Uşaqların payızda tez xəstələnməsinin səbəbləri nədir? - HƏKİM AÇIQLADI

"Davamlı müşahidə edilən isti hava şəraitindən sonra havanın birdən soyuması xüsusilə uşaqlar arasında soyuqdəymə və qripə yoluxma sayının artmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Ülkər Quliyeva deyib.

Onun sözlərinə görə, havanın soyumasından əlavə məktəblərin işə başlaması da uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olmasına və virus infeksiyaların artmasına şərait yaradır: "Ümumiyyətlə, yuxarı tənəffüs yollarının virus xəstəlikləri ilə koronavirus infeksiyasının əlamətləri çox oxşardır. Yəni, hər ikisi baş ağrısı, temperatur olması, əzələ ağrıları, yorğunluq, burun axması, boğaz ağrısı halsızlıqla müşahidə olunur. Lakin istənilən halda heç bir klinik semptom əsasında diaqnozun dəqiqləşdirilməsi mümkün deyil. Yalnız psr testinə əsasən, xəstəliyin koronavirus olub-olmaması ilə bağlı dəqiq diaqnoz qoymaq olar. Bir sıra infeksiyon xəstəliklərin qarşısı vaksinasiya hesabına alına bilər. Bununla yanaşı, uşaqda bu semptomlar hiss edilərsə orqanizmdə immuniteti yüksəltmək lazımdır. Bu zaman biz həkimin təyin etdiyi preparatları vaxtında qəbul etməklə və çoxlu su içməklə xilas ola bilərik. Valideynlər vitaminlərlə zəngin meyvə tərəvəz rasionuna üstünlük verməlidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə