Ukraynanı necə xilas etməli? - RAKURS

ABŞ-da Avropa liderlərinin iştirakı ilə görüş keçirilib

Avropa liderləri Ukraynanı Rusiya işğalından xilas etmək üçün Vaşinqtona toplaşıblar. İlkin vəzifə Ukraynada atəşkəsi təmin etmək, daha sonra danışıqlar masasına əyləşmək olsa da bəzi Avropa ölkələri Rusiya ilə yalnız güc dili ilə danışmağın çıxış yolu olduğunu ABŞ prezidentinə sübut etməyə çalışıblar. Avqustun 18-də Ağ Evdə ABŞ və Ukrayna prezidentlərinin, eləcə də Ukraynada müharibənin dayandırılması yollarını müzakirə etmək üçün Vaşinqtona gələn Avropa liderlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb. İclas Avropa Komissiyasının sədri, NATO-nun baş katibi, Almaniya kansleri, İtaliyanın baş naziri, Fransa və Finlandiya prezidentləri, Böyük Britaniyanın baş nazirinin iştirakı ilə keçirilib.

İclasda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgio Meloni, Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Key Starmer iştirak edirlər. Tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün birgə yanaşma və imkanları müzakirə edirlər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə birgə Oval kabinetdə jurnalistlərlə söhbət edərkən demişdi ki, o, artıq atəşkəsi Rusiya ilə gələcək danışıqlarda zəruri mərhələ hesab etmir. Tramp həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini şərh edərkən, mümkün sülhməramlıların yerləşdirilməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb və ABŞ-ın uzunmüddətli sülh naminə həm Ukrayna, həm də Rusiya ilə əməkdaşlıq edəcəyini bildirib.

Tramp “böyük irəliləyiş”dən danışır

ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, o, Vladimir Putinin müharibəni bitirmək istədiyinə inanır. Bu barədə avqustun 18-də CNN məlumat yayıb. Bu dəfə Oval kabinetdəki ab-hava fevralda keçirilən görüş zamanı burada baş verənlərdən köklü şəkildə fərqlənib. Zelenski çıxışına Trampa çoxsaylı təşəkkürlə başlayıb. Ağ Evin rəhbəri də öz növbəsində Ukrayna prezidentinin kostyumunu yüksək qiymətləndirib. Xüsusilə, Ukrayna dövlətinin başçısı Trampa “qətlləri dayandırmağa” çalışdığına görə təşəkkür edib və üçtərəfli əməkdaşlığa hazır olduğunu bildirib. Ukrayna prezidenti həmçinin Melaniya Trampın ukraynalı uşaqlarla bağlı məktubu, özü isə Ukraynanın birinci xanımı Yelena Zelenskanın məktubunu ona təqdim etdiyinə görə minnətdarlığını bildirib.

“Bizim müharibəyə son qoymaq üçün yaxşı şansımız var”, deyən Tramp və hətta son həftələrdə çoxlu insanın öldüyünü qeyd edib. ABŞ prezidenti Putinlə görüşü “yaxşı” adlandırıb və nəticə əldə etmək şansını qeyd edib. Müharibə bitməlidir, Putin, Ukrayna və bütün dünya bunu istəyir, Tramp vurğulayıb. "Altı ayda mən altı müharibəni dayandırdım. Bunun ən asan olacağını düşündüm, amma belə deyil", - o etiraf edib.

Eyni zamanda, Zelenski Ukraynanın Rusiyadan gündəlik atəşə məruz qalmağa məcbur olduğunu qeyd edərək, Xarkova gecə hücumuna işarə edib. "Biz bu müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq. Bizim Amerika və Avropa tərəfdaşlarının dəstəyinə ehtiyacımız var", - o deyib. "Biz ABŞ-ın - şəxsən prezident Trampın bu müharibəni dayandırmaq, müharibəni bitirmək üçün diplomatik yol tapmaq ideyasını dəstəklədik", - prezident əlavə edib.

Lakin dövlət başçısı ərazilərin mübadiləsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. Liderlərin sülh sazişinin şərtlərini ətraflı müzakirə edəcəyi və Ukraynada sülhə nail olmaq üçün gələcək addımları müəyyənləşdirəcəyi gözlənilir. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtona səfərinə ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşlə başlayıb. Prezident qeyd edib ki, danışıqlar zamanı Ukraynada cəbhədəki vəziyyət və diplomatik imkanlar müzakirə olunub.

Ağ Evdə görüş, ilk açıqlamalar

Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşə Avropa liderləri Zelenskiyə bir növ “dəstək qrupu” kimi qoşulublar. Oval kabinetdə Vladimir Zelenski ilə keçirilən görüşdə media nümayəndələrinə açıqlamasında Tramp deyib ki, o, artıq atəşkəsi Rusiya ilə gələcək danışıqlarda zəruri addım hesab etmir. "Məncə, atəşkəsə ehtiyac yoxdur. Bu il başa vurduğum altı müharibəyə baxsanız, onlar atəşkəs deyil, müharibələrdir. Bu, yaxşı olardı, amma mənim strateji anlayışım da var", deyib.

Tramp davam edib ki, belə olan halda tərəflər güc toplayıb və yenidən “isti” müharibəyə gedəcək. Tramp bildirib ki, Ukrayna üçün təhlükəsizlik təminatları əsas müzakirə mövzularından biri olacaq. "Kimin nə edəcəyini müzakirə edəcəyik. Mən nikbinəm ki, biz birlikdə Ukraynaya qarşı yeni təcavüzün qarşısını alacaq razılığa gələ bilərik... Düşünürəm ki, Avropa dövlətləri çox işi öz üzərinə götürəcək, biz onlara kömək edəcəyik", - ABŞ prezidenti bildirib.

O, davam edib ki, hazırkı cəbhə xəttini nəzərə alaraq, Ukrayna və Rusiya arasında "mümkün ərazi mübadiləsi" müzakirə edilməlidir. “Biz bəlkə də bu həftəsonu üçtərəfli görüşü (ABŞ-Ukrayna-Rusiya formatında) təşkil etməyə çalışacağıq”, - Tramp bildirib.

Zelenskinin mövqeyi

Vladimir Zelenski prezident Trampla Oval kabinetdə baş tutan ikitərəfli söhbəti yüksək qiymətləndirib və sonuncu onunla razılaşıb. “Düşünürəm ki, prezident Trampla çox yaxşı söhbətim oldu” deyən Zelenski, bundan sonra Tramp da görüşü “çox yaxşı” hesab etdiyini əlavə edib. "Bu, həqiqətən də ən yaxşısı idi. Bağışlayın, bəlkə də "ən yaxşı" nə vaxtsa olacaq. Amma bu, çox yaxşı idi", - deyə Ukrayna prezidenti davam edib. "Biz çox həssas məsələlər haqqında danışdıq. Birincisi, təhlükəsizlik zəmanətləri. Biz təhlükəsizlik zəmanətləri haqqında danışmağa davam edəcəyik və ABŞ-ın belə güclü siqnal göndərməsi və təhlükəsizlik zəmanətlərini verməyə hazır olması çox vacibdir", - Zelenski bildirib.

Avropalılar nə deyir?

Danışıqlar başlamazdan əvvəl Tramp və Zelenskinin ardınca Avropa liderləri Ukrayna üçün təhlükəsizlik təminatlarını vurğulayırlar. İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, tərəflər ilk növbədə Ukrayna üçün təhlükəsizlik təminatlarını, “əslində İtaliyanın təklifi olan, belə desək, “Beşinci maddə” təklifini” müzakirə ediblər. NATO Nizamnaməsinin Beşinci Maddəsi məzmunu adətən alyans üzvlərinin onlardan birinə hücumu hamıya hücum kimi qəbul etmə öhdəliyi kimi ümumiləşdirilən bir maddədir.

Putinə zənglər

Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə danışıqlardan sonra Trampın Kreml lideri Vladimir Putinlə telefon danışığı planlaşdırılıb. “Mən indicə prezident Putinlə dolayı yolla danışdım və bugünkü görüşlərimizdən dərhal sonra telefon danışığımız olacaq”, - ABŞ prezidenti bildirib. O əlavə edib ki, Ukrayna-Rusiya-ABŞ üçtərəfli sammiti baş tuta da, olmaya da bilər. "Üçtərəfli görüş olmasa, döyüşlər davam edəcək. Bizim müharibəyə son qoymaq üçün yaxşı şansımız var... Bu görüşləri bitirəndə o, mənim zəngimi gözləyir", - Tramp bildirib.

Tezliklə bir neçə media orqanı - Sky News, CNN, Reuters və Almaniyanın Bild nəşri Trampın Putinə zəng etmək üçün Avropa liderləri ilə görüşünü yarımçıq dayandırdığını yazıblar. Ağ Ev Putinə zəng edilməsi ilə bağlı xəbərləri rəsmi şəkildə şərh etməyib.

Tramp Zelenskiyə qarşı müharibəyə son qoyur

Ukraynadakı müharibə “demək olar ki, dərhal” başa çata bilər, lakin bunun prezident Vladimir Zelenskidən asılı olduğu iddia edilir. Bunu ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb. "Ukrayna prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəni demək olar ki, dərhal bitirə bilər, ya da döyüşə davam edə bilər. Bunun necə başladığını xatırlayın. Obamanın verdiyi Krımın geri qaytarılması (12 il əvvəl, bir güllə belə atılmadan!) və Ukraynanın NATO-ya qoşulması yoxdur. Bəzi şeylər heç vaxt dəyişməyəcək!", Tramp yazıb.

Ağ Evdə “böyük gün”

"Əvvəllər heç vaxt bu qədər çox Avropa lideri eyni vaxtda burada olmamışdı. Onları qəbul etmək şərəfdir!", ABŞ prezidenti əlavə edib. Bazar ertəsi səhər saatlarında Zelenskinin Vaşinqtona gəldiyi məlum olub. Trampın əvvəlcə onunla şəxsi görüş keçirib, daha sonra isə danışıqlara Avropa liderləri və NATO baş katibi qatılıb.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş təşkil etməyə başladığını bildirib. O, bu barədə çərşənbə axşamı, avqustun 19-na keçən gecə özünün Truth Social sosial şəbəkəsində məlumat verib. "Görüşlərdən sonra mən prezident Putinə zəng etdim və prezident Putinlə prezident Zelenski arasında konkret yerdə görüş təşkil etməyə başladım. Həmin görüşdən sonra iki prezident arasında, eləcə də mənim üçtərəfli görüşümüz olacaq", - Tramp yazıb. O qeyd edib ki, bu, dörd ilə yaxındır davam edən müharibənin başa çatması istiqamətində atılmış çox yaxşı ilk addımdır. Tramp həmçinin əlavə edib ki, vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff öz hərəkətlərini Rusiya və Ukrayna ilə əlaqələndirirlər.

Bundan əvvəl Kreml Putin və Tramp arasında Ukrayna-Rusiya görüşünün müzakirə olunduğu, lakin bu, dövlət başçıları deyil, nümayəndələr səviyyəsində görüş olduğu barədə məlumat yayıb. Daha əvvəl Zelenski vurğulayıb ki, ərazi mübadiləsi məsələləri yalnız Rusiya prezidenti Vladimir Putin və Trampla Amerika prezidentinin təşkil etmək istədiyi üçtərəfli görüş zamanı liderlər səviyyəsində müzakirə oluna bilər.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə