Alimlər müəyyən ediblər ki, bir neçə saat günəş altında dayanmış qara rəngli avtomobilin temperaturu asfaldakından 3,8°C yuxarı olur. SİA “City and Environment Interactions” jurnalına istinadla xəbər verir ki, kənd yerləri ilə müqayisədə şəhərlərdə temperaturun daha güclü artması müşahidə olunur. Portuqaliya, İrlandiya və Braziliyadan olan bir qrup mütəxəssis təcrübədə rəngdən asılı olaraq, nəqliyyatın temperaturun vəziyyətinə təsir göstərə biləcəyini deyir.
Jurnalda dərc olunan məqalədə eksperimentin 2024-cü il iyulun 23-də Lissabon Universitetinin dayanacağında baş verdiyi qeyd edilir. Alimlər qara və ağ rəngli iki park edilmiş avtomobilin yaxınlığında temperaturu ölçüblər. Maşınlar beş saatdan çox günəş altında dayanıblar. Həmin gün havanın temperaturu orta hesabla +36°C-ə çatıb. Həmin vaxt asfaltdan təxminən bir metr məsafədə yaxınlıqda temperatur göstəriciləri nəzərə alınıb.
Nəticədə alimlər avtomobilin rənginin yaxınlıqdakı temperatura əhəmiyyətli dərəcədə təsir etdiyini müəyyən ediblər. Sınaqlar zamanı qara avtomobilin yaxınlığındakı termometr sütunları bitişik boş ərazidə asfaltın yaxınlığında olduğundan 3,8° C yuxarı qalxıb. Avtomobil korpusunun metal səthləri və tünd rəng günəş istiliyini aktiv şəkildə udur və tez qızır. Nəticədə onların yaxınlığında “isti zonalar” formalaşa bilər ki, bu da yoldan keçən piyadalar üçün istiliyi artırır.
Bu təsir açıq rəngli avtomobillərin yaxınlığında yaranmır, çünki onlar günəş enerjisinin çox hissəsini əks etdirir və o qədər də qızmır.
Alimlər qeyd ediblər ki, Lissabon yollarında hər gün 700 mindən çox avtomobil hərəkət edir, park edilmiş avtomobillər isə şəhərin mərkəzində yol səthinin 10 faizinə qədərini tutur. Ona görə də, dayanacaqlarda çoxlu sayda tünd rəngli avtomobillər şəhər küçələrində havanın temperaturunu yüksəldə, istidən piyadalar üçün narahatlığı artıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə