Vətəndaşlar İcbari Tibbi Sığortadan necə yararlana bilər? - DİQQƏT! - QURUM RƏSMİSİ İZAH ETDİ

İcbari Tibbi Sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığorta olunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Bəs, vətəndaşlar İcbari Tibbi Sığortadan necə yararlana bilər? Bununla bağlı hansı maarifləndirmə işləri aparılır?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova SİA-nın sorğusuna cavab olaraq bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə genişmiqyaslı maarifləndirmə kampaniyası həyata keçirir: "Belə ki, görülən tədbirlər çərçivəsində cari ilin mart-may ayları əzrində Azərbaycanın müxtəlif mobil operatorlarına aid 4 860 000 mobil (dörd milyon səkkiz yüz altmış min) nömrəyə məlumatlandırıcı SMS göndərilib. SMS-lərdə hər kəsin icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilməsi ilə bağlı məlumat və Agentliyin rəsmi internet səhifəsinə keçid etmək üçün link təqdim edilib. Linkə daxil olarkən açılan səhifədə icbari tibbi sığorta ilə bağlı vətəndaşa lazımi bütün məlumatlar və təlimat videosu yer alıb.

İcbari tibbi sığorta mövzusunda maarifləndirmə kampaniyası sosial media platformalarında da aparılıb. Məlumat üçün bildirək ki, agentliyin 6 fərqli platformada sosial media hesabı var və 2022-ci il ərzində bu platformalarda, ümumilikdə, 10 minə yaxın post və video paylaşılıb. Onların əksəriyyəti icbari tibbi sığorta ilə bağlı maarifləndirmə xarakterli olub".

Onun sözlərinə görə, maarifləndirmə tədbirlərinin digər bir istiqaməti ölkədə fəaliyyət göstərən bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də TƏBİB-in tabeliyindəki 16 tibb müəssisəsində quraşdırılan monitorlarda icbari tibbi sığorta ilə bağlı maarifləndirici videoçarxların nümayişidir: "Videolarda icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər, özəl tibb müəssisələrinə göndərişlərin verilməsi, habelə Çağrı mərkəzi haqqında məlumatlar öz əksini tapıb.

Bundan başqa, ASAN radioda yayımlanan “Bir sual, bir cavab” rubrikası vasitəsilə “İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən dövlət və özəl tibb müəssisələrində istifadə qaydası”, “Xidmətlər Zərfi”, “Göndərişlərin verilməsi qaydası”, “İcbari tibbi sığorta çərçivəsində dərmanlarla təminat”, “Rayon qeydiyyatında olan şəxslərin Bakıda tibbi xidmətlər alması” kimi digər mövzularda dinləyicilərə məlumatlar çatdırılır.

Məlumat üçün bildirək ki, “Real TV”-nin canlı efirində hər həftənin çərşənbə günü “Tibbi sığorta saatı” verilişi yayımlanıb. Sözügedən verilişin yayımı ötən ilin dekabr ayından cari ilin iyun ayına qədər əhatə edib. Qeyd edilən zaman ərzində 29 sayda canlı yayım həyata keçirilib. Agentliyin və “Real TV”-nin birgə əməkdaşlığının nəticəsi olan bu layihə çərçivəsində izləyicilərə Agentliyin məsul əməkdaşları, həkimlər və digər ekspertlər tərəfindən icbari tibbi sığorta, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və digər mövzular haqqında ətraflı məlumat verilib. Veriliş Agentliyin və “Real TV”-nin sosial şəbəkələrdəki səhifələrində də yayımlanıb. Canlı yayım zamanı və ondan sonrakı müddətdə sosial şəbəkə istifadəçiləri tərəfindən daxil olan suallar Agentliyin nümayəndəsi tərəfindən operativ cavablandırılıb. Yaxın zamanda canlı yayımların davam etdirilməsi nəzərdə tutulur.

Aynurə Əhmədova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, maarifləndirmə kampaniyası çərçivəsində dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarının icbari tibbi sığorta haqqında məlumatlandırılması da həyata keçirilir: "Bu məqsədlə 90 məlumatlandırıcı sessiya keçirilib. Həmçinin dövlət tibb müəssisələrində vətəndaşların icbari tibbi sığorta ilə bağlı maarifləndirmək məqsədilə həkim qəbulu və müayinələr üçün çap edilən qəbzlərdə “İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə tibbi xidmətlər ödənişsizdir” qeyd edilir. Eyni zamanda tibb müəssisələrində icbari tibbi sığorta mövzusu ilə bağlı posterlərin asılması və vətəndaşlara bukletlərin paylanılması nəzərdə tutulur.

"2022-ci ilin iyul ayından etibarən paytaxt ərazisində sakinlərin rahat görə biləcəyi ictimai yerlərdə (açıq məkanlarda) icbari tibbi sığorta barədə 31 sayda bilbord quraşdırılıb. Bakı metropoliteninin stansiyalarında isə məlumatlandırıcı posterlərin quraşdırılması üzrə tədbirlər görülür.

Agentliyin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığı çərçivəsində “2022-ci il kiçik qrant müsabiqəsi”ndə “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu da yer alıb. Belə ki, QHT-lər də əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində iştirak edəcək. Maarifləndirmə kampaniyası çərçivəsində görülən tədbirlərdən digəri jurnal və xəbər portallarında icbari tibbi sığorta ilə bağlı yazıların ictimaiyyətə təqdim olunması və məlumatlandırıcı bannerlərin yerləşdirilməsidir" - deyə Aynurə Əhmədova bildirib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə