Koronavirusla mübarizədə real nəticələr

Koronavirusla mübarizədə real nəticələr

Prezident İlham Əliyev: “Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”

Bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 18 ildir ki, davam etdirir, hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.

Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə salıb. Lakin Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu, reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.

Elə iyulun 13-də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda çıxışı zamanı Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyini, həmçinin 44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur olduğunu, özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğunu, qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazanması ilə bağlı geniş məlumat verib.

“Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib”

“Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük: “Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq”.

“Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”-deyən dövlət başçımız vurğulayıb ki, "Qoşulmama Hərəkatının təməlində sülh, multikulturalizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından mürəkkəb qlobal çətinliklər hərəkatımızın əhəmiyyətini daha da artırıb. 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatının üzvü oldu. Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”.

“Biz onların bu mövqeyini tarixi dostluq jesti kimi qəbul etdik”

“Biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya oldu: “Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”.

Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommunike qəbul edib. Bundan əlavə, Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Bu məqamda mən Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni vurğulamaq istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Biz onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdik".

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib”

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub: “Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdim. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu”.

Dövlət başçısı bildirib ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib: “Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub”.

“Qlobal səhiyyə böhranı fonunda "peyvənd millətçiliyi" narahatlıq doğurur”

“Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”.

Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında çıxış edərkən deyib.

İlham Əliyev daha sonra bildirib: “Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq”.

Prezident İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir: “Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir. Bakı Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir”.

“Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”

“Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”, deyən Azərbaycan Prezidenti bildirib ki, 2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.

Son illər ərzində Ermənistan danışıqlar prosesini məqsədli şəkildə məhv edir, Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi. 2020-ci ildə Ermənistan dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular.

Ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu”.

“Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir”

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib ki, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir: “Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək. Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir”.

“Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir”-deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı bildirib: “2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. Bildiyiniz kimi, 30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edib. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub”.

Bir sözlə, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacağının şahidi olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə