DGK-nın əməkdaşı və MGH-nin həkimləri tədbirdə iştirak edib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının həkimləri - psixiatr İradə Ramazanova, diyetoloq Məlahət Kərimova və nevropatoloq Mənsumə Talıbova Dayaq Patronaj Xidməti tərəfindən təşkil olunmuş "Altsheymer, demensiya və koqnitiv pozğunluqlar zamanı rast gəlinən problemlər və onların tibbi sosial həlli yolları" mövzusunda tədbirdə iştirak ediblər. SİA-nın məlumatına görə, tədbirdə Dayaq Patronaj Xidmətinin təsisçisi Nərmin Mahmud iştirakçıları salamlayaraq, təşkilatın yaradılma məqsədləri və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Təşkilatın həmtəsisçisi Zəhra Vəzirova da çıxış edərək altsheymer xəstəliyinə müasir və multidisiplinar yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyi barədə öz fikirlərini bölüşüb və tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib.

Yüksəkixtisaslı mütəxəssislər tərəfindən proqrama uyğun olaraq “Demensiyadan eumensiyaya: müasir diaqnostika və yanaşmalar?”, “Şiddətli demensiyası olan pasiyentlərdə davranış əlamətlərinin müalicəsi üçün EMDR metodunun effektivliyi”, “İltihab əleyhinə diyetin Altsheymerli pasiyentlərdə tətbiqi bir dönüş nöqtəsi ola bilər ?”, “Demensiya və qlobal ictimai səhiyyə: əsas çətinliklər və perspektivlər?”, “Altsheymer xəstəliyinin profilaktikası: həyat tərzimizi necə dəyişək?”, “Altsheymerli xəstələrin hüquqları-nələri bilmək vacibdir?” mövzularında məruzələrin təqdim edildiyi tədbir səmimi müzakirə formatında həyata keçirilib. Müzakirələrin sonunda altsheymer xəstələrinə beynəlxalq standartlara uyğun xidmətlərin yaradılması və təşkili məqsədilə aidiyyatı ixtisaslı mütəxəssislərdən ibarət təşəbbüs qrupunun yaradılmasının zəruriliyi barədə ortaq nəticə əldə edilib.

Psixiatr, nevropatoloq, psixoterapevt, psixoloq, hüquqşunaş, ictimai səhiyyə mütəxəssisi, dietoloq, hüquqşunas ixtisaslarına malik mütəxəssislərin iştirak etdiyi tədbirdə dəvətli qonaq qismində iştirak edən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva da çıxış edərək tədbirin təşkilinin mühüm əhəmiyyət daşıdığını söyləyib və Dayaq Patronaj Xidmətinə fəaliyyətində uğurlar arzu edib.

Tədbir zamanı Dayaq Patronaj Xidmətinin fəaliyyətini əks etdirən video-rolik nümayiş olunub və sonda tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə