"Avropa İttifaqı inteqrasiya proseslərinin inkişafında maraqlı olduğu kimi, Azərbaycan da bu əlaqələrdən imtina etmir, münasibətləri öz milli maraqları çərçivəsində qurur". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli iqtisadi, o cümlədən siyasi addımlar atılır: "Tərəflər arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Bu bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Bu gün Azərbaycan çoxvektorlu, müstəqil xarici siyasəti ilə bütün dünyada nüfuzlu dövlətə çevrilib. Regionda əməkdaşlıq əlaqələrini möhkəmləndirən ölkəmiz beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına töhfələr verir. Çindən Afrikaya kimi genişmiqyaslı əməkdaşlıq münasibətləri quran Azərbaycan Orta Dəhlizin ən aktiv aktoru olaraq Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır.
"Avropa Siyasi Birliyi"nin bütün Zirvə toplantılarına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi qürurverici olduğu kimi, həm də ölkəmizin Avropanın siyasi gələcəyində Azərbaycanın yerini və imkanlarını təyin edir. "Avropa Siyasi Birliyi" yeni yaransa da Aİ-nin böyük ümidlərlə təşviq etdiyi mühüm platformadır. Dünya nizamının dəyişməsi fonunda milli maraqlarını qoruyan, xarici təsirlərdən asılı olmadan qərar qəbul edən Azərbaycan öz suverenliyini qoruduğu kimi, uğurlu nəticələr də əldə edib. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur. Bütün bunlar Avropa İttifaqının rəhbərliyinin, o cümlədən ayrı ayrı Avropa dövlətlərinin diqqətindən yayınmır. Müstəqil, tərəfsiz, heç bir hərbi bloka qoşulmayan Azərbaycanla dostluq əlaqələri qurmaq bütün ölkələrin arzu və istəyidir".
"Avropa İttfaqının ayrı-ayrı institutları və qurumları ilə Azərbaycan arasında müstəqilliyimizin ilk illərindən başlayaraq əlaqələr qurulub. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yaratdığı həmsədrlik institutu və bu təsisatın 25 il ərzində heç bir fəaliyyətə imza atmaması bəzi suallar doğursa da Aİ-nin digər platformaları ilə Azərbaycanın münasibətləri müxtəlif sektorlar üzrə inkişaf edirdi. 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv olması münaqişənin həllində bizə çox önəmli siyasi meydan qazandırdı. Amma 2024-cü ilin yanvar ayına qədər bu qurumun fəaliyyətində yalnız ikili standartlara şahidlik etdik. Və AŞPA-nın bütün iclaslarında bunu dəfələrlə diqqətə çatdırdıq, ərazi bütövlüyümüzün təmin olunmasına yardım etmək üçün işğalçı Ermənistana beynəlxalq sənədlərə istinad edib təzyiq göstərməsini istədik. Amma tərəfsizliyi çoxdan unudan AŞPA rəhbərliyi və ayrı-ayrı ölkələrin erməni lobbisinin pulu ilə danışan parlamentariləri bizi eşitmək istəmədilər, ədalətli həlldən uzaq durdular. Azərbaycan öz gücü və BMT TŞ-nin 4 qətnaməsinə söykənərək ərazi bütövlüyünü bərpa etməsi AŞPA-da anti-Azərbaycan mövqedə duran deputatların iç üzünü göstərdi. Müxtəlif bəhanələrlə üzərimizə gəldilər və sonda Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini məhdudlaşdırdılar. Beləliklə, Aİ-nin iki institutu ifşa olundu. Yeni yaranan və artıq 6-cı Zirvə toplantısını keçirən "Avropa Siyasi Birliyi"nin fəaliyyəti fərqlidir. Ümid etmək olar ki, Azərbaycanla Aİ arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin qurulmasında subyektivliyə yol verilməyəcək və Avropa təsisatı ölkəmizin maraqlarına hörmətlə yanaşacaq" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə