2020 və 2021-ci il İcbari Tibbi Sığortanın fəaliyyətində ciddi sınaq ili oldu - ŞƏRH EDİLDİ

“Ölkəmizdə bir neçə ildir ki, bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi islahatlar həyata keçirilir. Bu ili səhiyyə islahatlarının aparıldığı 3-cü il hesab etmək olar. Ölkə üzrə səhiyyə islahatları 2020-ci ildə başlasa da, bu ildə pandemiya və müharibə baş verdi. Buna görə də 2019-cu ilin payızında 2020-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman İcbari Tibbi Sığortaya ayrılan maliyyədə nə pandemiyaya, nə də Vətən müharibəsinə aid maliyyə vəsaiti var idi. Yəni, pandemiya və müharibə gözlənilmədən baş verdi. 2020-ci il İcbari Tibbi Sığortanın başlamasının ilk ili idi və bu mənada bütün resurslar müharibə və pandemiyaya həsr olundu. 2020 və 2021-ci il İcbari Tibbi Sığortanın fəaliyyətində ciddi sınaq ili oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, İcbari Tibbi Sığorta pandemiya dönəmində çox ciddi işlər gördü: “ÜST verdiyi məlumata görə, dünyada koronavirusdan ən az zərər çəkən ölkələrdən biri Azərbaycandır. Azərbaycanda pandemiya ilə bağlı ilk gündən heç bir problem olmadı. Hesab edirəm ki, pandemiya və Vətən müharibəsini nəzərə alsaq, bu il İcbari Tibbi Sığortanın əhaliyə tam gücü ilə xidmət edəcəyi ildir.

Onu da qeyd edim ki, 2021-ci ilin payızında Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi müzakirə olunduqda indiyə qədər səhiyyə sisteminə bu qədər çox maliyyə ayrılmamışdı. Bilirsiniz, səhiyyəyə nə qədər çox pul ayrılsa o qədər azdır. Dövlət büdcəsindən səhiyyəyə nə qədər çox pul ayrılsa o ölkədə deyirlər ki, həm dayanıqlı inkişaf göstəriciləri çox yüksəkdir, həm də dövlətin öz vətəndaşının sağlamlığının qorunması üçün yüksək səviyyəli siyasəti mövcuddur. Bu mənada, ötən illərdə səhiyyəyə ayrılan maliyyə əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq qədər çoxdur. Bu da onu göstərir ki, 2022- ci ildə İcbari Tibbi Sığorta əhaliyə əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə xidmət etmək imkanına malikdir”.

Deputat sözlərinə belə davam edib: “Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət göstərilir:

• ilkin tibbi-sanitariya yardımı

• təcili və təxirəsalınmaz tibbi yardım xidməti

• ixtisaslaşdırılmış ambulator yardım xidməti

• laboratoriya xidməti

• fizioterapiya xidməti

• invaziv radiologiya xidməti

• stasionar tibbi xidmət

Qeyd edək ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.

Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.

Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdə 2 istiqamət (Fizioterapiya xidməti və 2 cərrahi tibbi xidmətlər) üzrə limit nəzərdə tutulub.

Fizioterapiya xidməti üzrə:

- Xidmətlər Zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Vətəndaşlar bu xidmətlərin hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur icbari tibbi sığorta çərçivəsində qarşılanır. İl ərzində artıq 11-ci prosedur üzrə tibbi xidmət vətəndaşın öz vəsaiti hesabına ödənilir.

Cərrahi tibbi xidmətlər üzrə:

- oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi cərrahi əməliyyatlarının hər biri üzrə illik limitin sayı 300-dür.

Aşağıdakı arayışlar xidmətlər Zərfi ilə təminata alınır:

• 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətlərinin cari müayinəsi barədə arayış;

• Hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayış.

Xidmətlər Zərfinə daxil olmayan arayışlar isə aşağıdakılardır:

• Sürücülüyə yararlı olmaq barədə arayış;

• Sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış və digər arayış növləri.

Qeyd edək ki, Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

Habelə, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa 27 adda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə 27 müqaviləli tibb müəssisəsindən birinə (https://its.gov.az/uploads/law/118/581978.pdf) göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir.

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, xəstəliklərlə bağlı ağırlaşmaların qarşısını almaq, habelə vətəndaş məmnunluğunu təmin etmək üçün göndəriş vərəqəsinin verilməsi qaydasına dəyişiklik edib. Belə ki, vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ambulator yardım üçün göndəriş vərəqəsi olmadan müraciət edə bilərlər.

Həmçinin müqaviləli özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım icbari tibbi sığorta vəsaiti hesabına göstəriləcək. Özəl tibb müəssisəsi tərəfindən Agentliyə edilən müraciət əsasında tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığı yoxlanılacaq və nəticəyə uyğun tədbir görüləcək.

Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə vətəndaşa tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edəcəklər. Göstərilən xidmət Xidmətlər Zərfinə daxil olduğu təqdirdə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına təmin ediləcək.

Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən 2800-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır.

Xidmətlər Zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji əməliyyatlar, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər aid edilib. Həmçinin Xidmətlər Zərfində sığorta limiti tətbiq olunan tibbi xidmətlər - endoprotezləşdirmə, koxlear implantasiya ilə bağlı sığorta limitinin artırılması nəzərdə tutulub. Bundan əlavə, orqan transplantasiyasının da bu ildən limitli şəkildə icbari tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur.

Bu Xidmət Zərfində görünür ki, xidmətlərin növü xeyli çoxdur. Əvvəlki illərlə müqayisədə İcbari Tibbi Sığortanın xidmət dairəsi çox böyükdür. Bu il onların üzərində məsuliyyət çoxdur. Həmçinin, bizim də onlardan yaxşı gözləntilərimiz var.

Ölkədə səhiyyə sahəsində ciddi islahatlar gedir. İslahat dedikdə yalnız büdcə ayrılması nəzərdə tutulmur, təkcə pandemiya dövründə Azərbaycanda xeyli modul tipli xəstəxanalar açıldı. Bu gün ölkəmizin səhiyyə infrastrukturu yüksək standartlara cavab verir.

Azərbaycanda minlərlə xaricdə, xüsusilə də Türkiyədə təhsil almış tibb təhsili almış və uzanlıq səviyyəsinə qədər mənimsəmiş səhiyyə işçiləri var. Digər tibb personalından da xarici ölkələrdə yüksək səviyyəli təhsil alanlar olub.

Səhiyyəyə əlçatanlığın göstəricilərindən biri odur ki, ölkənin ən ucqar ərazilərində belə səhiyyə infrastrukturu qurulmuş olsun. Bu istiqamətdə ölkəmizin ən ucqar ərazilərində uzun illərdir bir sıra diaqnostika mərkəzləri, vərəm dispanserləri və s. qurulub”.

Məlahət İbrahimqızı Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər artırılacağını da vurğulayıb: “Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə Agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.

700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur

Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300)

Endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif edilib (əvvəlki say 300)

İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb”.

Deputat Şuşada tibbi xidmətin təşkili ilə bağlı da məlumat verib: “2021-ci ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb. Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir.

İşğaldan azad olunmuş 6 ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılması nəzərdə tutulur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə