yazıq.

Dəyirman alt daşı eyləyib bizi,
Zəmanə at döşü eyləyib bizi.
Sirrinin sirdaşı eyləyib bizi,
Duymayan da yazıq, duyan da yazıq.

İllər gizli –ğizli talayır ömrü,
Yandırır tonqala qalayır ömrü.
Neçə günahlara calayır ömrü,
Saymayan da yazıq, sayan da yazıq.

Eyvazlı, alnında taleyin qəmi
Qayıtmaz əvvəlki cavanlıq dəmi.
Haqqın dərgahında Nəsimi kimi
Soyulan da yazıq, soyan da yazıq.

QAYTARIN KEÇMİŞİN ŞAİRLƏRİNİ

Qaytarın keçmişin şairlərini,
Meydanda şairlər yaman çoxalıb.
Nə “ağır oturan”, nə “batman gələn”,
Nə də şeirlərdə bir məna qalıb.

Qaytarın keçmişin şairlərini -
Bizi sözləriylə sehirləsinlər.
Hər söz yığınına şeir deyənin,
Yaltağın dilini möhürləsinlər.

Qaytarın keçmişin şairlərini -
Hər kəs Füzulidən alsın dərsini.
Qoy biz də soyulaq haqqın yolunda,
Nəsimi Hələbdə soyulan kimi.

Qaytarın keçmişin şairlərini -
Şairlik dərsini keçəyin bir az.
Duyağın hər sözün öz mənasını,
Yaxşını yamandan seçəyin bir az.

Qaytarın keçmişin şairlərini -
İnam, etibarım qayıtsın geri.
Ucuz şöhrət üçün əl çalmayağın,
Bilinsin həyatda hər kəsin yeri.

Qaytarın keçmişin şairlərini -
Deyim ürəyimin arzularını.
Hər söz ürəklərdə nəğməyə dönsün,
Yazaq əbədiyyət mahnılarını.

Qaytarın keçmişin şairlərini -
Yoluna qoyulsun dərdi-sərimiz.
Eyvazlı, çin olsun hər arzu, dilək ,
Yazılsın möhtəşəm əsərlərimiz.

ATA OCAĞINA QONAQ GƏLMİŞƏM

Ata ocağına qonaq gəlmişəm,
Qapıdan paslı bir qıfıl asılıb.
Sükutdan boğulur həyət–bacamız,
İnsan nəfəsinə tamarzı qalıb.

Hayana baxıram, izim görünür,
Əlimin qabarı qalıbdı burda.
Körpəlik illərim, gənclik çağlarım,
Qəlbimin qübarı qalıbdı burda.

Anam layla çalıb beşiyim üstə,
Atam nağıl deyib, dastan söyləyib.
Neçə qardaşımın, neçə bacımın,
Onlar bu ocaqda toyun eyləyib.

Hanı çal–çağırlı o günlərimiz,
Görən kim qarğıyıb bizə, ay Allah?
Hərəmiz bir düzə səpələnmişik,
Bizi kim gətirdi gözə, ay Allah ?

Təndirdə çörəyin ətri duyulmur,
Ocaq daşlarına qırovmu çöküb?
Torpaqda kimsənin izi görünmür,
Ağlayan buludlar leysanmı töküb?

Divarın dibində cəhrə boş qalıb,
Nehrə dirəyinin sınıb bir tayı.
Anamın illərlə plov süzdüyü,
Qazanı pas tutub, yoxdu qalayı.

Qırılmış oxlovu yerdən götürdüm,
Yandırdı əlimi çörək istisi.
Üzümdən göz yaşım sellənib gedir,
Elə bil dolubdu təndir tüstüsü.

His tutan lampası silinməyibdi,
Ata ocağının çırağı yanmır.
Bir belə həsrəti, acını duyan,
Ürəyim görəsən, niyə dayanmır?

Ot qalxıb həyətdə dizdən yuxarı,
Kərənti pas tutub, biçəni yoxdu.
Bulaq xiffətindən göz yaşı tökür,
Suyundan doyunca içəni yoxdu .

Qoyunlar mələşmir, quzular hanı?
Buzovun bağlanan dirəyi qalıb.
Alabaş yox olub, zənciri boşdu
Yalaqda qurumuş çörəyi qalıb.

Toyuq qaqqıltısı eşidilməyir,
Hində boz fərənin falası qalıb.
Qaranquş yuvası öz yerindədi,
İçində bircə cüt balası qalıb.

Ağaclar boylanır boynubükülü,
Quşlar da oxumur, lal olub nədi?
İnsansız həyətdə ölüm sükutu,
İnsansız həyətlər, boş viranədi.

BU KÖÇ HARA GEDİR?

Bu köç hara gedir, görəsən, belə
Yaylağın , qışlağın vədəsi deyil.
Elə bil zor ilə sürükləyirlər
Sanki öz xoşuyla gedəsi deyil.

Həyətlər ayrılıq qorxusu duyub
Gedən yolçulara əl edə bilmir.
Evini, mülkünü tərk edənlərin,
Qəddi düzəlməyir, gözləri gülmür.

Bir ana boylanıb baxır geriyə
Qəlbində qarğıyır qara baxtına.
Qabarlı əliylə qulluq etdiyi,
Tinglərin az qalıb nübar vaxtına.

Orda mal pəyəsi, bir toyuq hini,
Təzəcə qazılan təndir də qalıb.
Tövlənin önündə su novu boşdu,
Buzovlar bağlanan kəndir də qalıb.

Unudulub kərki lək qırağında
Şamama koluna sarı sov düşüb.
Qaralır xırmanda saman yanığı ,
Elə bil ürəkdən od, alov düşüb.

Bağın, bağçaların rəngi solubdu,
Damların suvağı tökülüb gedir.
Atadan, babadan yadiğar qalan,
Evlərin divarı sökülüb gedir.

Nə yaman boşalır ellər,obalar
Bir loxma çörəkçün min ocaq sönür.
Kəndinin aslanı olan iğidlər ,
Şəhərdə miskin bir qəribə dönür.

Kəndin toyları da azalıb yaman
Bəyin bəy tabağı taxçada qalır.
Qızlar qız qarıyır ata evində
Gəlinlik duvağı boxçada qalır.

Bu köç hara gedir görəsən belə?
Bu yollar deyəsən yaman uzanır.
Bu gün öz kəndini atıb gedənin,
Qazancı nə olur, nəyi qazanır ?

Hay verin səsimə, eşidin məni,
Sizsiz qəribsəyib çöllər,çəmənlər.
Bu köçü döndərin geriyə, qardaş ,
Dönün yurdunuza ,siz ay köçənlər!

UNUTMAYAQ O GÜNLƏRİ

Satqınların ucbatından
Vətənimin,
Qol-budağı sındırılıb.
Neçə elim, neçə obam
Talan olub, yandırılıb.
Qərib-qərib baxır Şuşam
İtkin düşüb Kəlbəcərim.
Murovdağda şəhid oldu
Ərənlərim, igidlərim.
Həsrət gözüm dikilibdi
Qubadlıya, Zəngilana.
Yağı düşmən talan çəkir
Laçın qalıbdı virana.
Göyçə ordan haraylayır -
Qəribsəyib eli üçün
Bir qaragöz sonasının
Daraqbatmaz teli üçün.
Zəngibasar əsir düşüb,
Qızılvəngə yol kəsilib.
Şeиr, sənət ocaqları
Dağıdılıb, dil kəsilib.
Söz ustadı Ələsgərin
Məzarından yoxdu xəbər.
O diyarın,
azarindan- bezarından
yoxdu xəbər.
Əsir düşmüş bir gözəl tək,
Kərki baxır boynubükük.
Sinəsinə,
Qara bayraq taxılıbdı.
Füzulimin, Füzulidə
Abidəsi yıxılıbdı.
Xocalımın fəryadına
Hayım çatmır.
Xocavəndə pay göndərdim,
Geri döndü, payım çatmır.
Kimsə duymur ürəyimin
dərd-sərini.
Döndərməkmi istəyirlər
Bu dünyanın məhvərini?
Мənəm! – deyən dövlətlərin
qulağı kar, gözü kordu.
Bu haqsızlıq millətimi
yaman yoru.
İşğalçıya "dur" deyən yox,
Аldığını "ver" deyən yox.
Кim nə tapsa onunkudur,
Кim nə qapsa onunkudur.
Baş qarışıb –
Dünya torpaq bölməyində.
Haqq-ədalət dar ağacı
ilməyində.
Kimsə duymur –
Millətimin ürəyində,
Qövr eləyən vulkan yatıb.
Хocalının, Xocavəndin,
Кəlbəcərin,
Yarasını sarımağın vaxtı çatıb.
Üçrəngli bayrağımı,
Xankəndiyə aparmağın
vaxtı çatıb.
Zəngəzuru yağı düşmən
pəncəsindən,
Qoparmağın vaxtı çatıb.
Unutmayaq nə Mehrini,
nə Göyçəni.
İlmə-ilmə toplamağın zamanıdı –
Qayçılanmış, parçalanmış
bu Vətəni.
Unutqanlıq qoy sarmasın
qəlbimizi,
Unutmayaq biz gələcək
nəslimizi.
Unutmyaq,
Özgəsinə arxalanıb
Vətənimə, millətimə
Diş qıcırdan tulaları.
Unutmayaq,
Üstümüzdən tez-tez əsən
Qara yeli, bəlaları.
Unutmayaq o günləri!
Ya zor ilə, ya xoş ilə
Biz qaytaraq,
bu Vətənin parasını.
Biz sarıyaq, bu torpağın
Qanı axan yarasını!...

NAXÇIVAN

Bəyaz qarı ağ çalmadı Haçadağın başında,
Neçə tarix möhürlənib torpağında, daşında.
Cavanlaşır günü- gündən o purani yaşında
Atabəylər zamanından yadigardı Naxçıvan.

Əlincənin qayaları qəhramanlıq izidi,
Gəmiqaya babaların bu günlərə sözüdü.
“Mömünəxatun” bir incidi, türbələrin gözüdü
Dədə Qorqud yaşadığı bir diyardı Naxçıvan.

Ordubaddan Şahbuzadək abidədir hər daşı,
Şərurdakı “Gümüşgölün” “Vayxır” olub qardaşı.
Batabatda “Zorbulağın” duru suyu göz yaşı,
Hər fəsili gül- çiçəkli bir bahardı Naxçıvan.

Çox düşmənlər bələd olub qeyrətinə bu yurdun,
Heç kimsələr toxunammaz ismətinə bu yurdun.
Neçə dastan yazılıbdı şöhrətinə bu yurdun
Gözəllikdə tayı olmaz bir dilbərdi Naxçıvan.

Yaşadıbdı qucağında ərənləri, pirləri,
Ad qazanıb bu torpaqda igidləri, ərləri.
Tapammazsan belə məkan, arasan da hər yeri,
Hələ neçə yazılmamış əsərlərdi Naxçıvan

SAZ

Min sirli, min dərdli, min avazlıdı,
Zamanın nəhrində bir gəmidi saz.
Sinəsində yatan Kərəm dərdinin,
Sevən ürəklərdə məlhəmidi saz.

Cəngiylə coşubdur igidin qanı,
Dilqəmi alıbdır əldən imanı.
Sevən aşiqlərin mehri, gümanı,
Neçə ürəklərin həmdəmidi saz.

Bir həzin nəğmədi, var duyğuları,
Dağların başında əridər qarı.
Gətirər şaxtada güllü baharı,
“Şərili”, “Dübeyti”, “Dilqəmidi” saz.

Bir həsrət yaşayır “Baş sarıtel” də,
Gör neçə hikmət var hər sarı teldə.
Düşsə qəlbi yanar bir yarı tel də,
Zamanın min dərdi, min qəmidi saz.

Simdə aşiqlərin sədası qalır,
Min cür naz-qəmzəsi ədası qalır.
Kərəmi yandıran xatası qalır,
Əslini itirən “Kərəmi”di saz.

Eyvazlı vurğundu telinə onun,
Həm bəminə onun, zilinə onun.
Şirin avazına, dilinə onun,
Elin toy-düyünü, aləmidi saz

SEVƏCƏYƏM SƏNİ, GÖZƏL

Əzabımı bilə-bilə,
Gəl yuxuma gülə-gülə.
Əritsən də gilə-gilə,
Sevəcəyəm səni, gözəl.

Hanı sənli keçən günüm,
Daha yoxsan, çatmır ünüm.
Sən olsan da mənə qənim,
Sevəcəyəm səni, gözəl.

Eyvazlını dara çəksən,
Ürəyinə yara çəksən.
Sən bilərsən, hara çəksən,
Sevəcəyəm səni, gözəl.

BİLMİRƏM

Bir odsan, yandırıb kül eyləmisən
Oxlayıb, qanımı göl eyləmisən.
Sən hardan qəlbimə yol eyləmisən?
Bu sirri hələ də duya bilmirəm.

Nazlana – nazlana gedirsən belə,
Bir dönüb baxmırsan bu əhli dilə.
Ömrümün baharın vermisən yelə;
Dərdimi aləmə yaya bilmirəm.

Süzgün baxışının həsrətindəyəm
Gürşad yağışının həsrətindəyəm.
Donduran qışının həsrətindəyəm
Mən sevgi acıyam, doya bilmirəm.

Eyvazlı, taleyin qəmli yazılıb
Mizan-tərəzisi tamam pozulub.
Həsrətli günlərim sapa düzülüb,
İləmi gələcək, aya, bilmirəm?

GETDİ

Toyda bir gözəli tərif eylədim,
Baxaraq üzümə naz atdı getdi.
Gördü ki, çaşmışam, lal olub dilim,
Gözüm görə-görə söz atdı getdi.

İlahi, bu necə gözəldi belə,
Bu necə qaş-gözdü, nə əldi belə.
Bu necə baxışdı, əməldi belə,
Dönüb bircə kərə göz atdı getdi.

Qamətindən uca dağlar kiridi,
Atəşindən quzey qarı əridi.
Deyəmmədim, bu nə qəmzə yeridi?
Elə bil yarama duz atdı getdi.

Eyvazlıyam, ürəyimə saldi xal,
Vurulub hüsnünə böyük bir mahal.
Ötən cavanlığa qayıtdı xəyal,
Bir anda qəlbimə köz atdı getdi.

Elmi və bədii yaradıcılığı haqqında məlumat

Ədəbi təxəllüsü: Həsənəli Eyvazlı
Ədəbi peşəsi: Şair-dramaturq
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Fəxri adı: Naxçıvan MR-in Əməkdar Mədəniyyət İşçisi (07 aprel 2009-cu ildən), Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə - 05 aprel 2014-cü ildə.
Təhsil Nazirliyinin “Təhsil əlaçısı”döş nişanı ilə -1913, Prezident mükafatçısıdır.
Vəzifəsi: Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Elmi dərəcəsi: Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Çapdan çıxmış əsərlərinin ümumi sayı: 26 elmi, bədii və metodik vəsaiti, 2 fənn proqramı, 48 elmi və metodik məqalə,
-Yaradıcılığına həsr olunub: 14 məqalə,
-100-dən çox publisistik və elmi metodik yazıları müxtəlif qəzetlərdə çap olunmuşdur.
Xaricdə çıxmış əsərlərinin sayı: 2 elmi məqalə

Əsas elmi nailiyyətləri: Azərbaycan ədəbiyyatşunaslığı, tarixi dramaturgiya və Naxçıvanın teatr tarixi ilə bağlı araşdırmalar aparmış, maraqlı ədəbi, tarixi faktlara dair 6 monoqrafiya çap etdirmişdir.

Şeir və poemaları:

1. “Bu köç hara gedir” – şeirlər toplusu - 2003
2. “Türkmənçay” - tarixi poema - 2003
3. “Nədir bu sevgini yaşadan belə” – şeirlər toplusu – 2005
4. “Naxçıvan haqqında ballada” - poema - 2005
5. “Ömür yarpaqları” - şeirlər toplusu - 2009
6. “Ömrün payız duyğuları” - şeirlər toplusu - 2013
7. “Lal sulara ay düşər” - şeirlər toplusu - 2020

Dram əsərləri:

1. “Türkmənçay qətli” - tarixi dram - 2004
2. “Vəzifə hərisi” (I hissə) - dram - 2007
3. “Nadan xoruz” - uşaqlar üçün mənzum nağıl- dram - 2007
4. “Araz sahilində doğan günəş” - tarixi dram - 2008
5. “Ərtoğrol Cavid, yaxud bir ailənin dramı” - mənzum faciə - 2008
6. “Qurtuluşa gedən yol” - tarixi dram - 2009
7. “Yasda toy əhvalatı” - tragikomediya - 2010
8. “Həqiqətin divanı” - dram - 2012
9. “Ruhların görüşü” - dram - 2019
10. “Didərgin xəstələr” - dram
11. “Dram əsərləri” (Tələbə teatr studiyaları üçün) – (pyes və ssenarilər)-2022

Seçilmiş əsərləri:

1. “Seçilmiş əsərləri (I cild)” - dram əsərləri - 2015
2. “Seçilmiş əsərləri (II cild)” - şeir və poemalar – 2017
3. “Seçilmiş əsərləri (III cild)” - monoqrafiyalar - 2018
4. “Seçilmiş əsərləri (IV cild)” - 1 monoqrafiya və məqalələr- 2019

Ədəbi-bədii və elmi-publisistik kitablarının adı:

1. “ Həmid Arzulu yaradıcılığında tarixilik” - monoqrafiya - 2003
2. “Bir aktyorun ömür yolu” - monoqrafiya - 2005
3. “Naxçıvan teatrı dünən, bu gün” (həmmüəllif) -monoqrafiya - 2007
4. “Tarixi dramlarda ədəbi şəxsiyyət obrazı” – monoqrafiya - 2009
5. “Müstəqillik prizmasından…” (məqalələr toplusu) – - 2013
6. “Azərbaycan tarixi dramlarında ədəbi şəxsiyyət məsələləri” -Dərs vəsaiti. -2015

Səhnələşdirilən əsərləri
1. “Araz sahilində doğan günəş” - tarixi dramı 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.

2. “Naxçıvan haqqında ballada” - poeması əsasında 2007-ci ildə Naxçıvan Dövlət Televiziyası tərəfindən televiziya filmi çəkilmiş, sonra 2012-ci ildə poemada əlavələr edilərək ikinci dəfə televiziya filmi çəkilmişdir.

3. “Yasda toy əhvalatı” - Tragikomediyası əsasında Naxçıvan Dövlət Televiziyası tərəfindən 2016-cı ildə tammetrajlı bədii film çəkilmişdir.

4. “Nadan xoruz” - Mənzum nağıl-dramı 2016-cı ilin 02 dekabrında Naxçıvan Dövlət Uşaq-Gənclər Teateında tamaşaya qoyulmuşdur.
5. “Vəzifə hərisi” - Komediyası Ordubad xalq teatrında tamaşaya hazırlanır.

Tərtib etdiyi kitablar: “Mənalı şair ömrü” və filologiya elmləri doktoru, professor Yavuz Axundlunun “Şərəfli ömür” və “Ədəbi portretlər” kitablarının tərtibçisi, onlarla kitabın redaktoru və ya ön sözün müəllifidir.

Metodik vəsaitləri:

1. Milli kurikulum yeni təlim metodlarında. (həmmüəllif) - Naxçıvan, “Məktəb”, 2012
2. Pedaqoji təcrübənin müasir tələblər baxımından təşkili və keçirilməsi. NMİ. Naxçıvan: Məktəb nəçriyyatı, 2014, 168 səh.
3. Tarixi dramların tədrisində ədəbi şəxsiyyət və zaman problemi. Metodik vəsait. Naxçıvan, məktəb, 2015, 110 s.

Bütün xəbərlər Facebook səhifəmizdə