Estetik-plastik əməliyyatların insan sağlamlığına təsiri - ARAŞDIRMA

Estetik-plastik əməliyyatların əsas məqsədi bədənin müxtəlif yerlərindəki qüsurları aradan qaldırmaqla, insanların həyatında müsbət dəyişikliklərə gətirib çıxarmaqdır. Sözsüz ki, belə əməliyyatlar əksər vaxt effektiv nəticə verir. Bir çoxları isə təkrar plastik, estetik əməliyyat etdirmək məcburiyyətində qalır.

Bir çox insanlar üçün plastik cərrahiyyə ilə bağlı qərar qəbul etmək üçün başlanğıc nöqtəsi psixoloji aspektlər, o cümlədən qeyri-müəyyənlik, özünü kökündən dəyişmək arzusu və s. durur. Gözəllik sahəsində insanları laqeyd qoymayan yeniliklər olur və onlar çoxları üçün həyat keyfiyyətini yaxşılaşdırmaq üçün yeganə varianta çevrilirlər.

Bu həqiqətən belədirmi və plastik cərrahiyyə psixoloji problemləri həll etməyə qadirdirmi?

Qeyd etmək lazımdır ki, təkcə qadınlar deyil, kişilər də müəyyən çatışmazlıqları əməliyyatla aradan qaldırmağa çalışırlar. Ancaq dəyişikliklər həmişə gəncliyi uzatmaq və kosmetik qüsurları aradan qaldırmaq istəyinə əsaslanmır. Görünüşlə bağlı komplekslər, qüsurlar və psixoloji təzyiqlər də olur. Psixoloqlar tez-tez görünüşü yaxşılaşdırmaq istəyini birbaşa özünə şübhə ilə bağlı olduğunu qeyd edirlər. Əgər insan tez-tez plastik cərrahiyyə haqqında düşünürsə, o, bir neçə məqamı təhlil etməli və suallara vicdanla cavab verməlidir: Əməliyyat nə üçündür, hansı problemləri həll etməyə kömək edəcək? Narazılıq hissləri varmı?

Başa düşmək lazımdır ki, görünüşü dəyişmək həmişə psixoloji problemlərin həlli demək deyil. Həqiqətən də əməliyyata yazılmaq istəyirsən, yoxsa bu arzu sevilən biri, tanışlar və sizə təsir edən digər insanlar tərəfindən diktə olunur. Görünüş kompleksləri çox vaxt insanı plastik cərrahiyyə etmək fikrinə gətirir.

Təcrübəli cərrahlar hələ də məsləhətləşmə zamanı narahat olan müştərilərin bir çoxu psixoloji reabilitasiya üçün tövsiyyələr verir.

Yaralanmalar, qəzalar zamanı rekonstruktiv plastik əməliyyatlar lazım olur. Asimmetriya, böyük döş ölçüsü, duruşla bağlı problemlərə səbəb olan döş plastik cərrahiyyəsi tələb olunur. Qarın gərmə əməliyyatı doğum edən qadınların fiziki fəaliyyətin köməyi ilə formaya qayıtmadıqları təqdirdə özlərini daha cəlbedici və inamlı hiss etmələrinə kömək edəcəkdir. Plastik cərrahiyyə müalicəsinə əks göstərişlər yalnız yoluxucu, xroniki və digər xəstəliklərlə əlaqəli olur.

Xəstələri şərti olaraq 2 kateqoriyaya bölmək olar: Birinci qrupun nümayəndələri yüksək heysiyyətlə xarakterizə olunurlar. Onlar üçün görünüşün estetik komponenti hər şeydən üstündür. Belə xəstələrdə bir şeydə özlərini təkmilləşdirməyə ehtiyacı yaranır. Emosional əhval-ruhiyyə və müdaxilənin zəruri olduğuna inam sayəsində əməliyyatdan sonrakı dövr asanlaşır. Bu, onların öz gözlərində müsbət imic formalaşmasına kömək edir.

"Estetik əməliyyatları bu sahədə səriştəsi, təcrübəsi olan, insanın anatomik quruluşunu bilən ixtisasca plastik və ya konstruktiv cərrah üzrə püxtələşmiş həkimlər icra etməlidirlər. Estetik əməliyyatlar daim görünən nahiyələrdə olduğu üçün diqqət etməli olduğumuz məqamlar çox olur". Bu sözləri Tibb elmləri namizədi Elşən Nəsibov SİA-ya açıqlamasında deyib.

Bəzən kəsiklər 2/3 nahiyəsinə düşür və kosmetik tikişlərlə elə icra olunmalıdır ki, gələcəkdə onların izi qalmasın və ya abartılı dərəcədə görünməz olsun. Pasiyentlər arasında müraciətlər əsasən 18 yaşından yuxarı olur. Biraz yaşı keçmiş, 50 yaşdan yuxarı adamlarda isə istər-istəməz dərinin elastikliyi və zəiflədiyindən üz, buxax nahiyəsində olan sallaqlıqlar yaranır və əməliyyatlara ehtiyac duyulur. Bir çox hallarda da qadınlarda doğuşdan sonra qarın nahiyəsində yaranan sallaqlıqlara görə edondoplastika əməliyyatına müraciət edirlər.

Gənc yaşlarında bəzən lazım oldu-olmadı aparılan bir qrup əməliyyatlar var ki, onları tez eləmək məsləhətli deyil. Hazırda dəb şəklini almış bir çox əməliyyatlar var. Gənc ikən qaş qaldırma, konseptoloji prosedurlar elətdirirlər.

Mütəmadi şəkildə bu prosedurların həyata keçirilməsi insan dərisinin tez qocalmasına və sallanmasına gətirib çıxardır. İstənilən estetik, plastik əməliyyatların təsirləri əməliyyatdan sonra istədiyimiz formada qalması 5/6 ildən artıq sürməz. 5/6 ildən sonra hansısa prosedur olmasa əvvəlki formaya qayıda bilir və ya mimikada dəyişikliklər ola bilir. Bugünkü dövrdə bir qrup şəxslər var ki, ixtisasından asılı olmayaraq heç Tibb Universitetini bitirməyən şəxslər belə kosmetoloji kabinetlər açaraq sadaladığım prosedurları icra edirlər. Kənardan görüb ciddi təhsil almadan bu kimi əməliyyatlar edən hansısa bir mərkəzlərdə icra etməyi doğru deyildir.

Bəs estetik əməliyyatların insanlara psixoloji təsirləri necə olur?

Bu haqda psixoloq Gövhər Məmmədova SİA-ya danışıb. Estetik əməliyyata müraciət edənlər əsasən xarici görünüşündən narazı olan insanlardır. Bu insanlar komplekslərindən azad olmaq, özlərinə olan güvənlərini bərpa etmək, ünsiyyətlərində rahatlıq yaratmaq və bəzən də hansısa tanınmış şəxsə yaxud seçilmiş bir insana bənzəmək üçün əməliyyata baş vururlar. Lakin əməliyyat öncəsi "istədiyim kimi alınacaq?", " mənə yaraşacaq?" kimi suallar və əməliyyatdan qorxmaq stress, təşviş yarada bilir. Ona görə də estetik əməliyyata qərar verilən zaman psixoloq dəstəyi alınması məsləhət görüləndir. Bu, həm şəxsin daha düzgün qərar verə bilməsinə, həm qorxularını aradan qaldırmağa, həm də əhval-ruhiyyəsini yüksəksəldərək əməliyyata psixoloji olaraq hazır daxil olmağına kömək olacaqdır. Əslində hər bir tibb müəssisəsi gələn şəxsləri psixoloq dəstəyi ilə tanış etsə, maariflənməklərinə səbəb ola bilər. Əməliyyat sonrası daha həssas period olduğu üçün həyəcan sonlanmaya, yeni stress formalaşa bilər, həmçinin bəzi hallarda nəticə ürəkaçan olmaya bilər. Bunları da aradan qaldırmaq üçün şəxsə həm ailəsi dəstək olmalı, həm də professional dəstək alınmalıdır.

Tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli isə qeyd edir.

Plastik cərrahiyyə deyəndə bizim insanlar cərrahiyyənin eləcə kosmetik tərəfini nəzərdə tutur. Halbuki ixtisasın adı plastik rekonstruktiv cərrahiyyədir. Ora 6500 əməliyyat növü daxildir. Yəni dırnaqdan tutmuş, ta saça qədər... Söhbət onların rekonstruksiyasından, yəni bərpasından gedir. Uşaqlar var ki, anadangəlmə “dovşandodaq”dır, yaxud sonradan, yanıq nəticəsində çiyni qulağına yapışıb. Onları əməliyyat nəticəsində kompleksdən azad edirik. 87 yaşında yaşlı kişi burnundakı rinofima xəstəliyindən əziyyət çəkirdi. Onu əməliyyat etmişəm. Burnunu, qulağını it, at qopardan xəstələrim olub ki, qığırdağından istifadə edərək, həmin orqanları bərpa edə bilmişəm. Sırf estetik cərrahiyə plastik cərrahiyyənin yüzdə 25 faiz təşkil edir. Bura qulağın, burunun, sifətin, bədənin müxtəlif hissələrinin korreksiyası daxildir. Bəzən travmalar nəticəsində insanda elə qüsurlar əmələ gəlir ki, onda istər-istəməz kompleks yaranır. Bu da onun gündəlik həyatına mənfi təsir edir. Əməliyyatdan sonra isə belə insanlar özlərini rahat hiss edir və kompleksdən uzaqlaşırlar.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə