Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, ADPU və universitetin Məktəbəqədər təhsil fakültəsinin birgə təşkilatçılığı ilə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib.
Forumdan əvvəl universitetdə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Zəfər guşəsi ziyarət edilib. Daha sonra qonaqlar Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanmış əl işləri və rəsm sərgi-yarmarkası, habelə ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin Xüsusi təhsil kafedrasının professor-müəllim heyətinin son illərdəki elmi nailiyyətlərini əks etdirən əsərlərin sərgisi ilə tanış olublar.
SİA xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.
Tədbiri açan ADPU-nun rektoru professor Cəfər Cəfərov bu forumun həm elmi, həm də sosial baxımdan mühüm hadisə olduğunu qeyd edib. Rektor bildirib ki, cəmiyyətin hər bir üzvünün keyfiyyətli təhsilə bərabər çıxış hüququ var və bu istiqamətdə çalışan mütəxəssislər böyük sosial məsuliyyət daşıyırlar. Professor Cəfər Cəfərov ADPU-nun bu sahədə beynəlxalq əməkdaşlıqları və elmi-praktik təşəbbüsləri dəstəklədiyini vurğulayaraq, forumun bu istiqamətdə yeni imkanlar yaradacağına əminliyini ifadə edib.
Milli Məclisin deputatları Mehriban Vəliyeva və Ceyhun Məmmədov, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün yeni metod və yanaşmaların tətbiqinin vacibliyi, bu sahədə görülən işlər və gələcək hədəflər, beynəlxalq əməkdaşlığın bu istiqamətdə açdığı imkanlar barədə danışıblar.
ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova bu kimi tədbirlərlə universitet və fakültənin xüsusi təhsil sahəsindəki ən müasir tendensiyaları müqayisə edərək bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsini hədəflədiyini diqqətə çatdırıb.
Əsas məqsədi xüsusi təhsil sahəsində çalışan peşəkarların bacarıqlarını daha da inkişaf etdirmək, beynəlxalq əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və müxtəlif problemlərə innovativ həllər tapmaq olan forum işini panel müzakirələrlə davam etdirib. “Xüsusi təhsil sistemində rəqəmsal resurslardan istifadə və distant təhsil”, “Xüsusi təhsil sistemində tədqiqatlar və innovasiyalar” və “Xüsusi təhsil sistemində sağlamlıq imkanları məhdud uşaqların diaqnostik qiymətləndirməsi” panelləri üzrə keçirilən müzakirələrdə müxtəlif ölkələrdən olan təhsil mütəxəssisləri, müəllimlər və tədqiqatçıların sağlamlıq imkanları məhdud uşaqların inkişafı üçün müxtəlif metodlar, proqramlar və təcrübələr haqqındakı təqdimatları dinlənilib, geniş müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə