Agentliklə SGK icbari tibbi sığorta sahəsində əlaqələri gücləndirir - FOTOLAR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) nümayəndə heyəti Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) ilə imzalanan Anlaşma Memorandumunun birgə illik iş planına uyğun olaraq İzmirdə səfərdə olub. SİA xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, ekspertiza və geri ödəmə sistemləri” mövzusunda sentyabr ayının sonunda keçirilən konfransda iştirak ediblər.

Konfransın açılışında çıxış edən SGK-nın Ümumi Tibbi Sığorta Baş İdarəsinin rəhbəri Gökhan Tuna Öztürk iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin səhiyyə və tibb sahələrini də əhatə etdiyini və bu sahə üzrə lazımi dəstəyi hər zaman ölkəmizə göstərəcəklərini bildirib.

Daha sonra çıxış edən Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev Türkiyə ilə qarşılıqlı əlaqələr sayəsində ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sisteminin qarşıya qoyduğu hədəflərə çatacağına inandığını vurğulayıb.

3 gün ərzində davam edən konfransda hər iki qurumun nümayəndələri “Risklərin müəyyən edilməsi və qruplaşdırılması”, “Səhiyyə müəssisələrində ödəniş prosesi”, “Tibbi sığorta çərçivəsində informasiya texnologiyalarının tətbiqi” və digər mövzularda təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində imzalanan 3 illik Fəaliyyət Planının bu ilki mövzusu “İcbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqi”dir. Səfər müddətində nümayəndə heyəti mövcud qanunverici baza, qurumların aktuar balansları, sığortahaqqının müəyyən edilməsi, həvəsləndirici əlavələrin tətbiqi ilə bağlı məlumat əldə ediblər. Fəaliyyət Planının icrası məqsədi ilə görülən tədbirlər çərçivəsində icbari tibbi sığortanın tətbiqinin Türkiyə təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Məlumat üçün bildiririk ki, Fəaliyyət Planı çərçivəsində 8-10 fevral 2022-ci il tarixlərində SGK nümayəndələri tərəfindən Azərbaycana ilk rəsmi səfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə