“Karlığın və eşitmənin zəifləməsinin müalicəsi varmı?”

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Dr.Elvin Əzizov sualı cavablandırıb.

3 Mart tarixi bütün dünyada Beynəlxalq Qulaq və eşitmə saglamlıgı günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bütün dünyada təxminən 360 milyona yaxın insan karlıq və eşitmənin bu və ya digər dərəcədə itirilməsindən əziyyət çəkir. Bununla da, karlıq və eşitmənin itirilməsi ən çox rast gəlinən əlillik formalarından biridir.

İnsan qulağı vasitəsilə eşidir. Bu vacib orqan 5 duyğu üzvlərindən biri olub, insanın ətraf mühitdə olan səs impulslarını qəbul edərək eşitməsinə və nəticədə ünsiyyət qurub ətraf mühiti qavramasına yardım edir. Eşitmənin olmaması, yəni karlıq və yaxud eşitmənin zəifliyi, insanın səsləri qəbul edə bilməməsinə və yaxud çox zəif qəbul etməsinə, nitqdə və ünsiyyətdə, sosial adaptasiyada problemlərin yaranmasına səbəb olur.

Karlıq və eşitmə zəifliyi 2 cür olur: anadangəlmə və sonradan qazanılmış. Anadangəlmə karlıga və eşitmə zəifliyinə irsi meyillilik, genetik xəstəliklər və ananın hamilə vaxtı keçirmiş oldugu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, daimi stress və eləcə də vaxtından əvvəl doğuşlar səbəb olur.

Qazanılmış karlıq və eşitmənin zəifləməsi, itirilməsi istər uşaq yaşlarında, istərsə də böyüklərdə iltihabi xarakterli olub, xəstə tərəfindən keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həmçinin, qulağa olan mexaniki travmalar, yüksək səs və küylərin daimi və intensiv təsirindən sonra yaranır. Sadalanan istər anadangəlmə və istərsə də, qazanılmış eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiya müsbət nəticələr verir.

Bir həkim kimi tövsiyə edirəm ki, eşitmənin itirilməsinin profilaktikası üçün qulaqcıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın, müntəzəm olaraq yüksək səs-küylü tədbirlərdə olmaqdan yayının, uşaqları küt və ya iti alətlərlə qulaqlara müdaxilə və eləcə də yad cisimləri qulaqlarına salmağa imkan verməyin. Qulaq ağrısı, qulaqlarda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə, sonradan fəsadların yaranmaması üçün özbaşına müalicə etməyin, mütləq mütəxəssisə müraciət edin.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə