Allergiya olarkən ilk simptomlar BUNLARDIR

Allergiya ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının təsiri ilə əlaqədar orqanizmin qeyri-adi​ cavab reaksiyasıdır.

SİA-nın verdiyi məlumata görə, alimlərin tədqiqatlarına əsasən, hər beş adamdan biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozlardır. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəri, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.

Həkim allerqolok Gülnar Quliyeva mövsumi allergiya məsələsinə müsanibət bildirib: "Mövsüm allergiyasını müalicə etmək üçün mütləq şəkildə allerqolok nəzarətində olmaq lazımdır. Tozlanma əsasən, günün erkən saatlarında baş tutur. Ona görə də, allergiyalı xəstələr üçün məcburi hal yoxdursa, bu saatlarda açıq havada çox olmamalıdırlar. Bu insanların olduğu məkanlarda qapı-pəncərə havalandırılmasının da erkən saatlarda olması məsləhət deyil. Həmçinin, bu adamlar geyimlərini açıq havada qurutmamalıdırlar və açıq havada gəzdikdən sonra evə gəlib duş alsınlar. Qatqı maddəli qidalardan uzaq durmaq lazımdır. Məsələn, "Coca-cola", "Fanta", "Pepsi", enerji içkiləri, cipslər, şirniyyatlar və s. Allergik xəstələr astma üçün risk qrupunda olduğundan, özəlliklə də kişilər siqaretdən yayınmalıdırlar".

Həkim onu da qeyd edib ki, xəstələr burun tutulması ilə qripi səhv salırlar: "Əsasən də, yaz aylarında baş verən burundan selik ifrazı, asqırma və göz qaşınması kimi hallar qrip və ya soyuqdəymə deyil, allergiyadır. Özünə diaqnozu səhv qoyan xəstə qrip əleyhinə dərmanlar içərək öz vəziyyətlərini daha da ağırlaşdırırlar.​ Anlamaq lazımdır ki, qrip 2 ay çəkə bilməz. Maksimim 10 gün çəkər və yekunlaşar. Allergiya isə aylarla davam edən xəstəlikdir".

Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burunun qaşınması, çoxlu sayda asqırma, burunun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

Allergik xəstəliklərin digər növü il boyu davam edən allergik rinitdir. Onun törədiciləri məişət allergenləri – ev tozu, kitab tozu, məişət gənəcikləri və digərləridir. Bu, sifətin, burunun qaşınması, asqırma, burun tutulması və axması əlamətləri ilə müşayiət olunur. Allergik xəstəliyin başqa növü isə bronxial astmadır. Amma bronxial astmanın bütün növləri allergik xəstəlik deyil. Onun yalnız bir forması – atopik bronxial astma allergik bronxial astmadır. Onun törədiciləri bitki, məişət tozları, epidermal allergenlər, yəni heyvan tükü, kəpəyi, yunu, təbii iqlim şəraiti, insanın işlədiyi və ya düşdüyü qoxulu mühitdir. Atopik bronxial astmanı törədən allergenlərdən uzaqlaşdıqda xəstəlik də yox olub gedir. Bütün allergik xəstəliklər üçün ən xarakter bir əlamət var: allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir.

Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür.

Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma, ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.

Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir. Qida allergiyasına tutulmalar meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox olur. Hər kəs hansı meyvənin, tərəvəz, bostan bitkisinin ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir. Bəzən əhali müxtəlif səbəblərdən dəridə baş verən hər hansı şişmə, səpmə və qızarmanı allergiya hesab edir. Bu, allergiyanı həddindən artıq şişirtməkdir. Dəri xəstəliklərinin 90 faizi, o cümlədən qoturluq, fotodermatoz da qaşınma verir. Məsələn, yayda günün ultrabənövşəyi şüaları bədənin açıq yerlərinə dəyərək onu qıcıqlandırır və bu zaman səpki, qızarma və qaşınma baş verir. Bu, allergiya deyil, dəri xəstəliyi olan fotodermatozdur. Belə hallar baş verərkən özbaşına dərman qəbul etməkdən uzaq olmaq və həkimə müraciət etmək lazımdır. Yalnız həkimin qoyduğu düzgün diaqnoz və ona münasib təyin etdiyi müalicə nəticəsində sağlamlığınızı bərpa edə bilərsiniz.

Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Misal üçün demək olar ki, yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının axırı iyunun əvvəllərinə kimi davam edir. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır.

Allergiya simptomları əsasən özünü burun, boğaz və gözlərdə göstərir. Allergiyanın ilkin əlamətləri:

Burnun axması

Gözlərin acışması və sulanması

Tez-tez asqırmaq

Dərinin qızarması və qaşınması

Başağrısı

Çətinləşən nəfəs almalar, təngnəfəslik

İnsanlar çox vaxt bu xəstəliyə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o keçib gedir. Allergiyaya qarşı müalicə aparılmadıqda bu rinit özünü daha kəskin göstərməyə başlayır və ağciyərə təsir edir. Hətta xəstəlik irəlilədikdə bronxiol astmaya çevrilə bilər. Bütün bunların qarşısını almaq üçün allergiya xəstələri vaxtlı vaxtında müalicə almalıdırlar. Düzdür çoxları allergiyanın nə demək olduğunu bilmirlər. Bu xəstəliyin ilkin əlamətləri qripdə olduğu kimidir. Elə buna görə də insanlar qrip olduqlarını hesab edim, allergiyaya önəm vermirlər. Ancaq bu hal uzun davam etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Bəzən elə olur ki, insanlar qripə qarşı olan antibiotiklərdən istifadə edirlər. Bu təhlükəlidir. Allergiyanın daha da irəliləməsinə səbəb olur.

Bir çox xəstələr də var ki, onlar allergiyaya qarşı aparılan müalicəni sona çatdırmırlar. Xəstəliyin simptomlarının azaldığını görüb, sağaldıqlarını hesab edirlər. Ancaq allergiya xəstələri bunu bilməlidir ki, allergiya sağalmaz xəstəlikdir. Aparılan müalicələr xəstəliyin tamamilə yox olmasına deyil, onun irəliləməsinin qarşısını alınmasına kömək edir. Bəzən allergiya insana genetik yolla, anna xətti ilə keçir. Ancaq bu allergiyanın irəliləmə ehtimalı çox azdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə