DGK-nın Tibbi Xidmət İdarəsinin əməkdaşı təlim sessiyasında iştirak edib

28-30 sentyabr 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamenti ilə birgə gənclər işçiləri və təlimçiləri üçün təlim sessiyasında iştirak edib. SİA xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda gənclərlə iş sahəsində çalışan təlimçilər şəbəkəsinin təkmilləşdirilməsi və qeyri-formal təhsilin keyfiyyətli inkişafına dəstəyin göstərilməsi məqsədilə həyata keçirilmiş tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Sich, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) sədri Azər Əliyev və Gənclər Təşkilatları Şurasının proqram işçisi Rüstəm Abdullayev çıxış ediblər. Onlar “qeyri-formal təhsil” konsepsiyasının metodoloji əsas kimi istifadəsinin vacibliyi və Avropa Şurasının Gənclər Departamentinin bu sahədəki genişmiqyaslı tədbirləri barədə ətraflı məlumat veriblər.

Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində təşkil olunmuş təlimlər zamanı “Qeyri-formal təhsillə bağlı Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi”, “Gənclərlə iş, Qeyri-formal Təhsil və Avropa Şurasının standartları ilə bağlı keyfiyyətin qiymətləndirilməsi”, “Həssas qruplarla işləmək bacarığı”, “Keyfiyyətin artırılmasında Təlimçi Şəbəkələrinin rol və vəzifələri”, “Qeyri-formal təhsil şəbəkəsi modelləri və imkanları”, “Təlimçi Etikası” və sair kimi mövzularda təqdimatlar dinlənilib, qrup işləri və aktiv sual-cavab sessiyaları həyata keçirilib.

Avropa Şurası təlimçilər şəbəkəsinin üzvləri Pərvanə Məmmədova, Cihan Kılıç və SALTO təlimçisi Nuranə Məmmədova tərəfindən keçirilən təlim sessiyalarında bir çox gənc mütəxəssislər iştirak edərək bilik və bacarıqlarını təkmilləşdirmə və tədbirin sonunda gələcək fəaliyyətlər və növbəti addımlar barədə şəbəkələşmə imkanı əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə